Xərçəngdə mühüm 5 irəliləyiş – 2021 AACR İllik Toplantısı

Amerika Xərçəng Tədqiqatları Assosiasiyasının (AACR) 2021 İllik Toplantısı əsasən fundamental tədqiqat və erkən mərhələli klinik tədqiqat təqdimatlarının toplusudur, lakin builki təqdimatların bəzisi onkologiya praktikasını dəyişə biləcək mühüm klinik məlumatlar ehtiva edir.
Xərçəng immunoterapiyalarının 3-cü mərhələ sınaqlarının göbələk kimi çoxalmağa başladığı, tədqiqatçılar və sponsorlarının böyük klinik onkologiya toplantılarında yüksək nüfuzlu sessiyalar üçün yarışdığı illərdəyik.
Bu məqalədə AACR 2021 illik toplantısında təqdim edilmiş klinik cəhətdən mühüm — və ya potensial olaraq mühüm — 5 tədqiqatı ümumiləşdiririk.
Metastatik uveal melanomada praktikanı dəyişdirən tədqiqat
Metastatik (4-cü mərhələ) uveal (göz) melanomada ümumi sağqalım üçün müsbət olan ilk randomizə olunmuş nəzarətli tədqiqatın nəticələri “praktikanı dəyişdirən” kimi təsvir edildi.
Bu 3-cü faza klinik tədqiqatında eksperimental müalicə olan tebentafuspun (Immunocore) birinci xətt istifadəsi və metastatik xəstəliyi olan xəstələrdə immunoterapiya və ya kimyaterapiya ilə müqayisəli nəticələri araşdırıldı.
Tədqiqata daxil edilmiş 378 xəstə 2:1 nisbətində təsadüfi aşağıdakı iki qrupdan birinə təyin edildi:
- 252 xəstə tebentafusp və ya
- tədqiqatçının seçiminə görə 103 xəstə pembrolizumab, 16 xəstə ipilimumab və ya 7 xəstə dakarbazin aldı
Nəticələr
- Median 14.1 aylıq izləmə müddətində ümumi sağqalım tebentafusp alan xəstələrdə tədqiqatçının seçim qolundakı xəstələrlə müqayisədə əhəmiyyətli uzun idi — müvafiq olaraq 21.7 aya qarşı 16.0 ay.
- Təxmin edilən 1 illik ümumi sağqalım göstəricisi tebentafusp qolunda % 73,2 və standart müalicə qolunda % 58,5 idi (risk nisbəti [HR], 0,51; P <.0001).
Hədəf və ya sitokin vasitəçili arzuolunmaz hadisələr tebentafuspun ən geniş yayılmış yan təsirləri idi. Bunlara pireksiya/qızdırma (% 76), qaşınma (% 69) və ilk üç-dörd dozadan sonra tezliyi və ağırlığı azalan səpgi (% 83) daxil idi.
Tebentafusp ilə sitokin buraxılma sindromu geniş yayılmış olsa da (% 89), 3–4 dərəcəli sitokin buraxılma sindromunun nisbəti çox aşağı idi (% 1).
Tebentafuspun təsir mexanizmi necədir?
Tebentafusp T hüceyrələrini gp100 ekspressiya edən şiş hüceyrələrini öldürmək üçün yenidən yönəldən zülaldır. T hüceyrə reseptorunun bağlanma sahəsi yalnız HLA-A*02:01-də təqdim olunan spesifik gp100 mənşəli peptidi tanıdığı üçün tebentafusp yalnız bu HLA tipinə malik xəstələri müalicə etmək üçün istifadə edilə bilər.
İstehsalçı, qısa müddət əvvəl, HLA-A*02:01-müsbət, əməliyyat edilə bilməyən və ya metastatik uveal melanoması olan yetkin xəstələrin müalicəsində istifadə edilən tebentafuspa (IMCgp100) ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən çığır açan müalicə təyinatı verildiyini elan etdi.
Ağciyər xərçəngi əməliyyatdan əvvəl yox olur
İmmunoterapiya nivolumab (Opdivo) bir çox fərqli irəliləmiş mərhələ xərçəng növündə çoxsaylı təsdiq almışdır və hazırda digər bir çox anti-PD-1 və anti-PD-L1 immunoterapiyaları kimi erkən mərhələli xəstəlikdə sınaqdan keçirilir.
Yeni 3-cü faza tədqiqat məlumatları əməliyyat edilə bilən kiçik hüceyrəli olmayan ağciyər xərçəngi (KHDAK) olan xəstələr üçün əməliyyatdan əvvəl neoadyuvant məqsədlə tətbiq olunan nivolumabın effektiv ola biləcəyini düşündürür.
CheckMate 816 tədqiqatının nəticələri patoloji tam cavab göstəricisinin tək standart kimyaterapiya ilə müqayisədə nivolumab ilə daha yüksək olduğunu göstərir: % 2.2-yə qarşı % 24.
Patoloji tam cavab bu tədqiqatın əsas sonlanma nöqtəsi idi və həm birincili şişdə, həm də limfa düyünlərində tam geriləmə kimi müəyyən edildi.
Çox çətin şişi olan uşaqlarda artan sağqalım
Massachusetts General Hospital, Boston, Massachusetts Onkolitik Virus Tədqiqat Laboratoriyasının direktoru Dr. Howard Kaufmana görə təkrarlanan və ya irəliləyən yüksək dərəcəli qlioma "heç nəyə həqiqətən cavab verməyən dəhşətli xəstəlikdir".
Kaufmandan herpes simplex virus tip 1-in (HSV-1) genetik dəyişdirilmiş versiyasını daşıyan eksperimental immunoterapiyanın kiçik, 1-ci faza tədqiqatına şərh verməsi istənildi.
G207 kimi tanınan onkolitik virus məhsulu immun cavabı stimullaşdırır və şiş hüceyrələrini öldürür.
Klinik sınaqda bu xərçəng dərmanı namizədi qlioması olan 7-18 yaşlı 12 xəstənin beyninə birbaşa infuziya edildi. Əvvəlki nəzarət xəstələrində görülən median 5.3 ayın iki qatından çox olan 12.2 aylıq median ümumi sağqalım əldə edildi.
Bu tədqiqat eyni vaxtda onlayn şəkildə NEJMdə də dərc olundu.
Bu arada ABŞ bazarında artıq onkolitik viral müalicə var: Talimogene laherparepvec (Lmlygic) birbaşa dəri zədəsinə inyeksiya üçün 2015-ci ildə FDA təsdiqi almış onkolitik HSV-1 müalicəsidir.
Metastatik melanoma üçün sifarişlə fərdiləşdirilmiş müalicə
Onkologiyada çığır açan immunoterapiya və hədəfli dərmanlarla müalicəyə baxmayaraq xəstəliyi irəliləməyə davam edən metastatik melanomalı xəstələrin sonrakı dövr üçün çox az müalicə seçimi var. Faydalı ola biləcək üsul birbaşa şiş toxumasından ayrılaraq əldə edilən T hüceyrələrinə əsaslanan fərdiləşdirilmiş hüceyrə müalicəsidir və buna TIL terapiyası deyilir.
Lifileucel adlanan bu növ məhsul hər xəstə üçün ayrıca hazırlanır və xəstənin xərçəngli zədələrindən alınmış şişi infiltrasiya/işğal edən limfositlərdən (TIL-lər) istifadə edir.
Bu yanaşma xəstənin qanından toplanmış T hüceyrələrini istifadə edən CAR T-hüceyrə müalicəsi kimi başqa hüceyrə əsaslı müalicələrdən fərqlidir.
Əvvəllər müalicə edilə bilməyən və ya metastatik melanoması olan 66 xəstədə aparılmış bu 2-ci faza tədqiqatının nəticələri % 36.4 obyektiv cavab göstəricisi vermişdir. Cavab verən 24 xəstədən 3-ü tam, 21-i isə qismən cavab idi.
Bu tədqiqatda median 28.1 aylıq izləmədən sonra xəstələrin yarıdan çoxu müalicəyə cavab verməyə davam etdiyindən median cavab müddətinə çatılmadı və cavab müddətləri 2.2 ilə 35.2 ay arasında dəyişdi.
TIL-lərlə fərdiləşdirilmiş hüceyrə müalicəsi əslində yeni deyil — melanoma müalicəsi üçün on ildən artıqdır araşdırılır. Bəzi tədqiqatçılar xəstələrin % 25-ində qalıcı cavab bildirmişlər.
Lakin TIL terapiyasının istehsal prosesi həqiqətən mürəkkəbdir və tam standartlaşdırılmayıb.
Hazırkı tədqiqat hüceyrə istehsalının lazımi texniki təcrübəsi olan mərkəzi müəssisədə aparıla biləcəyini göstərir. Bu tədqiqat həmçinin TIL-lərin dəri və ya limfa düyünlərindən başqa şiş sahələrindən uğurla istehsal oluna biləcəyini göstərdi.
Prostat xərçəngi üçün yüksək riskli kişilərdə sağlam həyat tərzi
Sağlam həyat tərzinə əməl etmək ABŞ-da böyük kohort tədqiqatından əldə olunan nəticələrə görə yüksək genetik risk balı olan xəstələrdə yüksək ölümcül prostat xərçəngi riskini tarazlaşdıra bilər.
Harvard School of Public Health, Boston, Massachusetts-dən tədqiqatın baş müəllifi Anna Plym, prostat xərçəngi riskindəki dəyişkənliyin təxminən % 58-inin genetik amillərdən qaynaqlandığını bildirdi. Yayılmış tək nukleotid polimorfizmləri (SNP-lər) prostat xərçənginə həssaslığın mühüm hissəsini təşkil edir.
269 SNP-dən alınan məlumatların birləşdirilməsi ilə əldə olunan poligen risk balı prostat xərçəngi üçün “yüksək proqnostik”dir.
Tədqiqatçılar bu balı Səhiyyə Mütəxəssislərinin İzləmə Tədqiqatına qoşulmuş 10.443 kişidə prostat xərçəngi genetik riskini ölçmək üçün istifadə etdilər. Kişilər genetik riskə görə kvartillərə bölündülər.
Həmçinin tədqiqatçılar kişiləri təsdiqlənmiş həyat tərzi balı istifadə edərək təsnif etdilər.
22 ilə qədər uzanan izləmə məlumatlarından istifadə edən komanda aşağı genetik riskli kişilərdə sağlam həyat tərzinə əməl etməyin ümumilikdə prostat xərçəngi riskini azaltmadığını tapdı (HR, 1.01;% 95 CI, 0.84 - 1.22).
Lakin sağlam həyat tərzi ən yüksək genetik risk kvartilindəki kişilərə təsir edir kimi görünürdü. Ən yüksək sağlam həyat tərzi balı olan kişilər ən aşağı həyat tərzi balı olanlarla müqayisədə ölümcül prostat xərçəngi riskinin təxminən yarısına malik idi.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.