Böyrək xərçənginin müalicəsində yeni dövrün başlanğıcı

Onkologiyada onilliklər davam edən tədqiqat nəhayət düzgün istiqamətdə böyük addım atmış kimi görünür: əməliyyatdan sonra yüksək təkrarlanma riski olan böyrək xərçəngli xəstələr üçün təhlükəsiz və təsirli adyuvant (qoruyucu) müalicə. Bəli, cavab yenə immunoterapiya!
Pembrolizumab (Keytruda) ilə tək müalicənin nefrektomiyadan (böyrək xərçəngi əməliyyatı) sonra plaseboilə müqayisədə əhəmiyyətli dərəcədə daha uzun xəstəliksiz sağqalım (müvafiq olaraq %77.3-ə qarşı %68.1) ilə əlaqəli olduğunu göstərən randomizə edilmiş faza 3 KEYNOTE-564 tədqiqatının nəticələri böyük ümid yaradıb. Xəstələrin median izləmə müddəti 24 ay idi.
Nəticələr yüksək residiv (təkrarlanma) riski olan şəffaf hüceyrəli böyrək hüceyrəli karsinomalı 994 xəstədən alınan məlumatların ilk aralıq təhlilindən gəlir.
Tədqiqatın aparıcı müəllifi Boston Dana Farber Xərçəng İnstitutundan Dr. Toni Choueiri pembrolizumab qrupu üçün 24-cü ayda sağqalım faizini %96,6 kimi açıqladı; plasebo qrupu üçün bu göstərici %93,5 idi (ölüm üçün təhlükə nisbəti [HR], 0,54).
Lakin 3-cü dərəcəli və ya daha yüksək yan təsirlər (hər hansı səbəbdən) pembrolizumabda plasebo qrupundan təxminən iki dəfə çox (%32.4-ə qarşı %17.7) baş verdi. Yeni tədqiqat New England Journal of Medicine jurnalında 18 avqustda onlayn dərc edildi.
Tədqiqat nəticələri ilk dəfə bu ilki virtual Amerika Klinik Onkologiya Cəmiyyəti (ASCO) toplantısında təqdim edilmişdi.
Böyrək xərçəngində adyuvant müalicə
Böyrək xərçəngində əməliyyatdan sonrakı adyuvant müalicə kimi indiyədək yeganə FDA təsdiqli dərman sunitinibdir və bu təsdiqi 2017-ci ildə almışdır (bax: müvafiq təsdiq). Lakin sunitinib, yəqin ki, yan təsirlərin çoxluğu, həyat keyfiyyətində artımın olmaması və sağqalım nəticələrinin qənaətbəxş olmaması səbəbindən klinik təcrübədə arzuolunan istifadəyə çatmadı. ABŞ-da FDA təsdiqinə baxmayaraq sunitinib Avropa Dərman Agentliyi (EMA) tərəfindən adyuvant istifadə üçün təsdiqlənməyib və aşağı fayda-risk nisbəti nəzərə alınmaqla klinik təcrübədə məhdud istifadə olunur.
1980-ci illərdən bəri böyrək xərçəngində potensial adyuvant müalicələri araşdıran çoxlu tədqiqat olmuşdur
Erkən mərhələ və/və ya yerli irəliləmiş böyrək xərçəngi diaqnozu qoyulan xəstələr üçün standart müalicə qismən və ya tam nefrektomiyadır; lakin xəstələrin təxminən yarısında əməliyyatdan sonra xərçəng residivi baş verir. Bu tədqiqatla ilk dəfə əməliyyatla şişi çıxarılmış böyrək hüceyrəli karsinoması olan və yüksək təkrarlanma riski daşıyan xəstələr üçün təsirli adyuvant immunoterapiya seçimimiz var.
Tədqiqatçılar tədqiqatın ikincili sonlanım nöqtəsi olan ümumi sağqalım nəticələrini izləməyə davam edəcəklər. İmmunoterapiya ilə ölüm riskinin %46 azalması ümidverici nəticədir (ölüm üçün təhlükə nisbəti [HR], 0,54).
Tədqiqatın təfərrüatları
KEYNOTE-564 metastazektomiya ilə və ya onsuz nefrektomiyadan sonra residiv baxımından yüksək riskli şəffaf hüceyrəli böyrək xərçəngi olan 996 xəstəni əhatə edirdi. Xəstələr təxminən 1 il ərzində 17 siklə qədər 3 həftədən bir venadaxili 200 mg adyuvant pembrolizumab və ya plasebo almağa 1:1 nisbətində təsadüfi təyin edildilər.
Tədqiqata daxil edilən xəstələrin böyük əksəriyyətində metastaz sübutu (M0) olmayan yerli xəstəlik və qismən və ya tam nefrektomiyadan sonra orta-yüksək residiv riski vardı. Lakin həm pembrolizumab, həm də plasebo qrupunda xəstələrin %5.8-də nefrektomiya və metastatik zədələrin rezeksiyasından sonra M1 NED (metastatik mərhələ 1, no evidence of disease= xəstəlik sübutu yoxdur) vəziyyəti vardı. Bu xəstələr də orta-yüksək və ya yüksək residiv riski altında idilər.
Pembrolizumabın plasebo ilə müqayisədə faydası bu alt qrupda qorunur kimi görünür. PD-L1 vəziyyəti, coğrafiya, cins, fəaliyyət vəziyyəti, M0/M1 kimi müxtəlif alt qruplara baxanda pembrolizumab plasebodan üstün görünür.
Gələcəkdə...
Dövr edən şiş DNT-si də daxil olmaqla toxuma və qan əsaslı biomarkerləri araşdıran tədqiqatlar residiv və ya adyuvant müalicə üçün ən yüksək riskli xəstələri müəyyənləşdirməyin açarı olacaq. Adyuvant immunoterapiyanın qəbul edilməsi xəstə seçimi, şəffaf hüceyrəli olmayan böyrək hüceyrəli karsinomalı xəstələrdə istifadə və adyuvant müalicə zamanı və ya sonrasında residivdən sonrakı sistemik müalicə barədə yeni suallar yaradır.
Mənbələr
2. Dawn of a New Era' in the Treatment of Renal Cell Carcinoma - Medscape - Aug 18, 2021
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.