D vitamini və Omeqa-3 əlavələri mövzusunda gəlinən son nöqtə!

Başda Qərb ölkələri olmaqla bütün dünyada vitamin və mineral şəklində qida əlavələrinin istifadəsi geniş yayılıb. Məsələn, ABŞ-dakı yetkinlərin yarıdan çoxu suplement məhsullardan (qida əlavələrindən) istifadə edir. Son illərdə ən populyar və sağlamlıq faydasına inanılan qida əlavələri isə balıq yağı və D vitaminidir. Lakin bu əlavələrin uzunmüddətli faydalarına dair ciddi şübhələr var idi. Bu məqsədlə indiyədək planlaşdırılmış ən yaxşı və əhatəli tədqiqat nəticələri yanvar 2019-cu ildə NEJM adlı elmi jurnalda dərc olunan VITAL oldu.
Randomizə, ikiqat kor, plasebo nəzarətli VITAL tədqiqatında iştirakçılara gündəlik 2000 IU D3 vitamini və gündəlik 1 qram omeqa-3 yağ turşusu xərçəng və ürək-damar xəstəliklərindən qorunmaya təsirlərini sınamaq üçün verildi.
Tədqiqatın sonunda baş tədqiqatçı Manson və həmkarları bu nəticəyə gəldi: balıq yağı və D vitamini əlavələri xərçəng və ürək-damar xəstəliyi risklərini azaltmır!
İndiyədək bəzi müşahidə tədqiqatları balıq yeməyin kardiovaskulyar (ürək-damar) xəstəliklərdən qoruduğunu düşündürür. Bununla yanaşı, 1990-cı illərin sonunda aparılan İtaliya tədqiqatına (GISSI) qədər omeqa-3 yağ turşularının ürək-damar xəstəlikləri riskini azaltdığına dair sübut yox idi. Yalnız bu klinik tədqiqata və həmçinin preklinik tədqiqatların nəticələrinə əsaslanaraq Amerika Ürək Assosiasiyası (AHA) ürək xəstəliklərindən ikincili qorunma strategiyası kimi omeqa-3 yağ turşularını tövsiyə etdi. Sonradan böyük randomizə klinik tədqiqatlarla bu riskin azaldılması iddiası təsdiqlənmədiyi üçün AHA-nın tövsiyəsi düzəldilmişdi. Bununla yanaşı, tək bir meta-analizə görə infarkt keçirmiş xəstələrdə ölüm riskini azalda bildiyi üçün omeqa-3 yağ turşularının istifadə edilməli olduğuna deyil, istifadə edilə biləcəyinə dair AHA rəyi mövcudluğunu davam etdirirdi. VITAL tədqiqatı bu qarışıqlığa son qoydu və seçilməmiş xəstə qrupunda omeqa-3 yağ turşularının ürək-damar xəstəliklərinə (infarkt, insult/iflic, ürək xəstəliklərinə bağlı ölüm riski) qarşı heç bir qoruyucu təsiri olmadığını göstərdi. Bu tədqiqatın nəticələri diabetli xəstələrdə omeqa-3 əlavələrinin ürək-damar xəstəliklərindən qorunmada heç bir təsiri olmadığını göstərən əvvəlki ASCEND tədqiqatına uyğundur.
Omeqa-3 yağ turşuları ilə bağlı nəticələrdən fərqli olaraq, aşağı D vitamini səviyyələrinin yüksək xərçəng riski ilə əlaqəli olduğunu göstərən çoxlu müşahidə məlumatı var. Bu cür müşahidə tədqiqatları randomizə və nəzarətli tədqiqatlara ehtiyacı vurğuladı.
Bununla yanaşı, VITAL tədqiqatı D vitamini dəstəyinin ürək-damar xəstəlikləri və ya xərçəngin qarşısını alıb-almayacağını sınayan ilk randomizə tədqiqat deyil;
VIDA tədqiqatı 3 illik, randomizə, plasebo nəzarətli, 5110 nəfəri əhatə edən Yeni Zelandiya tədqiqatı idi. İştirakçılara aylıq yüksək dozalı D vitamini verildi (100 min IU). Bu tədqiqatda D vitamini əlavəsinin ürək-damar xəstəlikləri və ya xərçəng riskinə təsiri görülmədi.
Bütün bu mənfi tədqiqatlara baxmayaraq, bəzi amillərə görə D vitamini əlavəsinin xərçəngdən qorunmada müsbət təsirlərinə dair müəyyən ümidlər olmuşdur. Bunun ilk səbəbi aktiv D vitamininin laboratoriya şəraitində xərçəng hüceyrələrinin böyüməsini basqılamasıdır. İkincisi, yaxın tarixli meta-analizdə artıq xərçəng diaqnozu olan şəxslərin xərçəngə bağlı ölüm riski baxımından D vitaminindən fayda görməsidir. Tək bir randomizə, plasebo nəzarətli klinik tədqiqatda D vitamininin xərçəng əleyhinə təsirlərinə dair bəzi işarələr var. Bu tədqiqatda gündəlik 2000 IU D vitamini və 1500 mg kalsium və ya plasebo menopauzaya girmiş 2303 qadına tətbiq edildi. Tədqiqatın sonunda xərçəng riskində %30 azalma hesablansa da, etibar intervalı 1-i əhatə edirdi və nəticə statistik baxımdan əhəmiyyətli deyildi.
VITAL tədqiqatına isə median 5.3 il izlənən təxminən 26 min qadın və kişi daxil edildi. Əlavələrin və ya plasebonun istifadəsinə riayət %80 kimi yüksək göstəricidə idi. Diqqətəlayiq şəkildə, tədqiqatın əvvəlində hər 13 iştirakçıdan 1-inin serum D vitamini (25-hidroksivitamin D3) səviyyəsi 20 ng/ml-dən aşağı idi, lakin hətta bu qrupda da D vitamini əlavəsi xərçəngdən qoruyucu təsir göstərmədi.
VITAL tədqiqatının ölçmək istədiyi əsas sonlanma nöqtələri (primary end points) omeqa-3 turşuları və D vitamini əlavələrinin infarkt, iflic/insult, ürək-damar xəstəliklərinə bağlı ölüm və xərçəng yaranması riskinə təsirləri idi. Bu əlavələrin istifadəsinə dair əsas sonlanma nöqtələrinin hamısı mənfi nəticələr ehtiva edir.
Bununla yanaşı, ikincili sonlanma nöqtələrində bəzi diqqətəlayiq nəticələr var;
Miokard infarktına (ürək tutmasına) bağlı ölüm tezliyi omeqa-3 yağ turşuları alanlarda plasebo alanlarla müqayisədə daha aşağı idi. Həmçinin D vitamini əlavəsi alanlarda plasebo alanlara nisbətən xərçəngə bağlı ölümün daha az olması tədqiqatın nəticələrinə ətraflı baxanların diqqətini çəkəcək. Lakin bu «müsbət» nəticələr ehtiyatla şərh edilməlidir. Birincisi, qismən ikincili sonlanma nöqtələrinin çoxluğuna görə çoxsaylı müqayisələrin doğruluğunu artırmaq üçün heç bir düzəliş edilməmişdir. İkincisi, bu ehtimal edilən təsirlər omeqa-3 yağ turşularını sınayan digər böyük randomizə tədqiqatlarla uyğun deyil. Lakin D vitamini əlavəsi tədqiqatlarından birinin əlavə təhlili əlavə alan qadınlarda xərçəng tezliyinin daha aşağı olduğunu göstərmişdir (tədqiqatın ilk ilində xərçəngə tutulduğu üçün tədqiqatdan çıxan qadınlar istisna olmaqla).
Son olaraq, tibbi ədəbiyyatda ikincili sonlanma nöqtələrinin əsas sonlanma nöqtəsi kimi qiymətləndirildikdə çox vaxt uğursuz olduğuna dair çoxlu nümunə var. Buna görə əlavə güclü məlumatların olmadığı halda omeqa-3 yağ turşuları və ya D vitamini ehtiva edən qida əlavəsi strategiyasının ürək-damar xəstəlikləri və ya xərçəngə qarşı qorunma kimi tövsiyə edilə bilməyəcəyi nəticəsinə gəlmək məntiqlidir.
Əlaqəli mövzu
Bitki mənşəli dərmanla müalicə, fitoterapiya və xərçəngin qarşısının alınması - xəyal, yoxsa gerçək?
Mənbələr
VITAL Signs for Dietary Supplementation to Prevent Cancer and Heart Disease.
NEJM, Editorial, 3 January 2019
2. JoAnn E. Manson M.D., Dr.P.H ve ark.
Marine n−3 Fatty Acids and Prevention of Cardiovascular Disease and Cancer.
NEJM, Original Article, 3 January 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.