Baş-boyun xərçənginin birinci xətt müalicəsində ikili immunoterapiya və son vəziyyət

Bu məqalədə
"CheckMate 651" adlı faza-III tədqiqatın nəticələri irəliləmiş mərhələli baş-boyun xərçəngi üçün mühüm suala cavab olub. Bu tədqiqatda təkrarlayan və ya metastatik baş-boyun yastı hüceyrəli xərçəngi olan xəstələrin birinci xətt müalicəsində nivolumab/ipilimumab ikili immunoterapiya kombinasiyası sınaqdan keçirilib.
Bu xəstələr üçün əvvəlki standart müalicə EXTREME tədqiqatı ilə müəyyən edilmişdi: setuksimab ilə sisplatin və ya karboplatin və fluorouracil, sonra setuksimab ilə saxlayıcı müalicə.
İmmunoterapiya kombinasiyasının sınaqdan keçirildiyi CheckMate 651 və tarixi nəzarət qrupu olan EXTREME tədqiqatının nəticələri arasında ümumi sağqalımda əhəmiyyətli fərq olmadığı göstərilib. Bu tapıntılar 6 Dekabr 2022-də Journal of Clinical Oncology adlı jurnalda Robert I. Haddad və həmkarları tərəfindən bildirilib.
Tədqiqatın nəticələri bütün xəstələr və PD-L1 CPS balı müsbət olanlar üçün ayrıca göstərilib. Təhlildən sonra tədqiqatçılar "CheckMate 651 bütün təsadüfi bölünmüş xəstələrdə və ya CPS ≥ 20 xəstə qruplarında hədəflənən ümumi sağqalım nəticələrinə çatmayıb. Nivolumab və ipilimumab EXTREME ilə müqayisədə daha əlverişli yan təsir profili göstərib. Təkrarlayan və ya metastatik baş-boyun yastı hüceyrəli xərçəngi olan xəstələr üçün yeni müalicələrə ehtiyac davam edir" deyiblər.
Tədqiqatın təfərrüatları
Bu açıq etiketli tədqiqata 947 xəstə daxil edilib: 472-si nivolumab/ipilimumab, 475-i isə EXTREME qoluna təsadüfi təyin olunub.
- PD-L1 CPS <1 olan xəstə sayı 92 və müqayisə qrupunda 86,
- PD-L1 CPS ≥ 1 olan xəstə sayı 355 və müqayisə qrupunda 372,
- PD-L1 CPS ≥ 20 olan xəstə sayı 185 və müqayisə qrupunda 178 olub.
Tədqiqatın əsas sonlanım nöqtələri bütün xəstələrdə və CPS ≥ 20 olanlarda median ümumi sağqalım müddəti olub.
Mühüm tapıntılar
Analizin aparıldığı İyun 2021 etibarilə minimum və median izləmə müddətləri müvafiq olaraq 27,3 və 39,1 ay olub.
Əsas sonlanım nöqtələri:
- Təsadüfi bölünmüş bütün xəstələr arasında median ümumi sağqalım baxımından statistik fərq olmayıb: nivolumab/ipilimumab qrupunda 13,9 ay (95% etibar intervalı [CI] = 12,1–15,8 ay), EXTREME qrupunda isə 13,5 ay (95% Eİ = 12,6–15,2 ay) olub (hazard nisbəti [HR] = 0,95, 97,9% Eİ = 0,80–1,13, P = ,4951).
- CPS ≥ 20 olan xəstələr arasında da median ümumi sağqalımda statistik fərq olmayıb: nivolumab/ipilimumab qrupunda 17,6 ay (95% Eİ = 13,8–22,0 ay), EXTREME qrupunda isə 14,6 ay (95% Eİ = 12,3–16,0 ay) olub (HR = 0,78, 97,5% Eİ = 0,59–1,03, P = ,0469).
İkinci sonlanım nöqtələri:
- CPS ≥ 1 olan xəstələrdə median ümumi sağqalım nivolumab/ipilimumab ilə 15,7 ay (95% Eİ = 13,7–18,8 ay), EXTREME ilə isə 13,2 ay olub (95% Eİ = 11,1–14,6 ay) (HR = 0,82, 95% Eİ = 0,69–0,97).
- CPS ≥ 20 olan xəstələrdə median proqressiyasız (irəliləməsiz) sağqalım 5,4 ay, müqayisə qrupunda isə 7 ay olub (HR = 1,02, 95% Eİ = 0,78–1,33).
- Obyektiv cavab göstəriciləri 34,1% və müqayisə qrupunda 36,0%, median cavab müddəti isə 32,6 və müqayisə qrupunda 7 ay olub.
Nivolumab/ipilimumab qrupundakı xəstələrin 9%-u, EXTREME qrupundakıların isə 46%-sı sonradan immunoterapiya alıb.
Nivolumab/ipilimumab qrupundakı xəstələrin 28,2%-sində, EXTREME qrupundakıların isə 70,7%-sində müalicə ilə əlaqəli 3-cü və ya 4-cü dərəcəli yan təsirlər yaranıb.
Nəticə və şərh
İrəliləmiş baş-boyun xərçəngləri üçün immunoterapiya Avqust (pembrolizumab) və Noyabr (nivolumab) 2016-da FDA təsdiqləri almışdı. Bu təsdiqlərə görə əvvəllər platin əsaslı kimyaterapiya almış, xəstəliyi irəliləyən metastatik və ya təkrarlayan yastı hüceyrəli baş-boyun xərçəngi xəstələrində ikinci xətt müalicə kimi immunoterapiya aktivlik göstərərək xəstələrə nəzərəçarpan fayda verir.
Bundan sonra immunoterapiyanın həmin xəstələrin birinci xətt müalicəsində də təsirli olub-olmayacağı sualı yaranıb və KEYNOTE-048 adlı klinik tədqiqat aparılıb.
Bu tədqiqata qədər metastatik və ya təkrarlayan baş-boyun xərçəngində standart ilkin müalicə platin əsaslı kimyaterapiya [sisplatin və ya karboplatin ilə 5-florourasil (5-FU)] və EGFR inhibitoru setuksimab idi. Nəticələrə görə PD-L1 müsbət (kombinə müsbət bal [CPS]≥ 20) xəstələrdə ümumi sağqalım pembrolizumab ilə 14,9 ay, standart müalicə ilə isə 10,7 ay olub. PD-L1 səviyyəsindən asılı olmayaraq ümumi sağqalım immunoterapiya və kimyaterapiya kombinasiyasında 13 ay, standart müalicədə isə 10,7 ay olub. KEYNOTE-048-ə görə immunoterapiyalı rejim ölüm riskini 23% azaldıb.
Buna əsasən İyun 2019-da FDA (ABŞ Qida və Dərman İdarəsi) metastatik və ya əməliyyatla çıxarıla bilməyən təkrarlayan baş-boyun yastı hüceyrəli xərçəngi xəstələrinin birinci xətt müalicəsi üçün pembrolizumab immunoterapiyasını təsdiqləyib. Bu təsdiqə görə pembrolizumab PD-L1 CPS ≥1 olan bütün xəstələr üçün platin və florourasil (FU) ilə birlikdə və tək preparat kimi istifadə üçün təsdiqlənib.
Nəticə olaraq məqaləmizin mövzusu olan CheckMate 651 tədqiqatının nəticələri rutin praktikamızı dəyişmir.
Hazırda irəliləmiş yastı hüceyrəli baş-boyun xərçənginin birinci xətt müalicəsində
- PD-L1 müsbət xəstələr üçün pembrolizumab və kimyaterapiya,
- PD-L1 mənfi xəstələr üçün kimyaterapiya və setuksimab
ən uyğun ilkin müalicə seçimləri olaraq qalır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.