Koronavirus (COVID-19) Epidemiyasında SƏHİYYƏ İŞÇİLƏRİ Niyə və Necə Dəstəklənməlidir?

Bu məqalədə
Ağır kəskin respirator sindrom koronavirus 2 (virusun adı SARS CoV-2; xəstəliyin adı COVID-19), qlobal şəkildə yayılmağa davam edir. Dünyada 200 mindən çox COVID-19 xəstəliyi halı və təxminən 9 min ölüm bildirilib. Geniş dəyişkənlik göstərsə də, COVID-19 xəstəliyinin mövsümi influenzadan (qripdən) daha yüksək ölüm sürətinə malik və daha yoluxucu olduğu görünür. Ümumdünya Səhiyyə Təşkilatı (DSÖ) qlobal ölüm nisbətini % 3.4 təxmin edərkən Cənubi Koreya ölüm nisbətinin təxminən % 0.6 olduğunu bildirib. COVID-19 üçün peyvənd hazırlanması və tibbi müalicə araşdırmaları davam edir, lakin bu proses aylar çəkəcək. Bu müddətdə qlobal səhiyyə xidmətlərində çalışanların üzərində təzyiq artmağa davam edir. COVID-19 Pandemiyasında səhiyyə işçilərinə təzyiq 2 şəkildə yaranır: Birincisi səhiyyə sisteminin tutumunu zorlayan ağır xəstəlik yükü və ikincisi, infeksiya riski də daxil olmaqla səhiyyə işçilərinə mənfi təsirlərdir. Çində təxminən 3000 səhiyyə işçisi bu xəstəliyə yoluxdu və ən azı 22 nəfər həyatını itirdi. İtaliyada 17 mart etibarilə 2629 səhiyyə işçisi COVID-19 xəstəliyinə yoluxdu və bu, ümumi halların % 8.3-nü təşkil edir (Çindəki faizdən iki dəfədən çox). İtaliyanın şimalındakı Bergamoda (Lombardiya bölgəsi) təxminən 600 ailə həkimindən 118-i (% 20) yoluxub. Səhiyyə işçilərinin ailə üzvlərinə bu xəstəliyin yoluxması halları geniş bildirilir. Yoluxmanın daha çox şikayətləri olan şəxslər vasitəsilə baş verdiyi məlumdur. Lakin heç bir şikayəti olmadan xəstəliyi bir neçə ailə üzvünə ötürən şəxslərin olduğu da hesabatlarda yer alır. Bu hesabatlar çarpaz infeksiyanın qarşısını almağın zəruriliyini vurğulayır. Yoluxduruculuq və ölümlə bağlı sübutlar klinikalardakı hazırlığın, fəal idarəetmənin və qorunmanın əhəmiyyətini göstərir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) tövsiyə etdiyi təlimatlara əməl olunması təhlükəsizliyi artırır. SARS-CoV-2 damcı və təmas yolu ilə yayılır. Əsasən hava ilə daşınan virus deyil. Buna görə rutin damcı baryeri tədbirlərinin, ətraf mühit gigiyenasının və ümumi infeksiya profilaktikası təcrübəsinin təmin edilməsi bildirilib. COVID-19 xəstələrini müalicə edərkən minimum infeksiya riskini təmin etmək üçün CDC xalat, əlcək və N95 respiratoru ilə üz sipəri / eynək və ya elektrikli hava təmizləyən respirator (PAPR) daxil olmaqla fərdi qoruyucu vasitələrin istifadəsini tövsiyə edir. Lakin ümumi tənəffüs xəstəliyi olan xəstələrin gündəlik rutin qulluğunda hava mənşəli yoluxma tədbirləri istifadə olunmur.
Yeni Koronavirus Epidemiyasında Səhiyyə İşçiləri üçün Prioritet Tədbirlər

Səhiyyə işçiləri tipik şikayəti olmayan və ya çox yüngül şikayətləri olan xəstələrlə qarşılaşırlar. Təcili yardım şöbələrində, poliklinikalarda, evlərdə və digər mühitlərdə rast gəlinən bu xəstələr arasında diaqnozu qoyulmamış, lakin yoluxmuş xəstələr də olacaq. Tənəffüs şikayətləri olan bütün xəstələrə qulluq edən səhiyyə işçilərinə tövsiyə olunan baryer tədbirlərinin (maska, əlcək, xalat və eynək kimi) geniş istifadəsi ən yüksək prioritet olmalıdır. Xüsusilə ambulator müalicə mərkəzlərində N95 maskaları, tənəffüs izolyasiya otaqları və hava təmizləyən aspirator (PAPR) tənəffüs xəstəliyi olan hər xəstənin uyğun qiymətləndirilməsi üçün yetərli deyil.
N95 Maskaları və ya PAPR Olmadan da Xəstəlikdən Qorunmaq Mümkündür
Səhiyyə heyətinin müxtəlif ambulator müalicə təcrübələri üzrə aparılan tədqiqatda həm xəstəyə, həm də qulluğu üzərinə götürən əməkdaşa verilən tibbi maskaların rutin olaraq tənəffüs yollarına təsir edən viruslu xəstələrə baxan səhiyyə işçilərinin istifadə etdiyi N95 maskaları ilə oxşar qoruma verdiyi müşahidə edilib. Maskalar, əl gigiyenası və ətraf mühit gigiyenası üçün CDC-nin təqdim etdiyi sübut əsaslı təlimatlara əməl olunması səhiyyə işçilərinin təhlükəsizliyini artırır. Xüsusilə yüksək riskli bölgələrdə və klinik mühitlərdə çoxlu əlavə sual və narahatlıq hələ də qalır Bu suallardan biri izdihamın böyük narahatlıq kimi müəyyən edildiyi təcili yardım şöbəsində yer alır. Tənəffüs xəstəliyi olan bütün xəstələr üçün tövsiyə olunan tədbirlərin tətbiqində diqqət xüsusilə vacibdir.
Tənəffüs Əlamətləri Olan Xəstəyə Yanaşma
- Xəstə qarşılandıqda ona üz maskası taxılması, salfet/dəsmal verilməsi, öskürək qaydalarının təşviqi, əl gigiyenası və səth təmizliyinin təmin olunması mühüm addımlardır.
- COVID-19 şübhəsi olan xəstələr sürətlə triaj edilməli (uyğun bölməyə yönəldilməli) və izolyasiya otağına yerləşdirilənədək digərlərindən ən azı 6 metr uzaqda, yaxşı havalandırılan sahədə və mümkünsə ümumi kütlədən ayrı saxlanmalıdır.
- Tənəffüs xəstəliyi olan istənilən xəstəyə qulluq edən səhiyyə işçiləri tövsiyə edildiyi kimi eynəkli maska və əlcək taxmalıdır.
- COVID-19 şübhəsi olmadıqda belə bu tədbirlərin rutin istifadəsi ilə ətraf mühit (səth təmizliyi) və şəxsi gigiyenanın artırılması tövsiyə olunur.
- Səhiyyə işçilərinə iş təhlükəsizliklərini necə təmin edəcəkləri barədə xüsusi təlimlərin verilməsi və onların ruhlandırılması işlərinə diqqəti artıra bilər.
Təlimatlara ciddi əməl etmək səhiyyə işçilərinin qorunması üçün çox vacibdir. Təkmilləşdirilmiş əl gigiyenası və səth dekontaminasiyası (mikroblardan təmizlənməsi) təhlükəsizliyin açarıdır. Koronavirus səthlərdə saatlarla və ya günlərlə canlı qala bilir (aerozolda 3 saata, kartonda 24 saata, plastik-poladda isə 2-3 günə qədər). Lakin dezinfeksiyaedicilərin uyğun istifadəsi ilə öldürülür. Çirkli səthlərlə qarşılaşıb əllərini yumayan heç bir səhiyyə işçisini maskalar, eynəklər, əlcəklər və digər baryer tədbirləri qoruya bilməz. Səhiyyə heyəti virus olan iş sahələrindən qaçaraq diqqətli əl gigiyenasına yönəlməlidir
- Klinika heyəti iş sahələrini, stetoskopları, mobil telefonları, klaviaturaları, stasionar telefonları, ad nişanlarını və digər əşyaları xəstəxananın təmin etdiyi dezinfeksiyaedicilər və ya spirt əsaslı dezinfeksiyaedicilərlə
- təmizləməlidir.
- Təmizlik xidməti işçilərinin elektrik açarları, piştaxtalar, stul qoltuqları, eskalator məhəccərləri, lift düymələri, qapı tutacaqları və dəstəklər kimi çox toxunulan səthləri daha tez-tez təmizləməsi məntiqlidir.
- Fəal dekontaminasiya texniki məsələdən əlavə gərgin və narahat əməkdaşlara, xəstələrə və ziyarətçilərə də təhlükəsiz olduqlarını hiss etdirir.
COVID-19 Xəstəsinin Diaqnozunda Gecikmənin Nəticələri Çox Böyükdür

COVID-19 halına məruzqalma üçün təmas izləməsi artıq rutin tövsiyə edilmir, buna görə səhiyyə işçiləri özlərini yüksək məruzqalma riski altında qiymətləndirməlidir. Səhiyyə işçiləri yoluxucu simptomlar (əlamətlər) göstərərkən özlərini izləməli, xəstəlik əlamətlərini bildirməli və xəstəyə qulluq etməməlidirlər. COVID-19 simptomlarının yüngül ola biləcəyini qəbul edərək tənəffüs xəstəliyi olan səhiyyə işçiləri üçün praqmatik siyasətlərin hazırlanması düşünülməlidir. Səhiyyə işçiləri tənəffüs simptomları göstərdikdə birbaşa xəstəyə baxmamalıdır. Test, peyvənd və müalicələr istifadəyə veriləndə səhiyyə işçiləri qiymətləndirmə və müalicə üçün prioritet sayılmalıdır. Əməkdaşların təhlükəsizliyi yüksək prioritet olduğundan baryer tədbirləri və gigiyena qaydalarının düzgün istifadəsinə dair fəal təlim vacibdir. Bir çox səhiyyə işçisində COVID-19 ilə yoluxduqda ağır infeksiya və ya ölüm riskini artıran vəziyyətlər var; buna görə qurumlar həkimlər də daxil olmaqla belə əməkdaşların ən yüksək riskli sahələrdən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağına qərar verməli olacaq Riski tam aradan qaldırmaq mümkün deyil, lakin ehtiyatlı tənzimləmələr tələb oluna bilər. Yeni sahələr teletibb xidmətləri, xəstə məsləhət xətləri və artırılmış telefon triaj sistemləri daxil olmaqla həkim və tibb bacısı mütəxəssisliyinə ehtiyac duya bilər. - Əlaqəli mövzu: Koronavirus xəstəliyi Covid-19 və məsafədən səhiyyə Teletibb – Demək olar qüsursuz Səhiyyə işçisi çatışmazlığı riskini qəbul edən qurumlar əməkdaşlarının tibbi toplantılara səfərini qadağan edir, konfransları ləğv edir, lazımsız səfərləri məhdudlaşdırır və mümkünsə şəxsi səfərlərdən çəkinməyi tövsiyə edir. Səyahət və izdihamdan qaçmaq da infeksiya riskini azalda bilər. Səhiyyə işçiləri artan infeksiya riskini peşələrinin bir hissəsi kimi qəbul etsələr də, adətən yaxınlarının sağlamlığı üçün narahat olurlar. Xüsusilə uşaqları, yaşlıları, immuniteti zəifləmiş və ya xroniki tibbi vəziyyətləri olan ailə üzvlərini əhatə edən ailədaxili yoluxmadan narahatdırlar. Mövcud mühitdə təhlükəsizliyi ən ideal səviyyəyə artırmaq üçün daha çoxunun lazım olduğu aydındır. Səhiyyə işçiləri test əlçatan olduqda ailə üzvlərinin test, peyvənd və müalicədə prioritet ala bilib-bilməyəcəyini düşünə bilərlər. Səhiyyə işçilərinin ailə üzvlərinə qulluq və onların təhlükəsizliyinin təmin edilməsi əməkdaşın peşəsinə diqqətini asanlaşdıraraq daha səmərəli işləməsini təmin edəcək. Lakin ön cəbhədə işləyən həkimlərin ailə üzvlərinə virus yoluxdurma narahatlığı da ayrıca nəzərdən keçirilməlidir. Epidemiyada fəal (ön cəbhədə) çalışan səhiyyə işçiləri ilə söhbətlər narahatlıqlarını azaltmağa kömək edə bilər. Bu söhbətlərdə evdə yaşayış sahələri və hamamların ayrılması, habelə bu ayrılmanın nə vaxt tətbiq olunması kimi ev üçün qoruyucu planlardan bəhs edilə bilər. Növbədən sonra evə qayıtdıqda planlaşdırılan protokollar arasında ayaqqabıları çıxarmağın, paltarları çıxarıb yumağın, evə daxil olduqdan dərhal sonra duş almağın faydaları da daxil olmaqla çoxlu mövzu müzakirə edilə bilər. Bu protokollar məntiqli görünsə də, könüllüdür və mütləq zəruri deyil. Çünki bu barədə sübutlar qeyri-müəyyəndir. Səhiyyə işçilərinin işə çatdıqda şəxsi geyimlərini çıxarıb xəstəxananın təmin etdiyi geyimlərdən istifadə etməsi və işdən evə qayıdarkən eyni qaydada yenidən geyinməsi barədə danışmaq olar. Müəssisədəki mütəxəssislər ev səthlərinin təmizlənməsi barədə təsirli məhsullar və üsullar daxil olmaqla rəhbərlik edə bilər. Uzun iş saatları əlavə ev hazırlıqlarını və əlavə ev təmizliyini mühüm çətinliyə çevirir. Digər tərəfdən proses yaxşı idarə edildikdə məntiqli və güvənverici ola bilər. Dəstəkləyici söhbətlərdə və rəhbərlikdə tövsiyələr aydın olmalı, əməkdaşların narahatlığının azaldılmasına yönəlməlidir. Baxıcılar, dəstək heyəti, idarəetmə və hazırlıq qrupları daxil olmaqla bütün xəstəxana heyətinə COVID-19 xəstəliyinə qarşı uzunmüddətli mübarizənin çətinlikləri aydın izah edilməlidir. Rəhbərlər bu mübarizənin mərkəzində özünə qulluğun əhəmiyyətini vurğulamalıdır. Şəffaf və düşünülmüş ünsiyyət mübarizənin gücünü artıra bilər. Əməkdaşların yetərincə dincəldiyini hiss etməsi və mühüm şəxsi ehtiyaclarının (yaşlı ailə üzvünə qulluq kimi) ödənildiyinə əmin olması uzunmüddətli fərdi və komanda fəaliyyətinin qorunmasına kömək edəcək. Mübarizə uzandıqca, həftələr ayları izlədikcə qida təminatı, istirahət fasilələri və rahatlama vaxtlarının yetərli olması müzakirə edilən protokollar və verilən qoruyucu materiallar qədər əhəmiyyətli olacaq. Yerli rəhbərlərlə əks-əlaqə görüşləri vasitəsilə tez-tez məlumatlandırma, qısa, aydın və ölçülü ünsiyyətlə prosesin idarəsi bütün səhiyyə komandasının qulluğa yönəlməsinə və rollarını qorumasına kömək edəcək.
Mənbələr
Supporting the Health Care Workforce During the COVID-19 Global Epidemic.
JAMA, 12 March 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.