LDH Nədir? Xərçəng Xəstələrində LDH Yüksəkliyi

Bu məqalədə
Laktat dehidrogenaza (LDH), orqanizmin əksər toxumalarında olan fermentdir. Qida maddələrinin tərkib hissələrini hüceyrələr üçün enerjiyə çevirən proses olan hüceyrə tənəffüsündə iştirak edir.
LDH hüceyrələrdə çox olsa da, normalda qanda yüksək miqdarda olmur; buna görə LDH qan testlərində səviyyələr adətən aşağıdır. Bununla belə toxumalar zədə və ya müxtəlif xəstəliklər nəticəsində zədələnərsə, qanda LDH səviyyəsi yüksəlir.
Qanda LDH səviyyəsinin yüksəlməsinin ən geniş yayılmış səbəbləri bunlardır:
- qaraciyər xəstəliyi
- infarkt
- anemiya
- infeksiyalar
- bəzi xərçənglərin irəliləmiş mərhələləri və limfoma-leykoz kimi hematoloji xərçənglər
Həkimlər bu vəziyyətlərə diaqnoz qoymağa kömək etmək üçün LDH testindən istifadə edə bilərlər.
Bu məqalə LDH testini, istifadə sahələrini və nəticələrin nə ifadə edə biləcəyini izah edir.
LDH Nədir?
Laktat dehidrogenaza (LDH) aşağıdakılar da daxil olmaqla orqanizmin demək olar ki, bütün toxumalarında olan fermentdir:
- əzələlər
- qaraciyər
- ürək
- mədəaltı vəzi
- böyrəklər
- beyin
- qan hüceyrələri
LDH fermenti laktat kimi tanınan şəkər molekulu məhsulunu hüceyrələrin daha sonra enerji üçün istifadə etdiyi piruvata çevirməyə kömək edir.
Xəstəlik və ya zədə hüceyrələrə zərər verərsə, LDH qan dövranına buraxılır. Nəticədə qandakı LDH səviyyəsinin ölçülməsi həkimlərə nə qədər hüceyrə zədələnməsinin baş verdiyi barədə məlumat verə bilər.
Müxtəlif toxumalarda LDH-nin fərqli formaları var; bunlara izoferment deyirik.
- LDH1 ürəkdə
- LDH2 retikuloendotelial sistemdə (qaraciyər, dalaq, ağciyərlər) və qırmızı qan hüceyrələrində
- LDH3 ağciyərlərdə
- LDH4 böyrəklərdə
- LDH5 qaraciyərdə və skelet əzələlərində
LDH Yüksəkliyi Nə İfadə Edir, Test Nəyi Ölçür?
Həkimlər orqanizmdə kənardan görə bilmədikləri toxuma zədələnməsinin olub-olmadığını müəyyən etmək üçün LDH testlərindən istifadə edirlər. Həmçinin toxumalara zərər verə bilən vəziyyətləri izləmək üçün LDH testlərindən istifadə edə bilərlər, məsələn:
- hemolitik anemiya (qırmızı qan hüceyrələrinin parçalanması ilə əlaqəli qanazlığı)
- əzələ distrofiyası (irəliləyən əzələ zəifliyi, əzələ əriməsi)
- qaraciyər xəstəliyi
- böyrək xəstəliyi
- ağciyər xəstəliyi
- müəyyən infeksiyalar
- bəzi xərçənglərin irəliləmiş mərhələləri və limfoma-leykoz kimi hematoloji xərçənglər
LDH testi həkimlərin xərçəng müalicəsi zamanı kimyaterapiyanın təsirli olub-olmadığını müəyyən etməsinə də kömək edə bilər. Bununla yanaşı LDH hər xərçəng növündə rutin izləmənin bir hissəsi kimi istifadə edilmir.
Normal LDH Göstəricisi
Yetkinlər üçün qandakı normal LDH səviyyəsi adətən 140-280 U/L-dir (vahid/litr). Həkimlər məlumatları şərh etmək üçün insanın əlamətlərini və əsas xəstəliyin tapıntılarını nəzərə alırlar.
Körpələrdə və kiçik uşaqlarda normal LDH səviyyəsi adətən əhəmiyyətli dərəcədə daha yüksəkdir. Məsələn, yenidoğulmuşlarda normal səviyyə 135–750 U/L, 12 aya qədər uşaqlarda isə 180–435 U/L-dir.
LDH Testi Necə Aparılır?
Qoldan götürülən qan nümunəsinin biokimya laboratoriyasında analizi nəticəsində LDH səviyyəsi ölçülür. Nümunə götürmək adətən sadədir və cəmi bir neçə dəqiqə çəkir.
Bəzən həkimlər onurğa beyni və ya ağciyərlər kimi digər nahiyələrin bədən mayelərindən nümunə götürərək də LDH-ni ölçə bilərlər.
LDH Yüksəkliyi
LDH bir çox hüceyrədə olur; buna görə yüksək səviyyə aşağıdakılar da daxil olmaqla müxtəlif vəziyyətləri göstərə bilər:
- hemolitik anemiya
- COVID-19 və ya meningit kimi infeksiyalar
- əzələ zədələnməsi
- insult
- bəzi xərçənglər
- infarkt
- qaraciyər xəstəliyi
- əzələ distrofiyası
- pankreatit
Yuxarıda da göründüyü kimi LDH bir çox vəziyyətdə yüksəldiyinə görə təkbaşına diaqnostik test kimi istifadə oluna bilməz. Şübhəli vəziyyətdə diaqnoz qoymaq üçün LDH testinin nəticəsi digər testlərlə birlikdə şərh edilir.
LDH Yüksəkliyinə Səbəb Olan Xərçənglər
LDH səviyyəsinin toxuma zədələnməsinə cavab olaraq və ya xəstəlik zamanı yüksəldiyini yuxarıda qeyd etmişdik. Xüsusilə bəzi xərçənglərin irəliləmiş mərhələlərində, orqanizmdə şiş yükü artdıqda LDH səviyyəsi yüksələ bilər.
Xərçəng hüceyrələri normal hüceyrələrdən fərqli metabolizəyə malikdir və bu, sonsuz çoxalma üçün kifayət qədər biomaterial və enerji təmin edir. Yenidən proqramlaşdırılmış enerji metabolizəsi həmçinin metastaza (yayılmaya), hüceyrə ölümünə qarşı müqavimətə və digər bədxassəli xüsusiyyətlərə də töhfə verir.
Qlükozadan enerji istehsalının sürətləndirilməsi Warburg-un 1956-cı ildə bildirdiyi kimi xərçəng metabolizəsinin mühüm cəhətidir (baxın: Xərçəngin Əsas Xüsusiyyətləri). Xərçəng hüceyrəsində qlükozadan enerji istehsalı aktivliyinin artması hüceyrə quruluşları və proseslərindəki biomolekullar üçün ilkin maddələr təmin edir. Laktatdan piruvata çevrilmə üçün lazım olan LDH fermenti buna görə müxtəlif xərçənglərlə sıx əlaqəlidir.
Daha yüksək LDH səviyyəsinin müxtəlif xərçəng növlərində daha qısa sağqalma ilə əlaqəli olduğu müəyyən edilib. Kiçikhüceyrəli olmayan ağciyər xərçəngi xəstələrində normal ilkin serum LDH səviyyəsinin daha yaxşı sağqalma ilə əhəmiyyətli əlaqəsi olduğunu göstərən 2500 xəstəni əhatə edən tədqiqat mövcuddur. Oxşar nəticələr kolorektal xərçəng, nazofarenks (burun-udlaq) xərçəngi, süd vəzi xərçəngi, prostat xərçəngi, germ hüceyrəli xərçəng və melanoma üçün bildirilib.
LDH Aşağılığı
Qeyri-adi dərəcədə aşağı LDH səviyyəsi çox nadirdir. Əksər hallarda bunun zərərli olduğunu düşünmürük. Bununla belə qeyri-adi dərəcədə aşağı LDH səviyyəsi LDH çatışmazlığı kimi tanınan genetik vəziyyəti göstərə bilər. İnsanlar bunu valideynlərindən birindən irsən ala bilərlər. Bu vəziyyət hüceyrələrin enerjidən necə istifadə etməsinə mane olur.
LDH çatışmazlığının iki növü var. LDH-A çatışmazlığı yorğunluq, əzələ ağrısı və fiziki yükə dözümsüzlük yaradır. Həmçinin rabdomioliz kimi tanınan əzələ toxumasının parçalanmasına səbəb ola bilər. Bu zaman böyrəklərə zərər verə bilən mioqlobin zülalı sərbəst buraxılır.
LDH-B çatışmazlığı olan insanda heç bir əlamət və tapıntı olmaya bilər.
Hamiləlik Zamanı LDH
Hamiləlik zamanı yüksələn LDH səviyyəsi preeklampsiyanı göstərə bilər. Bu, yüksək qan təzyiqinə səbəb olan və valideynlə döl üçün aşağıdakı əlavə problemlərin riskini artıran ciddi ağırlaşmadır:
- böyrək zədələnməsi
- qaraciyər zədələnməsi
- plasenta ilə bağlı problemlər
- ağciyər ödemi
- hemoliz, yüksək qaraciyər fermentləri və aşağı trombosit (HELLP) sindromu
- epileptik tutma
- valideynin və ya körpənin ölümü
Preeklampsiyanın əsas əlamətləri yüksək qan təzyiqi, sidikdə zülal və yüksək LDH-dir. Hamilə insanda ağır preeklampsiya varsa, LDH səviyyəsi normal səviyyənin 1,6 qatı olan 400 U/L-ə qədər yüksələ bilər.
Preeklampsiya doğuşdan sonra aradan qalxır. O vaxta qədər həkimlər vəziyyəti izləyir, xəstələrə istirahət tövsiyə edir və qan təzyiqinin izlənməsini və müalicəsini planlaşdırırlar.
Preeklampsiyası olan hamilənin doğuş tarixi yaxındırsa, həkimlər doğuşun erkən aparılmasını tövsiyə edə bilərlər. Bəzi hallarda həkimlər ağırlaşma riskini azaltmaq üçün müxtəlif dərmanlardan istifadə edə bilərlər.
Xülasə
LDH testi laktat dehidrogenaza fermentinin yüksək səviyyəsini aşkar etmək üçün istifadə olunan qan testidir. Yüksək səviyyə insult, bəzi xərçənglər, infarkt və infeksiyalar da daxil olmaqla müxtəlif vəziyyətləri göstərə bilər.
Hamiləlik zamanı yüksək LDH səviyyəsi yüksək qan təzyiqinə səbəb olan preeklampsiyanı göstərə bilər. Aşağı LDH səviyyəsi çox nadirdir və adətən zərərli deyil, lakin LDH çatışmazlığını göstərə bilər.
Mənbələr
2. Farhana, A., et al. (2022). Biochemistry, lactate dehydrogenase. https://www.ncbi.nlm.nih.gov/books/NBK557536
3. Lactate dehydrogenase A deficiency. (2021). https://rarediseases.info.nih.gov/diseases/3160/lactate-dehydrogenase-a-deficiency
4. Li, C., et al. (2020). Elevated lactate dehydrogenase (LDH) level as an independent risk factor for the severity and mortality of COVID-19. https://www.aging-us.com/article/103770/text
5. Liu R, Cao J, Gao X, Zhang J, Wang L, Wang B, Guo L, Hu X, Wang Z. Overall survival of cancer patients with serum lactate dehydrogenase greater than 1000 IU/L. Tumour Biol. 2016 Oct;37(10):14083-14088. doi: 10.1007/s13277-016-5228-2. Epub 2016 Aug 10. PMID: 27511116; PMCID: PMC5097084.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.