Ümumdünya Səhiyyə Təşkilatı remdesivirin COVID-19 ölümlərini azaltmadığını bildirdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı böyük klinik tədqiqat ABŞ-nin Gilead şirkətinin hazırladığı remdesivirin xəstəxanada yatan COVID-19 xəstələrinin sağ qalmasına kömək etmədiyini və hətta sağ qalanların sağalma müddətini qısaltmadığını müəyyən etdi.
Bu nəticələr virus əleyhinə dərman olan remdesivirin xəstəxanada yatan koronavirus xəstələrinin plasebo qəbul edən xəstələrdən daha sürətli sağalmasına kömək etdiyini müəyyən edən daha kiçik tədqiqatlarla ziddiyyət təşkil edir. Əvvəlki tədqiqatlar ABŞ Qida və Dərman İdarəsinin (FDA) ABŞ prezidenti Donald Trump da daxil olmaqla minlərlə COVID-19 xəstəsi üçün remdesivirə “təcili istifadə icazəsi” verməsinə səbəb oldu (təsdiq deyil).
ÜST-nin sponsorluq etdiyi tədqiqat 22 mart-4 oktyabr tarixləri arasında aparıldı və 30 ölkənin 405 xəstəxanasından 11.330 xəstəni əhatə etdi. Xəstələrə remdesivir və digər 3 dərman (hidroksixloroxin, lopinavir və interferon) tək və ya kombinasiyada verildi.
Tədqiqata görə bu dərmanların COVID-19-la əlaqəli ümumi ölüm göstəricisinə, intubasiya edilməyə və xəstəxanada qalma müddətinə təsiri çox azdır və ya heç yoxdur.
Məlumatlar medRxiv-də ilkin çap olaraq internetdə dərc edilmişdir və elmi rəyçilər tərəfindən nəzərdən keçirilməyib.
Bununla belə, COVID-19 müalicəsində remdesivirin macərası bitməmiş ola bilər
Remdesivirin istehsalçısı ABŞ dərman şirkəti Gilead Sciences elmi rəyli jurnallarda dərc olunan nəzarətli tədqiqatların faydaları təsdiqlədiyini bildirərək dərmanı müdafiə edən bəyanat yaydı.
Gilead həmçinin tədqiqatın necə aparıldığını sual altına aldı və sınağın qəbulunda, tətbiqində, nəzarətlərində və xəstə qruplarında fərqlər olduğunu, nəticədə tədqiqatın nəticələrindən hər hansı qəti qənaət çıxarmağın mümkün olub-olmadığının qeyri-müəyyən olduğunu bildirdi.
Remdesivir əvvəlcə Ebolanın müalicəsi üçün hazırlanmış virus əleyhinə dərmandır və koronavirusun müalicəsi üçün yenidən uyğunlaşdırılmışdır. COVID-19-a qarşı qlobal mübarizədə ümidverici azsaylı irəliləyişlərdən biri olmuşdur.
Georgetown Universitetinin Mikrobiologiya və İmmunologiya Bölməsindən professor Julie Fischer tədqiqat haqqında “Bu, əlbəttə, məyusedicidir. Hamımızın görmək istədiyi, tez-tez “sehrli çubuq” adlandırılan şeydir: artıq mövcud olan, təhlükəsiz və xəstələrdə effektiv işləyən dərman. Təəssüf ki, bu halda ən azı bu tədqiqat remdesivirin faydası olmadığını göstərir.” dedi.
FDA aprel ayında remdesivirə təcili istifadə icazəsi verdi və “Xəstəxanada yatan COVID-19 xəstələrinin müalicəsi üçün remdesivirdən istifadənin təhlükəsizliyi və effektivliyi haqqında məhdud məlumat olsa da, tədqiqat mərhələsindəki dərmanın bəzi xəstələrdə sağalma müddətini qısaltdığı klinik tədqiqatda göstərildi.” dedi.
ABŞ Milli Səhiyyə İnstitutlarının (NIH) apardığı və nəticələri 8 oktyabrda NEJM-də dərc olunan, təxminən 1000 xəstəni əhatə edən klinik tədqiqat remdesivirin xəstələrin təxminən %31-ində sağalma müddətini qısaltdığını bildirdi. NIH həmçinin tədqiqatda remdesivir qəbul edən qrupda %8, plasebo qrupunda isə %11.6 ölüm göstəricisi olmaqla sağqalma uğurunun müşahidə edildiyini bildirdi (lakin bu fərq statistik baxımdan əhəmiyyətli deyildi).
Lakin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sponsorluq etdiyi tədqiqat remdesivirin və digər dərmanların işə yaramadığını bildirdi.
Nəticə olaraq bu tədqiqatda sınaqdan keçirilən dərmanlardan əldə edilən nəticələr həmin dərmanlardan hər hansı birinin xəstəxanada yatan xəstələrdə ölüm göstəricisini, intubasiyanı və ya xəstəxanada qalma müddətini əhəmiyyətli dərəcədə azaldacağına dair yaranan ilkin ümidləri təkzib etmək üçün kifayət kimi görünür.
COVID-19-un mənfi təsirlərini azaltmaq üçün effektiv koronavirus peyvəndi tapılana qədər bu 4 prinsipə ciddi əməl etməyə davam etməliyik:
- Maska taxmaq,
- Sosial məsafəni qorumaq,
- Mümkün qədər çox test aparmaq və
- Xəstələri tez bir zamanda təcrid etmək.
- Marağınızı çəkə bilər: Koronavirus haqqında son xəbərlər və elmi irəliləyişlər
Mənbələr
Repurposed antiviral drugs for COVID-19; interim WHO SOLIDARITY trial results.
medRxiv 15 Oct 2020.
2. John H. Beigel, M.D., Kay M. Tomashek, M.D., M.P.H., Lori E. Dodd et al.
Remdesivir for the Treatment of Covid-19 — Final Report.
NEJM 8 Oct 2020.
2. Gilead. "GILEAD SCIENCES STATEMENT ON THE SOLIDARITY TRIAL"
3. Remdesivir Does Not Reduce COVID-19 Mortality, Study Says - Medscape - Oct 16, 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.