Sürpriz nəticə: idman-məşq şişi kiçildə bilər

Bu məqalədə
1 fevral 2022 tarixində dərc edilmiş diqqətçəkici tədqiqatda neoadyuvant (əməliyyatdan əvvəl kiçildici) kimyaterapiya alarkən strukturlaşdırılmış "prehabilitasiya" məşq proqramı tətbiq edən qida borusu xərçəngi olan xəstələrdə şişin kiçildiyi bildirildi. İdman etməyən xəstələrdən ibarət nəzarət qrupu ilə müqayisədə bu xəstələrdə əhəmiyyətli şiş reqressiyası (kiçilmə) və şiş mərhələlərində azalma oldu.
British Journal of Sports Medicine adlı jurnalda dərc edilmiş tədqiqatın baş müəllifi, Guy’s və St. Thomas Xəstəxanalarından Andrew Davies “Nəticələrin gücü bizim üçün sürpriz oldu” deyir və əlavə edir:
“Heyvan modellərində məşqin kimyaterapiyanın faydasını artırmasını dəstəkləyən bəzi sübutlardan xəbərdar idik, lakin bu, tədqiqatın ilk maraqlı nəticəsi deyildi. Ancaq kimyaterapiyaya cavab nəticələri gəlməyə başlayanda qruplar arasındakı fərqləri görməmək mümkün olmadı."
Komanda tədqiqatda bunları söyləyir: “Şiş mərhələsinin azalması və kimyaterapiyaya cavab qida borusu xərçəngində xəstəlik gedişatını proqnozlaşdıran ən mühüm amillərdir. Bu strukturlaşdırılmış məşq proqramları, yəqin ki, yaxşılaşmış immunoloji və / və ya iltihabi tənzimləmə ilə irəliləmiş mərhələ xərçənglər üçün faydalı ola bilər.”
Xərçəng dərmanı kimi məşq
Tədqiqatda 40 qida borusu xərçəngi xəstəsi vardı: onların 21-i strukturlaşdırılmış prehabilitasiya məşq proqramına, 19 xəstə isə standart müalicəyə davam etdi. Əsas xüsusiyyətlər iki qrup arasında müqayisə edilə bilirdi. Bütün xəstələr epirubisin, sisplatin və 5 fluorouracil (ECF) ilə dörd kurs neoadyuvant kimyaterapiyanı tamamladılar və sonra əməliyyat olundular.
Həmçinin hamısına aşağı qida borusu və ya qastroezofageal birləşmədə əməliyyat edilə bilən adenokarsinoma diaqnozu qoyulmuşdu və hamısına mütəxəssis tibb bacıları, dietoloqlar və fizioterapevtlər qidalanma, fiziki fəaliyyət və siqareti tərgitmə məsləhəti verdilər. Prehabilitasiyanı qəbul edənlər əlavə olaraq idman zalında həftədə 5-6 dəfə aerob və qüvvəartırıcı məşqlər etdilər. Bu, əməliyyatdan əvvəlki son günədək həftədə cəmi 150 dəqiqəyə uyğun gəlirdi.
Komanda bütün klinik məlumatları analiz etdi və şişlərdə kiçilmə tapdı. Bu kiçilmə nəzarət qrupundakı xəstələrlə (19 xəstənin 7-si, %36,8) müqayisədə məşq qrupunun daha çox xəstəsində (20 xəstənin 15-i, %75) müşahidə edildi.
Bu nəticələr qida borusu xərçəngində klinik sınaqda məşqin şiş kiçilməsinə əhəmiyyətli töhfə verdiyini göstərən ilk nəticələrdir.
Lakin tədqiqatın məhdudiyyəti nəticələrin kiçik xəstə qrupundan əldə edilməsi və xəstə seçiminin randomizə (təsadüfi) olmamasıdır.
Şişin kiçilməsində məşqin rolu nədir?
Davies xəstələrdə məşqlə şiş nəzarətini yaxşılaşdıra bilən mexanizmlərin yaranmasının, yəqin ki, çoxsaylı amilləri əhatə etdiyini və bir qədər mürəkkəb olduğunu söyləyir.
“Ən sadə ifadə ilə, məşq edən xəstələrin periferik (uc) toxumalara daha çox qan və oksigen çatdıra bilməsi və bunun da hədəf şişə kimyaterapiya dərmanının çatmasını artırması məntiqli görünən nəzəriyyə yaradır.”
Həmçinin Davies tədqiqatın “bədən quruluşunda, immunitet və iltihab markerlərində bəzi mühüm fərqləri” üzə çıxardığını və bunların hamısının “fundamental elm səviyyəsində kimyaterapiyaya cavab göstəriciləri ilə əlaqəli olduğunu” bildirdi. Yəni məşq immun sistemini şişə qarşı müsbət tənzimləyə bilər.
Məşq qrupundakı xəstələr nəzarətlə müqayisədə neoadyuvant kimyaterapiyadan sonra daha yüksək orta T limfosit sayına malik idi və qruplar arasında interleykin-6, interferon qamma və şiş nekrozu faktoru alfa da daxil immunitet və iltihab markerlərində fərqlər vardı.
Bundan əlavə, məşq qrupundakı xəstələr Yağsız Bədən Kütlə İndeksində mühüm yaxşılaşma göstərdilər. Lakin Davies fərqlərin “çox maraqlı” olduğunu və “hipotez yaratmağa imkan verdiyini” söyləsə də, “bu əlaqələri şişirtmək istəmədiklərini” vurğulayır.
Mənbələr
2. Surprise Finding: Prehabilitation Exercise Shrinks Tumor - Medscape - Feb 02, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.