Xərçəng üçün qan testləri

Onkoloqların, daxili xəstəliklər mütəxəssislərinin və ailə həkimlərinin ən çox qarşılaşdığı suallardan biri budur: "Qan analizi ilə xərçəng anlaşılırmı?". Hətta bir çox həkim də bu mövzuya yetərincə bələd olmayıb "ümumi yoxlama" və ya "check-up" adı altında xərçənglə əlaqəli bəzi bioloji markerləri / göstəriciləri qanda yoxlamağa çalışır. Bu qan testlərinin uyğunsuz istifadəsi onları etdirən şəxslərdə lazımsız narahatlığa və səhiyyə sistemində mühüm yükə səbəb olur. Həmçinin bu qan testlərini təsadüfi etdirmək həqiqətən aparılmalı xərçəng skrininqlərinin qaçırılmasına da gətirir.
Bilməli olduqlarınız
- Hemoqlobin, trombositlər, serum kalsium səviyyəsi, qaraciyər funksiyası testləri və C-reaktiv zülal (CRP), eritrositlərin çökmə sürəti kimi iltihabi markerlər birinci pillədə (ailə həkimliyi səviyyəsində) triaj qan testləri kimi istifadə edilə və müəyyən xəstəliyə xas olmayan əlamətli xəstələrdə xərçəngə dair ipucları verə bilər.
- Triaj testləri "istisna etmə / kənarlaşdırma" testlərinin performans xüsusiyyətlərinə malik deyil.
- Elmi sübutlar birinci pillədə CA125 və PSA kimi az sayda xərçəng markerinin (biomarker), müəyyən yaşlarda hamının etdirməli olduğu xərçəng skrininqi testi kimi deyil, yalnız müəyyən şübhə hallarında istifadəsini dəstəkləyir.
Nümunə hadisə: Bir aydır bel ağrısı şikayəti olan 61 yaşlı kişi ümumi praktika həkimini ziyarət edir. Hipertenziyası var, heç siqaret çəkməyib və bir neçə aydır yorğunluq olduğunu bildirib. Ağrı onu gecə oyaq saxlayır. Çəki itirməyib. Klinik müayinəsi normaldır. Mədəaltı vəzi xərçəngi, çoxsaylı mieloma, prostat xərçəngi və ya hər hansı metastatik xərçəng kimi potensial səbəblər daxil olmaqla bu xəstə üçün differensial diaqnoz dairəsi çox genişdir.
Yayılmış əlamətlərin çoxu qeyri-spesifik (müəyyən vəziyyətə xas olmayan) və aşağı riskli olduğundan, ən yaxşı tanınan xərçəngin xəbərdarlıq əlamətlərinin, əsasda ola biləcək xərçəng üçün nisbətən aşağı müsbət proqnostik dəyərlərə malik olması səbəbindən xərçəngi müəyyənləşdirmək çətin ola bilər.
Müsbət prediktiv (proqnostik) dəyər
Müsbət proqnostik dəyər (PÖD) tibbi informatikada tez-tez istifadə olunan terminlərdəndir. Testdə müsbət çıxan dəyərlərin nə qədərinin həqiqətən müsbət olduğunu ifadə edir. Başqa sözlə, testin müsbət dəyərinin həmin cəmiyyətdə həqiqətən xəstə olma ehtimalıdır. Düsturla ifadəsi belədir: həqiqi müsbətlərin doğru üstəgəl yanlış müsbətlərə nisbəti.
Məsələn, çəki itkisi əsasda olan xərçəng üçün yalnız % 0 - 3.3 müsbət proqnostik dəyərə (PÖD) malik olduğu halda, anusdan qanaxma % 2.2 - 15.8 PÖD-yə malikdir. Xəstəxanalarda istifadə olunan xərçəng markerləri / biomarkerləri birinci pillədə tətbiq edildikdə aşağı müsbət proqnostik dəyərlərə və yüksək yanlış müsbət göstəricilərinə malikdir; yəni həm həqiqi vəziyyəti proqnozlaşdırma gücü zəifdir, həm də yanıltma ehtimalı çoxdur. Aşkar olmayan əlamətlərin xoşxassəli xəstəlikdən deyil, xərçəngdən qaynaqlana biləcəyi xəstələri müəyyən etmək buna görə birinci pillə həkimləri üçün çətinlikdir.
Əlavə müayinə və diaqnostika adətən ikinci və üçüncü pillə səhiyyə mərkəzlərində aparılsa da, ilk xərçəng şübhəsi birinci pillədə yaranır. Əlamətləri təxminən ≥ % 3 xərçəng riski təşkil edən xəstələr təcili araşdırma üçün adətən daha yuxarı pilləyə yönləndirilir. Təxmini riski < % 3 olan şəxslər riski araşdırmaq və triaj testi etmək üçün birinci pillədə qala bilər. Triaj testləri yönləndiriləcək xəstələrin müəyyən edilməsinə kömək edən ipucları verə və əslində əsasda olan xərçəngin yerinə işarə edə bilər. Bu, xüsusilə xəstənin qeyri-müəyyən şikayətlərinin bir neçə müxtəlif xərçəng növünə işarə etdiyi və əlavə araşdırma lazım olduğuna qərar verməkdə bələdçi ola biləcəyi hallarda faydalıdır.
Bu məqalə birinci pillədə mümkün xərçəng riskini müəyyən etmək və ya təsnif etmək üçün aparılan qan testlərini müzakirə edir, əlamətləri olan xəstələrdə istifadəsinə dair sübutlar təqdim edir. Əvvəlcə hər hansı xərçəng növünə xas olmayan, lakin birinci pillə tibbi xidmət göstərənlərə xərçəng riskini müəyyənləşdirməkdə kömək edə biləcək testləri nəzərdən keçiririk. Sonra müəyyən xərçəng növləri üçün xüsusi markerləri müzakirə edirik. Erkən diaqnoz üçün müəyyən yaşlarda hamının etdirməli olduğu rutin xərçəng skrininqi testləri bu məqalənin əhatəsindən kənardır.
Xərçəng üçün müəyyən vəziyyətə xas olmayan qan testləri və ya ipucları
Birinci pillədə tez-tez istifadə olunan bəzi spesifik (müəyyən vəziyyətə xas) olmayan testlər mümkün xərçəngə dair “ipucları” verə bilər. Xərçəng üçün >% 1 PÖD ilə aparılan testlər, məsələn hemoqlobin, trombosit sayı, serum kalsiumu, qaraciyər funksiyası testləri və C-reaktiv zülal (CRP), eritrositlərin çökmə sürəti (ESH) kimi iltihabi markerlər aşağıdakı təsvirdədə xülasə edilmişdir. Bəzi əsasda olan xərçənglər üçün PÖD-lərin <% 1 olduğu eyni infoqrafikada bildirilmişdir. Bu qan testləri rutin ölçülməməli, bununla belə aşağı riskli xəstələrdə nəzərə alınmalı, lakin izah olunmayan çəki itkisi və ya davamlı yorğunluq kimi yüksək risk əlamətləri olmamalıdır. Nadir hallarda tam qan sayımı hematoloji xərçəngi (leykoz, limfoma) müəyyən edə bilər, lakin "müsbət test" xərçəngin varlığı üçün daha ehtimallı izah verir.

Xərçəngdən başqa xəstəliklər də tez-tez anormal test nəticələri yaratsa da, xərçəng diaqnozunu istisna etmək üçün əlavə araşdırma və ya yönləndirmə lazım ola bilər. Test nəticəsinin "mənfi" olması qəti olaraq xərçəng olmadığını göstərmir; yəni bu testlər normal olsa da xərçəng hələ mövcud ola bilər. Bu testlərin heç biri, istisna etmə / kənarlaşdırma testi kimi çıxış etmək üçün yetərli həssaslığa malik deyil; yeganə istisna mieloma diaqnozu üçün sadə qayda kimi istifadə edilə bilən çökmə sürətidir. Çökmə sürəti və ya qan plazmasının viskozluğu (axıcılığı) normaldırsa, mieloma diaqnozunu istisna edirik.
Aşağı risk əlamətləri çərçivəsində mənfi testlər müəyyən güvən verir. Bununla belə, əlamətlər davam edərsə və ya dəyişərsə əlavə araşdırma lazımdır. İdeal olaraq xəstələrlə ortaq qərarlar verilə bilməsi üçün mənfi və ya müsbət test nəticəsinin səbəbi və nəticələri bu testlər etdirilməzdən əvvəl müzakirə olunmalıdır.

Spesifik (müəyyən vəziyyətə xas) xərçəng markerləri
İkinci və üçüncü pillə tibbi xidmətlərdə istifadə olunan xərçəng biomarkerlərinin sayı artır, lakin Sturgeon və həmkarlarının 2009-cu ildə dərc etdiyi icmaldan bəri birinci pillə xidmətlərdə istifadə edilə biləcək yeni qan markeri təqdim edilməmişdir (mövcud olanlar CƏDVƏLDƏ xülasə edilmişdi). Bu testlərin xərçəng skrininqi olmadığını və müəyyən əlamətləri olan xəstələrdə aparılmalı olduğunu yenidən vurğulamaq istəyirik. Prostat-spesifik antigen (PSA) və xərçəng antigeni 125 (CA 125) kimi yaxşı məlum xərçəng markerlərinin belə birincili tibbi xidmət üçün sübut bazası məhduddur. Məsələn, PSA: 70-79 yaşlı hər 14 kişidən birində prostat xərçəngi var və bu şəxslərin bir hissəsində prostat xərçəngi ciddi klinik problem yaratmayacaq. Buna görə müsbət PSA testinin müsbət proqnostik dəyəri mütləq klinik faydaya çevrilmir.
Nəticə
Nümunə hadisənin hekayəsinin davamı: Ailə həkimi xəstənin yaşı ilə yanaşı əsasda olan xərçəng ehtimalını artıran gecə ağrısı və yorğunluğun mövcudluğundan narahat idi. Buna görə xəstəni tam qan sayımı, qaraciyər funksiyası testləri, serum kalsiumu və eritrositlərin çökmə sürətini (ESH) ehtiva edən ilkin qan testlərinə yönləndirdi. Nəticələr yüngül yüksəlmiş trombosit sayı (495 min / kubmillimetr) və orta dərəcədə yüksəlmiş ESH (34 mm / s) üçün əhəmiyyətli idi. Buna görə serum elektroforezi və Bence Jones zülalı daxil olmaqla başqa spesifik qan testləri aparıldı. Nəticədə xəstədə çoxsaylı mielomanı düşündürən monoklonal immunoqlobulinlər aşkarlanmışdır. Xəstə təcili xərçəng klinikasına yönləndirildi.
Xərçəng markerlərinin gələcəyi
Xüsusilə mədəaltı vəzi və yumurtalıq kimi erkən dövrdə aşkarlanması çətin hesab olunan xərçənglər üçün bir çox xərçəng biomarkeri araşdırılır. Lakin namizəd xərçəng biomarkerlərini klinikada sınayan tədqiqatların sayı azdır. Xərçəng üçün potensial diaqnostik markeri qiymətləndirən gələcək tədqiqatlar bu testlərdən ən yaxşı necə istifadə edilməli olduğunu müəyyənləşdirməyi, həkim və xəstə tərəfindən qəbuledilənliyini artırmağı, yanlış müsbət göstəricilərini azaltmağı və iqtisadi tərəflərini ölçməyi məqsəd qoymalıdır.
Xərçəngin erkən diaqnozu üçün qan markerlərindən daha ümidverici üsul qanda şiş hüceyrələrini və ya şiş hüceyrəsi parçalarını (DNA kimi) axtaran likid biopsiyalardır.
*
Mənbələr
Blood markers for cancer.
BMJ 2019. 14 October 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.