Keçmiş xəstəxana yardımçısı və unudulmuş xərçəng tədqiqatı nəhəngi

Bu məqalədə
Əmək həyatına xəstəxana yardımçısı kimi başlayan, sonradan biokimya mütəxəssisi olan və hələ də ən geniş yayılmış uşaq xərçəngi olan leykozun müalicəsində inqilab yaradan unudulmuş hindli mühacirə təşəkkür etməliyik.
Dr Yellapragada SubbaRow, leykoz və digər xəstəliklər üçün güclü və ucuz müalicə olan metotreksatı hazırladığı üçün "Kimyaterapiyanın (əsl) atası" kimi də tanınır. Həmçinin digər elmi nailiyyətlərlə də adını duyurmuşdur.
Hindistanın cənub-şərqində dünyaya gələn SubbaRow az qala iki böyük qardaşını da aparan tropik xəstəliyə məğlub olurdu. Atasının vəfat etdiyi dövrədək məktəb dərslərinə özünü vermədi. Sonralar Amerika Birləşmiş Ştatlarında mühacir kimi illərini qərəz altında keçirdi. 53 yaşına çatdıqda isə bir qan laxtası onun həyatını aldı.
Lakin təəssüf ki, elmi baxımdan SubbaRow qarşısına çıxan onlarla çətinliyə və hətta bu gün də çoxlarının onu tanımamasına baxmayaraq, bir çox elmi qələbələr qazandı. ABŞ Milli Xərçəng Tədqiqatları Ayında onu xatırlamaq, xatırlatmaq və nailiyyətlərini qiymətləndirmək üçün qeyri-adi həyatına və işlərinə yenidən baxırıq.
Dr Yella, fol turşusu və onkologiyanın dəyişməsi
Hindistanda doğulmuş bir qrup həkimin jurnal məqalələrində, təqdimatlarda və Pulitzer mükafatlı kitablarda irsini yaşatması xaricində SubbaRow-u təqdir edən yoxdur.
Bu qrupdakı yazıçı və onkoloq Siddhartha Mukherjee də New York Times-ın ən çox satılanlar siyahısında 1-ci yerdə olan "The Emperor of All Maladies: A Biography of Cancer" (Bütün xəstəliklərin şahı) kitabında SubbaRow-un nailiyyətlərini xronoloji ardıcıllıqla sıralamışdır.
Mukherjee-nin yazdığı kimi, SubbaRow “bir çox yolda öncü, hüceyrə fizioloqu olan bir həkim, təsadüfən biologiyaya daxil olmuş kimyaçı idi.”
(Hind ənənəsinə görə SubbaRow həkimin adı, Yellapragada isə soyadıdır. Lakin tibbi ədəbiyyatda bəzi yazılış fərqləri ilə birlikdə SubbaRow istifadə olunur. Həmçinin dostları ona Mukherjee-nin yazdığı kimi "Yella" deyirdilər.)
Olduqca çətin uşaqlıq və gənclik dövrlərinə dözdükdən sonra dini qarışıqlıqlardan, uşaqlıq üsyanlarından və uğursuz görücü üsulu evlilikdən sağ çıxmışdı. Bir uşağı vardı, lakin onu körpə ikən itirmişdi. Hər şeyi geridə qoyan SubbaRow 1923-cü ildə Amerika Birləşmiş Ştatlarına gəldi.
Boston Tibb Fakültəsinə qəbul edilmədi. Bir müddət Boston Brigham və Qadın Xəstəxanasında yardımçı / gecə xidmətçisi işlədi, mələfələri dəyişdi və tualetləri təmizlədi. Kasıb, lakin qürurlu yüksək kastadan olan hindli Brahman üçün bu vəzifələri yerinə yetirməyin mədəniyyət şoku xüsusilə sarsıdıcı olmalı idi.
SubbaRow yenə Baston-da yerləşən Harvard Tibb Məktəbinə qəbul edildi və gənc müəllim oldu. Mukherjee bir əcnəbi kimi SubbaRow-un “tənha, gecələr işləyən və güclü aksenti olan biri” olduğunu yazır. O qədər fərqli idi ki, akademik yüksəlişi mümkünsüz görünürdü. Öncüllük etdiyi biokimya tədqiqatlarına baxmayaraq, Harvard SubbaRow-un daha çox daimi ştatda çalışmasına icazə vermədi.
1940-cı illərin əvvəlində New York-da Lederle Labs adlı dərman şirkətində (sonradan Pfizer aldı) işə başladı. Fol turşusu kimi tanınan vitaminin sintezi üzərində çalışdı. Nəticədə fol turşusuna bənzər bir antivitamin əldə etdi. Lakin bədənin fol turşusunu mənimsəməsini dayandırmaq nə işə yarayacaqdı?
Kəşflər çoxdur, amma maliyyə və şöhrət yoxdur
SubbaRow bioloji tədqiqatlarda dönüş nöqtəsi yaratmağa yad deyildi. Əvvəllər əzələ yığılmaları üçün çox mühüm olan fosfokreatini və ATP-ni eyni vaxtda kəşf etmişdi. Lakin yazıçı Gerald Posner “Pharma: Greed, Lies and the Poisoning of America”da “Subbarow-un 1935-ci ildə fosforla əlaqəli rəng testinin kəşfindəki böyük rolunu inkar etməli olduğunu və əvəzində bu şərəfin Harvard-da tam zamanlı professorluğa yüksəldilməsi düşünülən həmmüəllifə verildiyini” yazdı.
Houston-da onkoloq olan Kirtan Nautiyal 2018-ci ildə nəşr edilmiş məqaləsində SubbaRow-u şərəfləndirdi və bunları söylədi: “Onun özünü arxa plana çəkmək instinkti öz karyerasını düzəlməz şəkildə sabotaj etdi.”
Nautiyal, həmçinin SubbaRow və komandasının “əsasən tropik ölkələrdə milyonlarla insanın qıçlarının aşağı hissəsində və genital nahiyələrində elefantiaza səbəb olan filariozun (fil xəstəliyi) ilk effektiv müalicəsini” hazırladığını da yazdı. “On il sonra Qram neqativlər adlanan bakteriya sinfinə qarşı ilk effektiv müalicə olan polimiksini və ilk geniş spektrli antibiotik olan aureomisini istehsal etdi.” (Aureomisin həm də ilk tetrasiklin antibiotikidir.)
SubbaRow-un fol turşusu antaqonisti kəşfi yenə də geniş tanınmadı. Lakin əvvəlcə fol turşusunun uşaqlıq leykozunu yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirdiyi fərq edildi və bu prosesin potensial olaraq geri çevrilə biləcəyi anlaşıldı.
Metotreksatın yüksəlişi və leykozda uğur
Mukherjee kitabında bunlardan bəhs etdi:
"Boston-da patoloq olan Sidney Farber 2 yaşlı leykoz xəstəsi Robert Sandler-ə kömək etməkdə çarəsiz qalmışdı. Farber keçmiş iş yoldaşı SubbaRow ilə əlaqə saxladı və komandası ilə birlikdə hazırladığı metotreksatın ilkin versiyası olan aminopterindən bir qədər istədi. Farber bu maddəni Robert-ə inyeksiya etdi və 3 gün ərzində uşağın ağ qan hüceyrələrinin sayı azalmağa başladı – sürətlə. Qanaxması dayandı, yemək yeməyə başladı və yenidən əkiz qardaşına demək olar ki, eyni görünürdü."
Leykozun müalicəsində əvvəllər heç bir uğur əldə edilməmişdi. Lakin təəssüf ki, bu müalicə yalnız müvəqqəti təsir etmişdi. Bu dərmanla müalicə olunan digər uşaqlar kimi Robert-in də xəstəliyi residiv verdi (təkrarlandı) və o, bir neçə ay ərzində vəfat etdi. Lakin Farber “açıq qapı gördü” – bir kimyəvi maddə xərçəngin müalicəsində istifadə edilə bilmişdi və kimyaterapiya dövrü başladı. Beləliklə, kimyəvi maddələrdən düzgün istifadə adına ən mühüm addımlardan biri atılmış oldu.
SubbaRow-un sintez etdiyi xərçəng əleyhinə agent metotreksat leykoz müalicəsinin başlanğıc nöqtəsi olacaq və 1970-ci ildə kombinə kimyaterapiyanın hazırlandığı vaxt kəskin limfoblastik leykozun uzunmüddətli remissiyasını (xəstəliksiz dövrünü) başladacaqdı.
Digər xərçəng növləri üçün də metotreksata müraciət edildi. ABŞ Milli Xərçəng İnstitutunun yazdığı metotreksat tarixinə görə “Xərçəngin demək olar ki, həmişə ölümcül olduğunu bildirən əvvəlki fərziyyələr dəyişdirildi və əvvəllər mövcud olmayan tibbi onkologiya sahəsi rəsmi olaraq 1971-ci ildə yaradıldı.” Lakin bu təsvirin də heç bir yerində SubbaRow-dan bəhs edilmirdi.
O getsə də, irsi yaşayır
Öz sözlərində olduğu kimi bioqrafiyalarda da SubbaRow şəxsi münasibətlərdə hövsələsiz, iddialı və işgüzarlığa aludə biri kimi qarşımıza çıxır. 1930-cu illərin əvvəlində əlaqələri tam kəsməzdən əvvəl Hindistandakı həyat yoldaşına “hər məktubunda nə vaxt qayıdacağımı soruşmağın xoş deyil“ deyə yazmışdı. “Mümkün qədər tez gələcəyəm… Daha artıq bir şey yazmaq istəmirəm.”
Bioqrafiyasında SubbaRow belə təsvir olunur: “Dünyada ona ayrılmış vaxtın hamısını bəşəriyyəti narahat edən xəstəliklərə müalicə tapmağa həsr etməkdə olduqca qərarlı idi.”
Bununla belə, SubbaRow-un tədqiqat komandası da ona sədaqətli idi və onun da sərt olmaq üçün Amerika Birləşmiş Ştatlarında və əvvəllər Britaniya idarəsi altındakı Hindistanda qarşılaşdığı qərəz və təcrid kimi bir çox səbəbi vardı.
Cənab Posner-in kitabında bəhs etdiyi SubbaRow isə hələ gənc tibb tələbəsi ikən hindli müstəqillik fəalı Mohandas Gandhi-nin çağırışına qulaq vermişdi. “Məktəbdə ona verilən Britaniya cərrahi xalatını rədd etdi və onun əvəzinə ənənəvi, sadə pambıq Khadi geyindi. Bu etiraz hərəkəti SubbaRow-un Dövlət Tibb Məktəbinə daxil olması üçün lazım olan universitet diplomu bahasına başa gəldi.”
SubbaRow həyatının son ilində də alçaldılma ilə üzləşdi: leykozun müalicəsi kimi aminopterin barədə 1948-ci ildəki dönüş nöqtəsi olan işində həmkarı Farber də ona haqqını vermədi. Detroit-dəki Wayne Dövlət Universitetinin uşaq hematoloqu / onkoloqu Yaddanapudi Ravindranath-ın dediyi kimi “təəccüblü bir etinasızlıq”. Ravindranath bir müsahibəsində, “Bildiyim qədərilə Farber karyerasının qalan hissəsini üzr istəyərək və bunu kompensasiya etməyə çalışaraq keçirdi” dedi.
Qısa karyera və qalıcı irs
SubbaRow 1948-ci ildə, cəmi 53 yaşında qəfil vəfat etdi. Ravindranath, “Çoxlarının SubbaRow bir qədər də yaşasaydı Nobel mükafatı qazanacağını düşündüyünü” söylədi.
SubbaRow kimi Ravindranath da əvvəllər Madras adlanan Chennai şəhərinə yaxın Andhra Pradesh-də doğuldu. Metotreksat və leykozla bağlı öz tədqiqatlarında mühüm yeniliklər edən Ravindranath, “Bir həmvətən olaraq müəyyən mənada onun irsini davam etdirirəm və açıq şəkildə onunla fəxr edirəm” dedi.
SubbaRow-un vəfatından təxminən 75 il sonra Ravindranath kimi Hindistanda doğulmuş həkimlər onun unudulmamasını təmin etməyə çalışaraq yazılı şəkildə onu şərəfləndirməyə davam edirlər. Metotreksat psoriaz da daxil olmaqla bir sıra xəstəliklərlə yanaşı leykoz üçün də çox mühüm müalicə olaraq qalır.
"Yella"nı tanımaqda gecikmiş ola bilərik, lakin sonradan onun adını daşıyan Lederle Laboratoriyasının tədqiqat kitabxanası ilə ona ölümsüzlük təqdim edildi. Alim, müəllim, filosof və xeyriyyəçi kimi xatırlandığı daş lövhədə də yazıldığı kimi: "Elm yalnız ömrü uzadır, din onu dərinləşdirir." Hər halda SubbaRow elmə inanan elm və inanc insanı idi.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.