ESMO 2022 Mükafatının Sahibi Karim Fizazi Genitourinar Xərçənglərdə Yeniliklərdən Danışır

ESMO Konqresi 2022 başlayır. Bu il ESMO Mükafatı 2022-nin sahibi Fransanın Villejuif şəhərindəki Paris Saclay Universitetindən Prof. Dr. Karim Fizazi.
Dr. Fizazi prostat və digər genitourinar (sidik axarı, sidik kisəsi, xaya və s.) xərçənglər sahəsində qabaqcıl tədqiqatlarına görə builki ESMO Mükafatını aldı. O, prostat və xaya xərçəngləri üçün müalicə yanaşmalarında inqilab yaradan bir çox məqalənin müəllifidir və bu yazıda sidik yolları xərçənglərinin müalicəsinin gələcəkdə necə olacağını izah edir. ESMO heyətinin Dr. Fizazi ilə müsahibəsinin tərcüməsini aşağıda təqdim edirik.
Qeyd: Genitourinar xərçənglər sidik yollarında və kişi reproduktiv sistemindəki xərçənglərə yönələn xüsusi sahədir. Bunlara prostat xərçəngi, böyrək xərçəngi, sidik kisəsi xərçəngi, xaya xərçəngi və penis xərçəngləri daxildir.
LATITUDE və PEACE-1 kimi prostat xərçənginin taleyini dəyişən tədqiqatlarınız olub. Prostat xərçəngində fərq yaradacaq irəliləyişlər əldə etməyin açarı nədir, sizcə?
Tədqiqat nəticələrimin çoxunun bəhrə verməsi illər çəkdi, buna görə əzmkarlığa və səbrə inanıram. Hər iki klinik tədqiqat intensiv müalicəni birinci xətdə vermək fərziyyəmi təsdiqlədi. Bu yanaşma xəstəliyin ağırlaşmasını, daha mürəkkəbləşməsini və kastrasiyaya (testosteronun basqılanmasına) davamlı olmasını daha yaxşı nəzarətdə saxlayır və bununla sağqalımı uzadır. Bu iki III faza tədqiqatına rəhbərlik etmək şansım olub.
2017-ci ildə NEJM-də dərc olunan LATITUDE tədqiqatı yeni diaqnoz qoyulmuş metastatik (4-cü mərhələ) və kastrasiyaya həssas prostat xərçəngi olan kişilərdə ümumi və proqressiyasız (irəliləməsiz) sağqalımı yaxşılaşdırmaq üçün ənənəvi hormonal müalicəyə əlavə yeni nəsil hormon müalicəsinin – abirateronun – rolunu müəyyən edən ilk tədqiqat idi.
Daha yaxın vaxtlarda, PEACE-1 tədqiqatı, testosteronun basqılanması, dosetaksel və abiraterondan ibarət üçlü müalicənin, yeni diaqnoz qoyulmuş metastatik kastrasiyaya həssas prostat xərçəngi olan kişilərdə ümumi sağqalımı və radioloji proqressiyasız sağqalımı yaxşılaşdırdığını göstərmişdi və 2022-ci ildə Lancet-də dərc olunmuşdu.
Bununla paralel olaraq androgen reseptor antaqonisti darolutamidin metastazsız sağqalım müddətini və metastatik olmayan, kastrasiyaya davamlı prostat xərçəngində ümumi sağqalımı artırmaqdakı rolunu müəyyən edən ARAMIS tədqiqatına rəhbərlik etdim; tədqiqat NEJM-də dərc olundu.
Bu uğurlara baxanda işimin əsas strategiyasının xəstəlik prosesini başa düşməyə və mürəkkəb mexanizmləri sadələşdirməyə çalışmaq olduğuna inanıram – yəni, karsinogenez prosesində mühüm amilləri və onların necə hədəflənə biləcəyini aydınlaşdırmaq. Onkologiya sahəsində çalışdığım müddətdə bir şey aydın olub: bütün müalicə strategiyaları bütün xəstələrdə effektiv olmayacaq və müalicəni xərçəngin alt növlərinə və xəstəyə uyğun fərdiləşdirməliyik.
Digər genitourinar (sidik yolu) xərçənglərin idarə olunması indiyədək necə inkişaf edib?
1980-ci illərdən bəri xaya xərçənginin müalicəsində əldə edilən irəliləyişlər erkən mərhələli xəstəliyi olan kişilərin əksəriyyətinin və metastatik xəstəliyi olanların böyük hissəsinin tam sağalması ilə nəticələnib. Bununla belə, hətta 2000-ci illərin əvvəllərində əməliyyat və sonrasında bleomisin, etoposid və sisplatindən (BEP) ibarət müasir standart üçlü kimyaterapiya rejimi ilə müalicə olunmasına baxmayaraq, xərçəngin təkrarlanması və/və ya həyat itkisi riski daşıyan, metastatik xəstəliyi və pis proqnozu olan bir xəstə qrupu qalırdı. Alternativ kimyaterapiya rejimlərinin saysız randomizə edilmiş klinik tədqiqatına baxmayaraq, pis proqnozlu, irəliləmiş mərhələ germ hüceyrəli şişləri olan bu xəstələrin nəticələri qaneedici deyil. Buna qarşılıq tədqiqat heyətimlə problemi həll etməyin alternativ yolunu araşdırmağa başladım. 3 həftəlik kimyaterapiyadan sonra şiş markerləri alfa-fetoprotein və insan xorionik qonadotropininin azalmasının müalicəyə cavabı proqnozlaşdırdığını aşkar etdik. Sonrakı klinik tədqiqat, 3 həftəlik BEP kimyaterapiyasından sonra şiş markerlərində gözlənilən qədər azalma olmayan xəstələrdə altı preparatdan ibarət doz-intensiv kimyaterapiya ilə intensiv müalicənin irəliləməsiz sağqalımı yaxşılaşdırdığını göstərdi; bu, Lancet 2014 tədqiqatı idi. Daha əhəmiyyətlisi, yan təsirlər geriyə dönən olduğu halda, doz-intensiv kimyaterapiya alan bu kişilərdə həyat itkisi riski 30% azalmışdı.
Genitourinar şişlərin müalicəsində hazırda qarşılanmayan ehtiyaclar nələrdir?
Metastatik kastrasiyaya həssas prostat xərçəngində son on ildə müalicə strategiyaları əvvəl bir, sonra iki, indi isə üç preparatı eyni vaxtda istifadə etmək istiqamətində inkişaf etdirildi; yəni ən effektiv müalicəni birinci xətdə seçmək üçün. Lakin bu sahədə hələ də qarşılanmayan ehtiyaclar var.
Rejimə dördüncü preparat əlavə etmək əvəzinə alt qruplar üçün ən yaxşı müalicə strategiyasını hazırlamaq məqsədilə bu xəstələrin ətraflı araşdırılmalı olduğunu düşünürəm. Randomizə edilmiş tədqiqatlardan ibarət PEACE-6 platformasının məqsədi budur. Bu platformadakı müxtəlif tədqiqatlar, məsələn, oliqometastatik (az sayda metastaz vermiş) xəstəlik, 80-li və 90-lı yaşlardakılar kimi həssas xəstələr və bir neçə aylıq sistemik müalicədən sonra yaxşı və ya pis cavab verən xəstələr kimi müxtəlif alt qruplar üçün müalicələri araşdıracaq. Son iki xəstə qrupunda müalicəyə yaxşı cavab verənlərdə müalicənin azaldıla bilib-bilməyəcəyini və davam edən müalicəyə yaxşı cavab verməyənlərdə intensiv müalicənin yaxşı seçim olub-olmadığını müəyyənləşdirmək faydalı olacaq.
Bundan əlavə, mövcud müalicələrin uğursuz olduğu xəstələr üçün yeni hədəflərin və yeni müalicələrin axtarışı təcilidir. Tədqiqat qrupum bütün steroid hormonlarının və onların sələflərinin sintezini basqılayan CYP11A1 fermentinin qeyri-steroid, seçici inhibitoru olan ODM-208 adlı yeni müalicəni araşdırır. Bəzi xəstələrdə şiş hüceyrələrindəki mutasiyaya uğramış androgen reseptoru hüceyrələri androgenlərdən daha çox progesteron və ya qlükokortikoidlər kimi digər steroid hormonlarına həssas edir. Nəticədə androgeni hədəfləyən preparatlar bu xəstələrdə effektiv olmur, lakin ODM-208 steroid hormon istehsalını bloklamaq və beləliklə şiş hüceyrələrinin müqavimət mexanizmini aşmaq üçün hazırlanıb.
Qarşıdakı bir neçə ildə hansı mühüm irəliləyişləri gözləyirsiniz?
Düşünürəm ki, həm kişilərdə, həm də qadınlarda genitourinar xərçənglər üçün sistemik müalicəyə erkən başlamaq istiqamətində getdikcə daha çox meyil olacaq. Əsas məqam budur ki, xərçəng erkən mərhələdə olanda xəstəliyin təkrarlanmasının qarşısını alan strategiyaları tətbiq etmək daha asandır. Həmçinin irəliləmiş mərhələ genitourinar xərçənglərin xərçəng növündən daha çox şiş biologiyasına əsasən müalicə ediləcəyinə inanıram; bu, onkologiyanın digər sahələrində dəyişən müalicə yanaşmasını əks etdirir. Təəssüf ki, müalicələrin maliyyələşdirilməsi getdikcə artan narahatlıq mənbəyidir. İnanıram ki, ESMO Konqresində təmsil olunan ölkələr və şirkətlər, siyasətçilərlə yanaşı, praktik həllər axtarmaq üçün əməkdaşlıq etməlidirlər ki, tədqiqatların nəticələri və əldə edilən faydalar bütün xəstələr üçün əlçatan olsun.
*
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.