Xərçəng müalicəsinin nəticələrini yaxşılaşdırmaq üçün 3 mühüm tövsiyə

Bu məqalədə
İngiltərənin Suffolk şəhərində illərlə işlədikdən sonra Dr. Liz O'Riordan səriştəli, bacarıqlı və çox məlumatlı onkoloji cərrah oldu.
Keçən ay ecancer adlı onlayn elmi jurnalda dərc edilmiş yazısında Dr. Liz O'Riordan, «Süd vəzi xərçəngi haqqında insanın biləcəyi hər şeyi bildiyimi düşünürdüm. Məsləhətçi süd vəzi xərçəngi cərrahı idim. Hətta magistr təhsilimi onkoplastik süd vəzi cərrahiyyəsində almışdım.» deyir. Və əlavə edir: «Yanılmışam!»
Bu ingilis cərrah başqa şeylər də öyrənəcəkdi. 2015 ilində, 40 yaşında, o vaxt və sosial mediada Liz O'Riordan (@Liz_ORiordan) adı ilə tanınan Dr. Elizabeth Louise O’Riordana 3. mərhələ süd vəzi xərçəngi diaqnozu qoyuldu.
Süd vəzi xərçəngi diaqnozu ilə gələn bu yeni həyat dərsi sürətli və çətin oldu və Dr. Liz həmkarlarının tibb təhsilinə kömək etmək üçün «xərçəng baxımını yaxşılaşdırmaq üçün hər kəsin edə biləcəyi üç sadə şeyi» danışdı.
Liz onkologiyanın «klinik təsirli və təhlükəsiz müalicələr təqdim etməkdə çox yaxşı» olduğunu, lakin adətən təkbaşına yetərli olmadığını bildirir.
«Səhiyyə xidməti göstərənlərin yetərsiz qaldığı sahə… xəstənin təcrübəsidir» deyə yazır.
Utah ştatının Murray şəhərində Intermountain Healthcare təşkilatında tibbi onkoloq Mark Lewis Lizin məqaləsini oxuyub yazının unikallığını belə yekunlaşdırıb: «Müəllif həkimlərin aldığı təhsillə xəstələrin bilməli olduqları arasındakı uçurumu araşdırır.»
Yazının şəfqət dolu, təsirli və yaddaqalan olmasını İngiltərənin Newcastle şəhərində palliativ baxım mütəxəssisi və "With the End in Mind: Dying, Death, & Wisdom" (Sonu dərk etmək: Ölmək, Ölüm və Müdriklik) kitabının müəllifi Dr. Kathryn Mannix daxil olmaqla onlarla oxucu təsdiqlədi.
O (@drkathrynmannix) məqalə barədə «Qatarda ağlayır ola bilərəm, amma buna dəydi,» tvitini yazdı. «Hər səhiyyə işçisi bu yazını oxumalı və düşünməlidir. Kömək etdiyimizi ümid etdiyimiz xəstələrin təcrübəsi haqqında HƏQİQƏTƏN nə bilirik?»
1 nömrəli sadə tövsiyə
Dr. Liz yazısına gənc həkim olarkən xəstələrə pis xəbər verməyin yaratdığı dərin narahatlıqları araşdırmaqla başlayır. «İlk dəfə üçün heç nə sizi hazırlamır» deyir. «Bu çətindir.»
Sonrakı illərdə narahatlığı səmərəlilik əvəz etdi.
«Süd vəzi cərrahı olduğum vaxtın yarısından çoxu klinikada keçdi və əksər günlər bir çox qadına süd vəzi xərçəngi olduğunu deyirdim. Tez-tez bir qadını sındıracağımı, parçalarını toplayacağımı, onu buraxıb prosesi təkrarlayacağımı hiss edirdim. Bu, adi hal oldu…» deyə yazır.
Təcrübəli şəxs kimi Liz bacarığını belə yekunlaşdırır: «İnsanlara xərçəng olduqlarını deməkdə yaxşı olduğumu düşünürdüm.»
İndi yanıldığının fərqindədir: «… masanın digər tərəfində olmayana qədər sözlərinizin necə təsir göstərdiyi barədə heç bir fikriniz yoxdur.»
Liz tez-tez etdiyi bir səhvə də toxunur: «Şişi kiçik olan qadınlara xərçəngi erkən tutduğumuz üçün “şanslı” olduqlarını deyirdim. Heç kim xərçəng olduğu üçün şanslı deyil.»
Xərçəng olduğunu öyrəndiyi anı xatırlayır.
«Dünyanın hər yerində əksər xəstələr kimi uzun xəstəxana dəhlizlərindən keçərkən çarəsiz halda qışqırmamaq, bağırmamaq və söyüş söyməmək üçün özümü saxlayaraq, həkim gözləyən hər kəsin qarşısından “utanc yürüşü” ilə keçməli idim.» deyir.
Bu Lizi «İlk sadə şey»ə gətirir: Xəstələri təhlükəsiz, doğru və dostyana məlumata yönləndirmək.
«Sevdikləri ilə baxa biləcəkləri faydalı kitabları, saytları, forumları və tətbiqləri tövsiyə edin, xəstəxanadan çıxanda hələ ehtiyac duyduqlarını bilmədikləri dəstəyi təmin edin.»
Bu zəhmətli səslənirsə, elə deyil, deyir Liz.
«Hazırkı xəstələrinizdən faydalı tapdıqları saytların siyahısını istəyin. İnanın mənə, çətin hissəni artıq sizin üçün həll edirlər» deyə açıqlayır.
Liz xərçəng haqqında məlumatlı olmaqla xərçəng təcrübəsini yaşamaq arasındakı fərqi vurğulayır!
Radioterapiyaya (bir çox xəstəni yönləndirsə də, özünün əvvəl görmədiyi proses) və sonra tamoksifen həblərinə ehtiyacı var idi.
«Menopauza yan təsirlərini araşdırırdım, “əksər qadınlar 6 ayda alışır” yazılmışdı. Kimi aldadırdım? Menopauza dəhşətli idi – bir gecədə oldu.» deyir Liz. Kömək üçün xərçəngli gənc analara hazırlanmış sayta və digər xəstələrə müraciət etmişdi.
- Əlaqəli mövzu: Zamanın dayandığı an: XƏRÇƏNG DİAQNOZU ALMAQ!
2 nömrəli sadə tövsiyə
«İkincisi, hər xəstənin residiv (xərçəngin təkrarlanması) əlamətlərinin nə olduğunu və narahat olduqda nə edəcəyini bildiyinə əmin olun.» deyə yazır Liz. Bu, ilk müalicə bitdikdən sonra yenə xəstələrə məlumat verməyi əhatə edir. Həmçinin hər izləmədə yenidən nəzərdən keçirilməlidir. Liz, «Bir çox xəstə xərçəngin illər sonra qayıda biləcəyini bilmir.» fikrinə toxunur.
«Xəstələr hər gün xəstəliyin təkrarlanması narahatlığı ilə mübarizə aparmalıdırlar.» deyir və məlumatın kömək edə biləcəyini əlavə edir. Həmçinin xəstələri izləmə görüntüləmələrinin nəticələrini gözləyərkən yaranan zehni əzab üçün işlədilən scanxiety (yoxlama skrininqi təşvişi) anlayışı ilə tanış etməyə inanır.
- Əlaqəli mövzu: Xərçəngin təkrarlanması qorxusu ilə mübarizə üçün 6 tövsiyə
3 nömrəli sadə tövsiyə
Xərçənglə yaşayan şəxs kimi Dr. Liz müalicədən sonrakı həyatın illik skrininqlərdən ibarət olmadığını bildirir. Lakin xərçəng cərrahı kimi «[xəstələrin] xəstəliklərinin təkrarlanmasını azaltmaq üçün işə qayıtmasını, idman etməsini və ya cinsi əlaqəyə girməsini heç düşünmədiyini» bildirir.
Bu 3 nömrəli sadə şeydir: Bu məsələləri həll edərək xəstələri yenidən yaşamağa təşviq edin.
«Xəstələrin 10 ilə qədər qəbul etdiyi dərmanların menopauza yan təsirlərindən yaranan libido itkisi, vaginal quruluq və ağrılı cinsi əlaqə insan münasibətlərini və həyatları məhv edə bilər. Xüsusilə gənc və subaysınızsa.» deyir Liz.
Əvvəlki özünün «xəstələri ilə süd vəzi xərçəngindən sonra cinsi əlaqə barədə heç danışmadığını» etiraf edir. «Bunun mənim işim olduğunu düşünmürdüm.» İndi mümkündürsə bunun həkimin məsuliyyəti olduğuna inanır.
- Əlaqəli mövzu: Cinsəllik haqqında xərçəng xəstəsi və həyat yoldaşının bilməli olduğu 5 şey
"Yaşadıqlarınızın, necə göründüyünüzün və gələcəkdə nələr ola biləcəyinin həqiqəti dərk olunmağa başlayanda təşviş, depressiya və travmadan sonrakı stres pozğunluğu (PTSD) aylar, hətta illər sonra ortaya çıxa bilər.» Liz fərqindəliyi də müdafiə edərək diqqət çəkir.
Əlavə səy göstərin – yorucu deyil, deyir Liz. «Xərçəng baxımını yaxşılaşdırmaq həqiqətən çox asandır və çox vaxt kiçik şeylər ən böyük fərqi yarada bilər. Sadəcə mütəxəssislərdən soruşmaq kifayətdir.»
Mənbələr
Reflections from a breast surgeon with breast cancer on how to improve cancer care.
ecancer, 12 Dec 2019
2. Three Simple Things to Improve Cancer Care - Medscape - Jan 15, 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.