İrəliləmiş mərhələli epitelioid SARKOM müalicəsi üçün TAZEMOSTAT FDA təsdiqi aldı

Bu məqalədə
23 yanvar 2020 tarixində ABŞ Qida və Dərman İdarəsi (FDA), 16 yaşdan böyük və tam rezeksiyaya (cərrahi çıxarılmaya) uyğun olmayan, metastatik və ya regional irəliləmiş epitelioid sarkomalı xəstələrin müalicəsi üçün tazemetostat (Tazverik) adlı dərmana sürətləndirilmiş təsdiq verdi.
Tazemetostatın effektivliyi histoloji təsdiqlənmiş metastatik və ya yerli irəliləmiş epitelioid sarkoması olan xəstələrdə çoxmərkəzli EZH-202 klinik tədqiqatının birqollu qrupunda (Kohort 5) araşdırıldı. Xəstələrin şişində genetik mutasiya olan INI1 itkisinin (INI1 mənfi) göstərilməsi və ümumi performans balının 0-2 olması tələb edilirdi.
Xəstələr xəstəlik proqressiyasınadək (irəliləməsinədək) və ya qəbuledilməz yan təsirədək gündə iki dəfə 800 mg tazemetostat aldılar. Əsas effektivlik nəticələrinin ölçüləri, cavab müddəti və buna görə ümumi cavab nisbəti idi.
- Kohort 5 qrupundakı 62 xəstə üçün ümumi cavab nisbəti % 15 idi; % 1.6 tam cavab və % 13 qismən cavab.
- Cavab verənlərin % 67 hissəsində cavab 6 ay və ya daha uzun sürdü.
Ən geniş yayılmış (rastgəlmə tezliyi ≥ 20) yan təsirlər ağrı, halsızlıq, ürəkbulanma, iştahanın azalması, qusma və qəbizlik idi.
Tövsiyə olunan tazemetostat dozası, gündə iki dəfə yeməklə və ya yeməksiz 800 mg təşkil edir.
*
Bu təsdiq ümumi cavab nisbəti və cavab müddəti əsasında «sürətləndirilmiş təsdiq» çərçivəsində verilib. Bu vəziyyət üçün davamlı təsdiq təsdiqləyici tədqiqatda klinik faydanın təsdiqlənməsi və müəyyən edilməsindən asılı ola bilər. FDA tazemetostata «yetim dərman təyinatı» verdi.
*
Epitelioid sarkoma nədir?
Yumşaq toxuma sarkomalarının ən çox rastlanan üç növü bədxassəli fibroz histiositoma (pleomorf sarkoma), rabdomiosarkoma və liposarkoma olsa da, bunlardan sonra gələn və daha az rastlanan epiteloid sarkoma, sinovial sarkoma, şəffaf hüceyrəli vətər sarkoması və alveolyar yumşaq toxuma sarkoması kimi başqa növlər də vardır.
Adətən ləng klinik gedişli bu nadir sarkomaların diaqnozu əksər hallarda gecikə bilər. Digər ortaq xüsusiyyətləri uzaq orqan metastazı vermə ehtimallarının yüksək olmasıdır. Maqnit rezonans görüntüləmə (MRG), bu şişlərin diaqnostikası, mərhələlənməsi, cərrahi planlaması və müalicədən sonrakı izlənməsində ən vacib görüntüləmə üsuludur. Qəti diaqnoz əsasən histopatoloji müayinə ilə qoyulsa da, immunoreaktiv xüsusiyyətlər və INI1 itkisi kimi genetik anomaliyalar da istiqamət göstərə bilər.
Epitelioid sarkoma hallarının çoxu, ətrafların (qol və ayaq) dərisi altındakı yumşaq toxumada başlayır; lakin bədənin başqa nahiyələrindən də yarana bilər.
Geniş və ya radikal cərrahi əməliyyatlar digər yumşaq toxuma sarkomalarında olduğu kimi bu nadir sarkomalarda da müalicənin əsasını təşkil edir. Əməliyyatdan əvvəl və ya sonra radioterapiya tez-tez, sistemli kimyaterapiya isə bəzən müalicəyə əlavə olunur. Müəyyən anatomik yerləşmələr, şişin əməliyyatdan sonra təkrarlanması və uzaq metastazlar pis proqnozu (xəstəliyin gedişini) göstərir.
Tazemetostatın təsir mexanizmi necədir?
Tazemetostat gen ifadəsini epigenetik mexanizmlər vasitəsilə tənzimləyən xərçəng əleyhinə dərmandır. EZH2 adlı geni aktivləşdirən mutasiyaların müxtəlif xərçənglərdə tətikləyici olduğu görülmüşdür. Tazemetostat güclü seçici EZH2 inhibitoru (basdırıcı) kimi işləyən, kiçik molekul sinfindən ağızdan qəbul edilən xərçəng dərmanıdır. Xərçəng hüceyrələrinin böyüməsinə yardım edə bilən EZH2 metiltransferaza adlı fermentin aktivliyini bloklayır.

Mənbələr
fda.gov, 23 Jan 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.