Xərçəng və müalicəsi zehni-koqnitiv funksiyalara təsir edirmi?

Bu məqalədə
Kimyaterapiya alan şəxslərdə müxtəlif dərəcədə zehni funksiyaların azalması tez-tez görülür; kimyəvi beyin adlanan bu vəziyyət diqqət itkisi, konsentrasiya pozuntusu, işçi yaddaş və məntiqi düşünmə funksiyasının pozulmasını əhatə edir. Zehni funksiyaların azalması qalıcı və ya keçici ola bilər. Xərçəng xəstələrində bu problemə görə ilk növbədə kimyaterapiya günahlandırılsa da, Dr. Tim A. Ahles və həmkarlarının tədqiqatında bir çox amilin bu prosesdə zehni funksiyalara təsir etdiyi görülmüşdür.
Dr. Ahles və həmkarlarının xəstələrdə müalicədən əvvəl və sonrakı zehni dəyişiklikləri ehtiva edən neyropsixoloji vəziyyəti, beyin görüntüləməsini, genetik bazanı və heyvan tədqiqatlarını araşdırdıqları işə görə yaş, hormon müalicəsi (təkbaşına və ya kimyaterapiya ilə birlikdə), cərrahiyyə, ona bağlı ümumi anesteziya, şüa müalicəsi, doza, vaxt və xərçəngin özünün zehni funksiyalara təsir etdiyi görülmüşdür.
Bu halda xərçənglə əlaqəli zehni funksiyaları kimyəvi beyin adlandırmaq bəlkə də yanlış və ya natamam ifadədir.
Süd vəzi xərçənginin müalicəsində istifadə edilən tamoksifen və ya anastrozol kimi hormonbasqılayıcı dərmanlar orqanizmdə estrogen səviyyəsini sürətlə və effektiv dəyişir. Bəzi qadınlarda zehni funksiyalar yalnız kimyaterapiyadan çox təsirlənməsə də, hormon müalicəsi və ya ikisi birlikdə təsir edə bilər.
Bu sahədə tədqiqatların başqa təəccüblü tapıntısı süd vəzi xərçəngi olan şəxslərin müalicədən əvvəlki ilkin qiymətləndirmələrində zehni funksiyalarının gözləniləndən aşağı olmasıdır. Bu, xərçəngin birbaşa öz təsirinin olduğunu düşündürür.
Bunlarla yanaşı genetik amillər də zehni funksiyalara təsir edir. Məsələn; DNA təmir mexanizmləri sayəsində bir çox genetik amil və zədə təmir edilir; DNA təmir mexanizmi zəif olanların xərçəngə meyli daha yüksəkdir. Eyni zamanda Alzheimer və ya Parkinson xəstəliklərinin görülmə ehtimalı da artır. Yəni əsas genetik pozuntu nəticəsində həm xərçəng, həm də zehni funksiya pozuntusu yaradan xəstəliklər inkişaf edə bilər.
Marağınızı çəkə bilər:
Depressiya, stress, anksiyete, hətta yuxu pozuntusu və yorğunluq kimi fiziki amillər də zehni funksiyalara təsir edir. Əvvəlki tədqiqatlara baxdıqda süd vəzi xərçəngi müalicəsi alan şəxslərin %17-75 kimi geniş aralıqda zehni funksiya pozuntusu yaşadığı görülür. Tədqiqatlar arasında belə böyük fərqin səbəblərindən biri bəzi işlərdə depressiya, narahatlıq və stress kimi psixososial vəziyyətlərin nəzərə alınmamasıdır.
Zehni funksiyalara dair tədqiqatların çoxu qadınlar və süd vəzi xərçəngi haqqındadır. Bunlardan əldə edilən məlumatları digər xərçənglərə və müalicələrə nə qədər aid etmək mümkün olduğu tam aydın deyil. Lakin prostat xərçənginin müalicəsində istifadə edilən testosteron hormonunun basqılanması (androgen ablasiya) müalicəsinin də zehni funksiyalara təsir etdiyi düşünülür. Çünki qadınlarda estrogen kimi kişilərdə testosteron da zehni funksiyalar üçün vacibdir. Estrogen şifahi və yazılı yaddaş bacarıqlarında təsirli olduğu halda, testosteron vizual və məkan (3 ölçülü) bacarıqları üçün mühümdür.
Ən çox rast gəlinən problemlər
Demək olar ki, bütün xəstələr qısamüddətli yaddaş itkisindən şikayət edir. Lakin onların qısamüddətli yaddaşını test etdikdə olduqca normal olduğunu müşahidə edirik.
Koqnitiv ehtiyatı daha geniş olan yüksək təhsilli insanların kimyaterapiya və ya travmadan daha az təsirləndiyi də görülmüşdür.
Cins fərqləri
Bu sahədə tədqiqatların çoxu süd vəzi xərçənginə aid olduğundan kişilərdə təsirlənmə faizini dəqiq müəyyən etmək çətindir. Lakin limfoma, leykoz və prostat xərçəngi üzrə bəzi tədqiqatlarda kişilərin də zehni funksiyalarının təsirləndiyi görülmüşdür.
Riskin qiymətləndirilməsi
Zehni funksiyaların azalmasının kimlərdə daha çox olduğu və necə qoruna biləcəyimiz barədə hələ aydın məlumatımız olmasa da, azalmanın mexanizmi, kimlərin daha yüksək risk altında olduğu və hansı nisbətdə görüldüyü hazırkı araşdırma mövzularındandır.
Xərçənglə əlaqəli zehni funksiyaların azalması necə müalicə edilir?
Bəzi tədqiqatlarda yaddaşın gücləndirilməsi, diqqət pozuntusu və yuxusuzluq baxımından modafinilin müsbət təsirləri görülmüşdür. Həmçinin medilfenidatın da yaddaşı gücləndirmək və konsentrasiyanı artırmaqda effektiv olduğu görülmüşdür. Onlayn beyin məşqləri üzrə tədqiqatlarda isə ümidverici nəticələr alınmışdır.
Yüksək keyfiyyətli qabaqcıl görüntüləmə üsullarının istifadə edildiyi, müalicədən əvvəl və sonrakı zehni aktivlik dəyişikliklərinin müşahidə olunduğu tədqiqatlar davam edir. Hazırda qəti klinik yanaşmalar olmasa da, gələcəkdə klinik qulluğa daxil ola biləcək irəliləyişlərə ümid edilir.
Mənbələr
How Cancer and Its Treatments Affect Cognitive Function.
The ASCO Post - ascopost.com – 2016 Feb
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.