Özümü daha gümrah hiss etmək üçün nə edə bilərəm? 5 tövsiyə

Tez-tez yorğun hiss edə bilərsiniz; daha enerjili olmağı və vaxtınızı daha yaxşı dəyərləndirməyi istərdinizmi? Yorğun hiss etməyin səbəbləri yuxusuzluq, iş stresi və düzgün qidalanmamaq kimi hallardan xroniki xəstəlik kimi daha mürəkkəb vəziyyətlərə qədər dəyişə bilər.
Enerji səviyyənizi artırmaq və ya daha düzgün ifadə ilə özünüzü daha gümrah hiss etmək çox vaxt 2 sözlə yazıldığı qədər asan deyil. Bu yazımızda yaxşı həyat tərzi vərdişləri ilə enerji səviyyənizi yüksəldə biləcəyiniz 5 mühüm yanaşmadan bəhs edəcəyik.
1. Qidalanmanıza diqqət edin
Sağlamlığımızın və enerji mənbələrimizin ən mühüm hissələrindən biri istehlak etdiyimiz qidalardır. Yəni sağlam və balanslı pəhrizlə enerji səviyyəmizi tarazlaya bilərik. Qidalardan əldə etdiyimiz enerji kalori ilə ölçülür.
Ehtiyacımız olan kaloriləri qəbul etməsək, fiziki yorğunluq hiss edirik, çünki bu, bir növ kifayət qədər yanacağın olmamasına bənzəyir. Ehtiyacdan artıq kalori alsaq da, artıq yük, həddindən artıq insulin ifrazı, yağ yığılması və iltihab nəticəsində halsız hiss edə bilərik.
Buna görə canlı və enerjili hiss etmək üçün kaloriləri düzgün qidalardan balanslı və ehtiyac qədər almalıyıq. İdeal kalori qəbulu cins, yaş, bədən çəkisi və boya görə dəyişir.
Lakin enerji yalnız kalori miqdarı ilə deyil, keyfiyyəti ilə də bağlıdır. Bəzi yeməklər çox enerji verir, lakin qida dəyəri demək olar ki, yoxdur. Bu, sizə zərər verə biləcəkləri deməkdir. Belə qidalar adətən konfet, çips və kola kimi emal edilmiş məhsulları ehtiva edir.
-Əlaqəli mövzu: Nişasta nədir, fruktoza nədir və artıq şəkər necə yağa çevrilir?
Aşağı qlikemik indeksliqidaların istehlakı tövsiyə edilir; yəni şəkəri orqanizmimiz tərəfindən yavaş parçalanan qidalardır. Bu qidalardan alınan enerji daha uzun müddətdə və tədricən təmin olunur. Bunlara kəpəkli taxıllar, çərəzlər və meyvələr (üzüm, alma, portağal, şaftalı, armud və qreypfrut kimi), noxud, lobya və yaşıl yarpaqlılar daxil olmaqla yüksək lifli tərəvəzlər və paxlalılar daxildir.
Həmçinin özünüzü çox yaxşı hiss etmirsinizsə, bol su qəbul etdiyinizə əmin olun. Yorğunluq qeyri-kafi maye qəbulunun əlaməti ola bilər, buna görə gün ərzində kifayət qədər su içdiyinizə əmin olmaq yorğunluq hissini yüngülləşdirə bilər.
Bəs qəhvə içmək lazımdırmı? Çoxumuz üçün qəhvə ayıldıcı həll yoludur. Harvard Tibb Məktəbinin tədqiqatçılarına görə qəhvə, çay və kakaoda təbii olan kofein diqqəti yaxşılaşdırmağa və beynimizi daha oyaq etməyə kömək edə bilər.
Kofein həmçinin ürək döyüntülərini artıraraq ani enerji təmin edir. Lakin müəlliflər bu təsirlərin orqanizmində həmin maddəyə dözümlülük yaranmış, yəni vərdiş etmiş istehlakçılarda görülməyə biləcəyinə diqqət çəkirlər. Bununla yanaşı, bəzi genetik variasiyaları olan şəxslərdə qəhvənin tərkibindəki maddələrə yüksək həssaslıq nəticəsində daha çox yan təsir görülə bilər. Həmçinin bütün isti içkilər kimi qəhvə də çox isti içilməməlidir. Kofeinin asılılıq yaratma potensialı olan stimullaşdırıcı olduğunu da xatırlatmaq faydalıdır.
Bəs qəhvəni mütləq içmək istəyirsinizsə, mütəxəssislərin cavabı belədir: qəhvənizi səhər 10: 30-da və ya ən azı səhər 9:30 - 11:30 arasında içməlisiniz. Səbəbini belə izah edirlər: metabolizmi tənzimləyən hormon olan kortizol səviyyənizin ən yüksək olduğu vaxtdır. Bu şəkildə kofeinin orqanizminizə təsirini maksimuma çatdıra bilərsiniz.
-Əlaqəli mövzu: Sağlam qidalanma nədir?
2. Məşq edin, hərəkət edin
Bəzən gün ərzində halsızlaşa və düşüncəniz yavaşlaya bilər. Belə vaxtlarda stuldan qalxmaq, bir qədər gərilmək, ofisin ətrafında gəzmək və sonra mümkünsə hündür masada bir müddət ayaqüstə işləməyə davam etmək faydalı ola bilər. Azacıq hərəkət yenidən canlanmağa kömək edir. Harvard Tibb Məktəbinin mütəxəssisləri məşqin orqanizminizi və zehninizi bəzi mühüm yollarla stimullaşdırdığını xüsusilə bildirirlər.
İlk növbədə məşq əzələlərin daha çox enerji istehsal etməsi ilə orqanizminizdə fəaliyyəti davam etdirə bilər.
Məşq həmçinin orqanizminizin oksigen daşıma qabiliyyətini və dövranını artırır, beləliklə oksigen bütün bədəninizə daha tez çatır. Bundan başqa, məşq stress hormonlarının ifrazını stimullaşdırır və özünüzü daha enerjili, oyaq hiss etməyinizi təmin edir.
-Əlaqəli mövzu: Bütün xərçəng xəstələrinə məşq RESEPTİ yazılmalıdır! Nə üçün?
3. Yoqa və meditasiya üçün vaxt ayırın
Yoqa və meditasiya enerji səviyyənizi artırmağa kömək edə bilər. Çünki bu tətbiqlər sakit nəfəs almanı təşviq etməyi hədəfləyən şüurlu nəfəsalma kimi üsullara yönəlir.
Yorğunluğunuzu stresin artması ilə əlaqələndirirsinizsə, yoqa və ya meditasiyanı vərdişə çevirmək stress amillərinə qarşı daha davamlı olmağınıza kömək edə bilər.
Keçən il aparılmış tədqiqatda meditasiya və yoqa ilə məşğul olanların çox vaxt daha yaxşı immun sisteməmalik olmaqla yanaşı, stress və narahatlığa qarşı dözümlülük inkişaf etdirdiyi görülüb. Digər tədqiqata görə yoqa insanın stresini azaltmağa kömək etdiyi kimi təşvişi və depressiyanı da azaldır.
-Əlaqəli mövzu: Yoqa nədir? Xərçəngdə hansı hallarda və necə istifadə olunur?
4. Məsuliyyətləri tarazlamağı öyrənin
Məsuliyyətlər içində boğulmuş hiss edə bilərsiniz. Bu işlər çox sadə gündəlik işlərdən həyati əhəmiyyətli iş layihəsinə qədər uzana bilər.
Lakin bu məsuliyyətlərin bir hissəsini yenidən bölüşdürmək üçün yaxşı strategiya tapmasaq, ən azı bəzən gündəlik həyatımızda tükənmə və davamlı yorğunluq hissinə səbəb ola bilər.
-Əlaqəli mövzu: Halsızlıq və yorğunluq xərçəngin ilk əlaməti ola bilərmi?
5. Yuxunuzu alın
Nəhayət, yorğunluğun qarşısını almaq və ya günün yorucu, stresli təsirindən qurtulmaq üçün gecələr kifayət qədər keyfiyyətli yatdığınıza əmin olmaq çox vacibdir.
Kifayət qədər yuxu ən mühüm prioritet olmalıdır.
Tədqiqatlar neyrodegenerasiyanı, psixi sağlamlıq problemlərini və narahatlığa meyilliliyi nizamsız yuxu ilə əlaqələndirir.
Nə qədər yuxuya ehtiyacımız olduğu yaşımıza və digər amillərə görə dəyişə bilər. Lakin orta hesabla yetkinlərin bərpa olunmaq üçün gecə 7 ilə 9 saat yatması lazımdır.
Kofein qısa müddətdə özünüzü daha oyaq hiss etməyə kömək edə bilər, lakin enerji ehtiyatlarınızın yaxşı dolması üçün qısa yollar yoxdur. Buna görə streslə mübarizə aparmağa və enerji tükənməsindən yayınmağa kömək edəcək sağlam vərdişlər yaratmaq ən yaxşısıdır.
Əlaqəli mövzular
Keyfiyyətli yuxu nədir, yaxşı yuxu üçün nə etməli?
Mənbələr
How can you boost your energy levels?
medicalnewstoday.com - 25 May 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.