4-cü mərhələ və ya təkrarlanmış over (yumurtalıq) xərçəngində ömrü uzadan müalicə Niraparib təsdiq aldı

Bu məqalədə
27 mart 2017-ci ildə FDA əvvəllər platin əsaslı kimyaterapiya ilə şişləri tam və ya qismən kiçilmiş (tam və ya qismən cavab), lakin sonradan xəstəliyi təkrarlanmış over (yumurtalıq), fallop borusu və ya birincili peritoneal xərçəngi olan yetkin xəstələrin saxlayıcı müalicəsində niraparibi (bazar adı Zejula®) təsdiqlədi.
Niraparib PARP yolunu bloklayaraq xərçəngli hüceyrələrin DNT-lərini bərpa etməsinə mane olur və bununla şişin böyüməsinin yavaşımasını və ya dayandırılmasını təmin edir
Niraparib zədələnmiş DNT-nin bərpasında rol oynayan ferment olan poli ADP-riboza polimeraza (PARP) inhibitorudur (yazının sonunda ətraflı təsir mexanizmini tapa bilərsiniz).
Niraparibin təhlükəsizliyi və effektivliyi əvvəllər ən azı iki dəfə platin əsaslı kimyaterapiya almış və son aldığı platin əsaslı kimyaterapiya müalicəsinə tam və ya qismən cavabı olan, residivləşmiş (təkrarlanmış) epidermal over, fallop borusu və ya birincili peritoneal xərçəngli 553 xəstənin daxil edildiyi klinik tədqiqat ilə qiymətləndirilmişdir. Tədqiqatda FDA tərəfindən təsdiqlənmiş test vasitəsilə xəstələrdə spesifik gen mutasiyası olan BRCA germinal mutasiyasının olub-olmaması yoxlanılmışdır. Germinal BRCA mutasiyası olan və olmayan xəstələrdə müalicədən sonra xərçəngin böyümədiyi müddət (proqressiyasız sağqalım) ölçülmüşdür. BRCA mutasiyalı xəstələrdə niraparib alan qrupda orta proqressiyasız sağqalım 21 ay, plasebo alan qrupda isə 5,5 ay olmuşdur. Germinal BRCA mutasiyası olmayan xəstələrdə niraparib alan qrupda orta proqressiyasız sağqalım 9,3 ay, plasebo (aktiv maddələr ehtiva etməyən müalicə) alan qrupda isə 3,9 olmuşdur. Yəni Niraparib həm BRCA mutasiyası olan, həm də olmayan xəstələrdə ömür müddətini əhəmiyyətli dərəcədə uzatmışdır. Bununla yanaşı, BRCA mutasiyası olanlarda faydası daha aydındır.
Niraparibin əlavə təsirləri qırmızı qan hüceyrələrinin aşağı səviyyəsi (anemiya), trombosit hüceyrələrinin (trombositopeniya) və ağ qan hüceyrələrinin aşağı səviyyəsi (neytropeniya və ya leykopeniya), ürəkdöyünmə, ürəkbulanma, qəbizlik , qusma, qarın ağrısı / köp, ağız yaraları (mukozit), ishal, həzmsizlik (dispepsiya), ağız quruluğu, halsızlıq , iştahanın azalması, sidik yolu infeksiyası, qaraciyər problemləri (AST / ALT yüksəlməsi), əzələ ağrısı (mialgiya), bel ağrısı, oynaq ağrısı (artralgiya), baş ağrısı, başgicəllənmə, qeyri-adi dad hissi, yuxusuzluq, təşviş, soyuqdəyməyə bənzər simptomlar (nazofaringit), təngnəfəslik, öskürək, səpgi və yüksək təzyiqdir (hipertenziya).

Xərçəngli hüceyrələr normal hüceyrələrə nisbətən daha çox və sürətlə bölündüyü üçün daha çox DNT zədəsi, yəni mutasiya yaranır. DNT-də zədə yarandıqda müxtəlif hüceyrədaxili mexanizmlər işə düşərək ya zədə bərpa olunur, ya da zədə bərpa edilə bilməyəcək səviyyədədirsə, hüceyrə apoptoza uğrayır. Həm PARP, həm də BRCA DNT bərpasında rol oynayır. Over xərçəngində PARP inhibitoru olan niraparib istifadə edildikdə xərçəngli hüceyrə DNT-sini bərpa etmək qabiliyyətini qismən itirir. Bu hüceyrələrdə eyni zamanda BRCA mutasiyası da varsa, xərçəngli hüceyrələrin DNT-lərini bərpa etmək və ölümsüz qalmaq qabiliyyətləri daha da azalır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.