Sümük Metastazlarına Qoruyucu Radioterapiyanın Sağqalımı Uzatması Böyük Əks-Səda Doğurdu

Bu məqalədə
Bir çox xərçəng irəliləmiş mərhələlərdə sümüklərə metastaz verməyə (yayılmağa) meyillidir. Ağrılı sümük metastazlarına radioterapiya tətbiq etmək xərçəng müalicəsində standart yanaşmadır. Lakin sümük metastazlarında radioterapiyanın istifadəsini qiymətləndirən yeni tədqiqat gözlənilməz nəticə verdi: asimptomatik (heç bir əlamət və şikayət yaratmayan) sümük metastazlı xəstələrə verilən profilaktik (qoruyucu) radioterapiyanın təkcə skeletlə bağlı hadisələri və xəstəxanaya yatışları azaltmadığı, həm də sağqalımı / ömür müddətini uzatdığı göstərildi.
Bu növdən olan ilk tədqiqatda beşdən çox yüksək riskli metastazı olan təxminən 80 xəstə profilaktik radioterapiya və ya standart müalicə almaq üçün təsadüfi təyin edildi.
Radioterapiya alan xəstələrdə skeletlə bağlı hadisələrin tezliyi azaldı və heç kəsin xəstəxanaya yatırılması lazım gəlmədi. Lakin nəticələr nəzarət qrupu ilə müqayisədə ümumi sağqalımda 55%-lik yaxşılaşma göstərdi və bu xəstələrə əlavə 8 aylıq ömür verdi.
Əlaqəli mövzu: Sümük metastazı nədir? Xərçənglər niyə sümüyə metastaz verir, necə müalicə edilir?
Nyu-Yorkdakı Memorial Sloan Kettering Xərçəng Mərkəzinin radiasiya onkoloqu, baş müəllif Dr. Erin F. Gillespie dedi: "Ağrının qarşısını almaq üçün şüalanmanın potensial olaraq ömrü uzada bilməsi düşündürücüdür".
Gillespie asimptomatik sümük metastazlarına radioterapiyanın ümumi sağqalımda fərq yaradacağının "gözlənilmədiyini", lakin palliativ qayğının "ümumi sağqalımı yaxşılaşdırmaq qabiliyyətinə malik olduğunu" göstərən əvvəlki tədqiqatlarla bu nəticənin uyğun olduğunu əlavə etdi.
Bu inqilabi tədqiqat 23 oktyabr 2022-ci ildə Amerika Radiasiya Onkologiyası Cəmiyyətinin (ASTRO) İllik Toplantısında təqdim edildi.
Bu nəticələr dünyada bir çox xərçəng mütəxəssisi tərəfindən böyük həvəslə qarşılandı.
Sümük metastazları ilə əlaqəli skelet hadisələrinə nümunə kimi “sümük sınığı”, “onurğa beyninə bası”, “bası səbəbindən iflic” və “güclü sümük ağrısı” göstərilə bilər. Xərçəng xəstələrində skeletlə bağlı hadisələrin qarşısını almaq "xəstələr üçün həqiqətən vacibdir". Sümük metastazlarına radioterapiyanın ümumi sağqalımı artırması “gözlənilməzdir”, lakin artıq radioterapiyanı profilaktik (qoruyucu) müalicə kimi düşünmək lazımdır.
Onurğa beyni sıxılması kimi ciddi halların ehtimalını artıran xüsusiyyətləri olan xəstə üçün radioterapiyanı daha erkən düşünmək bu tədqiqatla "intuitiv görünür". Asimptomatik sümük metastazlarına radioterapiya həmin nahiyələrdəki xərçəng hüceyrələrini öldürərək, bədəndəki şiş yükünü azaldaraq sağqalımı uzada bilər.
Lakin indiyədək asimptomatik sümük metastazlarına qabaqcadan radioterapiya verməyin təsirli olacağına dair "sübutumuz yox idi" və bu tədqiqat həmin sübutu verməkdə "həqiqətən mühüm addımdır".
Sağqalım faydasının böyüklüyünü nəzərə alsaq, bu fərqi yaradan dərman olsaydı, onun ardınca gedən çox böyük və maraqlı dərman bazarı olardı.
Bununla yanaşı, müdaxilənin radioterapiya olmasının "üstünlüyü" artıq standart müalicə olması və "hər yerdə, geniş miqyasda əlçatan" olmasıdır.
"Cəmiyyətə, ödəyənə və ya xəstəyə əlavə xərc yoxdur" dedi. "Bu, böyük qazancdır", çünki daha gec verildikdə az təsirli olacaq müalicəni önə çəkmək xəstəyə və həkimlərinə əlavə yük gətirmir.
Bu tədqiqat nisbətən kiçik faza 2 sınağı olsa və buna görə sonrakı sınaqlarda təsdiqlənməsi lazım gəlsə də, asimptomatik sümük metastazlı xəstələr üçün nəticələr çox ümidvericidir.
"Həddindən artıq müalicədən qaçmaq" üçün radioterapiyanın "uyğun istifadəsini optimallaşdırmaq məqsədilə daha çox tədqiqat lazımdır". Bu xəstələri hələ asimptomatik sümük metastazları olduğu vaxt necə müəyyənləşdirmək də ayrı mövzudur, çünki sümük metastazları həmişə aydın görünməyə bilər.
Tədqiqatın Təfərrüatları
Dr. Gillespie və həmkarları bu tədqiqatda yüksək riskli asimptomatik sümük metastazı olan xəstələri radioterapiya alan və almayan iki qrupdan birinə təsadüfi təyin etdilər. Xəstələr xərçəng və aldıqları müalicə növlərinə görə təsnif edildi.
Xəstələr 18 və ya daha böyük yaşda, ECOG performans statusu 0-2 olmalı, solid (orqan mənşəli) şişi və görüntüləmədə beşdən çox metastatik nahiyəsi olmalı idi. Bu metastazların ən azı biri 2 cm-dən böyük həcmli xəstəlik və ya bud-çanaq, çiyin, sakroiliak oynaqları, uzun sümükləri, yaxud onurğanı tutan xəstəlik kimi müəyyən edilmiş yüksək riskli olmalı idi.
Qrup üç müəssisədən 78 xəstəni təsadüfi təyin etdi. Radioterapiya qolundakı 35 xəstə (62 lezyon) və nəzarət qrupundakı 36 xəstə (49 lezyon) barədə məlumatlar qiymətləndirilə bilirdi.
Xəstələrin median yaşı 61-65 idi və təxminən yarısı qadın idi. Ən çox rast gəlinən xərçənglər ağciyər, süd vəzi və prostat xərçəngi idi, 90%-inə sistemli müalicə planlaşdırılmışdı. Xəstələrin təxminən yarısı bisfosfonat kimi sümük tənzimləyici vasitə almışdı.
Tədqiqatın birincili sonlanma nöqtəsi patoloji sınıq, onurğa beyninə bası, sınıq nahiyəsinə cərrahiyyə və ya ağrı üçün radioterapiya kimi müəyyən edilmiş skeletlə bağlı hadisələr idi.
- Profilaktik radioterapiya verilən xəstələrin yalnız 1,6%-ində, verilməyən qolda isə 29%-ində skeletlə bağlı hadisə baş verdi (P < 0,001).
- 2,4 illik median izləmədən sonra median ümumi sağqalım radioterapiya ilə 1,7 il, radioterapiyasız 1 il idi (P = 0,011). Radioterapiyanın ölüm riskini 55% azaltdığı tapıldı.
- Bundan əlavə, müalicə olunmayan qolda 4 xəstəxanaya yatışa qarşı radioterapiya alanlarda heç bir yatış olmadı (P =0,045) və Qısa Ağrı İnventarı ballarında da əhəmiyyətli yaxşılaşma oldu (P = 0,039).
Təhlükəsizlik baxımından radioterapiya qolundakı xəstələrin 38%-ində, nəzarət qrupundakıların isə 21%-ində 2 və ya daha yüksək dərəcəli əlavə təsirlər bildirildi; müvafiq olaraq 13% və 3%-də bunların potensial olaraq müalicə ilə əlaqəli olduğu düşünüldü. Ən geniş yayılmış əlavə təsirlər ürəkbulanma, qusma, eritema (səpki), yorğunluq və ishal idi və çoxu yüngül idi (2-ci dərəcə).
Nəticədə heç bir şikayət yaratmayan sümük metastazlarını təkcə sistemli müalicələrin öhdəsinə buraxmayıb, problem yaratmadan müdaxilə etmək artıq onkologiya mütəxəssislərinin ağlında olacaq. İndi yaranan sual budur: sümük metastazları olan xərçəng xəstələrinə radioterapiya hansı mərhələdə tətbiq edilməlidir? Birdən çox metastaz nahiyəsi olan çoxlu xəstə var, lakin problem yaratma ehtimalı ən yüksək olan lezyonları necə müəyyənləşdirəcəyik? Tutaq ki, buna qərar verdik: radioterapiyadan faydalana biləcək xəstələrin sıxlıq və sair səbəblərə baxmayaraq bu müalicəyə çıxışını necə təmin edəcəyik?
Mənbələr
2. Groundbreaking': Prophylactic Radiotherapy Ups Survival - Medscape - Oct 26, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.