Aspirin – süd vəzi xərçəngindən sonra dost, yoxsa düşmən?

Bu məqalədə
Bəzi tədqiqatlar aspirin işlədən qadınların süd vəzi xərçəngi riskinin aşağı ola biləcəyini göstərir. Bəs süd vəzi xərçənginə görə müalicə almış şəxslərin aspirin işlətməsi sağlamlıqlarına necə təsir edir?
Aspirin nədir?
Aspirin bir çox insanın dərman dolabında saxladığı qeyri-steroid (steroid olmayan) iltihabəleyhinə dərmandır (NSAID). Kimyaçı Dr. Felix Hoffmann 10 avqust 1897 tarixində salisil turşusunu sirkə turşusu ilə sintez edərək saf asetilsalisil turşusu istehsal etməyə nail olub. Söyüd ağacının qabığından alınan asetilsalisil turşusu, kommersiya adı ilə aspirin, praktik faydaları və nisbətən az riskli yan təsirləri ilə hər evin əvəzolunmaz dərmanı olub. Aspirin tez-tez hərarətsalıcı, ağrıkəsici və iltihabazaldıcı təsirləri üçün işlədilir. Həmçinin qan durulducu təsiri ilə ritm pozğunluğu, ürək çatışmazlığı, diabet və damar tıxanmalarında uzunmüddətli aşağı doza aspirin bunlarla əlaqəli ürək-damar xəstəliklərinin yaranmasını önləyir və ya təsirini azaldır. Aspirin siklooksigenaza (COX) adlı fermentləri basdıraraq təsir edir. COX1 fermentləri qanın laxtalanmasında iştirak edən tromboksan A2 sintezində; COX2 fermentləri hərarət, ağrı və iltihabın hiss olunmasında iştirak edən prostaqlandinlərin sintezində işləyir. Beləliklə aspirin COX1 fermentlərini basdıraraq qanı duruldur; COX2 fermentlərini basdıraraq ağrı, hərarət və iltihabın hiss olunmasını əngəlləyir. Yəni aspirin ağrı və hərarətin səbəbini müalicə etmir, yalnız hiss edilməsini azaldır. Əsas səbəb mütləq tapılıb müalicə edilməlidir.
Tədqiqatın təfərrüatları
Aspirinlə bağlı yaxın keçmişdə aparılan bəzi tədqiqatlar, aspirin istifadəsinin süd vəzi xərçəngi riskini yüzdə 20 qədər azalda biləcəyini də bildirib. Lakin North Carolina Universitetinin (UNC) yeni tədqiqatları süd vəzi xərçəngindən sonra aspirinin xəstəlik nəticələrinə necə təsir edəcəyinin çox aydın olmadığını bildirir. UNC tədqiqatçıları, Cancer jurnalındakı məqalələrində «aspirin istifadəsi ilə bağlı süd vəzi xərçəngindən sonrakı gediş və ölüm göstəricisinə dair əsas bioloji mexanizmlərin və epidemioloji tapıntıların məhdud və qeyri-ardıcıl olduğunu» bildirirlər. Aspirin süd vəzi xərçəngindən sonra bəzi insanların sağlamlığını qorumağa kömək edə bilərkən digərlərində müsbət təsir göstərməyib. Bəs aspirin kimlərə və necə fayda verir? UNC komandası tədqiqatında bunu araşdırdı. Epigenetik dəyişikliklər (DNA ilə qarşılıqlı təsir) əsas rol oynaya bilər Son tədqiqatlar, "Xroniki iltihab, süd vəzi xərçəngi daxil bir çox xərçəngin yaranmasında əsas iştirakçıdır, aspirin iltihabəleyhinə xüsusiyyəti ilə süd vəzi xərçəngi riskini azalda bilər.'' nəticəsinə gəlib. Lakin bu tədqiqatda təsiri daha aydın araşdırmaq üçün insan DNA-sına yaxından baxmaq məqsəd qoyuldu. Alimlər diaqnozdan əvvəl aspirin istifadəsinin süd vəzi xərçəngi mexanizmləri ilə bağlı 13 gendə DNA metilləşməsi (epigenetik dəyişikliklər) ilə qarşılıqlı təsir edib-etməyəcəyini və xərçəng müalicəsinin nəticəsinə təsirini araşdırdılar. DNA metilləşməsi DNA molekullarının xarici amillərə bağlı kimyəvi reaksiyalarla açılıb-bağlandığı prosesdir. Bu hadisə, geni dəyişdirmir, lakin gen aktivliyini dəyişdirə bilər və potensial olaraq xərçəng daxil müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.
- Əlaqəli mövzu: Genlər üçün də təhsil şərtdir! Xərçəngdə epigenetik müalicələr Tədqiqatda diqqət yönəldilən 13 gen bunlar idi: APC, BRCA1, CDH1, CYCLIND2, DAPK1, ESR1, GSTP1, HIN, CDKN2A, PR, RAR beta, RASSF1A və TWIST1. Tədqiqat süd vəzi xərçəngi olan 1.266 qadının məlumatlarının təhlili ilə əldə edildi. Tədqiqatçılar diaqnozdan 6 həftəyə qədər əvvəl həftədə ən azı bir dəfə aspirin alan və BRCA1 genində metilləşmə tapılan qadınlarda – bu gen mutasiyası süd vəzi xərçəngini tətikləyə bilər – müalicədən sonra bütün səbəblərdən ölüm riskində %67 artım tapdılar. Əksinə, diaqnozdan əvvəl aspirin işlədən və BRCA1 və PR genlərində metilləşmə aşkar edilməyən qadınlarda xərçəngdən ölüm göstəricisi % 22-40 azaldı.
Nəticə
Mövcud tədqiqatlar dərman istifadəsinin epigenetik mexanizmlər vasitəsilə gen aktivliyinə təsir etdiyini bildirir. Yəni aspirin istifadəsi müxtəlif epigenetik dəyişiklikləri tətikləyir və bunlar şəxsdən şəxsə fərqlənir. Buna görə süd vəzi xərçəngi riski yüksək qadınların öz dərman rejimlərindən kənar aspirin qəbuluna başlaması və ya artıq başlamışlarsa dayandırması tövsiyə edilmir. Bundan başqa süd vəzi xərçəngindən sonra aspirinin xəstəliyin nəticələrinə necə təsir edəcəyi çox aydın deyil və qəti tövsiyə verilə bilməz. İrəliləyən gen təhlilləri və daha geniş əhali tədqiqatları xəritələnmələri və gen qarşılıqlı təsirlərini daha dərindən anlamağa kömək edəcək. *
Xərçəngdə geniş rastlanan epigenetik mexanizmlər «DNA metilləşmələri» və «histon modifikasiyalarıdır»
Epigenetik mexanizmlər gen quruluşunu dəyişdirmir, lakin genin aktiv olub-olmayacağını müəyyən edir
1. DNA metilləşməsi: DNA-ya metil adlı kimyəvi qruplar əlavə olunur. Metil qrupu əlavə edilən gen nahiyəsi qeyri-aktiv qalır və gen funksiyasını yerinə yetirə bilmir.
2. Histon modifikasiyaları: Histon modifikasiyaları genlərin aktiv olub-olmayacağını müəyyən edir. Məlum olduğu kimi DNA hüceyrədə sapvari quruluşdadır. Histon zülalları DNA-nı sarıyıb sıx quruluşa gətirir. Spiralın içində qalan genlər oxunmur və qeyri-aktiv qalır.
Tədqiqatlarda xərçəngdə ən çox görünən mutasiyaların DNA metilləşmə mexanizmlərində yarandığı müşahidə edilib. Lakin DNA metilləşməsinin çoxluğu və ya azlığı gen növündən asılıdır.
Mənbələr
Prediagnosis aspirin use, DNA methylation, and mortality after breast cancer: A population‐based study.
Cancer, 12 August 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.