Prostat xərçənginin müalicəsində yeni dövr başlayır

Dünyada kişilərdə ən çox görülən xərçəng prostat xərçəngidir. Yeni diaqnoz qoyulmuş kişi xərçəng xəstələrinin %20-sini prostat xərçəngi təşkil etsə də, prostat xərçəngi ilə bağlı həyat itkisi nisbəti çox aşağıdır. Bu inkişafda yeni hazırlanmış müalicələrin töhfəsi çox böyükdür.
Prostat xərçəngi, kişi reproduktiv vəzilərindən biri olan prostat vəzisindəki hüceyrələrin nəzarətsiz böyüməsi ilə yaranan vəziyyətdir. Prostat xərçəngi hüceyrələrinin böyümək üçün androgen adlandırılan kişilik hormonlarına, yəni testosterona ehtiyacı vardır. Prostat xərçəngi hüceyrələrinin böyüməsinin və yayılmasının hormonal stimullardan asılı olduğunun 1940-cı illərdə kəşfi və androgen basqılayıcı müalicələrin istifadəsinə başlanması ilə metastatik prostat xərçəngi müalicəsinin əsası qoyulmuşdur.
Prostat xərçəngi aşkarlanan xəstələrin %80-i erkən mərhələdədir. Diaqnoz qoyulduğu anda bədənə yayılmış xəstələrin nisbəti %4-dür. Bu xəstələr hormon basqılayıcı müalicədən fayda görsə belə orta hesabla 1 il ərzində hormonal müalicəyə müqavimət inkişaf edir. Bu müqavimət mexanizmi müxtəlif yollarla orqanizmdə və şiş daxilində testosteron və digər kişilik hormonlarının istehsalının davam etməsindən asılıdır. Bu hormon yolunu da basqılamaq məqsədi ilə hazırlanmış dərmanlardan biri də abiraterondur (zytiga). Abirateron orqanizmdəki digər hormonların kişilik hormonuna çevrilməsinə səbəb olan fermenti (CYP17) əngəlləyərək təsir edir. 1990-cı ildə kəşf edilmiş dərmanın klinik tədqiqatları, bədənə yayılmış (metastatik) prostat xərçəngində 2004-cü ildə başlamışdır. Zytiga (Abirateron) irəli mərhələ prostat xərçəngi diaqnozu qoyulmuş və ilk müalicə kimi klassik androgen basqılayıcı müalicə almış, cavabsızlıqdan sonra kimyaterapiya istifadə edilmiş və bu müalicələr altında xəstəliyi irəliləmiş metastatik prostat xərçəngində 2011-ci ildə FDA təsdiqi alaraq klinik istifadəyə daxil olmuşdur. Ölkəmizdə də 3-cü sıra müalicə kimi hələ istifadə olunur.
Son illərdə ən çox maraq doğuran mövzu Abireteron-un yerli irəliləmiş və metastatik, yəni irəli mərhələ xəstəlikdə lap başlanğıcda klassik hormonal müalicəyə əlavə edilməsinin fayda verib-verməyəcəyi olmuşdur. Xüsusilə şiş yükü çox olan irəli mərhələ prostat xərçəngli xəstələrdə klassik hormonal müalicə ilə birlikdə 2 ildir kimyaterapiya istifadə edirik. İkili hormonal müalicə strategiyası bu mərhələdə kimyaterapiyaya ehtiyacı aradan qaldırarmı? Başqa sözlə, “İkili hormonal müalicə başlanğıc dövründə bizi inandıracaq uğur təmin edərək kimyaterapiyanı əvəz edə bilərmi?
Bu sualın cavabını axtaran ASCO 2017'də təqdim edilmiş LATITUDE tədqiqatının nəticələri dünya şöhrətli tibb jurnalı NEJM-də (New England Journal of Medicine) dərc edildi.
Tədqiqata 34 ölkədən ümumilikdə 235 mərkəz qatıldı. Yeni diaqnoz qoyulmuş, yüksək riskli, bədənə metastaz vermiş prostat xərçəngli 1199 xəstədə klassik
hormon basqılayıcı müalicəyə abirateron əlavə edilməsinin töhfəsi qiymətləndirildi. Prostat xərçəngli xəstələrdə yüksək risk amilləri; Gleason balı 8 və yuxarı, üçdən çox sümük nahiyəsində metastazı olanlar, daxili orqana yayılmış xəstələr kimi müəyyən edildi. Xəstələr iki qrupa ayrılaraq bir qrupa yalnız klassik hormon basqılayıcı müalicə verildi, digər qolda isə bu müalicəyə abirateron və prednizon (kortizon) əlavə edildi.
Nəticədə, yüksək riskli, bədənə yayılmış prostat xərçəngində standart hormon basqılayıcı müalicəyə abirateron əlavə edilməsinin xəstəliyin pisləşməsinə qədər müddəti iki dəfə uzatdığı (14.8 aya qarşı 33 ay), xəstəliklə bağlı ölüm riskini isə %38 azaltdığı göstərildi. Ümumi orta ömür müddəti standart müalicə ilə 34 ay olduğu halda abirateron əlavə edilmiş qolda xəstələrin böyük hissəsi sağ olduğundan hələ müəyyən edilə bilmədi. Abirateron qolunda xərçəngin pisləşməsi baxımından %53 daha az risk olduğu və xərçəngin böyüməsində 18 aylıq əlavə gecikmə təmin edildiyi müəyyən edildi.
Ciddi yan təsirlər abirateron qolunda %68, plasebo qolunda isə %48 olaraq müəyyən edildi. Bu yan təsirlərə görə dərmanı dayandırma nisbətində fərq aşkarlanmadı. Abirateronla bağlı ən çox rast gəldiyimiz yan təsir %20 xəstədə yüksək təzyiq və %10 xəstədə kalium elektrolitinin azalması olsa da, bu yan təsirlərə asan müdaxilə edilə və onlar idarə oluna bildiyindən xəstələrin dərmanı dayandırmasını tələb edən vəziyyət yaratmadı.
Əvvəlki tədqiqatlardan yeni diaqnoz qoyulmuş prostat xərçəngli xəstələrdə standart hormon basqılayıcı müalicəyə Dosetaksel kimyaterapiyasının əlavə edilməsinin fayda verdiyi xəstə qrupu olduğunu bilirik. Bu tədqiqatda da oxşar faydanın abirateron müalicəsi ilə də əldə edildiyi göstərildi.
Bu tədqiqatın nəticələri prostat xərçəngli xəstələrimizə müjdə xarakteri daşıyır. Demək olar 1950-ci illərdən bəri oxşar strategiya ilə müalicə edilən prostat xərçənginin hormonal müalicəsinə yeni ümid əlavə edilmişdir. Həmçinin qarşıdakı prosesdə bu yanaşma başlanğıc dövründə istifadə etdiyimiz kimyaterapiyaya ehtiyacı da aradan qaldıra bilər.
Prostat xərçəngində yeniliklər son 10 ildə başgicəlləndirici səviyyələrə çatmış, hər gün xəstələrimiz yeni müalicə seçimi ilə bu xəstəlikdən ölümləri azaldır və ömür müddətlərini təəccüblü şəkildə uzadırlar. Lakin bütün bu müsbət töhfələr ölkələr üçün maliyyə çətinlikləri də gətirir. Ümid edirik ki, gələcəkdə sağlamlıqda bərabərlik prinsipindən yola çıxaraq bu yeniliklər yalnız ölkəmizin deyil, bütün dünya vətəndaşlarının bərabər şəkildə əldə edə biləcəyi imkanlar olacaqdır.
Mənbələr
Abiraterone plus Prednisone in Metastatic, Castration-Sensitive Prostate Cancer.
N Engl J Med. July 27, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.