Yuxunun sağlamlığa və uzunömürlülüyə təsiri

Bu məqalədə
Yuxu vərdişləri sağlamlığımızla sıx bağlıdır. Bir çox tədqiqat az və ya lazım olduğundan çox yatmağın sağlamlığımıza mənfi təsir etdiyini, hətta ölüm riskini artırdığını göstərir. Yuxunun ümumi sağlamlığa bu təsirində digər xəstəliklərin həm yaşam müddətinə, həm də yuxu müddətinə təsirlərinin də mühüm ola biləcəyi düşünülür.
Yuxu müddətinin və vərdişlərinin uzunömürlülüyə, başqa sözlə, yaşam müddətinə təsirlərini araşdıran böyük tədqiqatda 21 mindən çox əkiz 22 ildən artıq izlənilib. İştirakçıların əkiz olmasının səbəbi eyni mühitdə böyümələri və eyni genetik xüsusiyyətləri daşımaları idi. Beləliklə, yuxu müddətinin uzun ömrə təsiri daha etibarlı ölçülə biləcəkdi.
İştirakçı əkizlərə 22 illik izləmədə yuxu müddətləri;
- 7 saatdan az
- 7-8 saat arası
- 8 saat və daha çox), yuxu dərmanı istifadə edib-etmədikləri və yuxu keyfiyyəti barədə suallar verilib.
Tədqiqatda gecə 7 saatdan az və ya 8 saatdan çox yatanlarda ölüm riskinin %17 ilə 24 nisbətində artdığı müşahidə edilib. Həmçinin yuxu dərmanı istifadəsi ölüm riskini 3-də 1 nisbətində artırıb.
Bu tədqiqat uzun ömür üçün ideal yuxu müddətinin 7 ilə 8 saat olmalı olduğunu düşündürür. Lakin bu müddət şəxsin ehtiyaclarına görə (peşəsi, iş rejimi və ya digər ehtiyaclar) şəxsdən şəxsə dəyişə bilər.
Yuxu keyfiyyətinin də yuxu müddəti ilə sıx əlaqəli olduğu müşahidə edilib. Yuxu keyfiyyətinin REM yuxusu ilə birlikdə yuxunun funksiyası üçün ən vacib sayılan yavaş dalğalı yuxunun miqdarı ilə güclü əlaqəsi müəyyən edilib.
Tədqiqatda əvvəlki araşdırmaların ziddiyyətli nəticələrindən fərqli olaraq, yuxu dərmanı və ya sakitləşdirici istifadəsi ilə artmış ölüm riski arasında yüngül-orta səviyyəli əlaqə tapılıb.

Yuxu fərqli mərhələləri olan dinamik prosesdir
Yuxu insanlar və bir çox digər məməlilər üçün öyrənilən məlumatların işlənib yadda saxlanması və beynin dincəlməsi üçün zəruri, əvəzsiz haldır. Yuxunun müxtəlif mərhələləri var. Biri sürətli göz hərəkətləri REM (Rapid Eye Movements), digəri isə göz hərəkətlərinin olmadığı və ya yavaşladığı NREM (non-REM) dövrüdür. REM beynin gün ərzində öyrəndiyi məlumatları möhkəmləndirdiyi olduqca aktiv yuxu dövrüdür. Qeydə alınmış elektrik beyin dalğalarına görə REM dövründə beyin demək olar ki, gündüz qədər aktiv proses keçirərək ayırma, təmizləmə və yadda saxlama əməliyyatlarını aparır. Yuxular da bu vaxt görülür. Non-REM dövrü isə bədəni, hətta bədəndən çox beyni əsl dincəldən dərin yuxunu təmin edir. Əzələlərin yaxşı boşalıb dincəlməsi bu prosesdə olur. Bu dövr oyanana qədər təxminən hər 90 dəqiqədən bir davam edir (səhərə yaxın REM müddəti uzanır, non-REM isə qısalır).
Fərqli yuxu müddətləri üçün artmış risk daha çox və ya daha az yatmaqla əlaqəli ola bilər. Lakin başqa əsas amil də həm yuxu müddətində, həm də ölüm riskində dəyişiklik yarada bilər. Məsələn, ürək xəstəliyi keçirmiş şəxsdə bu xəstəlik həm yatdığı müddəti, həm də ölüm riskini dəyişdirə bilər.
Tədqiqatlar müntəzəm olaraq gecə 7 saatdan az yatanlarda ürək-damar, endokrin (hormonal xəstəliklər), immun və sinir sistemlərinə mənfi təsirlər ola biləcəyini göstərir. Həmçinin yuxusuzluq qidalanma dəyişikliyi, siqaret və alkoqol kimi mənfi vərdişləri artıraraq piylənmə, diabet, yüksək təzyiq, ürək xəstəlikləri, təşviş, depressiya kimi ciddi xəstəliklərə səbəb ola bilər.
Yuxu ümumi sağlamlığın göstəricisi sayılmalıdır
Daha az və ya çox yuxu ilə ölüm riski arasında mürəkkəb əlaqə var. Buna görə yuxu müddətinizdə izah edə bilmədiyiniz dəyişikliklər varsa, bunu ciddi qəbul etməli və həkiminizlə danışmalısınız.
Xülasə olaraq, yetərli müddət və keyfiyyətdə yatmaq sağlamlığımıza və yaşam müddətimizə müsbət töhfə verir. Bununla yanaşı, ehtiyacı qarşılamayan keyfiyyətsiz yuxu sağlamlığımıza və yaşam müddətimizə zərərli təsir göstərə bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.