Ümumdünya Səhiyyə Təşkilatı – Tək Doza HPV Peyvəndi Oyunun Qaydalarını Dəyişə Bilər

Bu məqalədə
HPV adlı virus və alt növləri, insanlarda sadə ziyillərdən uşaqlıq boynu və baş-boyun xərçənglərinə qədər çoxsaylı xəstəliklərə səbəb olur. Bütün xərçənglərin 5-6%-sının, serviks (uşaqlıq boynu) xərçənglərinin isə təxminən 99%-nun HPV ilə əlaqəli olduğunu bilirik. Bununla yanaşı HPV infeksiyalarının ciddi nəticələrinin bazarda mövcud peyvəndlərlə böyük ölçüdə qarşısı alına bilər, lakin bir çox ölkənin vətəndaşları peyvəndə çıxışda çətinlik çəkirlər və mövzu ilə bağlı məlumatlılıq kifayət qədər deyil.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı İmmunlaşdırma üzrə Ekspertlərin Strateji Məsləhət Qrupu (Strategic Advisory Group of Experts on Immunization= SAGE), insan papilloma virusu (HPV) peyvəndləri üçün əvvəllər verdiyi tövsiyələri dəyişdi.
Mövcud sübutlara əsasən SAGE, iki dozalı peyvənd proqramından əldə edilən nəticələrlə oxşar dərəcədə, tək dozalı peyvənd proqramının HPV-yə qarşı güclü qoruma təmin etdiyi qənaətinə gəldi.
Mətbuat açıqlamasında ÜST, “həyat qurtaran peyvəndin daha çox qadına çatmasına imkan verəcəyinə görə bu yeni strategiya xəstəliyin qarşısının alınması üçün oyunun qaydalarını dəyişə bilər” dedi.
SAGE, HPV doza proqramlarının aşağıdakı kimi yenilənməsini tövsiyə edir;
- Əsas hədəf qrupu olan 9-14 yaşlı qızlar üçün bir və ya iki dozalı proqram
- 15-20 yaşlı gənc qadınlar üçün bir və ya iki dozalı proqram
- 21 yaşdan böyük qadınlar üçün 6 ay fasilə ilə iki doza
HPV-nin 16 və 18 serotipləri serviks xərçəngi hallarının 70%-nə səbəb olur. SAGE sədri Alejandro Cravioto açıqlamasında HPV peyvəndinin 16 və 18 serotipləri ilə əlaqəli serviks xərçənglərinin qarşısının alınmasında olduqca effektiv olduğunu söylədi.
“SAGE bütün ölkələri HPV peyvəndlərini tətbiq etməyə və bir çox yaş qrupundakı qadınlara peyvəndin vurulmasına üstünlük verməyə çağırır. Bu tövsiyələr daha çox qızın və qadının peyvənd olunmasını təmin edəcək və beləliklə, həyatları boyunca serviks xərçəngindən və onun bütün nəticələrindən qorunmalarına imkan verəcək.”
Bununla yanaşı HPV yalnız serviks xərçənginə səbəb olmur. Baş-boyun, anal, vagina-vulva və penis xərçənglərində də HPV-nin rolu olduqca böyükdür. Buna görə bir çox Qərb ölkəsinin sağlamlıq təlimatlarında oğlan uşaqlarının və gənc yetkin kişilərin də HPV-yə qarşı peyvənd olunması tövsiyə edilir.

HIV-lə yaşayanlar da daxil olmaqla immun sistemi zəifləmiş insanlar mümkündürsə üç doza, mümkün deyilsə ən azı iki doza peyvənd almalıdırlar. SAGE bu qruplarda tək dozanın effektivliyinə dair sübutların məhdud olduğunu bildirir.
Siyasətçilər də Dəyişiklik Etməlidir
Ekspertlər son dövrlərdə The Lancet Oncology jurnalında dərc olunan redaksiya məqaləsində bildirirlər ki, ÜST bir doza HPV peyvəndinin kifayət etdiyi qənaətinə gəldiyinə görə siyasətçilər də dəyişiklik etməlidirlər.
Kanadadakı Institute for Better Health-dən Jeff D’Souza və Keniyadakı Egerton Universitetindən David Nderitu belə yazdılar: "Siyasətçilər 9-14 yaşlı qızlar üçün HPV peyvəndi proqramlarını iki dozalı rejimdən tək dozalı rejimə dəyişdirməyi düşünməlidirlər."
Redaktorlar həmçinin siyasətçilərin resursları serviks xərçənginin skrininqinə və müalicəsinə yenidən yönəltməli, dünyada bütün qızların effektiv HPV peyvəndi proqramına çıxışını təmin etməli olduqlarını əlavə edirlər. Onlar həmçinin radikal təklif irəli sürürlər.
Dünyada HPV peyvəndinin hazırkı təchizat məhdudiyyətlərinin qarşıdakı 3 il ərzində davam edəcəyi gözlənilir və yeni serviks xərçəngi hallarının, eləcə də bununla əlaqəli həyat itkilərinin böyük əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə baş verir. Bu problemləri aradan qaldırmaq üçün belə təklif edirlər: "Hazırda 9-14 yaşlı qızlara iki dozalı rejim təklif edən yüksək gəlirli ölkələr tək dozalı peyvənd təqvimi seçməyi düşünməli və artıq peyvəndləri onlara daha çox ehtiyacı olan ölkələrə verməlidirlər."
Yüksək Gəlirli Ölkələrdə İki Doza Peyvənd
Lakin yüksək gəlirli ölkələrin tək dozalı proqrama keçməyə hazır olub-olmadığı aydın deyil.
Amerika Xərçəng Müalicə Mərkəzlərində Tibb və Elm üzrə prezident Maurie Markman qəti şəkildə deməsə də, ABŞ-nin “standart müalicə” yanaşmasının bir hissəsi kimi tək doza HPV peyvəndinə dair bu tövsiyəni qəbul etməkdə daha yavaş olacağından şübhələnir.
Lakin “bir insan/valideyn yalnız bir doza peyvəndi qəbul edərsə (və ya tövsiyə olunan ikinci doza üçün qayıtmaqdan imtina edərsə), bunun həm həmin insan, həm də cəmiyyət üçün müsbət nəticə sayılacağını rəsmi şəkildə qəbul edə bilər.”
“ABŞ-dəki tənzimləyici qurumların ABŞ-dəki yanaşmanı olduqca kəskin şəkildə dəyişmək üçün tək dozalı peyvənd strategiyasını araşdıran mövcud tədqiqatları qəbul edib-etməyəcəyini bilmirəm. Məsələ budur ki, ABŞ-də tək dozanın klinik olaraq məqbul seçim olduğu bildirilsə, bu, sürətlə standart yanaşmaya çevriləcək və tənzimləyicilər bunun hazırda olduqca təhlükəsiz və effektiv xərçəng profilaktikası səyi sayılan fəaliyyətlərə mənfi təsir göstərməyəcəyinə mümkün qədər əmin olmaq istəyəcəklər.”
Mount Sinai Icahn Tibb Məktəbindən Ginekoloji Onkologiya professoru Stephanie V. Blank isə bunları söyləyir: “Daha çox resursu olan ölkələrdə bir dozadan daha effektiv olduğu üçün hələ də iki dozaya üstünlük verilir. SAGE tövsiyəsinin əsaslandığı modelləşdirmə aşağı gəlirli ölkələrdəki tədqiqatlardan və digər modelləşdirmə tədqiqatlarından götürülüb.”
Hazırda ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (US-CDC), ilk dozasını 15 yaşından əvvəl alanlar üçün iki dozalı HPV peyvəndi proqramını tövsiyə edir. İlk dozasını 15 yaşında və ya daha sonra alanlar, eləcə də müəyyən immuniteti zəiflədən vəziyyətləri olanlar üçün üç dozalı proqram tövsiyə edir.
Lakin iki dozalı proqramla belə ÜST peyvənd olunmanın yavaş getdiyini və göstəricinin 90% hədəfindən çox aşağı olduğunu bildirir. 2020-ci ildə iki dozalı peyvənd proqramı üzrə qlobal göstərici yalnız 13% idi.
HPV peyvəndi olunmanın yavaş getməsinə və aşağı göstəriciyə təsir edən amillər arasında təchizat çətinlikləri, proqramla bağlı çətinliklər və adətən uşaqlıq peyvəndi proqramlarına daxil olmayan daha böyük yaşlı qadınlara iki dozalı rejimin tətbiqi ilə əlaqəli xərclər var. HPV peyvəndlərinin nisbətən yüksək qiyməti də xüsusilə orta gəlirli ölkələr üçün problem olub.
Tək Dozalı Peyvənd Proqramı üzrə Tədqiqatlar
Tək dozalı peyvənd proqramı onun effektivliyini göstərən bir neçə tədqiqatla böyük maraq doğurub. Keniya mərkəzli KEN SHE tədqiqatı tək doza HPV peyvəndinin onkogen infeksiyanın qarşısının alınmasında olduqca effektiv olduğunu və çoxdozalı rejimlərin təmin etdiyi qoruma ilə rəqabət apardığını göstərib. Tədqiqatçılar həm bivalent, həm də monovalent peyvəndlər üçün HPV 16/18-ə qarşı peyvənd effektivliyinin 97,5% olduğunu və bunun “çoxdozalı peyvənd tədqiqatlarında görülənlə müqayisə oluna biləcəyini” bildirdilər.
Hindistanda aparılmış tədqiqat iştirakçılar arasında davamlı HPV 16 və 18 infeksiyasına qarşı son nöqtə üzrə qiymətləndirilə bilən effektivliyin tək doza üçün 95,4%, iki dozalı proqram üçün 93,1% və üç dozalı seriya üçün 93,3% olduğunu müəyyən etdi.
Parisdəki Pitié-Salpêtrière Xəstəxanasının Ginekologiya, Döş Cərrahiyyəsi və Onkologiya şöbəsindən Geoffroy Canlorbe Hindistanda aparılmış bu tədqiqat haqqında bunları söylədi: “Hindistandakı tədqiqatdan əldə olunan nəticələrin digər tədqiqatlarla təsdiqlənməsi lazımdır. Buna baxmayaraq nəticələr peyvəndə çıxışda çətinliklərin olduğu inkişaf etməkdə olan ölkələr üçün əla xəbərdir.”
Fransada HPV peyvəndi əhatəsi aşağıdır (göstəricinin 23,7% olduğu və bu göstəricinin ölkəni Avropadakı 31 ölkə arasında 28-ci yerə yerləşdirdiyi düşünülür) və Canlorbe hələlik iki və ya üç dozalı proqramın davam etdirilməsini tövsiyə edir.
"Bu yetərsiz əhatənin səhiyyədəki logistika və ya təşkilati problemlərlə heç bir əlaqəsi yoxdur; bu, insanların peyvənd olunmağa etimadsızlığı ilə bağlıdır. Burada ilk dozanı alanlar sonrakı dozaları onsuz da alırlar. İki-üç doza peyvənd olunmaq insanın orqanizmində anticisim istehsalının artmasına və peyvəndə daha uzunmüddətli cavab alınmasına imkan verir."
Peyvənd Etikası
D’Souza və Nderitu etika ilə bağlı bunları qeyd edirlər: “HPV peyvəndi ilə bağlı zərər verməmə, xeyirxahlıq, sağlamlıqda ədalət, idarəetmə və həmrəyliyi əhatə edən müzakirələrə istiqamət verməyə kömək edə biləcək etik məqamlar var.”
9-14 yaşlı qızlara iki dozalı rejim təklif etmək, eyni zamanda peyvəndə çıxışı olmayan qadınlar və ya çox yaşlı qruplar üçün çatışmayan peyvəndləri tamamlama kampaniyaları və ya proqramları başlatmamaq ədalətsiz və haqsız olardı.
“Effektiv HPV peyvəndi təqvimindən söhbət gedəndə heç bir qadın və ya qız uşağı geridə qalmamalıdır.”
“Serviks xərçəngini aradan qaldırmaq hədəfinə çatmaq üçün ölkələr qızların 90%-nın peyvənd olunmasını, qadınların 70%-nin skrininqdən keçməsini və xərçəngönü zədələnmələri olan qadınların 90%-nın müalicə və qayğı almasını təmin etməlidirlər. Xüsusilə aşağı-orta gəlirli ölkələrdəki resurs məhdudiyyətləri nəzərə alındıqda siyasətçilər resurslardan bütün insanların sağlamlıq hüququnu dəstəkləyən optimal şəkildə istifadə olunmasını təmin etməyə cavabdehdirlər."
Buna görə serviks xərçəngi barədə maarifləndirmə, skrininq və müalicədə çox geridə qalan ölkələr 9-14 yaşlı qızlar üçün tək dozalı rejim seçməklə yanaşı digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün əlavə resurslardan istifadə etməyi də düşünməlidirlər.
*
FDA (Amerika Qida və Dərman İdarəsi) HPV infeksiyalarının qarşısının alınması üçün 3 peyvəndi təsdiqləyib:
- Bivalent (ikili) peyvənd (Cervarix): Türkiyədə mövcuddur
- Kvadrivalent (dördlü) peyvənd (Gardasil): Türkiyədə mövcuddur
- 9-lu peyvənd (Gardasil 9): Türkiyədə mövcud deyil
Aşağıda bu peyvəndlərin hansı HPV növlərinə qarşı qoruma təmin etdiyi görünür:

Mənbələr
2. Single Dose of HPV Vaccine Is 'Game Changer,' Says WHO - Medscape - Jul 27, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.