2. Dünya müharibəsindən Nobelə: Dr. Harald Zur Hausen və HPV-nin uşaqlıq boynu xərçənginə səbəb olmasının kəşfi

Öncüllük etdiyi tədqiqatlarla bir xərçəng növünü — serviks (uşaqlıq boynu) xərçəngini — demək olar ki, tamamilə aradan qaldırmaq imkanını bizə təqdim edən Dr. Harald 1936-cı ildə dünyaya gəlmiş və uşaqlığını 2. Dünya müharibəsinin şiddətli keçdiyi yerlərdən biri olan Gelsenkirchendə yaşamışdır. Müharibə ailəsində itkilərə səbəb olmasa da, ibtidai təhsilini başa vurmasına mane olmuşdur. Buna baxmayaraq ruhdan düşməyən Dr. Harald 10 yaşında Gymnasiuma (Almaniyada yaxşı şagirdlərin getdiyi lisey) başlayır. İlk il ibtidai təhsilini tamamlaya bilmədiyi üçün çox çətinlik çəkir, sonrakı illərdə çox çalışaraq bu çatışmazlığı aradan qaldırır. Lisey təhsilini 1955-ci ildə ailəsinin köçdüyü Şimali Almaniyada uğurla başa vurur.
Uşaqlığından biologiyaya, heyvanlara və çiçəklərə marağı olduğu üçün həmişə alim olmaq istəyir. Lisey təhsilindən sonra biologiya ilə tibb arasında seçim etməli olan Dr. Harald tibbə üstünlük verir və Bonn Universitetində təhsilə başlayır. Bununla belə biologiyaya sevgisindən vaz keçməyərək ilk iki il çətinlik çəksə də, biologiya dərslərində də iştirak edir. Fakültənin ikinci ilində keçirilən imtahanda yaxşı nəticə qazanır. Bu imtahanın özünə inam gətirdiyini deyən Dr. Harald 1960-cı ildə məzun olur. Sonrakı iki ilini intern həkim kimi başa vuraraq ümumi praktika həkimi olur.
Sonra Düsseldorf Universitetində mikrobiologiya və immunologiya sahəsində işləməyə başlayır. Həmin dövrü "İlk vaxtlarda həyatımda birinci və yeganə dəfə akademik həyatı seçdiyimə görə şübhələrim yarandı və xəstəxanaya qayıtmağı düşündüm. Çox keçmədən eksperimental tədqiqatlar məni heyran etdi və düzgün qərar verdiyimi anladım" deyərək təsvir edir. Akademik həyatının ilk illərində bakteriya və virusların inkişafı, erkən diaqnostikası haqqında təlim almış, eyni zamanda virusların səbəb olduğu xromosom dəyişiklikləri üzərində işləməyə başlamışdır.
Düsseldorfda 3-cü ilini keçirərkən təhsilinin yetərsiz olduğunu düşünərək, xüsusilə Amerikada doktoranturadan sonrakı təhsil üçün fürsət axtarır. Bu dövrdə Filadelfiya Uşaq Xəstəxanasından təklif gəlir və 1965-ci ildə burada işləməyə başlayır. İşlədiyi laboratoriya həmin vaxt yeni kəşf edilmiş Epstein Barr Virusu (EBV) üzərində intensiv araşdırmalar aparır, diaqnostik testlər və onun epidemiologiyası üzərində çalışırdı. O tarixlərdə Burkitt limfoması olan xəstələrdə viral antigenlərə qarşı anticisim yarandığı göstərildikdən sonra özünü bu agentlə işləməyə borclu hiss edən Dr. Harald sürətlə inkişaf edən molekulyar-bioloji diaqnostika üsulları baxımından özünü yetərsiz hesab edir. Buna görə laboratoriya rəhbərindən adenovirus üzərində işləmək üçün icazə alır. Adenovirusla yoluxmuş insan hüceyrələrində xromosom dəyişikliklərini araşdırmağa başlayan Dr. Harald eyni zamanda antigen-müsbət Burkitt limfoması hüceyrələrində Ebstein Barr Virusunu elektron mikroskopunda göstərmişdir. Eyni illərdə EBV-nin B-limfositlərə ölümsüzləşdirici təsiri olduğu və infeksion mononukleoza səbəb olduğu ortaya qoyulmuşdur.
Şəkil 1. 1967-ci ildə iki texniki işçisi ilə Filadelfiya Uşaq Xəstəxanasının laboratoriyasında Harald zur Hausen.
1968-ci ildə Würzburg Universitetindən öz qrupunu yaradaraq işləmək təklifi alan Dr. Harald bu təklif əsasında ölkəsinə qayıdır və burada tamamilə EBV üzərində işləməyə qərar verir. Burada məqsədi Burkitt limfoması hüceyrələrinin hamısında EBV DNA-sını və təkrarlanan infeksiya ilə əlaqəsini göstərmək olmuşdur. Bu məqsədlə Dr. Werner Henle və Dr. George Klein ilə birlikdə Burkitt limfoması və nazofaringeal karsinoma biopsiya nümunələri ilə seroloji test nümunələrini toplayaraq araşdırmışdır. Bunun ardınca biopsiya nümunələrində EBV DNA-sı göstərildi; bu, eyni zamanda şişlərdə göstərilən ilk virus DNA-sı olmuşdur.
1972-ci ildə Dr. Harald Nürnberqdə yaradılmış Virusologiya İnstitutunun rəhbəri təyin edildi. Burada tədqiqatlarını uzun müddətdir viral agentlərin səbəbkar hesab edildiyi uşaqlıq boynu (serviks) xərçənginə yönəltdi. 1960-cı illərin sonuna doğru populyarlaşan bu mövzuda əsas şübhəli Herpes Simpleks tip 2 (HSV-2) hesab edilirdi. Bu mövzunu araşdırmağı dostu Dr. Heinrich Schulte-Holthausendən xahiş etdi. Əvvəlki illərdə EBV üzərində istifadə edilən eyni texnika ilə işləyən Dr. Heinrich təkrar cəhdlərə baxmayaraq əlaqə tapa bilmədi.
Dr. Harald əvvəlki illərdə aparılmış tədqiqatları nəzərdən keçirdi. Bu tədqiqatlarda genital ziyillərin yastı hüceyrəli karsinomalara çevrildiyi və genital ziyillərdə tipik papilloma virusu hissəciklərinin olduğu göstərilmişdi. Bu məlumatlardan çıxış edərək serviks xərçəngi ilə papillomavirusun əlaqəsi haqqında hipotez qurdu və araşdırmalarını davam etdirdi. Topladığı çoxsaylı biopsiya nümunəsində ayaqaltı ziyillərlə uyğunluq tapsa da, genital ziyil və serviks xərçəngi biopsiyalarında nəticə mənfi idi. Bunun üzərinə müxtəlif papilloma virusu növləri ola biləcəyi düşüncəsi ilə tədqiqatlarını davam etdirdi. Sonrakı illərdə Dr. Harald və Parisdə çalışan Dr. Orthun qrupu tərəfindən çoxlu papilloma virusu müəyyən edilmişdir (hazırda papilloma viruslarının 100-dən çox növü olduğu məlumdur və bunların təxminən 30-u insanlarda müxtəlif ziyillərə, daha azı isə müxtəlif xərçənglərə səbəb olur).
1977-ci ildə Freiburqda yaradılmış Virusologiya İnstitutunun rəhbəri təyin edilən Dr. Harald Nürnberqdəki həmkarları ilə birlikdə tədqiqatlarını burada davam etdirməyə başlamışdır. 1979-cu ildə həmkarları Dr. Gissmann və Dr. Ethel-Michele genital ziyildə insan papilloma virusu-6 (HPV-6) DNA-sını göstərməyə nail oldular. Sonrakı tədqiqatlarda HPV-11 laringeal papillomadan (səs teli düyünü) əldə edildi. HPV-11 əsasında aparılmış tədqiqatda 24 serviks xərçəngi biopsiyasından birində HPV-11 müsbət tapıldı.
1983-cü ildə isə HPV-16, bir il sonra isə HPV-18 mövcudluğu göstərildi. Bu iki virus göstərildikdən sonra serviks xərçəngi ilə əlaqələri araşdırılmağa başlandı və viral DNA şiş hüceyrələrinin DNA-sına inteqrasiya olunmuş vəziyyətdə tapıldı. Viral DNA-nın bir hissəsi görünməsə də, HPV-nin DNA-sına aid E6 və E7 genləri daim müşahidə edilir və onların zülal sintez etdiyi göstərilirdi.

Şəkil 2. Dr. Haralda Nobel mükafatı qazandıran kəşfinin xülasəsi: HPV infeksiyalarının bir hissəsinin (təxminən %0.8-inin) zamanla necə serviks xərçənginə çevrildiyinin izahı.
Dr. Harald Freiburqda işlədiyi dövrdə bəzi forbol efiri növlərinin gizli EBV DNA-larını stimullaşdırdığını kəşf etmişdir. Bundan başqa, Afrika yaşıl meymununun limfoblastlarından yeni limfotrop poliomavirus kəşf etmişdir. Eyni zamanda həmkarı Dr. Jörg Sclehofer ilə birlikdə HSV, polioma, papilloma, adeno və vaccinia viruslarının DNA nüsxələrinin istehsalını artırdığını göstərmişlər.
Dr. Harald insan papilloma viruslarının (HPV) serviks xərçənginə səbəb olması hipotezi, ardınca ən çox rast gəlinən iki papilloma virusu növünün təcridi və təsir mexanizminin anlaşılması sayəsində 2008 Nobel Tibb və ya Fiziologiya Mükafatı-nı almağa layiq görülmüşdür.
1983-cü ildə Almaniya Xərçəng Tədqiqat Mərkəzinə elmi məsləhətçi təyin edilmiş Dr. Harald mərkəzi yenidən təşkil etməklə yanaşı, viral onkogenlərin fəaliyyətinin qarşısını alan hüceyrədaxili və hüceyrəxarici nəzarət mexanizmləri üzərində işləməyə davam etdi. Burada 20 il işlədikdən sonra 2003-cü ildə təqaüdə çıxaraq özünün kirayələdiyi laboratoriyada tədqiqatlarını davam etdirir, həmçinin Beynəlxalq Xərçəng Jurnalının baş redaktoru vəzifəsini sürdürür.
Dr. Haraldın öncüllük etdiyi tədqiqatlar HPV növləri ilə yoluxmadan %90-dan çox qorunma təmin edən HPV vaksinlərinin hazırlanmasına imkan yaratdı. Qoruyucu HPV vaksini 2006-cı ildə FDA təsdiqi aldı və müntəzəm istifadəyə daxil olduğu ölkələrdə artıq uşaqlıq boynu xərçənginin rastgəlmə tezliyini əhəmiyyətli dərəcədə azaltdı; hətta məktəblərində HPV vaksinini pulsuz tətbiq edən ölkə Avstraliya uşaqlıq boynu xərçəngini ölkəsindən tamamilə silmək üzrədir.
Qeyd: Bütün xərçənglərin təxminən %5-inin HPV ilə əlaqəli olduğu düşünülür.

Mənbələr
nobelprize.org
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.