Epigenetik saatla xərçəng müalicəsindən sonra bioloji yaşlanmanın müəyyən edilməsi

Bu məqalədə
Epigenetik saat xərçəng müalicəsindən sonra bioloji yaşlanmanı üzə çıxara və yorğunluğun obyektiv ölçülməsinə imkan yarada bilər.
Hüceyrələrimizin nüvəsində genetik məlumatın uzun müddət saxlanmasını təmin edən, nəsillərinin davamı və bioloji inkişafları üçün zəruri genetik təlimatları daşıyan mürəkkəb DNT molekulu yerləşir. DNT-dəki təlimatlar genlərlə ifadə olunur və DNT-dəki təlimatların hamısı birlikdə genom adlanır.
Genomdakı genlər müəyyən hüceyrələrdə və müəyyən vaxtlarda ifadə olunur. Genlərin belə sistemli fəaliyyəti epigenetik mexanizmlərlə təmin edilir. Epigenetik tənzimləmə və mexanizmlərdə iştirak edən bütün strukturlar isə epigenom adlanır.

Şəklin izahı: Epigenetika genetikanın hüdudlarından kənar mənasını verir və genlərin necə davrandığını, tənzimləndiyini araşdırır. Epigenetik mexanizmlər DNT və gen quruluşunu dəyişdirmir, lakin genin aktiv olub-olmayacağını müəyyənləşdirir, yəni mutasiya olmadan genetik ifadə dəyişir. Ən tanınmış epigenetik dəyişikliklər DNT metilləşməsi və histon modifikasiyasıdır.
Epigenetik saatla yaşın ölçülməsi
Genom boyunca müəyyən bölgələrdə DNT metilləşmə vəziyyətini ölçən epigenetik saatlar bioloji yaşın etibarlı qiymətləndiriciləri kimi ortaya çıxmışdır və müəyyən saatlar xərçəngə bağlı həyat itkisi ilə yanaşı xərçəngin inkişaf riskini də proqnozlaşdıra bilər.
Qeyd: Yaş xronoloji və bioloji yaş olmaqla iki şəkildə izah edilir. Xronoloji yaş təqvim yaşımızı, bioloji yaş isə bədənimizin / hüceyrələrimizin / orqanlarımızın yaşını, başqa sözlə, funksional vəziyyətimizi ifadə edir və həqiqi yaş da adlanır. Bioloji yaş bəzilərində xronoloji yaşdan kiçik, bəzilərində böyükdür.
Epigenetik yaş sürətlənməsi
Cancer adlı jurnalda dərc olunan yeni tədqiqatda epigenetik saat baş və boyun xərçəngi olan xəstələrin müalicəsinin insanın xronoloji yaşından daha böyük DNT metilləşmə yaşına malik olması kimi müəyyən edilən epigenetik yaş sürətlənməsi ilə əlaqəli olduğunu göstərdi.
Həmçinin epigenetik yaş sürətlənməsi iltihabi molekulların artması və xəstənin bildirdiyi yorğunluq ilə əlaqəli idi. Tədqiqatçılara görə, bu tapıntılar epigenetik saatların yorğunluğun qiymətləndirilməsi və izlənməsi üçün obyektiv yanaşma təmin edə biləcəyini düşündürür.
Tədqiqatın baş araşdırmaçısı, Atlantadakı Emory Universitetinin Tibb Bacılığı Məktəbindən dosent, dr. Canhua Xiao “Tədqiqatımız xərçəng xəstələrində epigenetik yaş sürətlənməsi ilə iltihab və yorğunluq arasındakı əlaqəni araşdıran ilk tədqiqatlardandır” dedi.
Yorğunluğun arxasındakı gizli mexanizm: DNT metilləşməsi
Tədqiqatçılar baş və boyun xərçəngi olan xəstələrin demək olar hamısının radioterapiya və kimyaterapiyadan sonra yorğunluq yaşadığını və yorğunluğun müalicədən sonra 2 ilədək davam edə bildiyini göstərmişdir.
Dr. Xiao və həmkarları daha əvvəl artmış yorğunluqla artmış iltihab arasında güclü əlaqə müşahidə etmişdi, lakin bu dəyişikliklərin əsasındakı bioloji proseslər və DNT metilləşməsinin mümkün rolu bilinmirdi.
Bunu nəzərə alaraq tədqiqatçılar baş və boyun xərçəngi olan və uzaq toxumalara metastazı olmayan 133 xəstə üzərində tədqiqat apardı. Xəstələrin əksəriyyəti kişi (%72) və ağdərili idi. Xərçənglərin təxminən yarısı (%53) HPV infeksiyası ilə əlaqəli idi.
Bütün xəstələr radioterapiya aldı. Əksəriyyəti (%80) eyni vaxtda kimyaterapiya aldı və %41-i radioterapiyadan təxminən 1 ay əvvəl əməliyyat olundu.
Tədqiqatçılar epigenetik yaş sürətlənməsini, yorğunluğu və iltihabı 4 vaxt nöqtəsində qiymətləndirdi: radioterapiyadan əvvəl, dərhal sonra, radioterapiya tamamlandıqdan 6 ay sonra və bitdikdən 12 ay sonra.
Epigenetik yaş sürətlənməsi epigenetik saat olan DNAm PhenoAge ilə hesablandı. Xəstələrin yorğunluq səviyyələri Çoxölçülü Yorğunluq İnventarı (MFI-20) sorğusu ilə, iltihab isə plazmadakı iltihabi markerlərin səviyyələri ölçülməklə qiymətləndirildi.
Nəticələr epigenetik yaş sürətlənməsində ən böyük artımın radioterapiyadan dərhal sonra olduğunu göstərdi. Radioterapiyadan dərhal sonra, əvvəlki vəziyyətlə müqayisədə orta hesabla 4,9 il yüksək idi. Radioterapiyadan 6 ay və 12 ay sonra epigenetik yaş sürətlənməsində əhəmiyyətli artım olmadı.
Tədqiqatçılar həmçinin kimyaterapiya alan xəstələrdə almayanlarla müqayisədə müalicənin sonunda epigenetik yaş sürətlənməsində əhəmiyyətli artım müəyyən etdi (4,7 il).
Xəstələrin yarısı tədqiqatın müəyyən mərhələsində, xüsusilə müalicədən dərhal sonra güclü yorğunluq yaşadığını bildirdi. Bu xəstələrdə az yorğunluğu olanlarla müqayisədə epigenetik yaş sürətlənməsi orta hesabla 3,1 il yüksək idi.
Həmçinin tədqiqat epigenetik yaş sürətlənməsi ilə yüksək iltihabi marker səviyyələri (xüsusilə C-reaktiv zülal (CRP) və interleykin-6 (IL-6)) arasında güclü əlaqə göstərdi.
Zamanla epigenetik yaş sürətlənməsi bu markerləri aşağı olanlarla müqayisədə yüksək CRP səviyyəli xəstələrdə 4,6 il, yüksək IL-6 səviyyəli xəstələrdə 5,9 il daha yüksək idi.
Tədqiqatçılar epigenetik yaş sürətlənməsi ilə yorğunluq arasında müşahidə etdikləri əlaqəni CRP, IL-6 və IL-1 reseptor antaqonisti səviyyələrinin izah etdiyini müəyyən etdi.
Epigenetik yaşlanma yorğunluğa və digər nəticələrə səbəb olurmu?
Dr. Xiao epigenetik yaşlanmanın həqiqətən iltihaba və ya yorğunluğa səbəb olması, yaxud əksinin baş verməsi sualına qəti cavab olmadığını bildirdi. Tədqiqatçılar xəstələr xərçəng müalicəsi almazdan əvvəl belə epigenetik yaşlanma, iltihab və yorğunluq arasında güclü əlaqə tapdı.
Dr. Xiao “Xəstələr müalicə alsa da, almasa da, epigenetik yaş sürətlənməsi yüksək olduqda iltihab və yorğunluqları da yüksək idi” dedi.
Həmçinin xərçəng müalicəsindən sonra epigenetik yaşlanmanın sürətlənməsinə nəyin səbəb olduğu qeyri-müəyyəndir. Dr. Xiao və həmkarlarının təklif etdiyi mümkün ssenari belədir: radioterapiya və kimyaterapiya DNT metilləşməsində dəyişiklikləri başladan və hüceyrə yaşlanmasına səbəb olan DNT zədələnməsi yaradır, bu da iltihabın və nəticədə yorğunluğun artmasına gətirir. Sonra müalicəni izləyən aylarda epigenetik yaşlanma yavaşlayaraq xronoloji yaşla demək olar uyğunlaşır, çünki hüceyrələrin DNT zədəsini təmir etmək üçün vaxtı olur.
Lakin dr. Xiao əslində nə baş verdiyini anlamaq üçün daha çox tədqiqata ehtiyac olduğunu vurğulayır.
Erkən mərhələli süd vəzi xərçəngi olan xəstələrdə aparılmış ayrıca tədqiqatda radioterapiyadan sonra epigenetik yaş sürətlənməsində oxşar artım tapıldı. Lakin tədqiqatçılar epigenetik yaş sürətlənməsi ilə yorğunluq arasındakı əlaqəni araşdırmadı. Dr. Xiao “Təxminim budur ki, yaşlanmanın sürətlənməsi yəqin bir çox xərçəngin nəticələri ilə əlaqəlidir. Hədəfə yönəlmiş müalicələr və immun nəzarət nöqtəsi inhibitorları kimi bir çox xərçəng müalicəsinin də epigenetik yaş sürətlənməsi ilə əlaqəli olub-olmadığını araşdırmağı planlaşdırırıq.” dedi.
Epigenetik yaş sürətlənməsi səbəbdir, yoxsa nəticə?
Başqa sual epigenetik yaş sürətlənməsinin xərçəng və yaşla əlaqəli digər xəstəliklərin inkişafına birbaşa səbəb olub-olmamasıdır. Fred Hutchinson Xərçəng Araşdırma Mərkəzində xərçəng xəstələrində epigenetik yaş sürətlənməsini araşdıran prof. William M. Grady də xəstələrin bir alt qrupunda xərçəng müalicəsindən asılı olmadan nəzərəçarpan epigenetik yaş sürətlənməsi olduğunu vurğulayır.
Dr. Grady bir tərəfdən epigenetik yaş sürətlənməsinin insanlarda xərçəng başlamazdan bir neçə il əvvəl aşkarlanmasının mümkün səbəb əlaqəsi düşündürdüyünü, digər tərəfdən isə bunun sadəcə yaşlanan hüceyrələrin toplanmasının və ya xərçəng yaradan yaşla bağlı başqa dəyişənlərin göstəricisi ola biləcəyini də bildirdi.
Epigenetik saatlar xərçəng xəstələrinin nəticələrini yaxşılaşdırmağa kömək edə bilərmi?
Hazırkı tədqiqatın nəticələri xərçəng və onun müalicəsinin mənfi təsirlərini önləmək və ya azaltmaq üçün araşdırılmalı sahələri göstərir. Dr. Xiao “Yaşlanmanı yavaşlatmaq və iltihabı azaltmaq strategiyalarımız olsa, xəstə nəticələri daha yaxşı ola bilər. Son məqsədimiz budur.” dedi.
Lakin “heç olmasa hələlik” bioloji yaşlanmanı yavaşlatmaq bacarığı reallıqdan uzaqdır.
Dr. Grady “Epigenetik yaşlanmanı geri çevirən dərmana malik olmağı çox istəsək də, belə şeylər yoxdur” dedi və DNT metilləşməsini dəyişdirdiyi bilinən dərmanların olduğunu, lakin bunların olduqca toksik olduğunu da əlavə etdi.
Kaliforniya Universitetinin professorlarından Sue S. Yom tədqiqatda iştirak etmədi, lakin Cancerjurnalında redaksiya məqaləsi yazdı: Tədqiqatın daha təcili təsiri, mövcud metodologiyanın – DNAm FenoAge ilə epigenetik yaş sürətlənməsinin hesablanmasının – xərçəng xəstələri üçün yorğunluğun və həyat keyfiyyəti ilə bağlı digər problemlərin obyektiv, bioloji ölçüsünü təmin edə biləcəyini irəli sürməsi ola bilər.
Dr. Yom epigenetik yaş sürətlənməsinin hesablanması çox inkişaf etmiş texnika olduğuna görə klinik praktikanın bir hissəsinə çevrilməsinin o qədər də ehtimal edilmədiyini bildirdi. Lakin onun tədqiqatın mühüm alətinə çevrilə və yorğunluğun varlığını, ağırlığını müəyyənləşdirən MFI-20 sorğusu kimi vasitələrin inkişafına kömək edə biləcəyini dedi. Həmçinin xərçəng ədəbiyyatında hazırkı işdə qiymətləndirilənlər kimi iltihabi marker səviyyələrinin yorğunluğun və digər klinik nəticələrin bioloji ölçüsü olub-olmadığını araşdıran çoxlu tədqiqat olduğunu əlavə etdi. Lakin bu markerlər etibarlı olmayıb, çünki normal xəstələr arasında xeyli fərqlənir və yüngül allergik reaksiya kimi qısamüddətli dəyişikliklər nəticəsində insanda bu səviyyələr əhəmiyyətli dərəcədə dəyişə bilər.
Dr. Yom: “Epigenetik yaş sürətlənməsi üsulunun yəqin daha sabit olduğunu düşünürəm.”
“Bu mövzuya nə qədər çox biologiya və fiziologiya əlavə edə bilsək, o qədər obyektiv görünər və o qədər çox maliyyələşdirmə mümkün olar.”
Mənbələr
2. Levine ME, Lu AT, Quach A, et al. An epigenetic biomarker of aging for lifespan and healthspan. Aging. 2018;10(4):573-591.
3. Durso DF, Bacalini MG, Sala C, et al. Acceleration of leukocytes’ epigenetic age as an early tumor and sex-specific marker of breast and colorectal cancer. Oncotarget. 2017; 8(14):23237–23245.
4. Xiao C, Beitler JJ, Peng G, et al. Epigenetic age acceleration, fatigue, and inflammation in patients undergoing radiation therapy for head and neck cancer: A longitudinal study. Cancer. Published online May 24, 2021.
5. Kober K, Yom SS. Doc, I feel tired… oh really, so how’s your mucositis? Cancer. Published online May 24, 2021.
6. Sehl ME, Carroll JE, Horvath S, Bower JE. The acute effects of adjuvant radiation and chemotherapy on peripheral blood epigenetic age in early stage breast cancer patients. NPJ Breast Cancer. 2020;6:23.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.