Oraq hüceyrəli anemiyanın müalicəsi üçün ilk dəfə bir dərman FDA təsdiqi aldı!

Bu məqalədə
15 Noyabr 2019-cu ildə ABŞ Qida və Dərman İdarəsi (FDA), oraq hüceyrəli anemiya xəstəliyi olan 16 yaş və yuxarı böyüklərdə və uşaqlarda, vazooklüziv (damar tıxayıcı) böhranların tezliyini azaltmaq üçün crizanlizumab-tmca (Adakveo) adlı monoklonal anticisim quruluşlu dərmanı təsdiqlədi.
52 həftəlik, randomizə olunmuş, çoxmərkəzli, plasebo nəzarətli, ikiqat kor bir klinik tədqiqat olan SUSTAIN-də oraq hüceyrə xəstəliyi olan 198 xəstədə effektivlik qiymətləndirildi. Xəstələr 30 dəqiqə ərzində venadaxili verilən crizanlizumab-tmca 5 mg/kg (67 xəstə), crizanlizumab-tmca 2.5 mg/kg (66 xəstə) və ya plasebo (65 xəstə) almaq üçün 3 qola randomizə edildi (təsadüfi təyin edildi). 0., 2. həftədə və sonra hər 4 həftədə bir tətbiq edildi. Randomizasiya əvvəlki hidroksiurea istifadəsinə (var və ya yox) və əvvəlki 12 ayda vazooklüziv böhran sayına görə təbəqələndirildi.
Tədqiqatın ölçmək istədiyi birincili effektivlik nəticəsi xəstənin xəstəxanaya müraciətinə səbəb olan illik median kəskin vazooklüziv böhran (VOK) göstəricisi idi.
5 mg/kg crizanlizumab-tmca alan xəstələrdə plasebo alanlara nisbətən median illik VOK göstəricisi daha aşağı idi (1.63 qarşı 2.98). Oraq hüceyrə xəstəliyinin genotipindən və/və ya hidroksiurea istifadəsindən asılı olmayaraq xəstələr arasında VOK tezliyinin azalması müşahidə edildi. Crizanlizumab-tmca 5 mg/kg ilə müalicə edilən xəstələrin %36-nin, plasebo qolundakıların isə %17-nin VOK keçirmədiyi bildirildi. Tədqiqatın başlanmasından ilk anemiya böhranına qədər median müddət crizanlizumab-tmca 5mg/kg və plasebo qolunda müvafiq olaraq 4.1 qarşı 1.4 ay idi.
Crizanlizumab-tmca alan xəstələrdə ən çox (>% 10) görülən yan təsirlər ürəkbulanma, artralgiya, bel ağrısı və pireksiya (qızdırma) idi.
Tövsiyə olunan doza, 0., 2. həftədə və sonra hər 4 həftədə bir 30 dəqiqə ərzində venadaxili 5 mg/kg-dir.
Oraq hüceyrəli anemiya nədir?
Oraq hüceyrəli anemiya hemoliz (qan hüceyrələrinin parçalanması) və vazooklüziya ilə xarakterizə olunan və ən çox rast gəlinən irsi eritrosit (qırmızı qan hüceyrəsi) xəstəliyiolan xəstəlikdir. Eritrositlərin oraqlaşması kapilyar səviyyəsində tıxanmaya, beləliklə toxumaya qan axınının azalmasına və nəticədə infarkta, xroniki hemolizə, xroniki iltihaba və orqan disfunksiyasına gətirir. Kəskin və xroniki əlamətləri yaşla artır və bu ağırlaşmalar erkən həyat itkisinə səbəb olur. OHA müalicəsinin idarə edilməsi həm pediatrik, həm də yetkin xəstələrdə ətraflı və multidissiplinar yanaşma tələb edir. Təkrarlanan vazooklüziv böhranların qarşısının alınmasında, crizanlizumab-tmca'ya qədər hidroksiurea istifadə olunan yeganə müalicə seçimi idi. Xroniki qan köçürülməsinin birincili və ikincili insult riskinin və təkrarlanan kəskin döş qəfəsi sindromunun qarşısını almaqda effektivliyi göstərilmişdir. Pediatrik xəstələrdə infeksiyalar ən mühüm həyat itkisi səbəbidir və penisilin profilaktikası, xüsusilə kapsullu bakteriyalara qarşı uyğun peyvənd protokolları həyati əhəmiyyət daşıyır. Hematopoetik kök hüceyrə transplantasiyası məlum olan yeganə sağaldıcı müalicədir və seçilmiş yüksək riskli pediatrik xəstələrdə %85-90 uğur göstəricisinə malikdir.
Crizanlizumab-tmca-nın təsir mexanizmi necədir?
Crizanlizumab Novartis tərəfindən hazırlanmış və P-selektin adlı hüceyrə səthi molekulunu hədəfləyən monoklonal anticisimdir. P-selektin trombositlərdə və damarların daxili divarını örtən endotel qatındakı epitel hüceyrələrində çox olur. Crizanlizumab P-selektinə bağlanaraq qan hüceyrələrinin və oraq hüceyrəli eritrositlərin endotel hüceyrələrinə yapışmasını əngəlləyir.
Video: Crizanlizumab-tmca-nın təsir mexanizmi və SUSTAIN tədqiqatı
Mənbələr
fda.gov - 15 Nov 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.