Xərçəngdə 2 immunoterapiyanın kombinasiyası fərq yarada bilər: CAR T hüceyrə və onkolitik virus

Xərçəng müalicəsində istifadə etdiyimiz üsullar hər gün müxtəlifləşsə də, bir çox irəliləmiş mərhələ solid (bərk, orqan) şişində hələ istənilən müalicə cavabı alınmır. 2 sentyabr 2020-də Science Translational Medicine jurnalında dərc edilən tədqiqatda alimlər problemi aşmaq üçün solid şişlərdə təkbaşına yetərsiz olan CAR T-hüceyrə müalicəsinin onkolitik viruslarla birlikdə effektivliyini sınadılar. Nəticələr həyəcanvericidir!
Qeyd: Xərçənglər iki əsas qrupa bölünür: solid (orqan) şişlər və hematoloji (qan və sümük iliyi mənşəli) xərçənglər. Bu qrupların müalicəsinə yanaşma və istifadə olunan dərmanlar böyük ölçüdə fərqlidir.
Klinik tədqiqatlar üçün ümidverici klinikaöncəsi sınaqlarda alimlər solid şiş hüceyrələrinə daxil olaraq səthlərində CD19 proteini göstərməsini təmin edən onkolitik virus hazırladılar. Səthdə CD19 göründükdən sonra xərçəng hüceyrələrini tanıyıb məhv etmək üçün CD19 hədəfli CAR T-hüceyrələrini istifadə etdilər.
CD19 hədəfli CAR T-hüceyrə müalicəsi ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən B hüceyrəli limfoma və kəskin limfoblastik leykoz müalicələrində istifadə üçün təsdiqlənib (baxın əlaqəli təsdiqlər). Yeni tədqiqatlar CD19 hədəfli CAR T-hüceyrələrinin istifadəsini solid şişli xəstələrə genişləndirmək baxımından son dərəcə vacibdir.
Aşağıdakı mikroskop videosu CD19-CAR T hüceyrələrinin virus yoluxmuş xərçəng hüceyrələrinə məhv edilənədək hücumunu göstərir.
Komandadakı tədqiqatçı əhəmiyyəti belə ümumiləşdirir: “Solid şişlərin müalicəsindəki immunoterapiya üsullarında qarşılaşdığımız iki əsas problem var. Birincisi T hüceyrələrinin şiş sahəsinə yetərincə çata bilməməsidir. Digəri isə solid şişlərin immunbasqılayıcı mühitinin şişə çatan CAR T hüceyrələrinin effektiv işləməsini əngəlləməsidir. Tədqiqatımız onkolitik virusların CAR T-hüceyrə müalicəsi ilə birgə istifadə edilə biləcəyini göstərir və gələcəkdə solid şişlər üçün yeni müalicə üsulu təqdim edir. Ən mühüm üstünlüklərdən biri hazırlanmış onkolitik virusların solid şiş ətrafında yaradılan və CAR T-hüceyrələrinin mühitə çatmasını əngəlləyən mikromühit baryerini dağıtmağa kömək etməsidir’.
Üçlü mənfi süd vəzi xərçəngi, mədəaltı vəzi xərçəngi, prostat, yumurtalıq, baş-boyun və beyin xərçəngi hüceyrə xətləri və heyvan modellərində tədqiqatçılar uğurlu nəticələr əldə etdilər. Heyvan sınaqlarında da onkolitik viruslarla CAR T-hüceyrə müalicəsinin birgə istifadəsi xərçənglərdə güclü şiş əleyhinə effektivlik və uzunmüddətli şiş əleyhinə immun cavab təmin edib.
Xəstələrdə təhlükəsizliyi sınanacaq onkolitik viruslar müsbət nəticə versə, CAR T-hüceyrə müalicəsi ilə birlikdə effektivliyi klinik tədqiqatlarla (insan sınaqları) yoxlanmağa başlanacaq. Solid şişlərin müalicə çətinliklərini aşmağı vəd edən bu tədqiqat bir çox xəstəyə gələcək üçün ümid verir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.