Pestisid nədir? Sağlamlığa zərərlidirmi, xərçəng riski yaradırmı?

Bu məqalədə
Pestisid nədir?
Pestisid, zərərvericilərə nəzarət üçün istifadə edilən hər hansı agenti və ya texnikanı əhatə edən ümumi termindir. Burada zərərverici dedikdə insanların qida mənbələrinə və məhsullarına zərər verən, xəstəlik yayan həşəratlar, göbələklər, alaq otları, molyusklar və qurdlar nəzərdə tutula bilər. Pestisid kimyəvi maddəni, virus və ya bakteriya kimi bioloji agenti, dezinfektantı və ya hər hansı digər tətbiqi əhatə edir.
Pestisidlərin növləri hansılardır?
Təsir etdikləri zərərvericilərə görə adlandırılırlar.
- Antimikroblar: bakteriya və viruslara qarşı,
- Funqisid: göbələklərə qarşı,
- Herbisid: arzuolunmaz otlara qarşı,
- İnsektisid: həşəratlara qarşı,
- Mollusisid: molyusklara qarşı,
- Akarisid: gənələrə qarşı və
- Rodentisid: gəmiricilərə qarşı pestisidlərdir.
Pestisidlər yalnız kənd təsərrüfatında deyil, evlərdə/binalarda həşəratöldürücü və dərmanlama məqsədilə də istifadə edilir. Yəni pestisidlərə yalnız kənd təsərrüfatı dərmanları ilə məruz qalındığı fikri yanlışdır.
Pestisid istifadəsinin faydaları mübahisəsizdir, lakin insan və heyvanlar üçün potensial zərərləri də gözardı edilməməlidir.
Pestisidlərin zərərləri şişirdilirmi? Pis şöhrətləri haradan gəlir?
Arsen və kükürd pestisid kimi istifadə edilmiş ilk maddələrdir. Sonra xrizantemadan alınan piretrum (pyrethrum) kimi bitki mənşəli maddələr istifadəyə daxil oldu. 20-ci əsrin əvvəlində civə və qurğuşun tərkibli pestisidlər işlədilməyə başlandı. 1939-cu ildə isveçrəli kimyaçı Paul Mueller bütün dövrlərin ən məşhur pestisidi DDT-ni müəyyənləşdirdi və Dixlorodifenil Trixloroeta 1942-ci ildə bazara çıxaraq sürətlə yayıldı. 2-ci Dünya müharibəsində sinir qazı tədqiqatları nəticəsində orqanofosforlu insektisid parathion tapıldı və 1943-cü ildə bazara təqdim edildi... Diqqət etsək, əvvəllər pestisid məqsədilə istifadə edilən maddələrin bir hissəsi (arsen, civə, qurğuşun və DDT kimi) zəhərli, sonradan xərçəng yaratdığı aşkarlanan maddələrdir. Buna görə pestisidlərin çox pis şöhrəti var. Keçmişdə işlədilən bir çox pestisidin istifadəsi hazırda qadağandır.
Pestisidlər haqqında başqa maraqlı məlumat yetkinlərdə intihar cəhdlərində onların ilk sıralarda olmasıdır. İngiltərədə 1994-cü ildə aparılmış tədqiqatda pestisid istifadəsinə bağlı ölümlərin %73-nün səbəbinin pestisid içərək intihar cəhdi olduğu aşkarlanmışdır. Türkiyədə zəhər araşdırma və məsləhət mərkəzlərinin məlumatlarına görə pestisid zəhərlənmələri (%7-10) insanlarda istifadə olunan tibbi məhsullarla zəhərlənmələrdən (%65-70) sonra ikinci yerdədir.
Hazırda geniş istifadə edilən pestisidlər hansılardır?
Kənd təsərrüfatında ən çox istifadə olunan həşəratöldürücü orqanofosfatlar xlorpirifos və asefatdır, ev və bağ üçün ən geniş yayılanlar isə karbaril, asefat və piretroidlərdir.
Dünyada çoxlu herbisid qeydiyyatdadır, lakin kənd təsərrüfatında ən çox istifadə edilən 5-i;
- Qlifosat,
- Atrazin,
- Metolaxlor-S,
- 2,4-Dixlorofenoksisirkə (2,4-D) turşusu və
- Fumiqant dixloropropendir.
Pestisid istifadəsi xərçəng riski daşıyırmı?
Pestisid məruzqalmasının sağlamlığa mənfi təsirləri barədə narahatlığı və həm peşə, həm də yaşayış yerlərində istifadə ilə xərçəng arasında əlaqə olub-olmadığını araşdırmaq üçün əhali müşahidəsinə əsaslanan epidemioloji tədqiqatlar aparılmışdır.
Dünyada çox geniş sahədə zərərvericilərə nəzarət üçün istifadə edilən pestisidlərə dair əhali müşahidəsi məlumatları fərqli pestisid növlərinin uşaqlarda və yetkinlərdə müəyyən xərçənglərlə əlaqəli olduğunu irəli sürür. Xüsusilə hamiləlik zamanı yaşanılan məkanlar (evlər, binalar və yaşayış kompleksləri) vasitəsilə pestisidlərə məruzqalma uşaqlıq dövrü xərçəngləri ilə əlaqəlidir. Yaşayış yerlərində pestisid məruzqalmasının yetkinlərdə xərçəngə səbəb olub-olmadığı isə aydın deyil.
- Əlaqəli mövzu: Evlərdə istifadə edilən həşərat dərmanları uşaqlar üçün xərçəng riski daşıyır
Pestisid istifadəsi kənd təsərrüfatı işçiləri üçün daha yüksək xərçəng riski yaradır kimi görünsə də, bu, istifadə olunan pestisidin növündən, məruzqalma müddətindən, dozasından və əlaqəli xərçəng növündən asılıdır. Pestisid istifadəsinin yüksək olduğu kənd təsərrüfatı ərazilərində xərçəng riskinə dair araşdırmalar qarışıqdır; bəziləri yüksək pestisid istifadə edilən bölgələrdə əlaqə göstərsə də, digərlərində əlaqə tapılmır.
Alaqöldürücü kimi tez-tez istifadə edilən pestisid qlifosat (geniş tanınan ticarət adı Roundup), 2017-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən potensial kanserogen siyahısına daxil edilmişdir.
Xülasə
Pestisid məruzqalmasının yeganə mənbəyi kənd təsərrüfatı istifadəsi deyil, yaşayış yerlərində də çox fərqli yollarla pestisidlərə və digər kimyəvi maddələrə (məsələn, ləkəçıxarıcılara) məruz qalırıq. Kənd təsərrüfatında pestisid istifadəsinin xərçənglə əlaqəsi aydın deyil. Bununla belə, xüsusilə kənd təsərrüfatı işçilərinə və ailələrinə pestisid məruzqalmasını minimuma endirmək üçün ciddi tədbirlər görmək tövsiyə edilir. İstehlakçı olaraq biz də qidaları yeməzdən əvvəl yaxşı yumalıyıq. Yaxşı yuma tələbi orqanik qidalar üçün də keçərlidir.
- Əlaqəli mövzu: Xərçəng yaradan maddə nə vaxt xərçəng yaradır?
Mənbələr
WHO IARC website
2. Mei Chen, PhD, MS, Chi-Hsuan Chang, MSc, Lin Tao, PhD.
Residential Exposure to Pesticide During Childhood and Childhood Cancers: A Meta-Analysis.
Pediatrics. 2015 Sep 14
3. California to list herbicide as cancer-causing.
reuters.com
4. Why we use pesticides.
United States Environmental Protection Agency website. epa.gov
Updated June 2017. Accessed November 15, 2017.
5. Omidakhsh N, Ganguly A, Bunin GR ve rk.
Residential pesticide exposures in pregnancy and the risk of sporadic retinoblastoma: a report from the Children's Oncology Group.
Am J Opthalmol. 2017
6. Türkiye'de Pestisit Zehirlenmeleri
Cengiz Gökbulut
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.