Piylənmə və uşaqlıq (endometrium) xərçəngi

Bu məqalədə
Dövrümüzün getdikcə böyüyən problemi olan piylənmə və artıq çəkinin çoxsaylı xərçəngləri müşayiət etdiyi məlumdur. Buna baxmayaraq, piylənmənin endometrium (uşaqlıq = döl yatağı = uterus) xərçənginin ən mühüm risk amillərindən olması məlumatı təəssüf ki, kifayət qədər üzə çıxmır və fərqindəlik çox aşağı qalır.
Uşaqlıq xərçəngi digər xərçəng növləri ilə müqayisədə piylənmə ilə çox güclü əlaqəli xərçəng növüdür
Bu əlaqə piylənmə ilə birlikdə dramatik artan və xəstəliyin gedişi mənfi təsirlənən uşaqlıq xərçəngi mənzərəsinə güclü fırça zərbələri vurur.
Uşaqlıq xərçənginə tutulmuş şəxslərin yüzdə 57-sinin artıq çəkili və ya piylənməsi olduğu ortaya qoyulub. Tədqiqatlara görə 2010-dan 2030-a qədər piylənmə ilə birlikdə artan uşaqlıq xərçənginin yüzdə 55 artacağı gözlənilir. Tədqiqatlar həmçinin bədən kütləsi indeksində hər 5 vahid artımın uşaqlıq xərçənginin inkişaf riskini yüzdə 50 artırdığını göstərib. Bununla yanaşı, bədən kütləsi indeksi 30-35 olan şəxslərdə xərçəngdən ölümün (mortalite) normal şəxslərə nisbətən təxminən 2.5 dəfə çox olduğu, indeksi 40-ı keçənlərdə isə bu nisbətin 6.25 dəfəyə qədər yüksəldiyi ortaya qoyulur. Bu diqqətçəkən məlumatlara baxmayaraq, 1.545 sağlam qadında aparılmış tədqiqatda göstərildiyi kimi şəxslərin yüzdə 58-i piylənmənin uşaqlıq xərçəngi riskini artırdığını bilmir. Xərçəngə tutulmuş şəxslərin fərqindəliyi də yüzdə 53.5 kimi yetərsiz rəqəmlərlə qarşımıza çıxır. Bu mənzərə məlumatlandırma mövzusunda ciddi laqeydliyi üzümüzə vurur; başda onkoloqlar olmaqla bütün səhiyyə işçiləri məlumatlandırma məsuliyyətlərini yerinə yetirməlidirlər. Belə ki, həkimi tərəfindən piylənmə haqqında məlumatlandırılan şəxslərin arıqlamaq üçün səy göstərdiyi də tədqiqatlarla ortaya qoyulub.
Piylənmənin uşaqlıq xərçənginə təsir mexanizmləri
Piy toxuması bütün bədənə təsir edən hormonlar və maddələr ifraz edən piy hüceyrələri, müdafiə hüceyrələri, sinir hüceyrələri kimi müxtəlif hüceyrələr ehtiva edən mürəkkəb endokrin orqandır. Bu hormon və maddələrin uşaqlıq xərçənginə təsirləri 3 əsas başlıqda toplanır.
1. Estrogen ifrazı:
Menopauzadan əvvəl qadınlarda estrogen əsasən yumurtalıqlardan ifraz olunur və dövr vasitəsilə nəzarət edilir, menopauzadan sonra isə estrogenin əsas ifraz mərkəzi yumurtalıqdan kənar toxumalar, xüsusilə piy toxumasıdır. Estrogen sintezini təmin edən aromataza fermentinin fəaliyyəti yaş və piy toxumasının miqdarı ilə artır, estrogeni bağlayan zülalın miqdarı azalır və beləliklə sərbəst (fəal) estrogen artır. Bu mexanizmlərlə artan estrogen uşaqlıq hüceyrələrinin həm sayca artmasını sürətləndirir, həm də DNA-da zəncir qırıqları yaradaraq xərçəngin genetik əsasını təşkil edir.
2. İnsulin və insulinəbənzər böyümə faktoru (IGF-1)
Sağlam, menopauzadan əvvəlki şəxslərdə estrogenin təsiri ilə ifraz olunan IGF-1 hər ay dövr ilə uşaqlıq hüceyrələrinin böyüməsini təmin edir. Piylənmə ilə artan insulin və IGF-1 miqdarı uşaqlığın nəzarətsiz böyüməsinə, qalınlaşmasına səbəb olur. Bu prosesdə insulin və insulinəbənzər böyümə faktorunun reseptorlarının və hüceyrədaxili yollarının fəaliyyəti də anormal artır. Çoxalma siqnalının (MAPK və PI3K yolları) belə artması ilə yanaşı şişbasqılayıcı genlərin (PTEN) fəaliyyətinin azalması xərçəngə zəmin yaradan digər yol kimi qarşımıza çıxır.
3. İltihab və adipokinlər
Piy toxuması adipokinlər adlandırılan, hüceyrə metabolizminin tənzimlənməsində və xroniki (uzunmüddətli = davamlı) iltihabda rol oynayan maddələr ifraz edir. Leptin, interleykin-6 kimi adipokinlər insulin siqnalını basqılayır, insulin müqaviməti yaradır və uşaqlıq hüceyrələrində çoxalmaya, böyüməyə səbəb olur. Bundan başqa iltihab nəticəsində yaranan hüceyrə stresi genetik zədə yaradaraq xərçəngi tətikləyir. Sözügedən iltihabi adipokinlərin əksinə, adiponektin estrogenin bağlandığı zülalın (SHBG) miqdarını artıraraq sərbəst estrogeni azaldır, beləliklə estrogenin stimulu ilə uşaqlıq hüceyrələrinin çoxalmasına qarşı qoruyucu yol izləyir.
Bütün bu mexanizmlər nəzərə alınaraq uşaqlıq xərçəngi haqqında daha geniş məlumatla qorunma və müalicə yanaşmalarını araşdırsaq;
Həyat tərzi dəyişikliyi
Piylənmə ilə uşaqlıq xərçənginin güclü əlaqəsini nəzərə alıb uşaqlıq xərçəngindən qorunma siyahısına baxanda ilk sətirdə sağlam çəki, sağlam pəhriz və məşq görünür. Qidalanma tədqiqatları arasında qidalanma tərzinin xərçəngə təsirinin müşahidə edilmədikləri olsa da, 2 genişmiqyaslı tədqiqatın (metaanaliz) nəticələrinə görə yüksək qlisemik indeksli (qan şəkərini sürətlə yüksəldən) pəhrizlər uşaqlıq xərçəngi riskini ciddi artırır; 3 hal-nəzarət tədqiqatına görə isə Aralıq dənizi pəhrizininuşaqlıq xərçəngi riskini azalda biləcəyi ortaya qoyulur. Məşq haqqında qəti cümlələr üçün yetərli sayda güclü tədqiqatlara ehtiyac var.
Cərrahi yanaşma
Arıqlamaq üçün cərrahiyyə axtarışında ilk qarşımıza çıxan seçim piylənmə (bariatrik) cərrahiyyəsi olur. Tədqiqata görə bariatrik əməliyyatla arıqlayan şəxslərin uşaqlıq xərçəngi riski piylənməsi olanlara nisbətən yüzdə 60 azalır. Həyat tərzi dəyişiklikləri cərrahiyyədən əvvəl gündəmə gəlir, lakin yetərsiz olduqda bəzi şəxslərdə düşünülə bilən seçimlər arasında cərrahiyyə də var.
Dərmanlar
Tədqiqatlar piylənmə ilə insulinin artdığını, artan estrogenin hüceyrə böyüməsi və çoxalması üçün qaz vəzifəsi daşıdığını, bir növ “əyləc” olan progesteronların isə piylənməsi olan qadınlarda az olduğunu göstərib. Bu məlumatlar işığında istifadə edilən oral kontraseptivlərin progesteron tərkibi uşaqlıq xərçəngindən qoruyucu təsir göstərir. Yaxın vaxtlarda 36 tədqiqatın icmalı ilə aparılmış metaanaliz 5 illik oral kontraseptiv istifadəsinin uşaqlıq xərçəngi riskini yüzdə 24 azaltdığını irəli sürür. Bu qoruyucu təsir oral kontraseptivlərin dayandırılmasından sonrakı 30 il ərzində də davam edir. Uşaqlıqdaxili vasitələrə (RİA) baxanda istifadə edənlərdə uşaqlıq xərçəngi riskinin istifadə etməyənlərə nisbətən yüzdə 19 azaldığı görünür. Bu təsir 10 ildən uzun istifadə edənlərdə daha aydındır.
Nəticə olaraqpiylənmə bir çox xərçəngdə olduğu kimi uşaqlıq xərçəngində də əsas rol oynayır. Estrogen vasitəsilə baş verən xərçəng mexanizmləri yalnız uşaqlıq deyil, süd vəzi, yumurtalıq, qida borusu, böyrək, yoğun bağırsaq, mədəaltı vəzi kimi digər xərçənglərin riskini də artırır. Ən təsirli müalicə xərçəngin inkişafının qarşısını almaqdır və burada ilk seçim həyat tərzi dəyişikliyidir. İlk addım yetərsiz olanda bariatrik cərrahiyyə kimi seçimlər təqdim edilir və bu əməliyyatlarda piylənməsi olan xəstələrdə adi əməliyyatın çətinliyi və yanaşı xəstəliklərin çoxluğu səbəbindən minimal invaziv cərrahiyyəyə (laparoskopiya kimi) üstünlük verilir. Bu prosesin idarəsində başda onkoloqlar olmaqla həkimlərə ciddi vəzifələr düşür və xəstələrin məlumatlandırılmasına lazımi həssaslığın göstərilməsinə ayrıca diqqət etmək lazımdır.
Mənbələr
Addressing the role of obesity in endometrial cancer risk, prevention, and treatment.
J Clin Oncol. 2016;34(35):4225-30.
2. Sheikh MA, Althouse AD, Freese KE, et al.
USA endometrial cancer projections to 2030: Should we be concerned?
Future Oncol. 2014;10(16):2561-8.
3. Soliman PT, Bassett RL, Jr, Wilson EB, et al.
Limited public knowledge of obesity and endometrial cancer risk: What women know.
Obstet Gynecol 112:835-842, 2008 Medline
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.