Laksativ nədir, necə təsir edir, istifadə sahələri və riskləri hansılardır?

Bu məqalədə
Laksativ nədir? Necə təsir edir?
Bu gün sürətli həyata baxmayaraq hərəkətsizlik, nizamsız və qeyri-sağlam qidalanma həzm sistemini yavaşladır və çoxumuzda qəbizlik yaradır. Qəbizlik bağırsaq hərəkətlərinin yavaş olması və nəcisin çətin irəliləməsi deməkdir. Ən çox rast gəlinən səbəblər az lifli pəhriz, hərəkətsiz həyat, az maye qəbulu, yaşlanma, dərmanlar və bəzi xəstəliklərdir.
Əslində sadə addımlarla yaxşı bağırsaq sağlamlığına çata bilərik: sağlam pəhriz, kifayət qədər su içmək və fiziki fəallıq bu istiqamətdə müsbət təsir edir.
Qəbizliyə qarşı 3 amil
Lif
Lifli qidalarla zəngin pəhriz qəbizliyin qarşısını ala bilər. The Enstitue of Medicine yetkin qadınların gündə 25 gr, kişilərin 38 gr lif istehlak etməli olduğunu deyir. 50 yaşdan yuxarı yetkinlərdə bu rəqəmlər daha aşağıdır.
Liflə zəngin qidalar: tam taxıllı çörəklər, qabıqlı çərəzlər, təzə meyvə və tərəvəzlərdir.
Liflər 2 növdür: suda həll olan və olmayan. Həll olmayan liflər suyu soraraq bağırsaqda həcm yaradır və qəbizliyə kömək edir. Tam taxıllar, buğda kəpəyi, kök və s. bəzi bitkilər həll olmayan liflərlə zəngindir.
Su
Liflər ən yaxşı təsiri suyu sorduqda göstərirlər. Nəcisi daha yumşaq və şişkin edir, rahat hərəkət və irəliləməsini təmin edirlər; əlbəttə bunun üçün kifayət qədər su içilməlidir. Hər gün 7-8 stəkan su tövsiyə edilir.
İdman / fəal həyat
Müntəzəm idmanın, məsələn gündəlik 30 dəqiqəlik sürətli gəzintinin bağırsaq hərəkətləri üçün faydalı olduğu məlumdur.
Bütün bu həyat tərzi dəyişiklikləri qəbizliyi önləməyə kömək etsə də, bəzi şəxslər dərmanlara (laksativlərə) ehtiyac duyur. Müxtəlif laksativlərin təsir mexanizmləri fərqlidir və təsirləri şəxsdən şəxsə dəyişir.
Laksativ təsir nədir?
Laksativlər bağırsaqları necə daha çox işlədir?
Laksativlər müxtəlif mexanizmlərlə bağırsaq hərəkətliliyini, nəcisin həcmini artıraraq və maye tərkibini dəyişdirərək təsir göstərir.
Əsas laksativ növləri:
- həcmi dəyişdirənlər
- osmotiklər
- stimulyatorlar (oyadıcılar)
- yumşaldıcılardır
Həcmi dəyişdirənlər, həzm olunmayan böyük şəkər molekulları ehtiva edir və beləliklə su saxlayır, kütlə/həcm təsiri yaradırlar. Bol su ilə qəbul edilməlidirlər, yoxsa qəbizliyin şiddətini artıra bilərlər. Kəpək və psyllium ən geniş yayılmış həcm dəyişdirici laksativlərdir.
Osmotik laksativlər, bağırsaqdan sorulmadıqları üçün su saxlayıb bağırsaqdaxili osmotik təzyiqi artıraraq hərəkətləri gücləndirirlər. Ağızdan qəbuldan sonra 2-3 saatda təsir edən ən sürətli laksativlərdir. Bəzi geniş yayılmış osmotiklər polietilen qlikol, maqnezium südü və laktuloz ehtiva edir.
Stimulyator (oyadıcı) laksativlər, əsasən bağırsaq hərəkətlərini oyadan sinirlərə təsir edərək hərəkətləri artırır. Davamlı istifadə kalium azalması və duz yığılması yarada bilər. Bunlar aloe vera, cascara, senna birləşməsi, bisakodil və gənəgərçək yağı ehtiva edir.
Nəcis yumşaldıcıları, maye tərkibini artırıb yağlayaraq nəcisin bağırsaq hərəkətləri ilə daha asan irəliləməsini təmin edir. Bu dərmanlar adətən laksativlər arasında ilk seçim deyil. Təkbaşına təsirliliklərinə dair kifayət qədər sübut yoxdur. Digər laksativ müalicələr yetərsiz olduqda əlavə edilmələri tövsiyə edilir. Dokusat natrium və dokusat kalsium geniş istifadə olunur.
Laksativlərdən başqa imalələr, adətən digər laksativlərlə nəcis ifrazı təmin edilməyən qəbizlikdə istifadə olunur. Lakin təcili rahatlama ehtiyacı və ya tıxac yaranmasını önləmək üçün müalicədə həmişə son sıralarda olmaya bilər.
Laksativlərin istifadəsi barədə araşdırmalar nə deyir?
Yetkinlərdə araşdırmalar
Dörd müxtəlif laksativin yetkinlərə təsirini qiymətləndirmək üçün iki sistematik icmal və iyirmi bir araşdırma təhlil edilmişdir. Sonda həcmartırıcı (lifli) və osmotik laksativlərin qəbizliyə faydası görülmüş, lakin lifli və lifsiz laksativlərin fərqlərinə dair çox sübut tapılmamışdır. Araşdırmalara görə həcmartırıcı laksativlər plasebo ilə müqayisədə həftəlik bağırsaq hərəkətini 1-2 dəfə artırmış və digərlərindən daha yaxşı dözüldüyü düşünülür.
Laksativlərin uşaqlara təsiri
Uşaqlarda osmotik və stimulyator laksativlərin təsir və yan təsirləri araşdırılmışdır. Bir tədqiqatda 0-18 yaş arası 2310 uşaqda laksativlərlə plasebo müqayisə edilmişdir. Polietilen qlikollu, yəni osmotik laksativlərin bağırsaq hərəkəti tezliyini artırdığı və digər laksativlərdən az yan təsirli olduğu görülmüşdür. Bununla belə, yumşaldıcı laksativlər 6 yaşdan aşağı uşaqlara tövsiyə edilmir.
Laksativlərin riskləri hansılardır?
Laksativ yan təsirləri bəzi qidaların sorulmasına da təsir edir, ürək və sümük dərmanları ilə qarşılıqlı təsirə girə bilər. Uzun müddət istifadə kolon hərəkətliliyini azaldaraq qəbizliyi artıra bilər. Uzunmüddətli istifadə qanda elektrolit (kalsium, xlor, maqnezium, kalium, natrium) tarazlığını poza, susuzlaşma, böyrək zədəsi, anormal ürək ritmi, halsızlıq, çaşqınlıq (yuxululuq), insult və hətta ölüm yarada bilər.
Hamilələr daxil həcmartırıcı (lifli) laksativlərin daha etibarlı, stimulyatorların isə onlardan daha zərərli olduğu anlaşılmışdır. FDA-nın araşdırdığı 54 hadisədə reseptsiz satılan natrium fosfatlı (osmotik) laksativlərin zərərli olduğu görülmüşdür. Araşdırılmış otuz hadisədə bir uşaq və on iki yetkinin ölümünə səbəb olmuşdur. FDA-ya görə natrium fosfatlı laksativlərin dozası aşılmamalı və riskli xəstə qrupları həkimlə məsləhətləşmədən istifadə etməməlidir.
Həmçinin laksativ dərmanlar arıqlama vasitəsi deyil və bu məqsədlə istifadəsi düşünülməməlidir.

Təbii laksativlər
Həzmə və bağırsaq hərəkətlərinə kömək edən bəzi qidalar vardır. Qəbizliyi olanlar daha az yan təsirli olduğunu düşündükləri və nə istehlak etdiklərini bildikləri üçün təbii laksativləri seçirlər. Onların təsirləri genişmiqyaslı araşdırılmayıb və adətən çox lif ehtiva etməklə təsir göstərirlər. Bəziləri; aloe vera, çia toxumu, kətan toxumu, yaşıl lifli tərəvəzlər, quru ərik, yüksək lifli meyvələr (kivi, alma, armud və s.), kokos suyu, probiotikli qidalardır. Aloe vera oyadıcı maddə anrakinon ehtiva edir və hətta ABŞ-da reseptsiz laksativ dərman kimi qəbul edilmişdir. Probiotikli qidalar barədə tədqiqatda bağırsaq hərəkətlərini və yığılma miqdarını artırdığı görülmüşdür. Acı bibərlər də laksativ təsir yaradır, lakin qəbizliyə tez-tez yanaşı gedən hemorroyda tövsiyə edilmir.
Nəticə
Çoxsaylı səbəblərlə sağlamlıq problemi kimi qarşımıza çıxan qəbizlik və bağırsaq tənbəlliyinin müalicəsində laksativlər çox mühüm yer tutur və tez-tez reseptlə yazılan dərman qruplarındandır. Belə geniş istifadə olunan qrupun təsirləri yaxşı bilinməlidir. Bu araşdırma icmalları fasiləli və ehtiyatlı istifadənin təsirli, təhlükəsiz olduğu nəticəsinə gəlmişdir. Təbii laksativlər də dəqiq necə təsir etdiklərinin bilinmədiyi nəzərə alınaraq istifadə edilməlidir. Təbii olmaq həmişə ən yaxşı olmaq demək deyil. Təbii laksativlər araşdırılmalı, farmakoloji laksativlərin uzunmüddətli təsirləri də incələnməlidir.
- Əlaqəli mövzu: Xərçəngdə qəbizlik və müalicə üsulları
Mənbələr
Osmotic and stimulant laxatives for the management of childhood constipation.
Cochrane Database of Systematic Reviews 2016
2. FDA Drug Safety Communication: FDA warns of possible harm from exceeding recommended dose of over-the-counter sodium phosphate products to treat constipation.
fda.gov
3. Foster M, Hunter D, Samman S.
Evaluation of the Nutritional and Metabolic Effects of Aloe vera.
Herbal Medicine: Biomolecular and Clinical Aspects. 2nd edition 2011.
4. Slavin JL, Lloyd B.
Health Benefits of Fruits and Vegetables.
Advances in Nutrition. 2012
5. Dimidi E, Christodoulides S, FRagkos S, Scott M, Whelan K.
The effect of probiotics on functional constipation in adults: a systematic review and meta-analysis of randomized controlled trials, Am J Clin Nutr.
First published August 6, 2014
6. Dietary, functional and total fiber. Institute of Medicine. nap.edu
7. Nutrition and healthy eating
mayoclinic.org
8. Xing, JH and Soffer , EE.
Adverse effects of laxatives.
Dis Colon Rectum. 2001
9. Petticrew M, Rodgers M, Booth A.
Effectiveness of laxatives in adults.
BMJ Quality & Safety 2001.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.