Adele-in arıqlayaraq inanılmaz dəyişməsi və populyarlaşan SIRTFOOD pəhrizi!

Bu məqalədə
Səsi ilə dinləyicini heyran edən və dünyada geniş pərəstişkar kütləsi olan britaniyalı musiqiçi Adele-in inanılmaz dəyişməsi sosial mediada böyük əks-səda doğurdu. Adele-in Sirtfood pəhrizi ilə ciddi çəki itirdiyi barədə xəbərlərdən sonra bu pəhriz modeli populyarlaşmağa başladı. SirtFood pəhriz modeli ilk dəfə 2016-cı ildə əczaçı Aidan Goggins və qidalanma mütəxəssisi Glen Matten tərəfindən “Sirtfood Diet” adlı kitabla həyatımıza daxil oldu.
SIRTFOOD pəhrizi nədir?
SirtFood pəhrizinin əsas məqsədi kalori məhdudlaşdırılması ilə yanaşı, sirtuin adlanan proteini aktivləşdirən qidaları istehlak etməkdir. Sirtuin bədəndəki hüceyrələri xəstəlik nəticəsində ölməkdən və ya iltihablanmaqdan qoruyan protein növüdür. Qaragilə, çiyələk, qırmızı şərab və tünd şokolad sirt qida kateqoriyasının başında gəlir. Sirtuin aktivləşməsini artıran digər qidalar isə yaşıl çay, soğan, kərəviz, cəfəri, roka, Mədinə xurması, kəvər, sarıkök, kələm, qoz, qarabaşaq və sitrus məhsullarıdır. Qırmızı ət, süd/süd məhsulları, balıq və quş ətinin məhdud miqdarda istehlakına icazə verilir.
Polifenolla zəngin qidalardan ibarət Sirtfood pəhrizinin eyni zamanda iltihab əleyhinə və və antioksidant təsir yarada biləcəyi iddia edilir. Sirtfood pəhrizindəki qidalar dünyada Blue Zone/ Mavi Zona adlandırılan və ömrün ən uzun olduğu bölgələrdə də tez-tez istehlak edilir. Bəzi araşdırmalar sirtuin aktivləşməsini gücləndirən qidaların metabolizmi sürətləndirdiyini və ömrü uzada biləcəyini irəli sürür. Digər tərəfdən, seçilən qidalar sağlam olsa da, SirtFood pəhrizi kalori məhdudiyyətli pəhrizdir. Bu vəziyyət başqa çatışmazlıqlar yaradır. Buna görə bu pəhrizin təsirlərindən danışmaq üçün daha geniş elmi tədqiqatlar lazımdır. Sirtfood pəhrizi onu tətbiq edənlərə gündə 1000 ilə 1500 kalori arasında məhdud qidalanmağı tövsiyə edir. Sirtfood pəhrizinin tətbiqi iki mərhələdən ibarətdir.
- 1. mərhələ (7 gün); ilk 3 gün 1,000 kalori məhdudiyyəti ilə sirt qidalar olan bir yemək və 3 porsiya yaşıl içki istehlak edilməli; həftənin qalan günlərində isə 1,500 kalori məhdudiyyəti ilə 2 yemək və 2 yaşıl içki istehlak edilməlidir.
- 2. mərhələ (14 gün); Bu mərhələ pəhrizi qoruma və davam etdirmə mərhələsi kimi tanınır. Gündə 3 sirtfood resepti ilə hazırlanmış əsas yemək və 1 yaşıl içki istehlak edilməlidir.
Sirtfood Pəhrizi müəllifləri bu pəhrizin birdəfəlik tətbiq kimi deyil, həyat tərzi kimi nəzərdə tutulduğunu iddia edirlər. Tətbiqdən sonra daha çox arıqlamaq istəyən şəxslərin bu iki mərhələni təkrarlaya biləcəyi deyilir. İlk 3 həftəni tamamladıqdan sonra Sirtfoods ilə zəngin pəhrizə və hər gün hazırlanan yaşıl şirəni içməyə davam etmək tövsiyə olunur.
SirtFood Pəhrizi sağlam və davam etdirilə bilən pəhriz deyil!
SirtFood pəhrizində istehlak edilən qidalar bədənə faydalı görünsə də, bu pəhrizdə qida müxtəlifliyi azdır. Yalnız müəyyən tip qidaların istehlakının bədənə fayda verə biləcəyinə dair heç bir sübut yoxdur. Xüsusilə sirt qidalar arasında olmayan toyuq, balıq, quru paxlalılar kimi proteinlə zəngin heyvani və bitki mənşəli qidaların, sağlam yağlar və tam taxılların istifadəsi çox məhduddur və ya bunlardan istifadə edilmir.
“Harvard Health” 1,500 kaloridən aşağı pəhrizlərin sağlam və ya davamlı olmadığı, şəxslərdə malnutrisiya / qidalanma pozğunluğu riski yarada biləcəyi fikrindədir.
Hətta uşaqlıq yaşındakı biri üçün yetərsiz olan bu kalori miqdarı, əlbəttə, yetkin insanın fəaliyyətinə lazım olan enerji üçün kifayət etməz. SirtFood pəhrizi kimi sərt kalori/enerji məhdudiyyətli pəhrizlərdə bədən yağ və əzələ yandırmaqla yanaşı qlikogeni də sərf edir. Hər qlikogen molekulu 3-4 su molekulunun saxlanmasını tələb edir. Bədən enerji çatışmazlığı ilə üzləşib qlikogeni sərf etdikdə bədəndəki suyu da xaric edir. Ciddi kalori məhdudiyyətli pəhrizlərin ilk həftəsində itirilən çəkinin yalnız üçdə biri yağdan gəlir. Digər üçdə ikisi su, əzələ və qlikogendən gəlir.
Bununla yanaşı, Sirtfood Diet kitabında müəlliflərin apardığını iddia etdiyi və fitnes mərkəzlərindən 39 iştirakçının daxil olduğu pilot tədqiqatın nəticələri var. Tədqiqata görə, iştirakçılar bir həftə pəhrizə əməl edib və hər gün idman ediblər. Bir həftənin sonunda iştirakçılar orta hesabla 7 kilo itirib, əzələ kütləsini qoruyub, hətta artırıblar.
Ancaq bu nəticələr təəccüblü olmamalıdır. Gündəlik kalori qəbulunu 1000 kalori ilə məhdudlaşdırmaq və eyni vaxtda idman etmək demək olar həmişə arıqlamağa səbəb olacaq. Həmçinin kalori artımı başlayanda bədən qlikogen ehtiyatlarını yeniləyəcək və itirilən bədən çəkisi geri qayıdacaq.
Digər tərəfdən, mütəxəssislər SirtFood pəhrizinin aşağı kalori miqdarının başlanğıcda baş ağrısı, başgicəllənmə, halsızlıq kimi əlamətlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Əlavə olaraq diabet xəstələri, əvvəllər yemək pozğunluğu diaqnozu qoyulmuş xəstələr və enerji tələb edən işdə çalışan fəal şəxslər tərəfindən tətbiqinin sağlamlıq baxımından zərərli ola biləcəyini deyirlər.
Nəticə
Sirtfood pəhrizi sağlam qidalardan ibarət görünsə də, qidalanma seçimlərinin çox dar çərçivə ilə məhdudlaşdırılması zərərlidir. Ciddi kalori məhdudiyyəti və mühüm qida qruplarından məhrum olması səbəbindən bu pəhrizin uzun müddətdə bədənə zərərli təsir göstərməsi gözlənilir. Hətta fəal həyat tərzi olan, xroniki xəstəlik və ya yemək pozğunluğu anamnezi olan şəxslərdə tətbiqinin olduqca təhlükəli olacağı proqnozlaşdırıla bilər.
Buna görə yaşıl çay, çiyələk, şokolad və bir qədər şərab istehlakı ilə arıqlamaq xoş səslənsə də, bu kimi dəb pəhrizlərinə keçməzdən əvvəl həkiminizlə və qidalanma mütəxəssisi ilə məsləhətləşmək düzgün olar. Qısa müddət populyarlaşan pəhrizlərə aldanmaq əvəzinə, illərdir sağlamlığa faydası sübut edilmiş pəhrizləri seçməliyik. Aralıq dənizi pəhrizi kimi bütün qida qruplarını taraz şəkildə əhatə edən pəhriz modelləri ilə sağlam şəkildə arıqlaya və sağlamlığınızı yaxşılaşdıra bilərsiniz. *
Mənbələr
Demand is rising for Adele's rumored weight-loss plan, the sirtfood diet. Here's how it works.
insider.com - 27 Mayıs 2020.
2. Taylor Jones.
The Sirtfood Diet: A Detailed Beginner's Guide.
healthline.com/nutrition/sirtfood-diet - 13 Ağustos 2017.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.