4-cü mərhələ urotelial (sidik kisəsi və sidik yolları) xərçəngləri üçün enfortumab vedotin-ejfv FDA təsdiqi aldı

Bu məqalədə
18 dekabr 2019-cu ildə ABŞ Qida və Dərman İdarəsi (FDA), yerli / regional irəliləmiş və ya metastatik urotelial, yəni sidik kisəsi və sidik yolları xərçəngləri üçün enfortumab vedotin-ejfv (Padcev) adlı dərmana sürətləndirilmiş təsdiq verdi. Urotelial xərçəng xəstələrində istifadəsi üçün əvvəllər anti-PD-1 və ya anti-PD-L1 sinfi immunoterapiya və neoadjuvant/adjuvant və ya metastatik şəraitdə platinli kimyaterapiya alınmış olmalıdır.
9 iyul 2021-ci ildə Astellas Padcev-in (enfortumab vedotin-ejfv) FDA tərəfindən adi qaydada təsdiqləndiyini və göstərişinin belə genişləndiyini elan edib: “Sisplatinli kimyaterapiyaya uyğun olmayan, əvvəllər bir və ya daha çox müalicə almış yerli irəliləmiş və ya metastatik urotelial xərçəngli yetkinlərin müalicəsində tək agent kimi”. FDA-nın sürətləndirilmiş təsdiqdən adi təsdiqə və etiket genişləndirilməsinə keçməsində faza-3 EV-301 tədqiqatının nəticələri təsirli olub.
Enfortumab vedotin-ejfv-nin təsir mexanizmi necədir?
Enfortumab vedotin-ejfv FDA təsdiqi almış ilk Nectin-4-hədəfli anticisim-dərman konjuqatıdır.

Enfortumab vedotin hüceyrə səthində olan və sidik kisəsi xərçəngi hüceyrələrində yüksək ifadə edilən Nectin-4 zülalına yönəlmiş öz sinfində ilk anticisim-dərman konjuqatıdır. Klinikaöncəsi məlumatlar xərçəngəleyhinə aktivliyin Nectin-4 ifadə edən hüceyrələrə bağlanma, ardından mikrotubulları, yəni hüceyrə skeletini pozan şişəleyhinə agentin hüceyrəyə daxil olub sərbəstləşməsi ilə yarandığını düşündürür. Nəticədə hüceyrənin çoxalması dayanır və apoptoz– proqramlaşdırılmış hüceyrə ölümü – tətiklənir; yuxarıdakı şəklə baxın. Enfortumab vedotin Seattle Genetics və Astellas əməkdaşlığı ilə 2007-dən bəri hazırlanan dərmandır.
EV-201 tədqiqatı
Dərmanın effektivliyi əvvəllər PD-1 və ya PD-L1 inhibitoru və platin əsaslı kimyaterapiya almış, yerli irəliləmiş və ya metastatik urotelial xərçəngli 125 xəstəni əhatə edən təkqollu çoxmərkəzli EV-201 klinik tədqiqatında araşdırılıb.
Xəstələr xəstəlik irəliləyənədək və ya qəbuledilməz toksiklik yarananadək 28 günlük dövrün 1-ci, 8-ci və 15-ci günlərində 1.25 mg / kg enfortumab vedotin-ejfv alıblar. Əsas effektivlik göstəriciləri obyektiv cavab faizi və cavab müddəti kimi təsdiqlənib.
- Obyektiv cavab faizi müvafiq olaraq % 12 tam və % 32 qismən cavabla % 44 olub.
- Təxmini median cavab müddəti 7.6 ay olub.
- Əvvəllər ən azı 2 müalicə xətti almış belə xəstələrin % 12-sinin müalicəyə tam cavab verməsi olduqca diqqətçəkən nəticədir.
Ən çox görülən (≥% 20) yan təsirlər, yorğunluq, periferik neyropatiya, iştahanın azalması, səpki, alopesiya (saç tökülməsi), ürəkbulanma, disgevziya (dad hissinin pozulması), ishal, göz quruluğu, qaşınma və dəri quruluğudur. Enfortumab vedotin-ejfv alanlarda əvvəlki diabetdən asılı olmayaraq nadir hallarda diabetik ketoasidoz və ölüm baş verib. Diabeti, hiperqlikemiyası olan və ya riskli xəstələrdə qan şəkəri yaxından izlənməlidir.
Enfortumab vedotin-ejfv-nin tövsiyə olunan dozası, xəstəlik irəliləyənədək və ya qəbuledilməz toksiklik yarananadək 28 günlük dövrün 1-ci, 8-ci və 15-ci günlərində 30 dəqiqə venadaxili infuziya ilə verilən 1.25 mg / kg-dır; maksimal doza 125 mg.
Əlaqəli mövzu: Sidik kisəsi xərçənginin müalicəsində diqqətçəkən nəticə – enfortumab vedotin və pembrolizumab
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.