Kimyaterapiya nədir? Hansı hallarda və necə tətbiq edilir? Yan təsirləri hansılardır?

Bu məqalədə
Kimyaterapiya (bəzən “kimya” da adlandırılır) xərçəngin ən geniş yayılmış müalicələrindən biridir. Kimyaterapiya xərçəng hüceyrələrini öldürmək, böyüməsini və bədənin digər hissələrinə yayılmasını əngəlləmək üçün istifadə edilən müəyyən dərmanları əhatə edir.
Kimyaterapiya müalicədə təkbaşına, radioterapiya ilə kombinə və ya əməliyyatdan əvvəl-sonra tətbiq edilə bilər.
Kimyaterapiyanın tətbiq forması və dərmanlar xərçəngin növünə, mərhələsinə və xəstənin ümumi vəziyyətinə görə dəyişir.
Kimyaterapiya nədir?
Kimyaterapiya xərçəngi əngəlləmək üçün qan dövranına daxil olan və bədənin hər yerinə çata bilən sistemli müalicə növüdür.
Kimyaterapiyanın təsir mexanizmi
Xərçəng hüceyrələrinin ümumi xüsusiyyəti sürətlə böyüyüb çoxalmasıdır. Kimyaterapiya iki yeni hüceyrə yaratmaq üçün bölünmə prosesində olan hüceyrələri öldürür.
Bədən toxumaları milyardlarla hüceyrədən ibarətdir. İnsan böyüməsini tamamladıqda bədənindəki hüceyrələrin çoxu bölünməni dayandırır və çoxalmır. Lakin zədələnmiş hüceyrələrin bərpası lazım olduqda bölünürlər. Hüceyrə bölündükdə iki eyni hüceyrə yaranır. Bir hüceyrə olduğu halda artıq iki olur. Bunlar da bölündükdə dörd, sonra səkkiz və daha çox hüceyrə olur.
Xərçəngdə isə hüceyrələr yığın yaranana qədər bölünür və bu yığın şiş adlanan kütlə yaradır. Xərçəng hüceyrələri normal hüceyrələrin çoxundan daha tez-tez bölündüyü üçün kimyaterapiyanın onları öldürmə ehtimalı daha yüksəkdir.
Bəzi dərmanlar hüceyrənin bölünməsini təmin edən nəzarət mərkəzinin bir hissəsini zədələyərək bölünən hüceyrələri öldürür.
Bölünən hüceyrələrə təsir
Hər canlı hüceyrənin mərkəzində nüvə adlanan tünd ləkə var. Nüvə hüceyrənin nəzarət mərkəzidir və genlərdən ibarət xromosomları ehtiva edir. Yeni hüceyrələr yaranması üçün hər hüceyrə ikiyə bölünəndə bu genlər də tam köçürülməlidir. Kimyaterapiya məhz hüceyrə nüvəsindəki bu genləri zədələyir.

Bəzi dərmanlar bölünmə anında, digərləri isə bölünmədən əvvəl bütün genlər köçürülərkən hüceyrələri zədələyir. Kimyaterapiyanın sağlam hüceyrələrin çoxu kimi sakit vəziyyətdə olan hüceyrələri zədələmə ehtimalı çox aşağıdır.
Kombinə kimyaterapiyaların iş mexanizmi də hüceyrə bölünməsinin fərqli mərhələlərini zədələməyi əhatə edir. Bu, daha çox hüceyrənin öldürülməsi deməkdir. Kimyaterapiyanın hüceyrələrə birbaşa öldürücü təsiri xərçəng elmində sitotoksiklik və hüceyrəöldürücü təsirli dərmanlar sitotoksik dərmanlar adlanır.
Əlavə olaraq kimyaterapiya belə də təsir edir;
- Şişlərin öz qan damarlarını yaratmasına mane olaraq (antiangiogenez),
- Xərçəng hüceyrələrində mutasiya yaradaraq (mutagen təsir) (Ağır zədə alan hüceyrələr ya ölür, ya da qardaş xərçəng hüceyrəsi yaratmaq qabiliyyətini itirir).
Kimyaterapiya hansı hallarda tətbiq edilir?
Bəzən kimyaterapiya xərçəngin müalicəsi üçün təkbaşına istifadə edilə bilər. Lakin çox vaxt kombinə (başqa müalicələrlə birlikdə) müalicələrdə yer alır. Birlikdə tətbiq edilən müalicələr bunlar ola bilər;
- Radioterapiya
- Cərrahiyyə
- Hormon müalicəsi
- Hədəfə yönəlmiş xərçəng dərmanları
- İmmunoterapiya
- Bu müalicələrdən hər hansının kombinasiyası
Əlavə olaraq kimyaterapiya bu məqsədlərlə də istifadə edilir;
- Şiş əməliyyatla tam çıxarılsa belə, orqanizminizdə xərçəng hüceyrələri qala bilər. Bunlar yeni şişlər yarada və ya xərçəngi bədənin başqa hissələrinə yaya bilər. Kimyaterapiya dərmanları bu hüceyrələrin yox edilməsinə, kiçilməsinə və ya nəzarətdə saxlanmasına kömək edir. Əməliyyatdan sonra belə qoruyucu kimyaterapiya tətbiqinə adyuvant müalicə deyirik.
- Bəzən şiş diaqnoz zamanı əməliyyatla çıxarıla bilməyəcək ölçüdə və ya yayılmış olur. Belə xərçəngləri yerli irəliləmiş mərhələ adlandırırıq. Bu xərçənglərdə şişi kiçildib əməliyyatı asanlaşdırmaq və uzunmüddətli təkrarlanma riskini minimuma endirmək üçün verilən kiçildici kimyaterapiyaya neoadyuvant müalicə deyirik.
- 4-cü mərhələ, təkrarlanan (residiv) və ya bədənin digər yerlərinə yayılan (metastatik) xərçənglərdə şişləri kiçildərək şikayətləri aradan qaldırmaq (məsələn, sümük metastazına bağlı ağrı), ömrü uzatmaq və həyat keyfiyyətini artırmaq üçün dəstək məqsədli palliativ kimyaterapiya tətbiq edilir.
Həkimim hansı kimyaterapiyadan istifadə ediləcəyinə necə qərar verir?
Kimyaterapiya seçimi;
- Xərçənginizin növünə (bəzi kimyaterapiya dərmanları çoxsaylı xərçənglərdə istifadə olunur),
- Əvvəllər kimyaterapiya alıb-almamağınıza,
- Diabet, ürək və ya böyrək çatışmazlığı kimi əlavə xəstəliklərin olub-olmamasına görə dəyişir.
Kimyaterapiya necə tətbiq edilir?
Kimyaterapiya bir çox yolla tətbiq edilə bilər. Ən geniş yayılmış yollar:
- İntravenoz (IV): Kimyaterapiyanın klassik tətbiq yoludur. Dərman birbaşa venaya verilir. Bunun üçün adətən said və ya əlin üstündəki venalar, yaxud venoz port (iri venalara yerləşdirilən plastik boru şəkilli kateter və dərialtı rezervuar) seçilir.
- İntraarterial (IA): İntraarterial kimyaterapiya şişi qidalandıran arteriyalar vasitəsilə dərmanın birbaşa şişə verilməsidir. Adi kimyaterapiyada dərman kanyula və ya port vasitəsilə qol venasından verildiyi üçün əvvəl ağciyərə və ürəyə gedir, sonra konsentrasiyası getdikcə azalaraq bütün bədənə bərabər yayılır. Çoxsaylı orqanlara yayılmış irəliləmiş xərçənglərdə bu növ kimyaterapiya (intravenoz) seçilir. Lakin bəzən şiş yalnız bir nahiyə və ya orqanda ola bilər. Belə xəstələrdə şişi qidalandıran damarlardan intraarterial kimyaterapiya tətbiq edilərsə, bütün dərman birbaşa şişin içinə verilə bilər. Beləliklə, həm şişə daha yüksək konsentrasiyada kimyaterapiya verilir, həm də dərman bədənə daha az yayıldığından sistemli yan təsirlər azalır.
- İntraperitoneal (IP): Qarındaxili orqanlar əlcək kimi periton adlanan qişa ilə örtülüdür. Qişanın biri qarındaxili orqanları əhatə edən, digəri qarının ön səthini örtən iki təbəqəsi və bu iki qişa arasında periton boşluğu var. Xüsusilə bəzi xərçənglər (yumurtalıq xərçəngi kimi) bu qişa üzərində yayılmağa meyllidir. Buna görə periton qişaları arasına kimyaterapiya dərmanlarının verilməsi üsulu hazırlanmışdır.
- Oral (ağızdan) həb şəklində: Bu növ kimyaterapiya dərmanları həb, kapsul və ya maye şəklində olur. Yeni nəsil hədəfə yönəlmiş ağıllı dərmanların çoxu bu yolla ağızdan qəbul edilir.
Kimyaterapiya dərmanlarının növləri varmı?
Xərçəng müalicəsində istifadə etdiyimiz onlarla kimyaterapiya dərmanı var. Hər dərman qrupu xərçəng hüceyrələrinə fərqli təsir edir.
- Bəzi dərmanlar xərçəng hüceyrələrinin DNA-sını zədələyərək çoxalmalarına mane olur. Bunlara alkilləşdirici agent deyilir və ən qədim kimyaterapiya növüdür. Leykoz, limfoma, multipl mieloma və sarkoma ilə yanaşı süd vəzi, ağciyər, yumurtalıq və xaya xərçəngi kimi müxtəlif xərçənglərin müalicəsində geniş istifadə edilir. Siklofosfamid, melfalan və temozolomid alkilləşdirici agent nümunələridir. Bu dərmanların aşağı da olsa ikincili xərçəng yaratma riski var; riski azaltmaq üçün mümkün ən aşağı effektiv dozada verilə bilər. Karboplatin, sisplatin və ya oksaliplatin kimi platin qrupu alkilləşdirici agentlərin ikincili xərçəng yaratma riski daha aşağıdır.
- Bəzi kimyaterapiya dərmanları isə hüceyrələrin normal metabolizminə müdaxilə edərək böyüməni dayandırır. Bu dərmanlara antimetabolit deyilir. Süd vəzi, yumurtalıq, bağırsaq xərçəngi, leykoz və digər xərçəngləri müalicə etmək üçün onları tez-tez təkbaşına və ya digər kimyaterapiya dərmanları ilə kombinə istifadə edirik. Bunlara 5-fluorourasil (5-FU), 6-merkaptopurin, sitarabin, gemsitabin və metotreksat daxildir.
- Antrasiklin qrupu kimyaterapiya dərmanları xərçəng hüceyrələrindəki, DNA-nın köçürülməsini təmin edən fermentlərin işinə mane olaraq təsir edir. Bir çox xərçəng növündə istifadə olunur. Ən tanınanları adriamisin və epirubisindir.
- Mitotik inhibitorlar adlanan dərmanlar mitozu əngəlləyərək xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Bu dərmanlara mikrotubul inhibitorları da deyilir. Qrupun ən tanınanları taksanlardır. Paklitaksel və dosetaksel kimi antimitotik dərmanlar hüceyrə skeletini təşkil edən mikrotubulların fəaliyyətini əngəlləyir və elastikliyini pozur.
- Topoizomeraza inhibitorları kimi tanınan digər kimyaterapiya növü xərçəng hüceyrələrinin bölünməsinə və böyüməsinə kömək edən fermentlərə hücum edir. Etoposid, irinotekan və topotekan bu qrupa nümunədir.
- Steroidlər, orqanizmin öz hormonları kimi davranan dərmanlardır. Bir çox xərçəngin müalicəsində faydalıdır və kimyaterapiyadan sonra ürəkbulanma və qusma yaşamağımıza kömək edə bilərlər. Həmçinin bəzi dərmanlara allergik reaksiyaların qarşısını ala bilərlər. Təyin etdiyimiz steroidlərdən bəziləri prednizon, metilprednizolon və deksametazondur (kordexa).
Xərçəng müalicəsində istifadə edilən başqa dərmanlar varmı?
Kimyaterapiya tez-tez tətbiq edilən xərçəng müalicəsidir. Bu gün hədəfə yönəlmiş ağıllı dərmanlar, hormon müalicəsi (məsələn, süd vəzi və prostat xərçəngində) və immunoterapiya da istifadə edilir. Kimyaterapiyadan fərqli olaraq bu dərmanlar xərçəng hüceyrələrinə hücum edib sağlam hüceyrələrə zərər verməməyi daha yaxşı bacarır. Beləliklə, yan təsirlər də yüngül ola bilər. Bu dərmanlar təkbaşına və ya kimyaterapiya ilə kombinə istifadə edilə bilər.
Kimyaterapiya nə qədər sürür?
Ümumiyyətlə kimyaterapiya 3 – 6 ay sürür. Bu müddət kimyaterapiyanın növündən və xəstənin vəziyyətindən asılı olaraq qısala və ya uzana bilər. Həmçinin 2 – 6 həftəlik dövrlərə bölünə bilər. Orqanizmin müalicə zamanı dincəlməsi üçün bu dövrlər “müalicə-istirahət-müalicə” şəklində təkrarlanır. Hər dövr bir neçə seansdan ibarət ola bilər və seanslar kimyaterapiyanın növündən asılı olaraq bir neçə dəqiqədən bir neçə saata qədər çəkə bilər.
Müalicənin işə yaradığını necə anlayırıq?
Müalicə zamanı və sonra bədəninizin cavabına baxılır. Müəyyən aralıqlarla onkologiyada istifadə edilən radioloji görüntüləmə aparılaraq şişinizin kiçildiyi və ya böyüməyə davam etdiyi müəyyən edilir. Həmçinin ümumi vəziyyətiniz, yan təsirlər və müalicəyə dözüb-dözmədiyiniz izlənir. Müalicə işə yaramır kimi görünürsə, fərqli doza və ya digər müalicələr təklif olunur.
- Əlaqəli mövzu: Ümidverici hekayələr
Kimyaterapiyadan sonra nə olur? Yan təsirləri hansılardır?
Xərçəng müalicəsindən sonra xəstələr həm rahatlıq, həm də narahatlıq hiss edirlər. Xərçəngin təkrarlanmasından və hər hansı erkən əlaməti hiss etməməkdən narahat olurlar. Bu normaldır. Öhdəsindən gəlməyin ilk addımı insanın narahatlıq və qorxularını tanımasıdır. Sonra bunları aradan qaldırmaq üçün yaxınlarından, sevdiklərindən, dəstək qruplarından və ya mütəxəssislərdən yardım ala bilərlər.
Həmçinin müalicədən sonra uzunmüddətli yan təsirlər yaşaya bilərlər. Yuxu çətinliyi, yorğunluq, yaddaş problemləri, neyropatiyaya bağlı davamlı ağrı və ya iynələnmə, emosional sıxıntı buna nümunədir. Xüsusilə xərçəngin təkrarlanması ehtimalına qarşı bu uzunmüddətli yan təsirlərdən xəbərdar olmaq vacibdir.
- Əlaqəli mövzu: Kimyaterapiyanın 11 uzunmüddətli yan təsiri
*
Qeyd: Yazımızın şəkli Kimyaterapiya və İncəsənət Mərkəzimizə aiddir. Xərçəng zamanı incəsənət fəaliyyətləri, həm müalicə dövrünün, həm də sonrakı dövrün daha müsbət keçməsinə töhfə verir, həyatlara rəng qatır.
Mənbələr
2. How chemotherapy Works? Cancer Research UK: https://www.cancerresearchuk.org/about-cancer/cancer-in-general/treatment/chemotherapy/how-chemotherapy-works
3. Soliman M. and Nunez K. (13.04.2021). How Long Does Chemotherapy Take. Healthline: https://www.healthline.com/health/cancer/how-long-is-chemotherapy#takeaway
4. What Comes After Finishing Treatment: An Expert Q&A. (2020) Caner.net: https://www.cancer.net/survivorship/life-after-cancer/what-comes-after-finishing-treatment-expert-qa
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.