Bəzi işlər xərçəng riskini artıra bilər - Özünüzü qorumaq üçün məsləhətlər

Bu məqalədə
Bəzi işlərdə radiasiyaya və ya müxtəlif kimyəvi maddələrə daha çox məruz qalındığı üçün işçilərdə xərçəng riski də artır.
Dünyanın müxtəlif yerlərində fərqli iş mühitlərində məruz qalınan kanserogenlərin (xərçəng yaradan maddələrin) miqdarı və növləri dəyişsə də, araşdırmalar bütün xərçənglərin təxminən %4-nün iş mühitində məruz qalınan kanserogenlərə görə yarandığını düşündürür. Bu barədə tədbir görən ölkələrdə iş mənşəli xərçənglər illər ərzində azalır.
Hansı işlər riski artırır?
Müəyyən növ işlər daha yüksək risk daşıyır. Məsələn:
- Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq - günəşə və ya bəzi kənd təsərrüfatı kimyəvi maddələrinə çox məruz qalma bu riski artıra bilər.
- Tikinti və boyama - asbestə məruz qalma, çox günəş, silikon, dizel mühərriki qazları, kömür məhsulları, boyalar, tiner-skipidar kimi durulaşdırıcılar və ya yonqar bu riski artıra bilər.
- İstehsal və mədən sənayesi - fosil yanacaqlara (mineral yağlar, kömür məhsulları, benzol və dizel mühərriki qazları kimi), asbestə, silikona, həlledicilərə və ya günəşə həddindən artıq məruz qalma riski artıra bilər.
- Xidmət sənayesi - günəşə çox məruz qalma, passiv siqaretçəkmə və ya dizel mühərriki qazları riski artıra bilər. Bu nümunələrdəki kimi bəzi kimyəvi maddələrə müntəzəm məruz qalmaq şəxslərdə xərçəng yaranma riskini artıra bilər. İlk görülməli tədbirlər bunlardır:
- Qanunla bu kimyəvi maddələr təhlükə xəbərdarlıqları daşımalıdır,
- İstifadələrinə mütləq nəzarət edilməlidir,
- Əməyin təhlükəsizliyi çərçivəsində qaydalar hazırlanmalıdır.
Asbest nədir, xərçəngə necə səbəb olur?
Asbest keçmişdə binaları izolyasiya etmək üçün istifadə olunan təbii material idi. Yanmaya davamlı olduğu üçün üstünlük verilən, çox kiçik liflərdən ibarət bu maddə nəfəs ilə qəbul edildikdə mezoteliomaya (ağciyər pərdəsi xərçənginə), ağciyər, qırtlaq və yumurtalıq xərçənglərinə səbəb ola bilər.
Üç növ asbest var: amosite (qəhvəyi asbest), crocidolite (mavi asbest) və chrysotile (ağ asbest). Hər üçü sağlamlığa zərərlidir, lakin qəhvəyi və mavi asbest daha zərərlidir; çünki onların lifləri daha qısa-itidir və bədən tərəfindən parçalanması daha çətindir.
Bütün asbestlərin istifadəsi 1980-ci illərdən etibarən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bütün dünyada qadağan edilsə də, keçmişdə asbestlə işləmiş və ya asbest tərkibli binalarda yaşayan insanlar hələ risk altındadır.
İşlədiyiniz və yaşadığınız mühitdə özünüzü xərçəngdən qorumaq üçün məsləhətlər:
Yayda açıq havada çalışanlar günəşin UV şüalarının zərərli təsirlərini azaltmaq üçün bunları edə bilər:
- İş vaxtınızı xüsusilə günorta saatlarında kölgədə keçirməyə çalışın.
- Geyimlə qorunun; üzünüzü və boğazınızı qoruyan papaq taxın, həmçinin uzunqollu nazik geyim və günəş eynəyi istifadə edin.
- Boya, toz, yonqar və kənd təsərrüfatında pestisidlərə məruz qalmanı minimuma endirmək üçün maska və qoruyucu geyimlər istifadə edin və əllərinizi tez-tez yuyun.
- 30 faktorlu qoruyucu günəş kremindən istifadə edin və onu müntəzəm tətbiq edin.
Növbəli iş və xərçəng müəmmması
2007-ci ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi [International Agency for Research into Cancer (IARC)] gecə növbələrində işləməyin xərçəng riskini - xüsusilə süd vəzi xərçəngi riskini- artıra biləcəyini açıqlamışdı. Daha sonra 2016-cı ildə 1.4 milyon şəxsi əhatə edən başqa araşdırma növbəli işin xərçəng riskinə əhəmiyyətli təsir etmədiyi nəticəsini açıqladı. Lakin nəticələri yanvar 2018-də dərc olunan və indiyə qədər bu barədə aparılmış 61 araşdırmanı əhatəli qiymətləndirən meta-analiz gecə növbəli işin süd vəzi, dəri və uşaqlıq xərçəngi riskini əhəmiyyətli artıra biləcəyini və bu artımın ən aydın növbəli işləyən tibb bacılarında və süd vəzi xərçəngi üçün olduğunu açıqladı. Bu risk artımının bir çox mümkün səbəbi sadalansa da, sirkadiyal ritmdə, melatonin hormonundavə yuxuda nizamsızlıq ilk ağla gələnlərdir.
Dəqiq nəticə ortaya qoymayan ardıcıl araşdırmalardan sonra hələlik növbəli işləyən qadınlara tövsiyələrimiz bütün digər qadınlarla eynidir:
- Alkoqol miqdarını azaltmaq, aktiv olmaq və sağlam çəkidə qalmaq süd vəzi xərçəngi riskini azaltmağa kömək edir.
- Süd vəzi xərçəngi daxil olmaqla digər xərçənglərin əlamətlərini öyrənmək və erkən diaqnostika üçün xərçəng skrininqlərindən keçmək çox mühümdür.
Mənbələr
Cancer Research UK webpage - cancerresearchuk.org
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.