Rituksimab nədir, təsir mexanizmi necədir?

Xərçəng hüceyrələrində onları normal hüceyrələrdən ayırmağa yarayan müxtəlif molekullar vardır. Bunlar əsasən hüceyrə səthindəki zülal quruluşlu reseptorlardır. Bu zülallara qarşı hazırlanmış monoklonal anticisimlər son illərdə ən effektiv xərçəng dərmanları arasına daxil olmuşdur.
Anticisimlər immun sistemi tərəfindən istehsal edilən, bizi patogenlərdən və xərçəng hüceyrələrindən qoruyan zülallardır. 1970-ci illərdən laboratoriyada da istehsal olunan yüksək seçicilikli bu təmizlənmiş molekullara monoklonal anticisim deyilir.
Xərçəng müalicəsi üçün indiyədək təxminən 20 monoklonal anticisim FDA təsdiqi almışdır. Ən çox istifadə olunanlar trastuzumab (süd vəzi və mədə xərçəngləri), bevasizumab (yoğun bağırsaq, beyin, yumurtalıq, serviks və ağciyər başda olmaqla bir çox xərçəng) və rituksimabdır (bəzi limfoma və leykozlarda).
Non-Hodgkin limfoması və xroniki limfositar leykozun müalicəsində istifadə olunan kimerik monoklonal anticisim Rituksimab (rituximab = ticarət adı Maphtera) limfoma və leykoz hüceyrələrinin səthindəki CD20 zülalına bağlanaraq xərçəng əleyhinə təsir göstərir. CD20 zülal quruluşlu antigendir və B tipli müdafiə hüceyrələrinin səthində olur. CD20-in dəqiq funksiyası bilinməsə də, hüceyrəyə kalsium qəbulu və kalsium konsentrasiyasının saxlanmasına cavabdeh olduğu düşünülür. Bəzi B-hüceyrəli limfoma və leykoz hüceyrələrində normaldan daha boldur. CD20 antigeni həm bu xərçənglərin diaqnostikasında, həm müalicə planında istifadə olunan şiş markeridir (biomarker).
Hədəf xərçəng hüceyrələrinə bağlanan rituksimab natural killer (NK) kimi tanınan immun hüceyrələrini aktivləşdirir. NK hüceyrələri xərçəng hüceyrələrini anticisimdən asılı yolla məhv edir. İmmun hüceyrələrindən ifraz olunan sitokinlər və xərçəng hüceyrələrinin parçalanmasından çıxan maddələr daha çox immun hüceyrəsini cəlb edir, damar keçiriciliyini artıraraq dərmanın şişə keçməsini asanlaşdırır. Həmçinin rituximab xərçəng hüceyrələrində dəyişiklik yaradaraq proqramlaşdırılmış hüceyrə ölümü olan apoptozu tətikləyir.
Rituksimab xərçəngdən başqa həddindən artıq aktiv immun sisteminin basqılanması istənən revmatoid artrit, Wegener qranulomatozu və mikroskopik poliangiit xəstəliklərində də istifadə edilir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.