BRCA-mutant erkən mərhələ döş xərçəngində olaparib ilə təsirli nəticələr

Bu məqalədə
Onkologiyanın yeni dərman sinfindən bir PARP inhibitoru olan olaparib ilə bir illik adyuvant müalicə faz III OlympiA araşdırmasının əvvəlcədən müəyyən edilmiş aralıq təhlilinə görə, irsi BRCA1/2 mutasiyaları olan yüksək riskli, erkən mərhələli, HER2 mənfi döş xərçəngi xəstələrində xəstəliksiz sağqalımı əhəmiyyətli uzatdı. Bu araşdırma Dr. Andrew Tutt tərəfindən 4 iyunda başlayan 2021 ASCO İllik Toplantısında təqdim edildi və eyni zamanda NEJM adlı jurnalda dərc olundu.
OlympiA araşdırmasının əsas nəticələri
- 24 aylıq izləmədə, adyuvant (əməliyyatdan sonra qoruyucu) olaparib ilə müalicə edilən xəstələrin %85.9-u sağ idi və plasebo ilə müalicə edilənlərin isə %77.1-i.
- Təxmini 3 illik uzaq xəstəliksiz sağqalım göstəricisi olaparib üçün %87.5, plasebo ilə isə %80,4 olub.
- Plasebo ilə müqayisədə adyuvant olaparib plaseboya nisbətən invaziv xəstəliksiz residiv riskini %42 azaldıb.
- Plasebo ilə müqayisədə olaparib uzaq xəstəliksiz sağqalımda %43 azalma təmin etdi.
- Yan təsirlər olaparibin mövcud təhlükəsizlik profilinə uyğun idi və klinik araşdırmada heç bir yeni təhlükəsizlik siqnalı yaranmadı. Dərəcə 3 yan təsirlər seyrək idi.
Əhəmiyyəti
OlympiA araşdırması ilə PARP inhibitorunun döş xərçəngində və ya hər hansı adyuvant şəraitdə sağqalım sonlanım nöqtələrinə təsiri ilk dəfə bildirildi və bu, germline BRCA1/2 mutasiyası ilə əlaqəli erkən mərhələli döş xərçəngi xəstələrinin standart müalicəsinin dəyişəcəyini göstərir.
Əməliyyatdan sonra qoruyucu məqsədlə (adyuvant) olaparib alan BRCA-mutasiya daşıyıcısı, erkən mərhələli yüksək riskli döş xərçəngi xəstələrinin xərçəngsiz sağ qalmaq və 3 illik izləmədə metastazdan yayınmaq ehtimalları daha yüksək idi. Yan təsirlər məhdud və idarə edilə bilən idi. Bu nəticələr yüksək riskli BRCA mutasiyalı xəstələrdə standart qulluq müalicəsindən sonra 1 il adyuvant olaparibi dəstəkləyir. Nəticələr həmçinin döş xərçəngi xəstələrinə irsi xərçəng genlərinə yönəlik genetik test aparılmasını dəstəkləyir.
Bütün döş xərçəngi xəstələrinə irsi gen testi dövrü gəlirmi?
BRCA mutasiyaları döş xərçənglərinin %5 ilə %10-u ilə əlaqəlidir.
Bu mutasiyalarla əlaqəli yeni diaqnozlu döş xərçəngi xəstələri aqressiv, yüksək riskli xəstəliklə üzə çıxa bilər. Multimodal müalicə (əməliyyat, şüalanma və kimyaterapiya) bitdikdən sonra residiv göstəriciləri yüksək ola bilər və əlavə yeni, təsirli müalicələrə ehtiyac yaranır.
Bir xərçəngdə irsi xərçəng geni mutasiyasını aşkar etməyin iki əhəmiyyəti var:
- İrsi xərçəng mutasiyalı şişlərdə PARP inhibitoru adlı yeni nəsil DNA bərpa fermentini hədəfləyən dərmanlar olduqca təsirlidir
- Xərçəngin irsi olduğunu bilmək xəstənin ailəsinin xərçəng riskini və xəstənin özündə ikinci xərçənglərin risklərini hesablayıb lazımi tədbirləri görmək baxımından çox əhəmiyyətlidir.
Olympia araşdırmasının təfərrüatları
İkiqat kor faz III OlympiA klinik araşdırmasına üçlü neqativ döş xərçəngi və HER2 mənfi hormon reseptoru müsbət döş xərçəngi, eləcə də BRCA1/2 müsbət olan yüksək riskli erkən döş xərçəngi olan 1.836 xəstə daxil edildi. Əməliyyat, radioterapiya və lazım gəlsə kimyaterapiyadan sonra təsadüfi olaraq iki qrupdan birinə ayrılan xəstələrə 1 il adyuvant olaparib və ya plasebo verildi.
Dr. Tutt, “İnvaziv xəstəliksiz sağqalım və uzaq xəstəliksiz sağqalım üçün sərt meyarlardan istifadə etdik və planlaşdırılmış aralıq təhlildə erkən hesabat üçün bu meyarlar qarşılandı” dedi.
Dr. Tutt, “Kaplan-Meier əyriləri 3 ildə müalicə qolları arasında %8,8 mütləq fərqlə erkən ayrılır” dedi.

Plasebo ilə müqayisədə olaparib xəstəliksiz uzaq sağqalımda %43 azalma təmin etdi (yəni metastatik döş xərçəngi, yeni xərçəng və ya hər hansı səbəbdən ölüm riski [ P < .0001]). Müalicə qolları arasındakı fərq 3 ildə %7.1 idi.
Ümumi sağqalım məlumatları hələ yetişməyib, lakin olaparib qolunda daha az ölüm baş verdi.
Yan təsirlər
Yan təsirlər olaparibin məlum təhlükəsizlik profilinə uyğun idi və sınaqda heç bir yeni təhlükəsizlik siqnalı yaranmadı. Olaparib xəstəxanaya yatış, leykozlar və ya digər xərçənglər daxil olmaqla ciddi arzuolunmaz hadisələrin göstəricisini artırmadı. Olaparib alanlarda 3-cü və ya daha ağır dərəcəli yan təsirlərə anemiya (%8.7), neytropeniya (%4.8), leykopeniya (%3.0), yorğunluq (%1.8) və limfositopeniya (%1.2) daxil idi.
Şərh
OlympiA araşdırmasının nəticələri yüksək riskli erkən mərhələ döş xərçəngi diaqnozu qoyulan xəstələrdə BRCA mutasiyaları üçün genetik test ehtiyacını vurğulayır. Bu nəticələr BRCA mutasiyaları müsbət erkən mərhələ döş xərçəngli xəstələrdə əməliyyatdan sonra qoruyucu PARP inhibitorunun istifadəsi daxil olmaqla bu xəstə qrupu üçün müalicə qərarlarına mühüm təsir göstərə bilər.
Mənbələr
2. Andrew N.J. Tutt, et al. Adjuvant Olaparib for Patients with BRCA1- or BRCA2-Mutated Breast Cancer. NEJM June 3, 2021
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.