Tibbdə və Onkologiyada Pis – Əlbəttə, Yaxşı da – Xəbər Vermək Sənəti Haqqında

Hər həkim bəzən xəstələrinə pis xəbər verməli olur. Bəs bunu ən yaxşı necə etmək olar?
Almaniyanın Berlin şəhərində Ginekologiya Klinikası və Cərrahi Onkologiya Mərkəzinin rəhbəri Dr. Jalid Sehouli 20 ildən çoxdur bu məsələ ilə məşğuldur. Həkim və tibb tələbələri arasında geniş araşdırması (How to Break Bad News) olan Dr. Sehouli-nin kitabı da (Von der Kunst, schlechte Nachrichten zu überbringen = Pis Xəbər Vermək Sənəti) var. Mövzunun mütəxəssisi ilə Medscape Medical News tərəfindən aparılmış müsahibənin tərcüməsi:
Sual: Pis xəbərlər barədə 1300 həkim və tibb tələbəsi arasında sorğu aparmısınız. Əsas tapıntılar nədir?
Dr. Sehouli: İştirakçıların çoxu uyğun üsulları öyrənməməyə meyilli olduqları üçün pis xəbər verməkdə çətinlik çəkdiklərini dedilər. Bu sahədə yaxşı qurulmuş təlimləri də yox idi. Lakin ümumən mövzu ilə məşğul olmağa hazır olduqlarını bildirdilər. Onların pis xəbər verməkdən qorxduqları da çox aydın idi.
Sual: Sorğudakı həkimlərin yalnız 31,2%-si uyğun ünsiyyət bacarıqları öyrəndiyini deyib. Bu sizi təəccübləndirdimi?
Dr. Sehouli: Əvvəlcə, bu qədər dürüst olmaları əladır. Yenə də nisbətin daha aşağı olduğunu düşünürəm. Bunu nə iş zamanı, nə də ali təhsildə ölçmək mümkündür; tibb təhsilində belə bir şey yoxdur. Bunun üçün çoxlu özünüdüşünmə (öz üzərində düşünmə) lazımdır.
Bu dürüstlük məni "Yaxşı, kimsə problemi dilə gətirirsə, bu, işləmək üçün yaxşı əsasdır" deməyə sövq etdi. Hamı "Bununla bağlı problemimiz yoxdur" desəydi, onlara çatmaq mümkün olmadığından hər şeyi başqa cür görərdim. Bu etirafı çox güclü yardım çağırışı sayıram.
Sual: Pis xəbər verənlə alan arasındakı fərqin çox sadə olduğunu demisiniz. Nə baxımdan?
Dr. Sehouli: İnsanlar bu qəlibdən çıxmalıdırlar. Çünki çətin və ya pis xəbər verən eyni zamanda onu alandır. Xəbəri alan isə onu ötürəcək insandır; həyat yoldaşına və ya uşaqlarına deməli olacaq.
Yəni bu, rolun həmişə ikitərəfli və eyni vaxtda olması deməkdir. Əvvəlcə bunu yaxşı başa düşmək lazımdır.
Sual: Uğurlu ünsiyyət həkim və xəstə məmnuniyyəti üçün nə qədər vacibdir?
Dr. Sehouli: Sağlamlıq baxımından bu, tamamilə xəbəri alan xəstələrlə bağlıdır. Məmnuniyyət mühümdür, amma xəstə təhlükəsizliyi də əhəmiyyətlidir. Daha yaxşı ünsiyyət xəstənin daha yaxşı hazırlanmasına və ağırlaşma yaranarsa, qarşılaşacağı problemlərin azalmasına kömək edir.
Qeyd: Ağırlaşma dərman, tibbi prosedur (məsələn, əməliyyat) və ya xəstəliyin yaratdığı yan təsirdir.
Digər baxımdan həkim yaxşı söhbəti mənalı və münasibəti gücləndirən söhbət sayır. Biz sosial qarşılıqlı əlaqə ilə yaşayan sosial fərdlərik. Buna görə problemlərin çox olduğu sahədə ünsiyyət çətinliyi yaşayan həkimlərin – bunu öz heyətimlə mən də yaşamışam – ömrünün uzun olmadığını düşünürəm. İşlək ünsiyyət və daha güclü münasibətlər olsaydı, daha az tükənmişlik görəcəyimizə inanıram.
Sual: Yaxşı ünsiyyət bacarığının standartı olmalıdırmı?
Dr. Sehouli: Bu, cəmiyyət olaraq özümüzə verməli olduğumuz sualdır. Ünsiyyət standartına inanıram. Empatiyanı itirmədən peşəkarlığı qorumaq və özümüzü müdafiə etmək üçün buna ehtiyac var. Digər tərəfdən, xəstələr görülmək və eşidilmək istəyir. Bu, münasibətin bir hissəsi, hər diaqnoz və müalicə müdaxiləsinin əsas dayağıdır. Belə dəyişikliklər mümkündür.
Əsas sual onlara necə nail olmaqdır. Bu gün ünsiyyət kursu keçmədən tibb oxuyub həkim ola bilərsiniz. Bu, tək Almaniyada deyil, bütün dünyada belədir.
Sual: Bəs niyə ünsiyyətə daha çox əhəmiyyət verilmir? Vaxt azlığından?
Dr. Sehouli: Bəli, vaxt problemidir. Amma hamı bunun nə qədər vacib olduğunu da anlamır. Yeni cərrahi üsul barədə seminar versəm, otaq dolub-daşar. Əksinə, insanları danışıq kursuna həvəsləndirmək çox enerji tələb edir; hamı "Bunu onsuz da bacarıram. Niyə gedim? Getməyimə ehtiyac yoxdur" düşünür.
Mövzunu açsam, nə qədər metodik olsa da, əvvəlcə tarazlığı poza bilər. Düşündüyünüz qədər yaxşı ünsiyyət qurmadığınız ortaya çıxa bilər. Təkmilləşdirmək üçün vasitəniz yoxdursa, bundan qaçmaq və çətin vəziyyətlərlə məşğul olmaq daha asandır.
Ünsiyyət ölüm və ya cinsəllik kimi mövzudur. Həmişə "heç kim bundan danışmır" eşidirik. Heç kimin danışmadığı aydındır. Səbəb sadədir: başqasına həvalə edilə bilmir və quruluşu yoxdur. Klinikanızda cinsi terapevt olsaydı, mövzunu açmaq asan olardı. Amma sualları necə cavablandıracağınızı bilmədən özünüz danışmalı olsaydınız, açmamağı seçərdiniz. Pis xəbər verməkdə də belədir.
Əlaqəli mövzu: Xəstə, xəstə yaxını və həkim arasında ünsiyyət necə olmalıdır?
Sual: 20 ildən çoxdur pis xəbər mövzusu ilə məşğulsunuz. Bu, əslində xoş mövzu deyil. Onunla üzləşməyinizin xüsusi səbəbi varmı?
Dr. Sehouli: Gənc həkim kimi çətin xərçəng əməliyyatlarında kömək etdim və ağırlaşmaların ola bildiyini gördüm. Amma həmkarlarımın xəstələrə tez-tez baş çəkmədiyini, ağırlaşmaları yetərincə izah etmədiyini, ünsiyyətdə çox çətinlik çəkdiyini də gördüm.
Düşündüm ki, yaxşı cərrah olmağın bir hissəsi ünsiyyət qurmaqdır. Gənc həkim kimi ginekologiyada “ilk pis xəbər vermək kursunu” təşkil etdim. İlk yanaşmaların İngiltərədə olduğunu eşitmişdim. Charité-də də belə bir şey təşkil etməli olduğumuzu düşündüm.
Kitab bu kursların nəticəsi oldu. Araşdırıb yazarkən təlimat kitablarının çox az, elmi tədqiqatların isə demək olar yox olduğunu gördüm. Sübutları inkişaf etdirmək ehtiyacı aydınlaşdı və iki layihəyə başladım. Biri həkim və tibb tələbələri sorğusu, digəri tezliklə başlayacaq xəstə araşdırması idi.
Sual: Xəstə sorğunuz necə olacaq?
Dr. Sehouli: Məqsədim 1000 qadın xəstə ilə müsahibədir. Son hazırlıqlar gedir. Aldıqları pis xəbərlə necə mübarizə apardıqlarını, nə istədiklərini və özlərinə görə necə daha yaxşı hazırlaşa biləcəklərini bilmək istəyirik.
Xəstələr üçün bir nəzarət siyahısı da hazırladım. Yanlarında saxlamağı faydalı sayıb-saymamalarından asılı olmayaraq şərhlərini istəyirəm. Xəstə akademiyasında ünsiyyət barədə daha çox öyrənməyə hazır olacaqlarmı? Tədqiqat tezliklə Charité-də başlayıb Almaniya boyu davam edəcək.
Sual: Həkim kimi özünüzü pis xəbər verməyə necə hazırlaya bilərsiniz?
Dr. Sehouli: Özünüzə bu sualları verməlisiniz: Hazırammı? Mən də bacararammı? Nə qədər vaxtım var? Söhbətin əsasları nədir? Özümü buna açıq şəkildə hazırlamağım vacibdir.
Bir çox həkim belə söhbətə heç hazırlaşmır, xəstəni, sosial-mədəni vəziyyətini və nə qədər anlayacağını bilmədən başlayır. Xəstənin hazır olub-olmadığını və ya müayinədən sonra yalnız hər şeyin yaxşı olduğunu eşitmək istədiyini bilməklə, ona sadəcə onlarla qaraciyər metastazı olduğunu deməli olduğunu düşünmək arasında fərq var.
- İlk addım: "Hazırlıq" və "fərqindəlik". Bunu şüvüllə tullanan insanın tullanmadan əvvəl təfərrüatları nəzərdən keçirməsi kimi düşünürəm.
- İkinci addım: Söhbətə necə reaksiya verdiyim mərhələdir. Xəstənin hisslərini müşahidə edir, əlbəttə, hörmətlə yanaşıram.
- Üçüncü addım: Susmaq, danışmaqdan çox dinləmək, sonra eşitdiklərini izah etməyə çalışıb qarşı tərəfdən soruşmaq da vacibdir. Bu sizin üçün nə deməkdir? Növbəti addımda nə gözləməli?
- Söhbətdən sonra prosesi özüm üçün xülasə edib növbəti söhbətə hazırlanmağım da vacibdir. Bu, bir növ alqoritmdir.
Sual: Tibb tələbələrinə nə vaxtdan ünsiyyət təlimi də verilir?
Dr. Sehouli: Son 10 ildə yaxşılaşma var. Danışıq kursları, hətta simulyasiya xəstələri var. Bir çox universitetdə istifadə olunur, xəstəlikləri yüksək keyfiyyətlə canlandırırlar. Tələbələrə geribildirim də verirlər. Universitetlərdə maraq artır, amma hələ yetərli deyil.
Yalnız məsuliyyət götürərək həqiqətən öyrənəcəyinizə inanıram. Ünsiyyətdən danışıb səhvlərə və ya müalicə qərarlarına görə məsuliyyət daşımırsınızsa, öyrənmə prosesi məsuliyyəti üzərinizə götürdüyünüz qədər güclü və uzunmüddətli olmur.
Pis xəbər vermək təlimini məzuniyyətdən sonrakı iş həyatına daxil etmək vacibdir.
Sual: Sizcə, gənc səhiyyə işçiləri pis xəbər verməyin daha asan yollarını tapırlar?
Dr. Sehouli: Gənc nəslin bu problemi artıq yaşamadığı fikri yanlışdır. Əksinə, analoq ünsiyyətə yetərincə hazır olmadığından aşmalı olduğu çətinliklər daha çoxdur. Ünsiyyətin daha da pisləşməsindən qorxuram; analoq və rəqəmsal strategiyalar üzərində kifayət qədər düşünməmişik.
İlk mühüm addım görüşlər olacaq. Bir neçə nümunə var. Xəstə ilə e-poçtla və ya tətbiqlə görüşü necə apara bilərəm? Yaxşı görüntülü/onlayn müayinəni necə edərəm? Rəqəmsal mediadan istifadəni nəzərə alaraq xəstə münasibətləri anlayışımı necə quraram?
Rəqəmsal mediaya necə yanaşmaq və onun xəstə-həkim münasibətinə təsiri barədə də tədqiqat planlaşdırırıq.
Sual: Pis xəbər verməyi öyrənmək baxımından mentorluq sistemləri haqqında nə düşünürsünüz?
Dr. Sehouli: Prinsipcə həmişə mümkün olardı, çünki ən yaxşı rol modellərindən öyrənirik. Mentor anlayışı yaxşıdır, amma iyerarxiyanı aşan və yaxşı olar ki, öz sahəsindən kənar mentor olmalıdır. Əks halda münaqişə yarana bilər. Başqa şöbə, ixtisas və ya qurumdan birini nəzərdən keçirməyə dəyər.
Mentorluğun inkişaf etməməsi vaxt və pul məsələsidir. Proqram özü ayrıca işdir, quruluşu olmalıdır. Uyğun resurslar və heyət üzvlərinin vaxt ayırması lazımdır. "Olsa yaxşı olar" yanaşmasından keyfiyyət meyarına keçilməlidir. Mentor anlayışı keyfiyyət meyarına çevrilməlidir.
Sual: İndiyədək pis xəbərlərdən danışdıq, amma yaxşı xəbərlərin necə verilməsi barədə də siyahınız var. Bu necədir?
Dr. Sehouli: Yaxşı xəbər verməyin 5 qızıl qaydası var.
- Qayda 1: Hazırlığa vaxt ayırın, yaxşı xəbərlərə, məsələn normal tapıntılara, residiv əlamətlərinin olmamasına, müalicəyə çox yaxşı cavaba diqqəti artırın.
- Qayda 2: Müsbət məlumatı və ya mesajı verin.
- Qayda 3: Əsas mesajdan sonra qarşı tərəfə onu qəbul etmək üçün vaxt verin. Özünüzün və xəstənizin hisslərini tanımaq üçün dayanın.
- Qayda 4: Yaxşı mesajın faydalı tərəflərini və nəticələrini müzakirə edin.
- Qayda 5: Özünüz və xəstəniz üçün yaxşı xəbər fürsətini qaçırmayın, ondan istifadə edin; məsələn gündəlik tutun və ya "qeyd edin". İstəsəniz, həmkar və sosial çevrənizlə də danışın.
Nəhayət, yaxşı xəbər anı bəzi riskləri/pis xəbərləri izah etmək üçün də uyğun ola bilər. İrəliləmiş xərçəngdə hazırkı müalicəyə yaxşı cavab gələcək müalicələrin uğuruna və həmişə belə davam edəcəyinə zəmanət deyil. Bəzən həkimlər zamanla müqavimət riskinin yüksək olduğunu bilirlər. Erkən mərhələdə müalicənin bitməsi də təkrarlanma riskinin sıfırlanması deyil. Yaxşı xəbər anı vəziyyəti anlamaq, gələcək risklərdən danışmaq və izləmənin vacibliyini vurğulamaq üçün münasibdir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.