Müjdəli xəbər: CRISPR ilə ilk dəfə talassemiya və oraq hüceyrəli anemiya xəstələrinin müalicəsinə başlandı

Bu məqalədə
Əsrin ən mühüm kəşflərindən sayılan CRISPR-Cas9 gen redaktəsi texnologiyası xəstəliklərin müalicəsində inqilabi inkişaflara davam edir. CRISPR müalicələri üzərində çalışan CRISPR Therapeutics və Vertex Pharmaceuticals tərəfindən hazırlanmış CTX001 adlı CRISPR əsaslı müalicə ilk dəfə beta talassemiyası olan xəstəyə tətbiq olundu. Eyni zamanda oraq hüceyrəli anemiyası olan ilk xəstə CTX001 müalicəsi üçün klinik araşdırmaya daxil edildi. Gəlin CTX001 müalicəsini və onun bizə nə ifadə etdiyini öyrənək.
Beta talassemiya nədir?
Beta talassemiya beta qlobin genindəki mutasiyalardan qaynaqlanan irsi hematoloji (qan) xəstəliyidir. Beta qlobin genindəki mutasiya aşağı və ya nadir miqdarda beta qlobin zülalı istehsalına səbəb olur. Beta qlobin zülalı hemoqlobinin əsas tikinti daşlarından biridir. Beta talassemiyanın irəliləmiş forması olan xəstələrdə anemiya (qanazlığı) görülür və bu xəstələr qan transfuziyasından (köçürülməsindən) asılı yaşayırlar. Təkrar qan transfuziyaları xəstələrdə dəmir toplanmasına səbəb olaraq orqan zədələnməsi və ömrün qısalması ilə nəticələnir.
Oraq hüceyrəli anemiya nədir?
Oraq hüceyrəli anemiya da beta qlobin genində yaranan mutasiyalardan qaynaqlanan irsi qan xəstəliyidir. Beta qlobin genindəki mutasiyalar anormal hemoqlobin istehsalına səbəb olur. Anormal hemoqlobin qırmızı qan hüceyrələrinin sərtləşməsinə, anormal (oraq) şəkil almasına və qan damarlarını bloklamasına səbəb olur. Oraq hüceyrəli anemiyası olan xəstələrdə kəskin ağrılar, kəskin döş qəfəsi sindromları, orqan zədələnmələri görülür. Bütün bu hallar xəstələrdə ömrü qısaldır.
CRISPR müalicəsi CTX001 nədir?
CTX001 CRISPR əsaslı gen müalicəsidir. Bu müalicədə beta-talassemiya və oraq hüceyrəli anemiyası olan xəstələrdən alınan sümük iliyi kök hüceyrələrinə CRISPR ilə müdaxilə edilərək qırmızı qan hüceyrələrinin daha çox fetal hemoqlobin istehsal etməsi təmin olunur. Fetal hemoqlobin doğuşda təbii mövcud olan, oksigen daşınmasını təmin edən zülaldır. Yetkinlikdə başqa formaya çevrilir. CTX001 müalicəsi fetal hemoqlobin səviyyəsini artıraraq xəstələrin qan köçürülməsindən asılılığını böyük ölçüdə azaldır.
Başqa sözlə, hər insan fetal hemoqlobin adlı genin ikinci surətinə malikdir. Bu gen doğuşdan sonra bağlanır və hemoqlobinin yetkin forması ilə əvəzlənir. Bu müalicədə CRISPR müalicəsi ilə həmin fetal gen yenidən aktivləşdirilir.

CTX001 müalicəsi necə aparılır?
Xəstələrdən sümük iliyi kök hüceyrələri periferik qandan toplanır. Bu kök hüceyrələrə laboratoriya şəraitində CRISPR ilə gen müdaxiləsi edilir. Müdaxilə edilmiş kök hüceyrələr (CTX001 adlandırılıb) xəstəyə geri qaytarılır. Daha sonra xəstələr gen müdaxiləsi edilmiş kök hüceyrələrin sağlam qan hüceyrələri istehsal edib-etməməsi baxımından izlənilir. Sonda CTX001 hüceyrələrinin təsiri çoxlu parametrlə izlənilir və xəstənin təqibi aparılır.
Tək bir crispr müalicəsinin bu iki xəstəlikdə tam sağalmanı təmin edəcəyi düşünülür. Çox yaxında xəstələrdən alınan nəticələrin açıqlanması gözlənilir.
CTX001 ilə bağlı son klinik araşdırmalarda vəziyyət nədir?
Beta talassemiya xəstəliyi üçün CTX001 müalicəsinin faz1/2 təhlükəsizlik və effektivlik klinik tədqiqatı hələ davam edir. Klinik araşdırmada 18-35 yaş arası transfuziyadan asılı talassemiyası olan (non beta zero / beta zero alt qrupları olan) xəstələrdə tək dozalı CTX001 müalicəsinin effektivliyi və təhlükəsizliyi qiymətləndirilir. Araşdırma hazırda Kanada və Avropadakı müxtəlif klinik tədqiqat mərkəzlərində aparılır. Əlavə olaraq il ərzində Amerikada da xəstə qəbuluna başlanacaq.
Oraq hüceyrəli anemiyada CTX001 müalicəsinin faz 1/2 təhlükəsizlik və effektivlik araşdırması hələ davam edir. Klinik araşdırmada 18-35 yaş arası oraq hüceyrəli anemiyası olan xəstələrdə tək dozalı CTX001 müalicəsinin effektivliyi və təhlükəsizliyi qiymətləndirilir. Araşdırma ABŞ-da müxtəlif klinik tədqiqat mərkəzlərində aparılır. CTX001 Amerika Dərman və Qida İdarəsi (FDA) tərəfindən oraq hüceyrəli anemiyanın müalicəsi üçün sürətləndirilmiş dərman hazırlanması proqramına daxil edilib. Kanada və Avropanın digər ölkələrində klinik araşdırmaların başlanması üçün lazımi icazələr gözlənilir.
CRISPR / Cas9 nədir?
Mənbələr
globenewswire.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.