Xərçəng xəstələrinin yalnız texnologiyaya deyil, yaxşı qulluğa da ehtiyacı var

Xərçəngi ən yeni dərman və texnologiyalarla müalicə etməyin xərci hər gün artır. Hətta inkişaf etmiş ölkələr bu xərcləri qarşılaya bilməyəcəkləri narahatlığını bölüşürlər. Eyni zamanda bu yeni müalicələrin yaşam müddətini yüksək qiymətləri qədər artırıb-artırmadığını da müzakirə edirik. Bütün bunlarla yanaşı, inkişaf etmiş ölkələrdə yeni dərman və texnologiyaların hazırlanmasına sərf edilən səyin çox az hissəsi xəstələrin daha yaxşı qulluq / səhiyyə xidməti almasına sərf olunur; halbuki xəstəyə yaxşı dəstəkləyici qulluq tətbiq etmək yaşam müddətinə və həyat keyfiyyətinə xərçəng dərmanları qədər töhfə verə bilir. Bəzi şeyləri ciddi şəkildə gözdən qaçırırıq…
Xərçəng müalicəsi imkanı əldə etmək üçün ümidlə (ümidsizcəsinə) gözləyən xəstə
Bizim də daxil olduğumuz səhiyyəsi inkişaf etmiş ölkələrin xərçəng tibbindəki problemlərini kənara qoysaq, Nigeriya, Malayziya, Hindistan və əksər digər aşağı və orta gəlirli ölkələrdə yüzlərlə insanın xərçəng həkimini görmək üçün küçələrdə növbə ilə gözlədiyi tez-tez görülür. Bu bölgələrdə xərçəng müalicəsində əsasən kimyaterapiya istifadə olunduğu halda, radioterapiya və əməliyyat çox tətbiq olunmur. Əslində, aşağı gəlirli ölkələrdə insanların %90-nın əsas radioterapiyaya belə çıxışı yoxdur.
Orta və aşağı gəlirli ölkələr üçün xərçəng müalicəsində texnologiyaya yönəlmiş yanaşmaların zərəri faydasından çox ola bilərmi?
Xərçəng tibbi siyasətlərini qiymətləndirmək üçün son 15 ildir 40 ölkədən ondan çox klinik tədqiqatçı qrupu iş aparır. Alınan məlumatlar qısaca bunu göstərir: onkologiya ilə məşğul olan bütün tərəflər (tədqiqatçılar, həkimlər, siyasətçilər və xəstəyə qulluq icmaları) təhsilə və işçi heyətinə diqqət yetirməli, bununla hər xəstəyə doğru zamanda düzgün qulluq təmin edilməlidir.
Böyüyən problem
Hər il yeni diaqnoz qoyulan xərçənglərin sayı artır. On il əvvəl dünyada 12.7 milyon insan xərçənglə yaşayırdı və bunun təxminən 290 milyard dollarlıq iqtisadi təsiri vardı. 2030-a qədər 21.7 milyon insanın proqnozlaşdırılan 458 milyard dollar xərclə bundan təsirlənməsi gözlənilir; bunun səbəbi artan orta yaş, çoxalan əhali və həyat tərzi dəyişiklikləridir. Lakin bu rəqəmlər ölkələr arasında kəskin dəyişir.
EUROCARE-5 məlumat bazasına görə hətta Avropa ölkələri arasında xərçəngə bağlı mortalite və morbidite göstəricilərində böyük fərqlər vardır. Məsələn, 2014-cü ildə Danimarkada (ən yaxşı xərçəng xidməti göstərən ölkələrdən biri) və Litvada (ən pis) süd vəzi xərçəngi ilə yaşayan xəstələrin sağqalma göstəricilərində % 14.5 fərq vardı. Düz bağırsaq xərçəngində sağqalma göstəriciləri ölkədən ölkəyə % 32-yə qədər dəyişirdi.
Mortalite göstəricisi, hər 1000 nəfərə illik yeni baş verən ölümlərin nisbətidir. Ümumi ölüm əmsalı kimi də tanınır.
Morbidite göstəricisi, müəyyən əhalidə müəyyən vaxt ərzində xəstələnənlərin sayının sağlam qalan əhaliyə nisbətidir. Mortalite sürəti də deyilir. Bununla yanaşı, mortalite sözü xəstəlik halı kimi də istifadə olunur.
Oxşar şəkildə Asiyada da ciddi fərqlər vardır: süd vəzi və ya kolorektal xərçəng üçün diaqnoz qoyulduqdan 1 il sonra həyatını itirən xəstələrin nisbəti 2012-ci ildə aparılan tədqiqata görə Malayziyada %12, Myanmada isə %45 olmuşdur. Bu zaman Taylandda xəstələrin 1/4-ü, Vyetnamda 2/3-ü müalicə xərclərinə görə ciddi maliyyə problemləri yaşamışdır.
Aşağı gəlirli ölkələrin xəstəxanalarında müxtəlif xərçəng müalicələri üçün lazım olan əsas infrastruktur və işçi heyəti yetərsizdir. Mumbai-dəki Tata Xərçəng Mərkəzi Hindistanın ən qədim və ən böyük xərçəng müalicəsi və tədqiqat mərkəzidir. Hər il təxminən 40.000 xəstə qəbul edən 164 yüksək vəzifəli müəllimi vardır. Bu mərkəz Amerikanın qabaqcıl xərçəng mərkəzlərindən MD Anderson Xərçəng Mərkəzi ilə müqayisə edildikdə, MD Anderson-da ildə 33.000 xərçəng xəstəsi qəbul olunur, lakin 11 dəfə çox yüksək vəzifəli müəllimlə (1.834).
Yenə oxşar şəkildə Səhra Afrikasında yalnız 16 ölkənin əsas patologiya xidmətlərinə çıxışı vardır. Xərçəng diaqnostikası üçün lazımi avadanlığa və təlimli heyətə ehtiyac var. Afrikada ümumilikdə hər 2.3 milyon nəfərə orta hesabla bir patoloq düşür. Yüksək gəlirli ölkələrdə adətən hər 15.000 ilə 20.000 nəfərə bir patoloq vardır.
Bu ölkələrdə başqa problem xərçənglərin əsasən irəliləmiş mərhələdə diaqnoz edilməsidir. Süd vəzi xərçəngində beşillik sağqalma Tunisdə yalnız % 68.4-dür (ölkəmizin də daxil olduğu səhiyyəsi inkişaf etmiş ölkələrdə bu göstərici %85-dən yuxarıdır). Bunun bir səbəbi bir çox aşağı və orta gəlirli ölkədə xərçəngli qadınların cəmiyyət tərəfindən damğalanma ehtimalıdır. Qadınların əksəriyyəti həkimə getmək üçün ərindən icazə almalı olur və xərçəng diaqnozunun boşanmaya səbəb olacağından qorxur.
Təhsil və məlumatlılıq çatışmazlığı, maddi imkansızlıq və müalicənin olmaması xəstələrə kifayət qədər erkən diaqnoz qoyulmasına mane olan əsas amillərdir. Bütün bunlar nəzərə alındıqda bir çox aşağı və orta gəlirli ölkənin öz çatışmazlıqlarına baxmayaraq xərçəngə qulluq büdcəsini texnologiyaya ayırması olduqca narahatedicidir.
Xərci düşünək
Son on ildə xərçəng üçün hədəfə yönəlmiş və immunoterapiya dərmanlarında sıçrayış görüldü. Cərrahiyyədə və robototexnika sahələrində də yeni texnologiyaların sayı artmışdır. Tomoterapiya və proton müalicəsi kimi yeni texnikaların da istifadəsi hər il genişlənir.
İnkişaf edən iqtisadiyyatların əksəriyyəti hazırda bu yüksək texnologiyalı müdaxilələrə sərmayə qoyur. Hətta yüksək gəlirli ölkələrin satınalma və danışıqlar gücündən məhrum olduqları və alınan məhsulların xərc effektivliyini müəyyən edən sistemləri olmadığı halda.
Bu mövzuda diqqətçəkən nümunə yeni radioterapiya texnologiyalarından olan proton müalicəsidir. Bu texnologiyanın bir çox xərçəng növü üçün klassik radioterapiyadan üstünlüyü göstərilmədiyi və daha baha olduğu halda, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikada ən azı 18 belə cihazın qurulması planlaşdırılır. Hər cihazın xərci təxminən 140 milyon dollardır. Bu ölkələr xərc effektivliyi göstərilməmiş proton müalicəsi texnologiyasını qurub istifadə etmək üçün infrastruktura malik olmaq bir yana, əsas radioterapiya avadanlığı və insan resurslarında təxminən % 60 çatışmazlıq yaşayırlar.
Məsələnin başqa tərəfi də xərçəng əməliyyatlarıdır. Ən aşağı gəlirli ölkələrdə xəstələrin % 5-dən azı təhlükəsiz, münasib qiymətli və vaxtında xərçəng cərrahiyyəsinə çata bilir; orta gəlirli ölkələrdə isə bu rəqəm % 22-dir. Yenə eyni ölkələrdə hər il immunoterapiya dərmanlarına yüz milyonlarla dollar xərclənir.
Bununla yanaşı, xərçəng tibbində hər inkişaf çox dəyərlidir, çünki milyonlarla həyatı xilas etmək potensialına malikdir. İmmunoterapiyalar, hədəfə yönəlmiş xərçəng dərmanları, CAR-T və crispr kimi yeni xərçəng müalicələri həqiqətən böyük bilik ehtiyatı və yüksək texnologiya məhsulları olduğu üçün olduqca bahadır. Bununla yanaşı, xərçəngin minillik tarixində ilk dəfə bu müalicələrlə xərçəngi əvvəl idarəolunan, sonra da tam müalicə edilə bilən xəstəliyə çevirə biləcəyimizi düşünməyə başladıq (xərçəngin bitkilərdən alınacaq ekstraktlarla deyil, yalnız mürəkkəb biologiyasına məxsus məhsullarla müalicə oluna biləcəyi elm öncülləri tərəfindən çoxdan anlaşılmış və xərçəng müalicəsi naminə səylərin çoxu genetik texnologiyalara yönəldilmişdir). Hər yeni məhsul kimi bir müddət sonra bunlar da daha əlçatan olacaq (məsələn, patent müddəti bitdikdə biosimilyarları hazırlanaraq). Lakin bu yeniliklərin həyəcanı əsas diqqət yetirməli olduğumuz nöqtəni gözdən qaçırmağımıza səbəb olmamalıdır; mövcud imkanlarımızı bərabər və ağıllı istifadə edərək, yaxşı səhiyyə xidməti göstərəcək heyəti yetişdirərək xəstələrimizin yaşam müddətinə və həyat keyfiyyətinə əldə etməkdə çətinlik çəkdiyimiz yeni dərman və texnologiyalardan daha çox töhfə verə bilərik.
Qısaca, inkişaf etməkdə olan ölkələrdə həyat xilas edə bilən (erkən diaqnoz üçün xərçəng skrininq testləri, əsas cərrahiyyə və radioterapiya kimi) müalicələr az istifadə olunur və xəstəyə böyük xərclərlə edilən müdaxilələrin həddindən artıq istifadəsi vardır ki, bu da xəstəyə əhəmiyyətli fayda vermir. Həmçinin xəstəyə göstəriləcək qulluğun keyfiyyətinə daha az əhəmiyyət verilməsi yalnız imkanı məhdud ölkələrin deyil, inkişaf etmiş ölkələrin də problemidir. Bu problem üçün sürətli və az xərcli həll təkliflərimiz belədir:
- Daha yaxşı qulluq üçün səhiyyə heyətinin təlimi yeni dərman hazırlanması ilə müqayisədə daha az xərclə daha yaxşı xəstəlik nəticələri vəd edir.
- Onkologiya komandasında bu sahədə ixtisaslaşmış kifayət qədər səhiyyə mütəxəssisi olmalıdır (məsələn, onkologiya tibb bacıları, palliativ qulluq mütəxəssisi, tamamlayıcı tibb mütəxəssisi kimi),
- Xəstənin və yaxınının maarifləndirilməsinə əhəmiyyət verilməlidir - bütün müalicə prosesi daxil olmaqla,
- Müalicə ilə yanaşı həm sosial, həm psixoloji dəstək verilməlidir,
- Onkoloji reabilitasiya və palliativ qulluq xidmətləri xərçəng müalicəsinin rutin hissəsi kimi təqdim edilməlidir,
- Siqareti tərgitmək üçün dəstək verilməlidir (tez-tez vurğulayırıq, lakin əhəmiyyəti bu rəqəmlərlə daha yaxşı anlaşıla bilər: Avropa cəmiyyətində siqaret çəkmə tezliyinin yalnız %5 azalmasının xərçəngə bağlı erkən ölümlərin və müalicə xərclərinin qarşısını alaraq hər il iqtisadiyyata 10 milyard avro töhfə verəcəyi proqnozlaşdırılmışdır).
- Xərçənglərin əksəriyyəti 50 yaşlarından sonra görülsə də, xərçəngdən qoruyacaq sağlam həyat vərdişlərinin uşaqlıqda başlamalı olduğu barədə məlumatlılıq üçün səhiyyə siyasətləri yaradılmalı və qətiyyətlə aparılmalıdır.
Yazımızı ilham aldığımız bu Nature məqaləsinin müəllifi Prof. Dr. Richard Sullivan-ın sözü ilə bitirək: “Xərçəngdə texnologiyalar ‘yalnız’ vasitələrdir. Yaxşı nəticələr üçün sosial-siyasi və iqtisadi sistemlər vacibdir.”
Mənbələr
Cancer patients need better care, not just more technology.
Nature - 21 September 2017.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.