Süd vəzi xərçəngini geridə qoymuş 60 yaşdan yuxarı şəxslərdə CRP səviyyəsi və beyin funksiyası arasındakı əlaqə

Bu məqalədə
Xərçəng müalicələrinin, bəzən isə xərçəngin özünün beynin "idrak" funksiyalarına mənfi təsir göstərə bildiyi məlumdur və bu vəziyyət kimya-beyin adlandırılır. Journal of Clinical Oncology jurnalında 30 sentyabr 2022-ci ildə dərc olunmuş tədqiqatda 60 və daha yuxarı yaşda 0-III mərhələ süd vəzi xərçəngi diaqnozu qoyulmuş qadınlar arasında başlanğıcda və izləmə zamanı C-reaktiv protein (CRP) səviyyəsi daha yüksək olanların nəzarət qrupu ilə müqayisədə daha zəif idrak performansına malik olduğu müşahidə edildi.
CRP nədir?
CRP qaraciyərin istehsal etdiyi zülaldır və C-Reaktiv Protein (CRP) testi qan nümunəsində CRP səviyyəsini ölçür. Normalda qanımızda aşağı səviyyədə C-reaktiv protein onsuz da var. Orqanizmdə kəskin və ya xroniki iltihab olduqda qaraciyər qan dövranına daha çox CRP ifraz edir.
Tədqiqatın təfərrüatları
Araşdırmaya 2010-cu ilin sentyabrından 2020-ci ilin martına qədər ABŞ xəstəxanalarında qeydiyyata alınmış, süd vəzi xərçəngini geridə qoymuş 400 və xərçəng diaqnozu olmayan 329 şəxs daxil edildi.
Nəzarət qrupundakı xərçəng diaqnozu olmayan şəxslər hər tədqiqat mərkəzində qeydiyyat zamanı yaş, təhsil səviyyəsi və irq tezliyinə görə xərçəngi geridə qoymuş şəxslərlə uyğunlaşdırıldı. Demensiyası (Alzheimer), nevroloji pozuntusu və digər xərçəngləri olan qadınlar tədqiqatdan kənarlaşdırıldı.
İştirakçıların idrak funksiyaları Xərçəng Müalicəsinin Funksional Qiymətləndirilməsi–İdrak Funksiyası (FACT-Cog) və neyropsixoloji testlərlə ölçüldü. CRP hər müalicə mərkəzinə gəlişdə ölçüldü. Təhlillər yaş, irq, tədqiqat mərkəzi, idrak ehtiyatı, piylənmə və yanaşı xəstəliklərə görə düzəliş edildi.
Mühüm nəticələr
Süd vəzi xərçəngini geridə qoymuş xəstələrin çoxunda 1-ci mərhələ süd vəzi xərçəngi (60,9%) və estrogen reseptoru-müsbət şişlər (87,6%) vardı.
Başlanğıc nümunələri olan iştirakçılarda CRP-nin ≥3 mg/L səviyyəsi xərçəngi geridə qoyanların 42,4%-ündə və nəzarət qrupunun 26,1%-ində tapıldı (P < 0,001).
Xərçəngi geridə qoymuş şəxslərin CRP səviyyəsi nəzarət qrupu ilə müqayisədə həm başlanğıcda, həm də 12, 24 və 60 aylıq gəlişlərdə əhəmiyyətli dərəcədə yüksək idi (hamısı P < 0,05). Daha yüksək CRP xərçəngi geridə qoyanlar arasında idrak funksiyası testində daha zəif nəticəni proqnozlaşdırdı ( P = 0,040), lakin nəzarət qrupunda belə əlaqə görülmədi. Depressiya və təşvişi əhatə edən təhlillərdə bu təsirlər dəyişmədi.
Ümumilikdə, xərçəngi geridə qoyanlarda CRP səviyyəsi 1-dən 3,0 mg/L-yə yüksəldikcə idrak funksiyası balları nəzarət qrupu ilə müqayisədə müvafiq olaraq 5,2, 9,5 və 14,2 bal aşağı idi.
Bu tədqiqat nə üçün əhəmiyyətlidir?
CRP ilə idrak funksiyası arasındakı bu əlaqə 60 və daha yuxarı yaşda süd vəzi xərçəngini geridə qoymuş şəxslərdə xroniki iltihabın idrak problemlərinin yaranmasında rol oynaya biləcəyini düşündürür. Bu baxımdan CRP testi kimya-beyin riski olan xəstələri proqnozlaşdırmaqda klinik faydalı ola bilər.
*
Aşağıdakı videoda süd vəzi xərçənginin necə və nə üçün yarandığını, növlərini və mərhələlərə görə ən son müalicə üsullarını öyrənə bilərsiniz.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.