Xərçəng riskini azaltdığı düşünülən 8 yanlış qidalanma tövsiyəsi və doğruları

Bu məqalədə
İnsanlar arasında xərçəngin qarşısını aldığı və ya müalicəsinə kömək etdiyi deyilən bir çox qida haqqında yanlış məlumatlar dolaşır. Çox insan xərçəng kimi xəstəliklərə yaxşı təsir edəcəyini düşünərək bu eşitdiklərinə inana bilir. Çəkiyə nəzarət və xərçəngdən qorunmada ən effektiv hesab olunan qidalanma forması haqqında yanlış məlumatlara və doğrularına birlikdə baxaq.
İddia 1: Meyvə və tərəvəz şirəsi detoksları çox faydalıdır
Həqiqət : Orqanizminiz sağlamlığınıza zərər verə biləcək toksinləri təbii şəkildə xaric edir. Yalnız meyvə-tərəvəz şirələri içmək baş ağrısı, enerjinin azalması və ürəkbulanmaya səbəb ola bilər. Çox uzun sürən detoks şirələri sağlamlıq üçün təhlükəli ola bilər. Digər tərəfdən lifi və şirəsi ayrılmış meyvə-tərəvəzin qida dəyəri azalır. Həmçinin lifli qidalanma müxtəlif xərçəng risklərini azaltmaqda vacibdir və meyvə-tərəvəzi bütöv yemək sağlam seçimdir.
İddia 2: “Super qidalar” yemək xərçəngin qarşısını alır
Həqiqət : Super qida hesab edilən müəyyən qidalara həddindən artıq üstünlük vermək xəstəlikdən qorunmada effektiv deyil, əksinə zərərli ola bilər. Fərqli qidaları sağlam və balanslı şəkildə pəhrizinizə əlavə etsəniz, xərçəng riskini azalda bilərsiniz. Sağlam və balanslı qidalanma nümunəsi olaraq pəhrizinizdə tərəvəz, meyvə, taxıl, qatıq-kefir, quru paxlalılar kimi bütün qida müxtəlifliyi olmalıdır.
İddia 3: Yumurta sağlam deyil
Həqiqət : Yumurta xolesterinlə zəngin olsa da, qidadakı xolesterin qandakı xolesterinə çox az təsir edir. Sağlamlıq problemi yaradan qandakı xolesterindir. Digər tərəfdən yumurta əslində sağlam qidadır. Yaddaş və beyin funksiyaları üçün yaxşı xolin mənbəyidir və xroniki iltihabın azalmasına kömək edə bilən omeqa-3 yağları ehtiva edir.
İddia 4: Axşam gec saatda yemək mütləq kökəldir
Həqiqət : Günün hansı saatında yeməyinizin çəkinizlə əlaqəsi azdır. Günortadan əvvəl və ya gec axşam yeməkdən asılı olmayaraq qəbul etdiyiniz kalori və aktivlik səviyyəniz yemək vaxtından daha vacibdir. Hərəkət etmirsinizsə, gecə yeməsəniz də kökələ bilərsiniz. Digər tərəfdən, müntəzəm idman edən və gün ərzində az kalori alan şəxsin axşam qəlyanaltıları onu kökəltmir. Yəni vacib olan ümumi qəbul edilən enerji/kalori miqdarıdır.
İddia 5: Yağlı qidaları pəhrizdən çıxarmalısınız
Həqiqət : Yağ karbohidrat və zülalın iki misli kaloriyə malik olsa da, uzun müddət tox qalmağa kömək edir və zərərli qəlyanaltı yemək istəyini azaldır. Həmçinin sağlam yağları ölçülü qəbul etmək yağda həll olan A, D, E və K vitaminlərinin sorulması üçün lazımdır. Avokado, zeytun yağı, fındıq yağı və qaz yağı kimi yağları pəhrizinizə əlavə edə bilərsiniz.
Karbohidrat, zülal və ya yağlardan alınan artıq kalorilər bədəndə yağ kimi yığılacağı üçün az miqdarda qəbul etmək və aktiv olmaq vacibdir.
Bu gün “sağlam yağları (məsələn, zeytun yağını) istədiyiniz qədər qəbul edə bilərsiniz, problem olmaz” kimi sözlər də eşidirik. Suyun belə artığının zərərli olduğunu demək olar ki, hamı bildiyi halda, sağlam kateqoriyasında olsa belə, yağı məhdudiyyətsiz istehlakın zərərlərini və kökəldəcəyini bir qədər biologiya bilən şəxs hesablaya bilər. Bu ölçüsüz ifadənin məqsədini anlamaqda həqiqətən çətinlik çəkirik.
İddia 6: Dondurulmuş qidalar sağlam deyil
Həqiqət : Dondurulmuş qidalar da sağlamdır, hətta bəzi dondurulmuş məhsullar təzə məhsullar qədər qidalı ola bilər. Məsələn, təzə tərəvəzin qidalılığı yığıldıqdan qısa müddət sonra azalmağa başlayır; dondurulmuş məhsullar isə ilin müəyyən vaxtlarında sağlamlıq üçün çox yaxşı seçimdir. Digər tərəfdən mövsümündə yemək də əlbəttə sağlamdır.
İddia 7: İdman etsəniz, istədiyiniz hər şeyi yeyə bilərsiniz
Həqiqət : İdman təkbaşına xərçəngin qarşısının alınmasında və ya çəkiyə nəzarətdə fayda verə bilməz. İdman qəbul edilən və yandırılan kalori arasında balans yaratmağa kömək edə bilər; buna görə balanslı qidalanmalısınız. Həm idman edib, həm sağlam qidalanaraq sağlam çəki itirə və beləliklə xərçəng riskini azalda bilərsiniz.
İddia 8: Şəkər/karbohidrat qəbul etməyin
Həqiqət : Sağlam qalmaq üçün bədəninizin enerji verən qidalara ehtiyacı var. Enerji verən qidalar arasında karbohidrat mənbələrini ağılla seçməlisiniz. Məsələn, karbohidrat ehtiyacınızı qəhvəyi düyü, yulaf, kəpəkli çörək, kartof, təzə qarğıdalı və yaşıl noxud kimi qidalardan alın. Ağ çörək və şirniyyat kimi rafinə karbohidratların qəbulunu məhdudlaşdırın. Karbohidratı yüksək qidaların boşqabınızın dörddə birindən çox olmaması tövsiyə edilir.
Bu qida həqiqətləri ilə yanaşı sağlam və balanslı pəhrizi öyrənmək faydalıdır. Xərçəng müalicəsi zamanı isə yeməməli olduğunuz qidalar barədə həkiminizlə məsləhətləşin.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.