Koronavirus haqqında 28 yanlış fikir və həqiqətlər

Bu məqalədə
Yeni koronavirus SARS-CoV-2 və onun səbəb olduğu COVID-19 xəstəliyi
SARS-CoV-2 kimi tanınan yeni koronavirus Çinin Wuhan şəhərindən başlayaraq Antarktida istisna olmaqla dünyanın bütün qitələrinə yayıldı. Həmişə olduğu kimi, pandemiya sözü başlıqlarda görünməyə başlayanda insanlar qorxur, qorxu ilə yanlış məlumatlar və şayiələr yaranır. Bu yazıda sosial mediada və digər mühitlərdə yayılan yeni koronavirus haqqında ən geniş yayılmış yanlış iddiaları və onların doğrularını topladıq.
1. Dəri üzərinə xlor və ya spirt püskürtmək bədəndəki virusları öldürür

Həqiqət: Bədəninizin hər yerinə spirt və ya xlor püskürtmək bədəninizə daxil olmuş virusları öldürmür. Bu maddələrin püskürdülməsi paltarlara və ya selikli qişalara (yəni gözlərə, ağıza) zərər verə bilər. Həm spirtin, həm də xlorun səthləri dezinfeksiya etmək üçün faydalı ola biləcəyini unutmayın, lakin onlar uyğun tövsiyələrə əsasən istifadə edilməlidir.
2. Əlqurudanlar koronavirusu öldürür

Həqiqət: Əlqurudan cihazlar koronavirusu öldürmür. Özünüzü və digər şəxsləri koronavirusdan qorumağın ən yaxşı yolu əllərinizi spirt əsaslı dezinfeksiyaedici ilə ovuşdurmaq, sabunla yumaq və sosial təmasdan qaçmaqdır.
3. Ağıza və buruna duzlu su vermək / qarqara etmək koronavirusdan qoruyur
Həqiqət: Burnunuzu müntəzəm olaraq duzlu su / salin məhlulu ilə yaxalamağın tənəffüs yolu infeksiyalarından qoruduğuna dair sübut yoxdur. Bəzi araşdırmalar bu üsulun kəskin yuxarı tənəffüs yolu infeksiyalarının simptomlarını (əlamətlərini) azalda biləcəyini irəli sürür, lakin alimlər onun infeksiya riskini azaltdığını müəyyən etməyiblər.
4. Antibiotiklər koronavirusu öldürür

Həqiqət: Antibiotiklər bakteriyaları öldürür. Virusları öldürmür.
5. Termal skanerlər koronavirus xəstəliyini diaqnoz edə bilər

Həqiqət: Termal skanerlər bir şəxsin qızdırmasının olub-olmadığını müəyyən edə bilər. Bundan əlavə, COVID-19 simptomları infeksiyadan 2-10 gün sonra yarana bilər; bu, virusa yoluxmuş şəxsin qızdırma başlamazdan əvvəl bir neçə gün normal hərarətə malik ola biləcəyi deməkdir.
6. Sarımsaq koronavirusdan qoruyur
Həqiqət: Bəzi laboratoriya araşdırmaları sarımsağın müəyyən bakteriya növlərinin böyüməsini ləngidə biləcəyini göstərir, lakin insanlarda aparılan tədqiqatlar bunu dəstəkləməyib. Bununla belə, COVID-19 xəstəliyinə virus səbəb olur və sarımsağın insanları COVID-19 xəstəliyindən qoruya bildiyinə dair sübut yoxdur.
7. Yazda temperatur yüksəldikdə virus öləcək və epidemiya bitəcək

Həqiqət: Soyuqdəymə və qrip virusları kimi bəzi viruslar soyuq aylarda daha asan yayılır, lakin bu, havalar isindikdə onların tamamilə dayandığı demək deyil. Alimlər temperatur dəyişikliklərinin SARS-CoV-2 virusunun davranışına necə təsir göstərəcəyini hələ bilmirlər.
8. Qrip və pnevmoniya peyvəndləri COVID-19 xəstəliyindən qoruyur

Həqiqət: SARS-CoV-2 digər viruslardan fərqli olduğuna görə mövcud peyvəndlər COVID-19 infeksiyasından qorumur.
- Əlaqəli mövzu: Koronavirus peyvəndi nə vaxt hazır olacaq?
9. Ultrabənövşəyi (UV) dezinfeksiya lampası yeni koronavirusu öldürür

Həqiqət: UV şüalanması dəridə qıcıqlanmaya səbəb ola bildiyi üçün UV lampaları əlləri və ya dərinin digər sahələrini sterilizasiya etmək üçün istifadə edilməməlidir.
10. Yeni koronavirus infeksiyasının müalicəsi tapılıb

Həqiqət: Bu günədək yeni koronavirus infeksiyasının (COVID-19) qarşısını almaq və ya onu müalicə etmək üçün təsdiqlənmiş xüsusi dərman yoxdur. Bununla belə, virusa yoluxmuş şəxslər simptomları yüngülləşdirmək və müalicə etmək üçün uyğun qulluq almalı, ağır xəstəliyi olanlar isə xəstəxanada müşahidə və müalicə edilməlidir.
11. Yeni koronavirus ağcaqanad dişləmələri ilə yoluxur

Həqiqət: Bu günədək yeni koronavirusun ağcaqanadlar vasitəsilə yoluxa biləcəyini göstərən məlumat və ya sübut yoxdur. Yeni koronavirus əsasən yoluxmuş şəxs öskürəndə və ya asqıranda yaranan damcılar, yaxud tüpürcək və ya burun axıntısı damcıları ilə yayılan tənəffüs virusudur.
12. İsti vanna qəbul etmək yeni koronavirus xəstəliyinin qarşısını alır

Həqiqət: İsti vanna qəbul etmək COVID-19 xəstəliyinə yoluxmağınızın qarşısını almır. Vannanın və ya duşun temperaturundan asılı olmayaraq normal bədən hərarətiniz 36.5 ° C ilə 37 ° C arasında qalır. Əslində, həddindən artıq isti su ilə çimmək sizi yandıra biləcəyi üçün zərərli ola bilər. Özünüzü COVID-19 xəstəliyindən qorumağın ən yaxşı yolu əllərinizi tez-tez təmizləməkdir. Bununla əllərinizdə ola biləcək virusları aradan qaldırır, gözlərinizə, ağzınıza və burnunuza toxunmaqla yarana biləcək infeksiyalardan qaçırsınız.
13. Yalnız yaşlılar risk altındadır

Həqiqət: SARS-CoV-2 digər koronaviruslar kimi hər yaşda insana yoluxa bilər. Bununla belə, ürək-damar xəstəliyi, diabet, hipertoniya kimi əvvəldən mövcud sağlamlıq problemləri olan şəxslərin ağır xəstələnmə ehtimalı daha yüksəkdir.
14. Uşaqlar COVID-19 xəstəliyinə yoluxmur
Həqiqət: Bütün yaş qrupları yoluxa bilər. İndiyədək halların çoxu böyüklərdə qeydə alınıb, lakin uşaqlar immun deyil. Əslində ilkin sübutlar uşaqların yoluxma ehtimalının yüksək olduğunu, ancaq simptomlarının daha az ağır olduğunu göstərir.
15. COVID-19 eynilə qrip kimidir
Həqiqət: SARS-CoV-2 ağrı, qızdırma və öskürək kimi qripəbənzər simptomları (əlamətləri) olan xəstəliklərə səbəb olur. Oxşar şəkildə həm COVID-19, həm də qrip nadir hallarda ölümcül ola bilər. Hər ikisi pnevmoniyaya (sətəlcəmə) səbəb ola bilər. Bununla belə, COVID-19 xəstəliyinin ümumi profili daha ağırdır. Təxminlər dəyişir, lakin ölüm nisbəti % 1 ilə % 3 arasında görünür (Ümumdünya Səhiyyə Təşkilatının hazırkı ölüm nisbəti təxmini %3.4-dür, lakin epidemiya sonunda bu rəqəm dəyişə bilər).
16. COVID-19 xəstəliyinə yoluxan hər kəs ölür
Həqiqət: Bu fikir yanlışdır. Yuxarıda qeyd etdiyimiz kimi, COVID-19 insanların yalnız kiçik bir faizi üçün ölümcüldür. Son hesabatda Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi COVID-19 hallarının % 80-nin yüngül-orta olduğu qənaətinə gəlib.
DSÖ həmçinin insanların təxminən % 80-nin xəstəxanada mütəxəssis müalicəsi tələb etməyən nisbətən yüngül xəstəlik keçirəcəyini bildirir. Yüngül simptomlara qızdırma, öskürək, boğaz ağrısı, yorğunluq və təngnəfəslik daxil ola bilər.
17. Malyariya dərmanı Plaquenil yeni koronavirusdan qoruyur?
Həqiqət: Təsiredici maddəsi hidroksixloroxin olan Plaquenil adlı dərmanın insanları COVID-19 xəstəliyindən qoruduğuna dair klinik tədqiqat nəticəsi, yəni elmi sübut yoxdur. Bununla belə, Plaquenil COVID-19 xəstəliyinə yoluxmuş və xəstəxanada yatan şəxslərin müalicəsində sınanır; yəni qoruyucu deyil, müalicəedici kimi istifadə edilir və bu mövzuda da elmi sübutlar aydın deyil. Təsiri sübut edilmədən Plaquenil və bənzər dərmanların kütləvi şəkildə profilaktik (qoruyucu) olaraq sınanması virusun təbii prosesindən daha sürətli mutasiya keçirməsinə, davamlılıq qazanmasına, yaxın gələcəkdə əlimizlə yeni virus yaratmağımıza və yeni epidemiya keçirməyimizə səbəb ola bilər!
Bu virus üçün indidən kritik olmayan 100-ə yaxın mutasiya müəyyən edilib. Yan təsiri yoxdur deyə konfet kimi udulan dərmanlar virusun davamlılıq mexanizmlərini məcbur edəcək.
Plaquenil qəbul etdiyi üçün qorunduğunu düşünmək başqa bir yanılmadır... Plaquenil koronavirusdan qorunma məqsədilə nə Səhiyyə Nazirliyimiz, nə də FDA tərəfindən tövsiyə edilmir. Həmçinin ABŞ-da COVID-19 xəstəliyinin standart müalicəsi üçün də təsdiqlənməyib.
Virus yayıldıqca daha çox mutasiyaya uğrama ehtimalı var; bu proses təsadüfidir və xüsusilə genetik sürüşmə adlandırdığımız proses işləyir. Buna görə virusu yayaraq onun təkamülünə və dəyişməsinə imkan yaratmaq dərman kəşfinə də mənfi təsir edəcək daha böyük riskdir.
-Əlaqəli mövzu: Malyariya dərmanı Plaquenil koronavirus xəstəliyi (COVID-19) üçün çarə ola bilərmi? (ətraflı)
18. SARS-CoV-2 yalnız soyuqdəymənin mutasiyaya uğramış formasıdır
Həqiqət: Koronaviruslar səthlərində sivri zülallar olan geniş virus ailəsidir. Bu virusların bəziləri insanları əsas sahib kimi istifadə edir və soyuqdəyməyə səbəb olur. SARS-CoV-2 kimi digər koronaviruslar əsasən heyvanları yoluxdurur. Həm Yaxın Şərq tənəffüs sindromu (MERS), həm də ağır kəskin tənəffüs sindromu (SARS) heyvanlarda başlayıb insanlara keçib.
-Əlaqəli mövzu: Yeni koronavirus xəstəliyi və influenza (qrip) arasındakı 7 FƏRQ
19. Virusa yoluxmaq üçün biri ilə 10 dəqiqə yaxın təmasda olmalısınız
Həqiqət: Bir şəxs yoluxmuş şəxslə nə qədər uzun qalarsa, virusa yoluxma ehtimalı o qədər yüksəkdir, lakin 10 dəqiqədən az müddətdə yoluxmaq da mümkündür.
20. Ağardıcı ilə qarqara edərək özünüzü qoruya bilərsiniz
Həqiqət: Ağardıcıların sağlamlığınıza fayda verə biləcəyi hallar yoxdur. Ağardıcı aşındırıcıdır və ciddi zərərə səbəb ola bilər.
21. Çindən gələn məhsullar koronavirusu yaya bilər
Həqiqət: SARS və MERS xəstəliklərinə səbəb olanlar və SARS-CoV-2 virusuna bənzəyənlər də daxil olmaqla oxşar koronaviruslarla bağlı əvvəlki araşdırmalara əsasən alimlər virusun məktub və ya bağlamalarda uzun müddət (2-3 gündən çox) sağ qala bilməyəcəyini düşünürlər.
22. Evdə hazırlanan bitki qarışıqları koronavirusu müalicə edə bilər
Həqiqət: C vitamini, efir yağları, kolloid gümüş, küncüt yağı, sarımsaq və hər 15 dəqiqədə qurtumlanan su da daxil olmaqla heç bir ev vasitəsi COVID-19 xəstəliyindən qoruya bilməz.
Ən yaxşı yanaşma əlləri yaxşı yumaq vərdişini mənimsəmək və insanların toplaşa biləcəyi yerlərdən qaçmaqdır.
-Əlaqəli mövzu: Koronavirus epidemiyasında QİDALANMA və QİDAYA ÇIXIŞ necə olmalıdır?
23. Koronavirusa sidik və nəcisdən yoluxa bilərsiniz
Həqiqət: Bunun baş verməsi ehtimalı azdır, lakin fərqli fikirlər mövcuddur. İngiltərədə London Gigiyena və Tropik Tibb Məktəbinə görə, yuxarı tənəffüs yollarından seliklə udduğunuz virus və bakteriyalar mədəmizin turş şəraitində denaturasiyaya uğradıqları bağırsağımıza gedir. Müasir, çox həssas aşkarlama mexanizmləri ilə bu virusları nəcisdə müəyyən edə bilərik. Adətən belə müəyyən edə bildiyimiz viruslar bağırsaqlarımız tərəfindən məhv edildiyindən başqalarına yoluxucu deyil.
Aparılan bir tədqiqatda araşdırma qrupu heç vaxt qanda və ya sidikdə virusun mövcudluğuna dair sübut tapmayıb. Tədqiqatçılar nəcisdə virus RNA-sı aşkar ediblər, lakin orada yoluxucu virus olmayıb. Bu, virusun indiyədək məlum olmayan nəcis yolu ilə yayılmadığını göstərir.
24. Koronavirus insanların tanıdığı ən ölümcül virusdur
Həqiqət: SARS-CoV-2 qripdən daha ağır görünsə də, insanların qarşılaşdığı ən ölümcül virus deyil. Ebola kimi digər virusların ölüm nisbətləri daha yüksəkdir.
25. Virus Çində laboratoriyada hazırlanıb
Həqiqət: İnternet şayiələrinə baxmayaraq, bunun belə olduğuna dair sübut yoxdur. Bəzi tədqiqatçılar SARS-CoV-2 virusunun panqolin adlı məməlidən insanlara keçmiş ola biləcəyini düşünürlər. Digərləri onun SARS zamanı olduğu kimi yarasalardan bizə keçə biləcəyini düşünürlər.
26. Epidemiya insanlara yarasa şorbasından keçib
Həqiqət: Alimlər virusun heyvanlarda başladığına əmin olsalar da, onun hər hansı şorba növündən gəldiyinə dair sübut yoxdur.
27. Pişiklər və itlər koronavirus yoluxdurur
Həqiqət: Hazırda SARS-CoV-2 virusunun pişik və itləri yoluxdura bildiyinə dair çox az sübut var. Lakin Hong Kongda sahibi COVID-19 xəstəsi olan Pomeranian yoluxub. İt heç bir əlamət göstərməyib.
- Əlaqəli mövzu: Koronavirus xəstəliyi (COVID-19), ev, kommersiya və küçə heyvanları haqqında suallar və cavablar (ətraflı)
28. Üz maskaları koronavirusdan qoruyur
Həqiqət: Səhiyyə işçiləri infeksiyadan qorunmaq üçün üzə sıx oturan peşəkar üz maskalarından istifadə edirlər. Bununla belə, birdəfəlik üz maskalarının bu cür qoruma təmin etməsi ehtimalı aşağıdır. Bu maskalar üzə düzgün oturmadığı üçün damcılar yenə də ağıza və buruna daxil ola bilər. Bundan əlavə, kiçik virus hissəcikləri birbaşa materialın içinə nüfuz edə bilər. Bununla belə, şəxsdə tənəffüs yolu xəstəliyi varsa, maska taxmaq başqalarının yoluxmasının qarşısını almağa kömək edə bilər. Həmçinin maska taxmaq yanlış təhlükəsizlik hissi yarada və digər infeksiyaya nəzarət tədbirlərinin, məsələn, əl gigiyenasının nəzərə alınmamasına səbəb ola bilər. Bu halda maska taxmaq yalnız şəxs əllərini sabunla müntəzəm yuyursa qoruyucu olacaq.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.