Qabıqlı çərəz istehlakı kolon xərçənginin təkrarlanma riskini azalda bilər

Qabıqlı çərəzləri gündəlik həyatımızda tez-tez istehlak edirik. Amerika Klinik Onkologiya Cəmiyyətinin illik toplantısı ASCO 2017-də diqqət çəkən tədqiqata görə müalicə zamanı və sonra qabıqlı çərəz yemək kolon, yəni yoğun bağırsaq xərçənginin təkrarlanma riskini azaldır.
Sağlam qidalanmanın, siqaret çəkməməyin və müntəzəm məşqin xərçəngə tutulma ehtimalını azaltmaqla yanaşı xərçəngin təkrarlanma riskini də azaltdığı məlumdur. Əməliyyatdan sonra qoruyucu kimyaterapiya (adjuvant müalicə) alan 3. mərhələli kolon xərçəngi xəstələrində aparılmış tədqiqat sağlam həyat tərzinin xərçəngə bağlı həyat itkisi riskini azalda biləcəyini müşahidə edib. Tədqiqata görə normal çəkidə olmaq, müntəzəm məşq etmək, tərəvəz, meyvə və taxılla zəngin qidalanmaq, emal edilmiş və qırmızı əti az istehlak etmək yoğun bağırsaq xərçənginə bağlı həyat itkisi riskini %42 azaldır.

Qeyd: 3. mərhələli yoğun bağırsaq xərçəngində şiş kolon divarından kənara uzanıb, həmçinin yaxın limfa düyünlərinə yayılıb, lakin uzaq orqanlara metastaz verməyib. Bu mərhələdə kolon xərçənginin standart müalicəsi əvvəl əməliyyatla şişin çıxarılması, sonra isə xəstəliyin təkrarlanma ehtimalını azaltmaq üçün kimyaterapiya verilməsidir (adjuvant müalicə).
Eyni şəxslərlə aparılmış başqa tədqiqatda xüsusilə qabıqlı çərəz (qoz, badam, fındıq, keşyu və s.) istehlakının da relaps, residiv və ya rekurrens kimi ifadə edilən xərçəngin təkrarlanma riskini azalda biləcəyi müşahidə edilib. Bu tədqiqata görə həftədə 2 porsiya və ya daha çox qabıqlı çərəz istehlak edən şəxslərdə xəstəliyin təkrarlanma riski %40-a qədər azalır. Həmçinin bu müsbət təsir yalnız ağacda yetişən qabıqlı çərəzlərdə (qoz, badam, fındıq, keşyu kimi) müşahidə edilib, məsələn, yerfındığında isə müşahidə edilməyib.
Piylənmə, tip 2 diabet, hərəkətsiz həyat tərzi, Qərb tərzi qidalanma və artıq enerji qəbulunun kolon xərçənginin təkrarlanması və buna bağlı həyat itkisi riskini artırdığı tədqiqatlarla göstərilib. Bunun əksinə, müşahidə tədqiqatları çərəz istehlakının artmasının tip 2 şəkərli diabet, metabolik sindrom və insulin müqaviməti riskini azaltdığını göstərir. Çərəz istehlakının kolon xərçənginin təkrarlanmasına qarşı qoruyucu təsirinin səbəbi aydın olmasa da, bu şəkildə izah edilə bilər.
Hər iki tədqiqatda xəstələrin adjuvant müalicə aldığını yenidən bildirmək istəyirik. Sağlam həyat tərzi və qabıqlı çərəz istehlakı təkbaşına heç vaxt müalicəni əvəz etmir, yalnız müalicə ilə birlikdə davam etdirildikdə təsirli görünür. Bununla yanaşı, tədqiqat yalnız müşahidəyə əsaslanır və sağlam qidalanmanın, qabıqlı çərəz istehlakının xərçəngin təkrarlanma ehtimalını qəti azaltdığını sübut edən xarakterdə deyil.
Nəticə olaraq müalicə ilə birlikdə davam etdirildikdə, sağlam həyat tərzinin və qabıqlı çərəz istehlakının xərçəngin təkrarlanma ehtimalını azaltması mümkündür. Lakin bu tədqiqat təkbaşına yetərli deyil və mövzu barədə gələcəkdə daha ətraflı tədqiqatlar aparılmalıdır.
Mənbələr
Nut consumption and survival in stage III colon cancer patients: Results from CALGB 89803 (Alliance).
2017 ASCO Annual Meeting. Abstract No: 3517
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.