Xərçəng xəstələrinə COVID-19 STRESİNİ AZALTMAQ üçün tövsiyələr

Bu məqalədə
COVID-19 adlandırılan yeni tip koronavirusun törətdiyi yoluxucu xəstəlik dünyanın yeni qeyri-müəyyənliklərlə üzləşməsinə səbəb olub. Bu bilinməyənlər təbii olaraq təşviş yaradıb.
Qorxu çox insani hissdir... Hamımız epidemiyaya görə az-çox narahatıq. Xərçəng xəstələri kimi ağır xəstəlikləri olanların bu prosesdə daha narahat olduğunu görə bilirik, lakin bu uzunmüddətli vəziyyəti idarə etmək yenə öz əlimizdədir. Vəziyyəti yaxşı təhlil etməli, qavramalı və onunla yaşamağı öyrənməliyik.
Bu çərçivədə hazırladığımız yazıda psixoloq Shelley Johnsa COVID-19 stresini idarə etmək üçün verilən sualları və cavabları tapacaqsınız.
Belə vaxtlarda insanlar stresə və ya anksiyeteyə, yəni narahatlığa məruz qaldıqlarını necə hiss edirlər?
Stres adətən həyatımızın dörd sahəsində özünü göstərir: hisslərimizdə, bədənimizdə, davranışlarımızda və düşüncələrimizdə.
Hazırda baş verən bütün hadisələrdə qorxu, narahatlıq, kədər, çaşqınlıq, məyusluq və qəzəb geniş yayılmış hisslərdir. Bəzi insanlar sosial məsafəyə görə tənhalıq hiss edə bilərlər. Belə halda hisslərimizi müşahidə edə, onları özümüzə etiraf etdikdən sonra hisslərimizi necə üstünlüyə çevirəcəyimizi seçə bilərik. Məsələn, COVID-19 qorxusu bizi virusdan qorunmaq üçün evdə qalmağa sövq edə bilər. Tənhalıq dostumuza zəng etməyə və ya uzaqda yaşayan ailə üzvləri ilə daha çox görüntülü söhbət etməyə inandıra bilər.
Stresin bədənimizə təsirini əzələ gərginliyi, baş ağrısı və ya adi haldan artıq yorğunluqla sezə bilərik. Xəbərlərə baxarkən ürək döyüntümüzün artdığını və ya sinəmizdə sıxıntı yarandığını hiss edə bilərik. Bir qədər təngnəfəslik və narahatlıq duya bilərik.
Bəzi davranış əlamətləri yuxu pozuntusu, əsəbi rəftar, iştaha dəyişiklikləri, dırnaq yemək, o tərəf-bu tərəfə gəzmək kimi hallarla özünü göstərə bilər. Stresli düşüncələrimiz «dünya bir daha heç vaxt əvvəlki kimi olmayacaq» qəlibini ehtiva edə bilər, lakin «bu, çox çətin dövr olsa da, hələ də müqavimət göstərə və buna uyğun yaşaya bilərəm» şəklində düşünməliyik.
Stres və narahatlıq xərçəngdən sağalmış və ya yaxın zamanda xərçəng diaqnozu almış şəxsin sağlamlığına necə təsir edir?
Dünyanın ən dözümlü / iradəli insanlarının bir qismi xərçəng xəstələridir. Çünki onlar diaqnoz anından etibarən arzuolunmaz reallıqlara və qeyri-müəyyənliklərə uyğunlaşmağın ustasıdırlar. Xərçəngli insanlar ölümə öz gözləri ilə baxıblar və yenə də necə irəliləyəcəklərini bilirlər.
Hazırda ən böyük narahatlıqlarımdan biri immun sistemləri onsuz da təhlükə altında olan xərçəng xəstələridir. Hamımızın indi yaşadığı uzunmüddətli stres immun sisteminə mənfi təsir göstərə bilər; xərçəngli şəxslərdə isə bu sistem onsuz da zəifdir. Məncə, xərçəng xəstələri kimi immuniteti zəifləmiş insanların COVID-19 təhlükəsi zamanı fiziki və emosional sağlamlıqlarını ən yüksək səviyyədə saxlamaq üçün fəal həyat sürmələri vacibdir. Fiziki sağlamlığın əsas strategiyaları məlumdur: sosial məsafəyə əməl etmək, əlləri tez-tez və düzgün yumaq, səthləri təmiz saxlamaq, hərarət və ya öskürək olduqda onkoloqla yaxud ilkin səhiyyə həkimi ilə əlaqə saxlamaq və s. Emosional sağlamlıq üçün tədqiqatlarla dəstəklənən müxtəlif stres idarəetmə bacarıqları tövsiyə edirəm.
Hansı bacarıqları tövsiyə edirsiniz?
Hamımızın edə biləcəyi bir şey bu təcrübə sayəsində necə insan olmaq istədiyimizə qərar verməkdir. Başqa sözlə, COVID-19 böhranı zamanı dərindən bağlı olduğunuz hansı dəyərləri həyata keçirmək istəyirsiniz?
Məsələn, başqalarına qarşı şəfqətli və səxavətli olmaq istəyirsinizmi? İnancınızı və ya yaxınlarda danışmadığınız dostlarla əlaqənizi dərinləşdirmək istəyirsinizmi? Stres zamanı yumor hissi olan biri kimi tanınmaq istəyirsinizmi? Qeyri-müəyyən dövrlərdə dəyərlərimizin hərəkətlərimizə istiqamət verməsinə imkan yaratmaq onların yolumuzu göstərən kompas olmasını təmin edə bilər.
Başqa tövsiyə sizi sabitləşdirən və enerjinizi boşaltmağa kömək edən bir məşğuliyyət tapmaqdır. Bu, dərin nəfəsalma, dua və ya fərqindəlik meditasiyası ola bilər. Fərqindəlik gələcək və keçmiş barədə düşüncələrə qapılmaq əvəzinə bu anda tam «oyaq» olmaqla bağlıdır. Fiziki fəaliyyət də stresdən azad olmağın sağlam yoludur və bu, sosial məsafəni qoruyaraq bir neçə yoqa hərəkətini sınamaq və ya sürətli gəzmək qədər sadə ola bilər. Başqalarına kömək üçün nəsə etmək də vacibdir. Hər kəs tək yaşayan birini tanıyır, ona görə telefonla həmin şəxslə yaxın əlaqə saxlamaq bu təcrübəyə hər iki tərəf üçün məna qata bilər. Həmçinin şükür etdiyimiz şeyləri yazmağı tövsiyə edirəm. Hər gün minnətdar olduğunuz üç konkret şeyin siyahısını hazırlamaq həyatın xərçəng və COVID-19-dan daha geniş olduğunu xatırlamaq üçün xoş üsul ola bilər.
Xəstələrə stres və narahatlığı idarə etməkdə kömək üçün gündəlik rejimə sadiq qalmağı məsləhət görürsünüzmü?
Qətiyyən bəli! Günümüz üçün sağlam rejim və proqramın olması həyatımıza müəyyən nəzarət etməyin bir yoludur. Məsələn, hər gün eyni saatda yatıb oyanmaq və mürgüləmə müddətini məhdudlaşdırmaq enerjini və normallığı qorumağa kömək edə bilər. Sağlam, müntəzəm qidalanmaq və alkoqol qəbulunu məhdudlaşdırmaq da vacibdir. Hər gün fiziki fəaliyyət üçün vaxt ayırmaq, hər kəsin bacardığı qədər, COVID-19 stresi zamanı dözümlü bədən yaratmağın başqa əla yoludur. Meditasiya, dua və əhvalı yaxşılaşdıran musiqi dinləmək kimi digər özünəqulluq strategiyaları da gündəlik proqrama daxil ola bilər.
- Əlaqəli mövzu: İncəsənət vasitəsilə xərçəng müalicələri
İnsanlara gündəmdən uzaqlaşmaq üçün nə etməyi tövsiyə edərdiniz?
Dəyərlərimizə əsaslanan məşğuliyyətlər seçmək qədər diqqəti yayındıran bir şey düşünmürəm. Məsələn, ailə üzvlərinizə mesaj göndərə, ailə şəkillərinizi nizamlaya və ya onlayn yeni nəsə öyrənə bilərsiniz. Xəstələrimdən biri evdə sıxılmış hiss etmək əvəzinə onlayn təhsil proqramından istifadə edib ispanca danışmağı öyrənmək üçün bu fürsətdən yararlanmağa qərar verdi. Hər gün planlı məşğuliyyətlərin olması bu son dərəcə qeyri-adi dövrdə normallıq hissimizi qorumağa kömək edə bilər.
İnsanlara lazımsız stres və narahatlıqdan qaçmaqda kömək üçün başqa tövsiyəniz varmı?
Hazırda faydalı saymadığım şey xəbərlərə və sosial mediaya həddindən artıq məruz qalmaqdır. Hamımız məlumatlı olmalıyıq, lakin həddən çox media istehlakı sıxıntını azaltmaq əvəzinə artıra bilər. Özüm xəbərlərə ayırdığım vaxtı gündə bir saatla məhdudlaşdırıram, çünki tədqiqatlar keçmiş ictimai səhiyyə böhranlarında insanların sosial media və xəbərlərlə qarşılaşdıqca daha narahat hiss etdiklərini göstərir. Xəbərlərə baxacağınız vaxtın bir hissəsini gülməli filmə və ya sevdiyiniz komediyaçıya ayırmağı düşünün.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.