Hormonal müalicə alan süd vəzi xərçəngli xəstələrin cinsi həyatı

Bu məqalədə
Xərçəngin residiv (təkrarlanma) riskini azaltmaq məqsədilə endokrin (hormonal) müalicə alan süd vəzi xərçəngli xəstələrin çoxu uzun müddətdir bunun cinsi funksiyaya mənfi təsir göstərdiyini bildirir. Yeni tədqiqatlar işığında bu vəziyyətin daha geniş yayıldığı və bu xəstələrin demək olar hamısına təsir etdiyi aydın olmuşdur.
ABŞ-ın San-Fransisko şəhərində keçirilmiş, 2019 Onkologiyada Dəstəkləyici Qulluq və Müalicə Simpoziumundabu tədqiqatın nəticələrini Memorial Sloan Kettering Xərçəng Mərkəzinin Cinsi Sağlamlıq və Qadın Sağlamlığı Departamentinin rəhbəri Jeanne Carter açıqlamışdır.
Tədqiqatdakı postmenopauzal (menopauzaya girmiş) qadın xəstələrin demək olar hamısı Qadın Cinsi Funksiya İndeksində (FSFI) aşağı bal almışdır. Bu, xəstələrin yüksək dərəcəli cinsi funksiya pozuntusu, vulvovaginal quruluq və ağrılı cinsi əlaqə (dispareuniya) də daxil olmaqla müxtəlif çətinliklər yaşadığını göstərir. Bu çətinlik ən çox; tamoksifen ilə başlanıb, aromataza inhibitorlarına keçilmiş postmenopauzal qadınlarda dilə gətirilir. Çünki tədqiqatda aromataza inhibitoru istifadə edən xəstələrin cinsi funksiya indeksi balı tamoksifen istifadə edənlərdən daha pis müəyyən edilmişdir. Orta cinsi funksiya indeksi balı ən aşağı olan xəstə qrupu endokrin müalicəyə ən uzun müddət məruz qalanlardan ibarətdir. Buradan bu arzuolunmaz halların müalicələrin kumulyativ (toplanmış) təsirləri ilə bağlı olduğu nəticəsi çıxarıla bilər.
Simpozium zamanı tədqiqatın müzakirəsində Mayo Klinikasının tibbi onkoloqu Dr. Charles Loprinzi bu tədqiqatdan çıxarılmalı mühüm məqamların olduğunu vurğulamışdır: xəstələrin görüşlərdə cinsi həyatları ilə bağlı ifadə etdikləri şikayətlər fəal şəkildə dinlənməli, xəstələr bu barədə hər hansı şikayəti özləri dilə gətirməsələr belə cinsi sağlamlıqlarını qiymətləndirmək üçün suallar verilməlidir. Həmçinin xəstənin uyğun və yetərli dəstək alması üçün düzgün mütəxəssisə yönləndirilməsi lazımdır. Cinsi funksiya vəziyyətinin yetərincə danışılmaması xəstələrlə həkimlərin onsuz da qarşılarında həll etməli olduqları, fikirlərini məşğul edən çoxlu problemlərinin olması ilə əlaqələndirilə bilər.
Cinsi çətinliklərin gətirdiyi böyük yük
Tədqiqat Memorial Sloan Kettering Xərçəng Mərkəzində aparılan Qadın Cinsi Təbabəti və Qadın Sağlamlığı Proqramında (Female Sexual Medicine & Women’s Health Program) qiymətləndirilmiş 446 qadın xəstəni əhatə edir. Süd vəzi xərçəngli bu qadın xəstələrin %77-si postmenopauzal (menopauzadan sonra), %7-si fəal ovarial (yumurtalıqla bağlı) basqılanmada və %16-sı peri/premenopauzal (menopauza dövründə və ondan əvvəl) idi.
Xəstələr müxtəlif müalicə rejimlərində idilər: postmenopauzal olanlardan yalnız aromataza inhibitorları istifadə edənlər (% 30), tamoksifen istifadə edib aromataza inhibitorlarına keçənlər (% 22), yalnız tamoksifen istifadə edənlər (% 16) və heç bir endokrin müalicə istifadə etməyənlər (% 16); pre/perimenopauzal olanlardan yalnız tamoksifen istifadə edənlər (% 9) və heç bir endokrin müalicə istifadə etməyənlər (% 5) şəklində idi.
Postmenopauzal qadınlardan tamoksifen istifadə edənlərin digər qruplarla müqayisədə cinsi baxımdan daha az fəal olmağa meyilli olduğu müəyyən edilmişdir. Ovarial basqılanmış və pre-perimenopauzal qadın xəstə qrupunda müalicənin tamamlanmasından keçən müddət postmenopauzal qadın xəstə qrupundan daha qısa idi. Postmenopauzal qadın xəstələr ovarial basqılanmış və tamoksifen istifadə edən qadın xəstələrdən orta hesabla 13,25 il daha yaşlı idi. İlk diaqnozdan keçən orta müddət postmenopauzal qrup üçün 6,25 il, ovarial basqılanmış qrup üçün 4 il və pre/perimenopauzal qrup üçün 2,5 il idi.
İlk qiymətləndirmə postmenopauzal qrupda müalicədən sonra orta hesabla 3,3 ildə, daha gənc qruplarda isə orta hesabla 1,8 ildə aparılmışdır.
- Əlaqəli mövzu: Qadın və kişi xərçəng xəstələrində cinsəlliyi qorumaq və yenidən qurmaq
- Vaginal qiymətləndirmə nəticələrinə baxıldıqda ciddi pH yüksəkliyi ən çox postmenopauzal qadınlarda və ya ilk müalicə kimi tamoksifen alıb sonra ovarial basqılanma prosesinə girmiş qadınlarda müəyyən edilmişdir. Vaginal toxumaların nazik olması ümumilikdə endokrin müalicə alan hər yaş qrupunda aşkarlanmışdır. Uzun müddət endokrin müalicə istifadəsinin bəzi qadınlarda vaginal stenoza (daralmaya) yol aça biləcəyi vurğulanır.
- Vulvar qiymətləndirmə nəticələrinə baxıldıqda postmenopauzal qadınlarda və ovarial basqılanmış qadınlarda atrofiyanın (zəifləmə-ərimə) pre/perimenopauzal qadınlarla (%18) müqayisədə daha çox olduğu müəyyən edilmişdir. Atrofiya olmadan vulvar qıcıqlanmanın (qıcıqlanma-qaşındırma) tamoksifen istifadə edən pre/perimenopauzal qadınlarda (%44) eyni yaş qrupunda olub endokrin müalicə almayan qadınlara (%19) nisbətən daha yüksək olduğu aşkarlanmışdır. Vulvar atrofiyanın idarə edilməsi postmenopauzal və ovarial basqılanmış qadınlarda vacibdir; buna görə gecikmədən bu vəziyyətə müdaxilə edilməlidir. Vestibulyar qıcıqlanma (qıcıqlanma-qaşındırma) isə bütün qruplarda %53 ilə %70 arasında dəyişən göstəricilərlə mövcud idi. Vestibulyar qıcıqlanma xüsusilə cinsi əlaqə zamanı birləşmə ağrısı ilə əlaqəlidir.
- Cinsi funksiya və vulvovaginal sağlamlıqla bağlı narahatlıq səviyyəsi soruşulduqda qadın xəstələrin çoxu yüksək dərəcədə narahat olduqlarını bildirmişdir. Bunun xüsusilə pre/perimenopauzal qadınlarda (tamoksifen istifadəsindən asılı olmayaraq) meydana çıxdığı müəyyən edilmişdir. Bundan əlavə, xəstələr gələcək cinsi həyatlarına baxışları barədə soruşulduqda iştirakçıların %46 ilə %76 arasında dəyişən hissəsinin gələcək cinsi həyatına inamla baxmadığı ortaya çıxmışdır.
Nəhayət, xəstələrdən vulvovaginal toxumanın keyfiyyəti soruşulmuşdur. Bu, xəstələrin öz toxuma keyfiyyətləri haqqında fikirlərini (məsələn, vaginal quruluq, vulvar quruluq, daxilolma ağrısı və ya xarici qıcıqlandırıcılara bağlı ağrı yaşayıb-yaşamaması) əhatə edən, yenə xəstələrin özlərinin bildirdiyi qiymətləndirmədir. Bütün qruplarda vulvar əlamətlərin vaginal əlamətlərdən daha çox yaşandığı bildirilmişdir. Vulvar əlamətlər xüsusilə fəal ovarial basqılanması olan qrupda tez-tez görülür; ehtimal ki, bu, gənc xəstə qrupunun cinsi baxımdan daha fəal olması ilə əlaqəlidir.
*
Aşağıda yazıda adı tez-tez çəkilən qadın genital / cinsi bölgə anatomiyasına aid bəzi terminlər görünür:

Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.