Nəzarətli aminturşu (zülal məhdudlaşdırma) pəhriz müalicəsi və xərçəng

Nəzarətli aminturşu müalicəsi ciddi və qaydalı pəhriz və qida əlavələri ehtiva edən, xərçəng xəstələrinin aminturşu və karbohidrat istehlakını nəzarətdə saxlamaq üçün hazırlanmış protokoldur. Bu protokol A.P John Xərçəng Tədqiqatları İnstitutu tərəfindən hazırlanıb və uzunmüddətli klinik tədqiqata əsaslandığı bildirilir, lakin nəzarətli aminturşu müalicəsinin insanlar və ya heyvanlar üzərində tədqiqatları indiyədək nə dərc edilib, nə də müşahidə edilə bilən nəticə verib. Protokolun özü dərc edilməyib və institutun veb-saytı artıq aktiv deyil. Antioksidant və D vitamininin əlavə kimi verilməsi və müəyyən aminturşuların məhdudlaşdırılması protokolun bir hissəsidir və bu yanaşmanın təsiri laboratoriyada araşdırılıb.
Bəzi aminturşuların xüsusi seçilməsi və pəhrizdən çıxarılması (selektiv aminturşu deprivasiyası)
Nəzarətli aminturşu müalicəsinin mühüm hissəsi aminturşuları məhdudlaşdırmaqdır və bu yanaşma xərçəng hüceyrələrində zülal sintezi üçün lazım olan aminturşu sintezini əngəlləyən mutasiyalar yaratmağı məqsəd qoyur. İddiaya görə xərçəng hüceyrələrinin orqanizm tərəfindən istehsal edilmədiyinə görə xaricdən alınmalı olan bəzi aminturşulara çatması əngəllənərsə, hüceyrə zülal sintez edə bilmir və ölür.
Bu fərziyyə canlılarda sınanmayıb, lakin laboratoriyada hüceyrələr üzərində ayrı-ayrı aminturşulardan məhrum etmənin və ümumi zülal məhdudiyyətinin təsirləri müşahidə edilib.
Bir tədqiqata görə ümumilikdə zülal istehlakının azalması kastrasiyaya (hormon müalicəsinə) rezistent prostat xərçəngi və aminturşudan məhrum kultura nümunələrində hüceyrə çoxalmasına mane olur və gefitiniblə birləşdirildikdə EGFR mutasiyası müsbət xərçəng hüceyrələrində toksik təsir yaradır. Süd vəzi xərçənginin siçan modelində pəhrizlə verilən zülalların məhdudlaşdırılması şiş böyüməsini əngəlləyərkən çəkiyə təsir etməyib. Bir neçə tədqiqatda serin, qlisin, fenilalanin və tirozin adlı aminturşuların seçici azaldılmasının heyvan modellərində şiş böyüməsini əngəllədiyi bildirilib.
Bir çox internet saytı xərçəngin müalicəsi məqsədilə bu cür məhdudlaşdırıcı pəhrizlərlə bağlı klinik tədqiqatların aparıldığını və ümid verdiyini yazır, lakin həqiqətlər bu iddialardan çox uzaqdır. Əslinə baxdıqda ya köhnə tarixli, az xəstəli klinik tədqiqatlar, ya da laboratoriya-heyvan tədqiqatları görürük. Bunlardan biri 1966-cı ildə nəticələri dərc edilmiş, 4-cü mərhələli melanoması olan 5 xəstədə fenilalanin və tirozin aminturşularının məhdudlaşdırıldığı təcrübədir. Bu tədqiqatdakı 5 xəstənin 4-ündə şiş böyüməsinin yavaşladığı bildirilib və bu nəticə serum fenilalanin və tirozin səviyyələrinin azalması ilə əlaqələndirilib. Lakin görünür, tədqiqatçılar da həm tətbiqi çətin, həm nəticələri çox da real hesab etməyiblər ki, tədqiqatın daha geniş davamı gəlməyib.
Aminturşu metabolizmasının basqılanmasına yönəlmiş aktual tədqiqatlar
Bəzi aminturşuların seçilib pəhrizdən çıxarılmasının (selective amino acid deprivation) şiş böyüməsini basqıladığı fərziyyəsi hazırda müxtəlif tədqiqatlarda sınanır. Bu məqsədlə arginin, triptofan, serin, qlisin, qlutamin, leysin, izoleysin və valin aminturşularının metabolizmasındakı fermentativ mərhələləri hədəfləyən çoxsaylı dərman hazırlanıb və bəziləri faza-2 tədqiqatlarına qədər çatıb.
Bunlardan arginin metabolizmasına yönəlmiş tədqiqatlar faza-3 mərhələsinə qədər gəlib, lakin irəliləmiş qaraciyər xərçəngi xəstələrində arginin səviyyələrini azaldan arginin deaminaza, plasebo ilə müqayisədə ümumi və ya proqressiyasız sağqalım baxımından fərq yaratmayıb.
Nəticə
Müəyyən aminturşuları və ya fərqli qida maddələrini pəhrizə əlavə etmək və çıxarmaq olduqca populyar yanaşmalar kimi ortaya çıxır. Hazırda bilirik ki, xərçəng hüceyrələri öz enerji metabolizmlərini dəyişmək qabiliyyətinə malikdir və ehtimal ki, buna görə pəhriz manipulyasiyası kimi “zəif” yanaşmalara çox sürətlə rezistentlik yaradırlar.
Mənbələr
Selective amino acid restriction therapy (SAART): a nonpharmacological strategy against all types of cancer cells.
Oncoscience. 2015
2. Fontana L, Adelaiye RM, Rastelli AL, et al.
Dietary protein restriction inhibits tumor growth in human xenograft models of prostate and breast cancer.
Oncotarget. 2013
3. Saito Y, Moriya S, Kazama H, et al.
Amino acid starvation culture condition sensitizes EGFR-expressing cancer cell lines to gefitinib-mediated cytotoxicity by inducing atypical necroptosis.
Int J Oncol. 2018
4. Maddocks ODK, Athineos D, Cheung EC, et al.
Modulating the therapeutic response of tumours to dietary serine and glycine starvation.
Nature. 2017
5. Demopoulos HB.
Effects of reducing the phenylalanine-tyrosine intake of patients with advanced malignant melanoma.
Cancer. 1966
6. Abou-Alfa GK, Qin S, Ryo BY, et al.
Phase III randomized study of second line ADI-peg 20 (A) plus best supportive care versus placebo (P) plus best supportive care in patients (pts) with advanced hepatocellular carcinoma (HCC).
J Clin Oncol. 2016
7.Tsai HJ, Jiang SS, Hung WC, et al.
A phase II study of arginine deiminase (ADI-PEG20) in relapsed/refractory or poor-risk acute myeloid leukemia patients.
Sci Rep. 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.