Şizofreniya diaqnozlu qadınların süd vəzi xərçəngi riski daha yüksəkdir

Bu məqalədə
JAMA Psixiatriyajurnalında yeni nəşr edilmiş, 125 min qadında aparılan metaanalizə görə şizofreniya diaqnozlu qadınlarda süd vəzi xərçəngi riski yüksəkdir və buna görə şizofreniyalı şəxslərin tibbi izlənməsində süd vəzi xərçəngi skrininqləri unudulmamalıdır.
Şizofreniya nədir?
Şizofreniya cəmiyyətdə hər 100 şəxsdən birinə təsir edən, şəxsin nəyin həqiqət, nəyin xəyal olduğunu qarışdırdığı xroniki beyin pozuntusudur. Əsasən 20-ci yaşlardan özünü göstərir və ömürboyu davam edir. Araşdırmalar şizofreniyanın kişilərə və qadınlara eyni nisbətdə təsir etdiyini, lakin kişilərdə daha erkən başlaya biləcəyini göstərmişdir. Dünyanın bütün etnik qruplarında nisbətlər oxşardır. Bu gün getdikcə daha yaxşı anlaşılan bu xəstəliyin beyində kimyəvi və struktur dəyişikliklərlə və genlərlə əlaqəli olduğu məlumdur. Şizofreniyanın mürəkkəbliyi xəstəlik barədə niyə yanlış anlamalar olduğunu izah etməyə kömək edə bilər. Şizofreniya bölünmüş və ya çoxsaylı şəxsiyyət demək deyil və xəstələrin çoxu təhlükəli deyil. Onların çoxu ailələri ilə, qrup evlərində və ya tək yaşayırlar. Şizofreniya fəal olduqda sayıqlamalar, hallüsinasiyalar, düşünmə və diqqəti cəmləmə problemləri, motivasiya çatışmazlığı görülə bilər. Lakin bu simptomlar müalicə edildikdə şizofreniyalı xəstələr çox vaxt normala yaxın yaşaya bilirlər. Şizofreniya görülən şəxs hələ körpə olarkən belə gələcəkdə xəstəliyi yaradacaq beyin və gen dəyişikliklərinə malikdir. Genlərlə sıx əlaqəsi yenə genlərlə sıx əlaqəli xəstəlik olan xərçənglə əlaqəsinin olub-olmaması sualını doğurmuşdur.
Şizofreniyanın xərçəng riskini artırıb-artırmaması barədə qeyri-müəyyənlik
Şizofreniya xəstələrində ruhi sağlamlıqla yanaşı fiziki sağlamlığın da qiymətləndirilməsi mühüm məsələyə çevrilmişdir. Şizofreniya xəstələri qeyri-sağlam həyat tərzinə meylli ola bildiyindən, metabolik pozuntular, diabet və ürək-damar xəstəlikləri kimi çoxsaylı xroniki xəstəliklərə qarşı həssasdırlar. Lakin onlarda xərçəng riski qeyri-müəyyən qalır. Şizofreniya xəstələrinin sağlamlığı siqaret, alkoqol və maddə istifadəsi, piylənmə və idman çatışmazlığı kimi xərçəng inkişafının çoxsaylı risk amilləri ilə mürəkkəbləşsə də, əhali müşahidəsinə əsaslanan (epidemioloji) tədqiqatlar uyğun olmayan nəticələr göstərmişdir. Bir çox tədqiqatın nəticəsi şizofreniya və xərçəng riski arasındakı əlaqənin qeyri-sağlam həyat tərzi ilə bağlı risk amilləri ilə izah edilə bilmədiyini göstərir. Genetik mexanizmlər daxil olmaqla çoxsaylı digər amillər şizofreniya və xərçəng yaranması arasındakı qarşılıqlı təsirlərdə iştirak edə bilər. Şizofreniya yoğun bağırsaq (kolorektal) xərçəngi, bədxassəli melanoma və prostat xərçəngi daxil olmaqla bir çox xərçəng növünün aşağı riski ilə əlaqəli olduğundan, onun yaranmasında iştirak edən genetik amillərin xərçəngdən qoruya biləcəyi fərz edilmişdir. Lakin şizofreniya ilə süd vəzi xərçəngi arasındakı əlaqə qeyri-müəyyən qalır.
JAMA-da nəşr edilmiş bu tədqiqatda 1992 – 2016 illəri arasında aparılmış və 125760 şəxsi əhatə edən 12 tədqiqatın məlumatları təhlil edildi. Nəticədə şizofreniyanın qadınlarda süd vəzi xərçəngi riskini 1.3 dəfə artırdığı tapıldı. Bununla belə, tədqiqatların nəticələri geniş aralıqda dəyişdiyindən tədqiqatçılar gələcək araşdırmaların şizofreniyanın süd vəzi xərçəngi riskini artırmadığı nəticəsinə gələ biləcəyini bildirirlər. Hər iki xəstəliyin genetik əsası çoxsaylı araşdırmaların mövzusu olmağa davam edəcəkdir.
Nəticə olaraq həm şizofreniya, həm də süd vəzi xərçəngi cəmiyyətdə çox rast gəlinən və genetik əsası olan xəstəliklərdəndir. Bu araşdırma xüsusilə həkimlərin şizofreniyalı xəstələri izləyərkən daha diqqətli olmalı olduğunu göstərir. Onların yaş və risk amillərinə uyğun tövsiyə edilən süd vəzi xərçəngi skrininqlərini etdirməsi vacibdir və şizofreniyalı qadınların psixiatrik problemləri müalicə edilərkən fiziki ehtiyacları nəzərdən qaçırılmamalıdır.
Mənbələr
Association of Schizophrenia With the Risk of Breast Cancer Incidence A Meta-analysis.
JAMA Psychiatry. March 7, 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.