Aqressiv beyin şişi GBM üçün yeni genetik dərman hədəfləri kəşf edildi

Sürətlə böyüdüyü və standart müalicələrə baxmayaraq demək olar həmişə təkrarladığı üçün “aqressiv” sayılan beyin şişi glioblastoma (GBM) üçün indiyədək genetik hədəflərə yönəlmiş təsirli müalicələr və ya immunoterapiyalar təsdiqlənməyib; lakin nəticələri yeni dərc edilən tədqiqatda GBM ilə əlaqəli 200-dən çox gen müəyyən edildi və bəzilərinin yeni dərmanlar üçün hədəf ola biləcəyi vurğulandı.
Wellcome Sanger İnstitutu və Addenbrooke Xəstəxanasının tədqiqatçıları yaxşı tanınan xərçəng geni olan EGFRnin mutasiyasının glioblastomanı necə başlatdığını göstərmək üçün yeni siçan modeli hazırladılar və GBM ilə əlaqəli 200-dən çox genlə işlədilər. Bunlar arasında şiş böyüməsi üçün EGFR-yə kömək edən genlər müəyyən edildi.
- Əlaqəli mövzu: Genetik dəyişikliklər və xərçəng! Xərçəngin genetik olması nə deməkdir?
30 iyul 2020-də Genome Biology adlı jurnalda dərc edilən nəticələr xərçəng tədqiqatçılarına bu çətin beyin şişinin müalicəsi üçün yeni müalicə qapıları açır.
Glioblastomalı xəstələr üçün yeni hədəfli müalicələr və immunoterapiyalar hazırlanır, lakin indiyədək təsdiq almış ağıllı dərman və ya immunoterapiya olmayıb. Həmçinin glioblastomaların səbəb və yaranma mexanizmləri aydın bilinmir.
Bu yeni tədqiqatda yaxşı tanınan xərçəng geni EGFR-nin (epidermal böyümə faktoru reseptoru) siçanda təkbaşına beyin şişinin böyüməsini başlada bildiyi və insan glioblastomalarını yüksək dərəcədə təmsil edən şişlərlə nəticələndiyi göstərildi. Həmçinin müalicə üçün hədəflənmə baxımından potensial olaraq daha çox araşdırılmalı yeni genlər müəyyən edildi.
Xərçəngi istiqamətləndirməkdə EGFR-yə kömək edən genləri müəyyənləşdirmək üçün komanda PiggyBac transpozon üsulunu istifadə etdi — mutasiyaları göstərmək üçün genomun müxtəlif hissələrinə DNA-nın kiçik hissəsinin daxil edilməsi. Bu, beyin şişinin böyüməsini istiqamətləndirmək üçün EGFR ilə işləyən şiş basdırıcı genlərdə 200-dən çox bilinən və yeni mutasiyanı üzə çıxardı. Onların çoxu yeni dərman hədəfləri təqdim edir.
Komanda nəticələri glioblastomalı xəstələrin genom ardıcıllıqları ilə müqayisə edib insanlarda və siçanlarda olan çoxsaylı genetik mutasiyalar kəşf etdi. İndiyədək bildiyimiz insan genom məlumatları glioblastomada olan çoxlu mutasiyanı ehtiva edir, hansılarının xərçəngi istiqamətləndirdiyi isə aydın bilinmir.
Bu yeni siçan modeli ilə komanda gələcək yeni dərmanların hazırlanması üçün hansı mutasiyalara yönəlmək lazım olduğu barədə fikir verir.
Nəticə olaraq, xərçəngin davamını öz üzərinə götürə bilən çoxsaylı başqa genetik tətikləyicilər olduğundan glioblastoma şişləri müəyyən molekulları hədəfləyən müalicələrə yüksək davamlı ola bilər. Buna görə GBM xəstələri üçün təcili yeni hədəfli müalicələr lazımdır. Belə tədqiqatlar GBM-nin genetik əsaslarına işıq salır və arzulanan hədəfli müalicələrin yolunu açır.
Mənbələr
PiggyBac mutagenesis and exome sequencing identify genetic driver landscapes and potential therapeutic targets of EGFR-mutant gliomas.
Genome Biology, 30 July 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.