Böyrəyin nadir görülən şişləri - müasir müalicələr

Bu məqalədə
Şəffaf hüceyrəli olmayan (non-clear cell) böyrək hüceyrəli xərçəng
Renal (böyrək) hüceyrəli xərçəng böyrək xərçənglərinin ən çox rast gəlinən növüdür. Belə ki, diaqnoz qoyulmuş böyrək xərçənglərinin təxminən %90-ı böyrək hüceyrəli karsinomadır (RHK). Buna görə böyrək xərçəngi deyildikdə, başqa cür göstərilməyibsə, böyrək hüceyrəli xərçəng başa düşülməlidir. Bu növdə adətən böyrək daxilində tək şiş inkişaf edir. Lakin bəzən 2 və ya daha çox şişə rast gəlinir, hətta hər iki böyrəkdə eyni anda birdən çox şiş görülə bilər.
Böyrək hüceyrəli xərçənglərin %75-i isə şəffaf hüceyrəli xərçəngdir.
Şəffaf hüceyrəli olmayan xərçənglərə nadir rast gəlinir. Şəffaf hüceyrəli olmayan böyrək xərçəngləri bu alt növlərdən ibarətdir:
- Papillyar böyrək hüceyrəli xərçəng (bütün böyrək xərçənglərinin %15-i)
- Xromofob tip (%5)
- Toplayıcı kanal (%5-dən az)
- Sarkomatoid tip (%5-dən az)
Şəffaf hüceyrəli böyrək xərçənginin müalicəsinin əsasını immunoterapiyalar və hədəfə yönəlmiş ağıllı dərmanlar [antiangiogen vasitələr (VEGF inhibitorları) və mTOR inhibitorları] təşkil edir. Bununla belə, şəffaf hüceyrəli olmayan böyrək xərçənglərinin müalicəsi üçün dərman hazırlamaq imkanları daha məhduddur, çünki bu nadir şişləriolan xəstələrə uyğun klinik tədqiqat çox vaxt planlaşdırılmır.
Papillyar böyrək hüceyrəli xərçənglər
Şəffaf hüceyrəli olmayan böyrək xərçənginin ən çox görülən alt növüdür və bunun da 2 növü təsvir edilib:
- Tip-1 xəstəlik: çox vaxt bir protoonkogen olan MET adlı gendə mutasiya var.
- Tip-2 xəstəlik: TFE3 füzyonu, CDKN2A geninin susması, SETD2 və fumarat hidrataza genlərində mutasiya
Əvvəllər papillyar böyrək hüceyrəli xərçənglərdə MET protoonkogen mutasiyası %13 səviyyəsində aşkar edilərkən, daha yeni tədqiqatlarda demək olar ki, bütün papillyar böyrək xərçənglərində yüksək MET gen ekspressiyası (ifadəsi) və c-MET aktivləşməsi müəyyən edilib; bu da papillyar xərçənglər üçün c-MET inhibitoru hədəfli dərmanların yaxşı seçim olduğunu düşündürür. Davam edən faza-2 klinik tədqiqatda papillyar böyrək xərçənglərində həm VEGF/MET yollarını basqılayan yeni dərman foretinib sınanır; ümumi cavab nisbəti %13 və proqressiyasız sağqalım (müalicə ilə xəstəliyi nəzarətdə saxlama müddəti) 9.3 ay olub. Üstəlik, foretinib germline MET mutasiyası olan xəstələrdə daha effektiv olub. Lakin tədqiqatın əvvəlində hədəflənmiş %25 cavab nisbətinə çatılmadığından dərmanın hazırlanması işləri dayandırılıb.
Bir çox retrospektiv (keçmişə yönəlik) tədqiqat digər VEGF yolu hədəfli ağıllı dərman olan sunitinibin(Sutent) papillyar böyrək xərçəngində təsirini qiymətləndirib, lakin cavab nisbəti %4.8 kimi aşağı olub. Fransa Genitourinar Qrupunun apardığı faza-2 tədqiqatda tip-1 və ti-2 papillyar böyrək xərçəngində sunitinibə cavab nisbətləri %11 və %13 olub. ESPN adlı digər faza-2 tədqiqatda şəffaf hüceyrəli olmayan 68 böyrək xərçəngi xəstəsində sunitinib və everolimus (Afinitor) müqayisə edilib və proqressiyasız sağqalım göstəricilərində əhəmiyyətli fərq aşkar edilməyib (6.1 aya qarşı 4.1 ay). ASPEN tədqiqatında metastatik papillyar, xromofob və təsnif edilməmiş şəffaf hüceyrəli olmayan 108 böyrək xərçəngi xəstəsində suntinib və everolimus müqayisə edilib, proqressiyasız sağqalım nəticəsi əhəmiyyətli dərəcədə sunitinibin xeyrinə olub (8.3 aya qarşı 5.8 ay).
RECORD-3 adlı daha böyük, prospektiv (irəliyə yönəlik), 471 xəstəni əhatə edən tədqiqatda xəstələrin 238-inə ilk sırada everolimus, sonra sunitinib, 233-ünə isə ilk sırada sunitinib, sonra everolimus verilib. İlk sırada everolimus alanların median proqressiyasız sağqalımı 7.9 ay, ilk sırada sunitinib alanlarda 10.7 ay olub.
Bu xəstəlikdə klinik tədqiqatlarda sınanan və ümidverici digər dərmanlar krizotinib, bevasizumab və erlotinibdir. Həmçinin bu yaxınlarda çoxsaylı tirozin kinaza inhibitorlarının (ağızdan həb şəklində qəbul edilən hədəfə yönəlmiş ağıllı dərmanlar) sınandığı SWOG 1500 adlı faza-2 klinik tədqiqat başlayıb. SWOG 1500-də metastatik papillyar böyrək xərçəngində kabozantinib, krizotinib, savolitinib və sunitinib sınanır. Savolitinib və sunitinibin müqayisə edildiyi SAVOIR tədqiqatında MET yolunun genetik dəyişiklikləri xəstə seçimi meyarı kimi istifadə olunur.
Bu tədqiqatlar metastatik papillyar böyrək hüceyrəli xərçəng üçün daha dəqiq müalicələrin seçimini mümkün edəcək.
Xromofob böyrək hüceyrəli xərçənglər
Nadir görülən digər böyrək hüceyrəli xərçəngdir. ASPEN tədqiqatında xromofob böyrək xərçəngləri ümumilikdə sunitinibə everolimusdan daha yaxşı cavab verib, lakin everolimus alan 6 xəstədən 2-sində qismən və ya tam radioloji cavab görülüb. Bundan əlavə, metastatik xromofob xəstələrdə median proqressiyasız sağqalım everolimus alanlarda 11.4 ay, sunitinib alanlarda isə 5.5 ay olub.
Digər retrospektiv tədqiqatda ilk sırada sunitiniblə müalicə edilmiş 36 metastatik xromofob böyrək xərçəngi xəstəsində sunitinibdən klinik fayda nisbəti %78, median proqressiyasız sağqalım 19 ay, ümumi sağqalım 26 ay olub. Bu baxımdan xromofob tipin digər şəffaf hüceyrəli olmayan böyrək xərçənglərindən daha yaxşı müalicə cavabı və ömür müddətinə malik olduğu söylənə bilər.
Sarkomatoid böyrək hüceyrəli xərçəng
Sarkomatoid xüsusiyyətli böyrək hüceyrəli xərçəng çox vaxt aqressiv klinik gedişə və pis xəstəlik nəticələrinə malikdir. Bir çoxları sarkomatoid tipi şəffaf hüceyrəli böyrək xərçəngi daxilində qiymətləndirir və böyrək şişində sarkomatoid komponentin (hissənin) dərəcəsini xəstəliyin aqressivliyinin göstəricisi kimi istifadə edir. ECOG 8802 tədqiqatında 38 xəstədə doksorubisin və gemsitabin ikili kimyaterapiya rejimi sınanıb və xəstələrin ümumilikdə bu müalicəyə cavab verdiyi görülüb (median ümumi sağqalım 8.8 ay və proqressiyasız sağqalım 3.5 ay). Digər faza-2 tədqiqatda sarkomatoid böyrək xərçəngi olan 39 xəstəyə və yüksək riskli böyrək xərçəngi olan 33 xəstəyə gemsitabin ilə sunitinib verilib. Şişlərində sarkomatoid hissə %10-dan az olanların müalicəyə daha yaxşı cavab verdiyi görülüb.
Toplayıcı kanal böyrək hüceyrəli xərçəngi
Bu nadir xərçəngin digər adı Bellini kanalı karsinomasıdır və çox vaxt böyrəyin toplayıcı kanallarını örtən epitel hüceyrələrindən yaranır. Xəstələrin əksəriyyətinə yerli irəli və ya metastatik mərhələdə diaqnoz qoyulur. Yerli xəstəlikdə əsas müalicə cərrahiyyədir; irəli mərhələli xəstəlik isə digər böyrək-sidik yolu xərçəngləri kimi müalicə edilir (gemsitabin və sisplatin və ya gemsitabin və karboplatin adlı kimyaterapiyalar). Bu sahədə aparılmış yeganə prospektiv tədqiqatda gemsitabinlə sisplatin və ya karboplatin müalicəsinin obyektiv cavab göstəricisi %26 olub.
Nəticə
Nadir görülən genitourinar (böyrək-sidik yolları) xərçənglər ümumilikdə pis proqnoza (xəstəliyin gedişinə) malikdir və diaqnozu-müalicəsi çətindir. Bu şişlərin özünəməxsus xüsusiyyətlərinin aşkar edilməsi və həkimlərin bu barədə məlumatlılığının artması daha yaxşı diaqnoz və müalicə ilə nəticələnəcək.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.