Sirkadiyal ritmə uyğun xəstəxana işıqlandırmaları sağalmanı dəstəkləyir

Xəstəxanalarda işıqlar adətən çox güclü və gözqamaşdırıcıdır, lakin yeni inkişaf olaraq bəzi xəstəxanalar daha zəif və ağıllı hazırlanmış işıqlandırma ilə həm sağlamlığa, həm də enerji istehlakının azalmasına töhfə vermək üçün işləməyə başladı.
Güclü və yeknəsəq işıqlar səhiyyə personalının və xəstələrin ümumi sağlamlıqla bağlı sirkadiyal ritmlərini (bioloji saatlarını) pozur. Bioloji saatımıza uyğun sirkadiyal işıqlandırma isə personal və xəstələrin gecə özlərini təhlükəsiz hiss etməsini, daha yaxşı yatmasını təmin edə və sağalmanı sürətləndirə bilər. Ən azı 2 həftəlik istifadə ilə bu faydanın əldə edilə biləcəyi bildirilir.

İşıq melatonin hormonunu basdırır və qismən onun nəzarətindəki yuxu-oyanıqlıq rejimi dəyişdikdə yuxusuzluq, gündüz yuxululuğu, depressiya və ağrıkəsiciyə ehtiyacın artması, sağalma müddətinin uzanması kimi nəticələr yarana bilər. Araşdırmaya görə bu uyğunlaşma olmadıqda fiziki funksiyalar və davranışlar mənfi təsirlənə, ürək xəstəlikləri, diabet və bəzi xərçəng növlərinin riski arta bilər. Tədqiqatlar günün təbii dövrünə uyğun xəstəxana işıqlandırmasının bədənin bioloji saatına uyğunlaşmanı təmin etmək üçün ən məntiqli tədbir olduğunu və sağlamlıq baxımından çox faydasının görüldüyünü göstərir.

Səhər erkəndən gecəyə qədər avtomatik sirkadiyal işıqlandırma dəyişiklikləri İsveçin Karlstad şəhərindəki Mərkəzi Xəstəxanada insultdan sonrakı xəstə qulluğunun hissəsidir. Mənbə: Chromaviso
Sirkadiyal işıqlandırma tədqiqatları 24 saat ərzində təbii işığın layihələndirilməsinin qocalar evlərindən yenidoğulmuşların intensiv terapiya bölmələrinə qədər çoxsaylı klinik mühitlərdə yaxşı nəticələr verdiyini göstərir. Məsələn, çoxsaylı mielomalı xəstələrdə sümük iliyi transplantasiyasında, Alzheimer xəstələrində və insultdan sonrakı reabilitasiyanı davam etdirənlərdə klinik faydalar müşahidə edilmişdir.
Bədənin sirkadiyal sistemi qısa dalğalı mavi işığa həssasdır və mavi işıq melatonini basdırır. Buludsuz günəşli günün işığı da mavimsi-ağımtıl tonlardadır. Yumşaq sarı işığın melatonin ifrazını dayandırmadığı tapılmışdır və sirkadiyal ritmi nəzərə alan xəstəxanalarda axşam və səhərin erkən saatlarında bu sarı işıq tonları istifadə edilir. Sonra qaranlıq gecəyə uyğun işıqlandırma ilə davam olunur.
2010 ilindən Alzheimer xəstələri üzərində davam edən tədqiqatlar normal yuxu rejimini qurmaqda sirkadiyal işıqlandırmanın çox uğurlu olduğunu göstərir. Həm yorğunluğun, həm də depressiya və təşvişli oyanıqlıq səviyyələrinin əhəmiyyətli azaldığı görülür.
Bu yaxınlarda tədqiqatçılar sümük iliyi transplantasiyası aparılmış çoxsaylı mielomalı xəstələrdə sirkadiyal ritmə uyğun işığın sağalmaya təsirini araşdırmaq üçün New Yorkdakı Mount Sinai Xəstəxanası ilə əməkdaşlıq qurdular. İlkin məlumatlar xəstəxanada 2 ilə 3 həftə qulluq alanların yuxu keyfiyyətinin artdığını və yorğunluğunun azaldığını göstərir.
Yuxu sağalmanın çox mühüm hissəsidir; idrak (beyinlə bağlı) funksiyalarına, ağrıya, hormonal tarazlığa və immun proseslərinə təsir edə bilər. Xəstələrin hormonal və immun sistemlərini tənzimləmək üçün sirkadiyal işıqlandırma istifadəsi daha az sedasiya və ağrıkəsiciyə ehtiyac yaratmaqla klinik sağalmanı sürətləndirə bilər.
Danimarkada insultdan sonra sirkadiyal əsaslı işıqlandırmadan yararlanan xəstələr barədə klinik araşdırma aparıldı. Sirkadiyal işıqlandırma üçün təsadüfi seçilən 45 xəstə ilə insult reabilitasiyasında standart işıqlandırma alan 39 xəstənin nəticələri depressiya və yorğunluq baxımından müqayisə edildi.
Tədqiqatın sonunda evə buraxılan xəstələrdə reabilitasiya zamanı sirkadiyal işıqlandırma alanların nəzarət xəstələrinə görə depressiya dərəcələrinin əhəmiyyətli aşağı olduğu tapıldı və bu xəstələr nəzarət qrupundan daha aşağı yuxululuq balı aldı. Yəni bu tədqiqatda da sirkadiyal işığın müalicə və reabilitasiyaya müsbət töhfələri müşahidə edildi.
Nəticədə bioloji saatımıza uyğun sirkadiyal işıqlandırma daha yaxşı sağlamlıq nəticələri üçün təsirli yanaşma görünür və gələcəkdə bu texnologiyanın evlər və ofislər daxil əksər binalarda olacağını təxmin etmək çətin deyil.
Mənbələr
Shine a Healing Light: Circadian-Based Lighting in Hospitals.
medscape.com - February 28, 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.