4. mərhələ melanomada hər 2 xəstədən biri kombinə immunoterapiya ilə ən az 5 illik ömür əldə etdi

Bu məqalədə
4. mərhələli bədxassəli melanomadaməyusluğumuzu ümidə çevirən immunoterapiya tədqiqatının nəticəsi, ESMO 2019 Konqresində və eyni zamanda NEJM-də dərc edildi. 10 il əvvəl 20 xəstədən yalnız biri 5 illik sağqalım əldə etdiyi halda, nivolumab (Opdivo) + ipilimumab (Yervoy) kombinə immunoterapiyası ilə bu göstəricinin % 50-ni aşması hamımızın üzünü güldürdü. ESMO 2019 görüşündə CheckMate 067 tədqiqatından yeni sağqalım məlumatları təqdim edildi.
Bu, xərçəng tarixində böyük inkişafdır! Nivolumab üstəgəl ipilimumab kombinasiyası klinik praktikada yalnız melanoma xəstələri üçün deyil, həm də böyrək xərçəngi və müəyyən növ yoğun bağırsaq xərçəngi xəstələri üçün mühüm yer tutur.
İrəli mərhələli melanoma müalicəsində köklü dəyişiklik
İpilimumab (Yervoy) 2011-ci ildə FDA təsdiqi alaraq xərçəngdə istifadəyə daxil olmuş ilk immun nəzarət nöqtəsi növü immunoterapiya olmuşdur. Daha sonra 2014-cü ildə pembrolizumab (Keytruda) və nivolumab (Opdivo) daha təsirli və daha az yan təsirlə təsdiqlənmişdir. Bu mühüm inkişaf, 2018 Nobel Tibb Mükafatınında mövzusu olmuşdur. İndi isə nivolumab və ipilimumab kombinasiyasının gözlənilən uzunmüddətli nəticələri melanoma və digər xərçəngli xəstələr üçün "fantastik irəliləyiş" ortaya qoydu.
Nivolumab və ipilimumab kombinasiyası nivolumab və ya pembrolizumabın tək istifadəsindən daha güclüdür; daha yüksək cavab göstəricisi və daha çox yan təsiri var. Lakin hansı xəstələrin kombinə immunoterapiyadan ən çox fayda görəcəyini proqnozlaşdırmaq üçün hazırda dəqiqləşmiş üsul yoxdur; bu barədə onkoloqun təcrübəsi və beyin metastazı kimi xüsusi vəziyyətlərin mövcudluğu ilə xəstə və ailəsi birlikdə qərar verməlidir.
CheckMate 067 nəticələri
CheckMate 067 tədqiqatında metastatik melanomalı 945 xəstə təsadüfi 3 qola təyin edildi:
- ipilimumab və nivolumab 314 xəstə,
- yalnız nivolumab 316 xəstə və
- yalnız ipilimumab 315 xəstə.
5 illik ümumi sağqalım göstəriciləri nivolumab və ipilimumab kombinasiyası üçün % 52, nivolumab üçün % 44, ipilimumab üçün % 26 idi.
Tədqiqatın digər nəticələri belədir:
- 5 illik proqressiyasız (irəliləməsiz) sağqalım göstəricisi kombinasiya üçün % 36, yalnız nivolumab üçün % 29, yalnız ipilimumab üçün % 8 tapıldı.
- Obyektiv cavab göstəricisi kombinasiya alan xəstələrdə % 58, yalnız nivolumab alanlarda % 45, yalnız ipilimumab alanlarda % 19 tapıldı.
- Müalicəsiz interval, xəstələr üçün mühüm nəticədir.
Kombinə immunoterapiya alan xəstələr üçün müalicəsiz interval ən uzun idi:
- kombinasiyada 18.1 ay, yalnız nivolumabda 1.9 ay, yalnız ipilimumab üçün 1.8 ay.
- Kombinasiya alan xəstələrin dörddə üçü (% 74) 5 ilin sonunda sağ və müalicəsiz idi; bu göstərici yalnız nivolumab alanların % 58-dən və yalnız ipilimumab alanların % 45-dən əhəmiyyətli yüksək idi.
- Müəlliflər 5 ildən sonra heç bir yeni təhlükəsizlik siqnalı (yan təsir) və ya müalicə ilə bağlı ölüm bildirilmədiyini qeyd etdilər.
Beyin metastazlarına qarşı effektivlik
Nivolumab və ipilimumab kombinasiyası xüsusilə beyin metastazı olan melanomalı xəstələr üçün üstün tutulan müalicə üsuludur. Kombinasiya müalicəsi alanlarda beyin metastazının cavab göstəricisi % 51, yalnız nivolumab alanlarda % 20 idi. Kombinasiya alanlarda beyin metastazının tam və qismən cavab göstəriciləri də yüksək idi. Tam və qismən cavab nivolumab alanlarda müvafiq % 16 və % 4 olduğu halda kombinasiya alanlarda müvafiq % 26 və % 26 idi. Üç illik beyin metastazı proqressiyasız sağqalım göstəricisi kombinasiyadakı xəstələrdə % 43, yalnız nivolumab istifadə edənlərdə % 15 idi.
Nəticə olaraq, immunoterapiyalar 10 ildən qısa müddətdə mübahisəsiz onkologiyanın taleyini dəyişdi. Əlbəttə, daha qənaətbəxş müalicə nəticələri üçün gediləsi çox yol var, lakin bu yeni xərçəng dərmanı qrupunun uzunmüddətli və qalıcı nəticələrini ən aydın melanomada gördük.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.