Plasebo peyvənd nədir? Covid-19 klinik tədqiqatlarında niyə istifadə edilir?

Bu məqalədə
Bir il ərzində bütün dünyanı təsiri altına alan yeni tip koronavirusa (SARS-CoV-2) bağlı Covid-19 pandemiyası üçün peyvənd tədqiqatları erkən dövrdə başlamışdı. Artıq faza-III klinik tədqiqat nəticələri açıqlanmağa başlayan peyvənd namizədləri, insan üzərində sınaqlarında plasebo peyvəndlərlə müqayisədə yoxlanılır.
Plasebo nədir?
Lüğət tərifinə görə plasebo, hər hansı fizioloji təsirdən çox psixoloji fayda vermək məqsədilə tətbiq edilən prosedur və ya dərmandır. Müalicəvi dəyəri olmayacaq şəkildə hazırlanmış inert (təsirsiz) inyeksiyalar, həblər və ya hər hansı saxta müalicə növünü ehtiva edən maddə və ya müalicədir.
Plasebo peyvənd nədir?
Plasebo peyvənd tərkibində aktiv və ya təsiredici maddə olmayan inyeksiyalardır. Başqa sözlə, plasebo peyvənd peyvənd görünüşü verilmiş neytral maddədir.
İkiqat kor peyvənd tədqiqatı nədir?
İkiqat kor tədqiqat nə iştirakçıların, nə də tədqiqatçıların şəxsə həqiqi peyvənd, yoxsa plasebo tətbiq olunduğunu bilməməsi deməkdir.
Hansı sırada gələn könüllünün təsiredici maddəni alacağı əvvəlcədən randomizasiya/təsadüfilik cədvəlləri ilə müəyyən edilir. Həm peyvənd, həm də plasebo eyni şəkildə qablaşdırılır və hər qablaşdırmanın üzərində kod olur. Səhiyyə işçiləri verdikləri maddənin üzərindəki kodu qeydə alırlar. Bu kodun təsiredici maddəni, yoxsa plasebonu ehtiva etdiyini yalnız tədqiqatı planlaşdıran və məlumat bazasını idarə edən bir neçə şəxs bilir. Həm könüllülər, həm də onlara bunları tətbiq edib izləyən səhiyyə işçiləri peyvənddən, yoxsa peyvənd təqlidindən istifadə edildiyini bilmirlər. Hər iki tərəf bu həqiqətə kordur, buna görə ikiqat kor deyilir.
Fövqəladə vəziyyətdə, məsələn, könüllülərdən birində ciddi yan təsir, ölüm və s. baş verərsə, könüllünün təsiredici maddəni, yoxsa plasebonu aldığını anlamaq üçün tədqiqat mərkəzində bu kod açılır. Yəni həmin könüllünün aldığı maddənin mahiyyəti açıqlanır. Bundan başqa, tədqiqat yekunlaşıb analiz başlayana qədər “korluq” davam edir.
Pandemiya şəraitində nəticələrə mümkün qədər tez çatmaq vacib olduğundan Covid-19 peyvənd tədqiqatlarında kodların tədqiqat bitmədən açılması üçün aralıq hədəf qoyuldu. Bu hədəf bütün tədqiqat qrupunda görüləcək Covid-19 hallarının sayıdır. Bu say da peyvənd və plasebo qolları arasında statistik baxımdan əhəmiyyətli fərqi müəyyən edə biləcək şəkildə hesablandı.
Peyvənd sınaqlarında niyə plasebo istifadə olunur?
Plasebo peyvənd əldə edəcəyiniz nəticələrin təsadüfi deyil, həqiqətə uyğun olmasının ən mühüm təminatıdır.
Tədqiqatçılar plasebodan əldə etdikləri nəticələri həqiqi peyvənd nəticələri ilə müqayisə edirlər və beləcə hazırlanmış peyvəndin xəstəlikdən qorunmada nə qədər təsirli olduğu ortaya çıxır. Plasebo-nəzarətli sınaqlar geniş şəkildə yeni müalicələrin effektivliyini yoxlamaq üçün istifadə olunan standart üsul hesab edilir. Könüllülərə plasebo tətbiqinin məqsədi hər qrupdakı şəxslərin nə qədərinin təbii yolla virusa yoluxduğunu və xəstələndiyini müşahidə etməkdir.
ABŞ-da Covid-19-a yoluxan və həqiqi peyvəndlə peyvəndlənmiş könüllülərin sayı plasebo qrupundakıların sayından %50 az olarsa, FDA (ABŞ Qida və Dərman İdarəsi) təcili istifadə icazəsi verə bilər. Dərman tənzimləyicisinin namizəd peyvəndlərə daimi təsdiq verməsi üçün daha uzun tədqiqat müddəti tələb olunur.
Klinik tədqiqat tamamlandıqdan sonra sınaq peyvəndi təsirli tapılarsa və istifadə icazəsi alarsa, prioritetlə peyvəndlənəcək şəxslər arasında plasebo peyvənd vurulanlar da yer alır.
ƏLAQƏLİ MÖVZULAR
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.